Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1827/2020 24.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(035)-559/2019 nömrəli qətnaməsindən iş üzrə cavabdeh X2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) xx xxxxxx 2019-cu il tаrixli 2(035)-559/2019 nömrəli qətnaməsi ilə iddiа təmin edilmiş, İddiaçı Zərdab Rayon Məhkəməsinin 2(036)-219/2010 saylı xx.xx.2010-cu il tarixli və 2(035)-409/2013 saylı xx.xx.2013-cü il tarixli qətnamələrinə əsasən cavabdeh X1 ödənilməli olan aliment borcunu ödəməkdən azad edilməsiqət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh X1 (bundan sonra cavabdeh və ya Vüsalə Əliheydərqızı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab Rayon Məhkəməsinin 2(036)-219/2010 saylı, xx.xx.2010-cu il tarixli və 2(035)-409/2013 saylı xx.xx.2013-cü il tarixli qətnamələrinə əsasən Vüsalə Əliheydərqızına ödənilməli olan aliment borcundan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə xx.xx.1997-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından xx.xx.1998-ci il təvəllüdlü İlahə və xx.xx.1999-cu il təvəllüdlü Sevinc doğulmuşdur. Evliliklərinin ilk illərində bir neçə il X11-Peterburq şəhərində yaşamışlar. Özü indi də orada yaşayır. Lakin, cavabdeh özü onunla yaşamaq istəməmiş və cavabdehin təşəbbüsü ilə aralarında olan nikah Zərdab Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(036)-27/2011 saylı qətnaməsinə əsasən pozulmuş və birgə nikahdan olan uşaqları İlahə və Sevinc cavabdehin himayəsində saxlanılmışdır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(036)-219/2010 saylı qətnaməsinə əsasən hər iki uşağın saxlanılması üçün ondan hər uşağa görə 40 manat olmaqla, cəmi 80 manat aliment tutulması qət edilmişdir. Sonradan hazırkı cavabdehin iddasına əsasən Zərdab Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(035)-409/2013 saylı qətnaməsi ilə ondan tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 93 manat olmaqla, cəmi 186 manat aliment tutulması qət edilmişdir. O, əvvəllər iki il alimentin ödənişini təmin etmişdir. Lakin, sonradan uşaqları ona göstərmədikləri, habelə xəstəliyi imkan vermədiyi üçün ödənişi davam etdirə bilməmişdir. Bildirir ki, ailə cavabdehin təşəbbüsü ilə dağılmışdır. O, özü ailəsinin dağılmasını istəməmiş, hətta 1998-ci ildə aldığı Zərdab şəhəri Azərbaycan küçəsində yerləşən iki otaqlı evini cavabdehə vermişdir. Hazırda cavabdeh həmin evdə yaşayır. Lakin, özü həmin evə gedə bilmir. Həmin evə görə hələ də 200 ABŞ dolları borcu qalır. Uşaqları artıq yetkinlik yaşına çatmışlar, İlahə Moskva şəhərində, Sevinc isə Saratov şəhərində yaşayır, hər ikisi ərə getmiş və hər ikisinin uşaqları vardır. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, özü ürək xəstəliyindən – “epleptik” xəstəlikdən və ayağında olan “Podaqra” xəstəliyindən əziyyət çəkir. Xəstəliyinə görə canının hayındadır, iki dəfə cərrahi əməliyyat olunmuşdur. İşçi qüvvəsi yoxdur, işləmir. Bu səbəblərdən aliment borcunu ödəmək iqtidarında deyildir. Heç uşaqlarının da hazırda həmin alimentə ehtiyacları yoxdur. Əksinə, indi uşaqlar ona maddi yardım etmək iqtidarındadırlar. Belə ki, qızları onu qəbul etməsələr də, hətta böyük kürəkəni Süleyman 2018-ci ildə ona 5000 rus rublu borc vermiş və sonradan həmin borcunu qaytarmışdır. Hesab edir ki, xəstəliyi ilə əlaqədar yığılmış aliment borcundan azad edilməlidir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən cavabdehin nümayəndəsi X17 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.1997-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların birgə nikahlarından xx.xx.1998-ci il təvəllüdlü X19 və xx.xx.1999-cu il təvəllüdlü X18 doğulmuşdur. Tərəflər arasında olan nikah Zərdab Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, uşaqlar - İlahə və Sevinc cavabdehin himayəsində saxlanılmışdır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2010-cu tarixli qətnaməsinə əsasənuşaqların saxlanılması üçün hazırkı iddiaçıdan hər uşağa görə 40 manat olmaqla, cəmi 80 manat aliment tutulması qət edilmiş, sonradan Zərdab Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən hazırkı iddiaçıdan tutulan alimentin miqdarı dəyişdirilərək hər uşağa görə 93 manat olmaqla, cəmi 186 manat aliment tutulması qət edilmişdir. Lakin, məhkəmə qətnaməsinin olmasına baxmayaraq İddiaçı heç bir ödəniş etməmişdir. Ona görə də cavabdeh uşaqları təkbaşına böyütmüş, uşaqların hər ikisi artıq yetkinlik yaşına çatmışlar, İlahə Moskva şəhərində, Sevinc isə Saratov şəhərində yaşayır, hər ikisi ərə getmiş və hər ikisini uşaqları vardır. Lakin, hesab edir ki, bu İddiaçı aliment borcunu ödəmək öhdəliyindən azad etmir. İddiaçı yalan danışır, o, cavabdehə heç bir ev verməmiş, həmin evin pulunu cavabdehin valideyinləri vermişdir. Bundan başqa iddiaçı heç bir xəstəlikdən əziyyət çəkmir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi Azad Əliyev izahatında bildirmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(036)-219/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulan xx.xx.1998-ci il təvəllüdlü X19 və xx.xx.1999-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırkı İddiaçı hər uşağa görə 40 manat olmaqla, cəmi 80 manat aliment tutulması qət edilmiş, qətnamə icraya yönəldilmiş və 19 saylı icra işi başlanılmışdır. Sonradan Zərdab Rayon Məhkəməsinin 2(035)-409/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən İddiaçı tutulan alimentin miqdarı dəyişdirilərək hər uşağa görə 93 manat, cəmi 186 manat aliment tutulması qət edilmiş, qətnamə icraya yönəldilmiş və 285 saylı icra işi başlanılmışdır. Lakin, borclu Rusiya Fedarasiyasında yaşadığı üçün qətnamələrin icrası mümkün olmamışdır. Nəticədə hər iki icra işi üzrə borclunun ümumilikdə 9120 manat borcu yaranmışdır. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(035)-559/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Vüsalə Əliheydərqızı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-3104/2019 nömrəli qətnaməsi ilə Vüsalə Əliheydərqızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(035)-559/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-3104/2019 nömrəliqətnaməsindən Vüsalə Əliheydərqızı tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-3197/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilimiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-3104/2019 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri Vüsalə Əliheydərqızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı 2013-cü ildən icraya yönəldilmiş məhkəmə qətnaməsini icra etməkdən qəsdən yayınmışdır. Nəticədə o uşaqları atalarının dəstəyi olmadan böyütmüşdür. İddiaçının öhdəliyini icra etməməsi azmış kimi, həmin öhdəlikdən azad edilməsi yolverilməz haldır. Odur ki, qeyd olunanlar nəzərə alınaraq Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli qətnaməsinin ləğv olunması barədə yeni qətnamə qəbul edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(035)-559/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Vüsalə Əliheydərqızı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. AzərbaycanRespublikasınınMPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, ”İş materiallarından görünür ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli və xx.xx.2013-cü il tarixli qətnamələri ilə iddiaçının üzərinə aliment ödənişlərinin edilməsi vəzifəsi qoyulmuş, lakin iddiaçı həmin ödənişləri lazimi qaydada yerinə yetirmədiyi üçün cavabdehə ödənilməli olan aliment borcu yaranmışdır. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək cavabdehə ödənilməli olan aliment borcundan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş apelyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı alimenti ödəmək iqtidarında deyildir. İddiaçı işləmir, həmçinin də xəstədir Mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak da yoxdur. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinin (cəmi 6 nəfərə) adına 4.40 ha torpağın olduğu müəyyən olunsa da, hər nəfərə düşən payın miqdarı 1,0 ha-dan az olduğu üçün aliment borcunun ödənilməsinə dair tələb həmin torpaq sahəsinə də yönəldilə bilməz. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin ödəniş qabiliyyətinin olmamasını əsaslandırarkən, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin 1.0 ha-dan az olduğu üçün aliment borcunun ödənilməsinə dair tələbin həmin torpaq sahəsinə yönəldilə bilməməsini və mülkiyyətində hər hansı başqa bir əmlakının olmamasını vurğulasa da iddiaçı tərəfindən həmin torpaq sahəsinin üzərində sərəncam verilməsi (torpaq sahəsinin özgəninkiləşdirilməsi, icarəyə verilməsi və s.) və yaxud həmin torpaq sahəsində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi nəticəsində əldə olunan gəlir hesabına aliment borcunun ödənilməsinin mümkünlüyü məsələsini araşdırmamış, iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda həmin hallara hüquqi qiymət verməmişdir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.”. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdur. Apelyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx.xx.2011-ci il tarixdə başlanmış 19 saylı icra işinin materiallarında olan Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(036)-219/2010-cu il tarixli icra vərəqəsindən görünür ki, xx xxxxxxx 1998-ci il təvəllüdlü X19 və xx xxxxxxxx 1999-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh (hazırkı iddiaçı) İddiaçı hər ay hər bir uşağa 40 (qırx) manat, cəmi 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq hazırkı cavabdeh X1 verilməsi qət edilmişdir. xx.xx.2013-cü il tarixdə başlanmış 285 saylı icra işinin materiallarında olan Zərdab Rayon Məhkəməsinin2(035)-409/2013 saylı xx.xx.2013-cü il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı tutulan alimentin miqdarı dəyişdirilərək hər uşağa görə 93 manat, cəmi 186 manat alimentin tutularaq X1 verilməsi qət edilmişdir. İcra işinin materiallarından görünür ki, borclu İddiaçı barəsində zəruri icra tədbirləri görülərək lazımi təşkilatlara sorğular verilmiş, lakin borclunun adına hər hansı bir əmlak aşkar edilməmişdir. Bununla yanaşı, borclu barəsində axtarış elan edilmiş və o, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2019-cu il tarixdə Zərdab rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış **********98 saylı xx.xx.2019-cu il tarixli məktubdan və iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair (JN-6xx xxx 90501018) Dövlət Aktının surətindən görünür ki, İddiaçı və onun ailə üzvləri olan X12, X15, X6, X13 və X5 birgə mülkiyyətində Zərdab rayonu Qoşaoba kəndi ərazisində 4.40 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası DİN BDYPİ-nin Ağcabədi RQİ və TBŞ-nin rəisi F.Mayılov tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış 15/444 saylı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı mülkiyyətində xx.xx.2019-cu il tarixədək hər hansı bir avtomobil vasitəsi qeydə alınmamışdır. Zərdab RMX-nın Poliklinika Şöbəsi tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış 605 saylı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdən “Generalizə olunmuş mürəkkəb fokal epileptik tutmalar” diaqnozu ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasının Poliklinika Şöbəsində dispanser qeydiyyatındadır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “iddiaçı yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandırmış, cavabdeh isə öz etirazını əsaslandıra bilməmişdir. Ona görə iddia təmin edilməli və İddiaçı Zərdab Rayon Məhkəməsinin 2(036)-219/2010 saylı, xx.xx.2010-cu il tarixli və 2(035)-409/2013 saylı xx.xx.2013-cü il tarixli qətnamələrinə əsasən ödəməli olduğu aliment borcundan azad edilməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İşin gerçək halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh xx.xx.1997-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların birgə nikahlarından xx.xx.1998-ci il təvəllüdlü X19 və xx.xx.1999-cu il təvəllüdlü X18 doğulmuşdur. Tərəflərin arasında olan nikah Zərdab Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, azyaşlı uşaqlar İlahə və Sevinc cavabdehin himayəsində saxlanılmışdır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2010-cu tarixli qətnaməsi iləuşaqların saxlanılması üçün hazırkı iddiaçıdan Vüsalə Əliheydərqızının xeyrinə hər uşağa görə 40 manat olmaqla, cəmi 80 manat məbləğində aliment tutulması qət edilmiş, sonradan Zərdab Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən hazırkı iddiaçıdan tutulan alimentin miqdarı dəyişdirilərək hər uşağa görə 93 manat olmaqla, cəmi 186 manat məbləğində alimentin tutulması qət edilmişdir. Zərdab rayon İcra Şöbəsində xx.xx.2010-cu tarixli qətnamə əsasında 19 saylı, xx.xx.2013-cü il tarixli qətnamə əsasında isə 285 saylı icra işi başlanılmış, lakin icra tədbirlərinin görülməsinə baxmayaraq borclu İddiaçı öz azyaşlı uşaqlarının saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti ödəməsinə nail olunmamışdır. İcra məmurları tərəfindən məhkəmə qərarının icra edilməsinə həm də icra dövründən əvvəl və sonra borclu İddiaçı uzun illər ərzində Rusiya Federasiyasında işləməsi və orada yaşaması da ilə mane olmuşdur. Bundan sonra isə İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını uzun müddət ərzində icra etməməsi nəticəsində yaranan aliment borcunu ödəməkdən azad olunması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “X24” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 8-ci mаddəsinə əsаsən, hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf еtmək hüququ vаrdır. Dövlət bu şərаiti təmin еdən iqtisаdi, sоsiаlhüquqi və digər tədbirlər görməyi, sаğlаm və təhlükəsizlik mühiti yаrаtmаğı öz öhdəsinə götürür. 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X24 BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. X4 xx xxxxxx 1959-cu il tarixli X9 2-ci prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4-cü prinsipinə əsasən, uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır və bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Həmin Bəyannamənin 6-cı prinsipində deyilir ki, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. X24 Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və X24 BMT-in xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci mаddəsinə əsаsən, аliment ödənilməsi bаrədə sаziş оlmаdıqdа, məhkəmə tərəfindən аlimentin miqdаrı müəyyən оlunduqdаn sоnrа tərəflərdən birinin аilə və yа mаddi vəziyyətində dəyişiklik оlmuşsа, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə аlimentin müəyyən оlunmuş miqdаrını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. İddiaçı aliment ödəməli olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməməklə, əslində qanunazidd hərəkət etmişdir. Kollegiyaya görə, iddiaçı ilə cavabdehin nikahları 2011-ci ildə pozulmuş və həmin vaxt uşaqların hər ikisi yetkinlik yaşına çatmamaqla azyaşlı olmuşlar. Onlara anaları baxaraq qayğı göstərmiş, onları tərbiyə etmiş, böyütmüş və ərə vermişdir. Həmin müddət ərzində iddiaçı heç bir ödəniş etməmiş, cavabdeh uşaqları təkbaşına böyütmüşdür. Göründüyü kimi, iddiaçı uşaqlara mənəvi qayğı göstərməsə belə, onların böyüyüb başa çatmaları üçün maddi köməklik (aliment) ödəməli idi. Lakin iddiaçı bunları etməmiş, nəticədə cavabdeh uşaqların həm maddi, həm də mənəvi təlabatını təkbaşına təmin etmişdir. İddiaçı iddia edir ki, aliment almalı olan uşaqlar artıq böyüyüb ailə qurublar və indi onların həmin aliment məbləğinə ehtiyacları qalmayıb. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı ilə cavabdehin nikahları pozulduqdan sonra analarının himayəsində yaşamış xx.xx.1998-ci il təvəllüdlü X19 və xx.xx.1999-cu il təvəllüdlü X10 böyüyüb ərsəyə gəlmələrində İddiaçı valideyn olaraq hər hansı rolu olmamışdır. Azyaşlı uşaqların yaşamaları üçün zəruri olan həm maddi, həm də mənəvi ehtiyaclarını onların anası təkbaşına qarşılamışdır. X21 azyaşlı uşaqlarının bütün zəruri tələbatlarının öhdəsindən özü gəlmiş, o cümlədən onların saxlanılması üçün maddi xərcləri də həm özünə aid olan hissədə, həm də uşaqların atası İddiaçı aid olan hissədə o ödəmişdir. Buradan irəli gələrək demək olar ki, azyaşlı uşaqların saxlanılması üçün məhkəmə qərarları ilə qət edilmiş, lakin borclu tərəfindən heç bir üzrlü səbəb olmadan ödənilməmiş aliment məbləğini də, əslində borclu İddiaçı əvəzinə uşaqların anası Vüsalə Əliheydərqızı öz hesabına uşaqlara sərf etmişdir. Belə olan halda, İddiaçı məhkəmə qərarlarına əsasən öz uşaqlarına ödəməli olduğu, lakin ödəmədiyindən yaranan aliment borcunu, onun əvəzinə həmin xərci uşaqlarına sərf edən Vüsalə Əliheydərqızına qaytarmalıdır. Göründüyü kimi, İddiaçı həmin dəlili əsassızdır. Kollegiya iddiaçının iddia tələbində qeyd etdiyi “xəstəlikdən əziyyət çəkməsinə görə alimenti ödəyə bilməməsi” haqqında dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçı işləyərək gəlir əldə edə bilməməsini, alimenti ödmək imkanının olmamasını, tamamilə əmək qabiliyyətini itirməsini, hər hansı bir əlilliyinin olmasını təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiyasına təqdim edə bilməmişdir. Əksinə, işin hallarından görünür ki, İddiaçı uzun illər ərzində Rusiya Federasiyasında yaşayıb işləyərək gəlir əldə etmiş, lakin öz azyaşlı övladlarına yardım etməmişdir. Ona görə də iddiaçının həmin dəlilli də əsassızdır. Kollegiyaya görə, iddiaçının göstərdiyi dəlillər onun qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş alimentin ödənilməsindən azad edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almadan iddianı təmin etmiş, bununla da səhvə yol vermişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X26 Məhkəməsi “X3rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X26 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X26 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 2(102)-3197/2020 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.2-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməli,Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(035)-559/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə İddiaçı cavabdeh Vüsalə Əliheydərqızına qarşı “aliment borcunu ödəməkdən azad edilməsi” haqqında iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X2 tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(035)-559/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh X1 qarşı “aliment borcunu ödəməkdən azad edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-1827/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1827/2020
24.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver