Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1829/2020 21.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Yunus oğluna qarşı aliment tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-1075/2020 nömrəli qətnaməsindən Cavabdeh Yunus oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-1075/2020 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) iddia qismən təmin edilmiş, xx.xx.2003-cü il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxx 2020-ci il tarixindən başlayaraq Cavabdeh Yunus oğlundan hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2003-cü il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Yunus oğlu ilə 2002-2016-cı illərdə faktiki nikah münasibətlərində olmuşlar. Bu nikahdan xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Artıq 4 ildir ki, iddiaçıya və uşaqlarına anası və qardaşı baxır. Böyük qızı Qərənfil Qazax rayonunda kollecdə təhsil alır, onun kirayə pulunu və digər xərclərini ödəməkdə çətinlik çəkir, balaca qızı Günay isə məktəblidir. Bu müddət ərzində cavabdeh uşaqlarının saxlanılması üçün onlara köməklik göstərməmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı və onun vəkili Məmmədov Fərhad Möhübbət oğlu iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında iddiaçının tələbi ilə razı olmadığını, işləmədiyini və işləmək qabiliyyətinin olmamasını, ikinci qrup gözdən əlil olduğunu, 130 manat sosial müavinət aldığını bildirərək məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh Yunus oğlu apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh Yunus oğlu apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni qeyri-qanuni və əsassız hesab edir. Məhkəmə işə birtərəfli və səhti yanaşmış, işin həqiqi hallarını hərtərəfli araşdırmamış, tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. Onun ciddi xəstəlikləri vardır. Xəstəliklərinə dair epikrizləri apellyasiya şikayətinə əlavə edir. Nəinki, iş qüvvəsi, heç ayaq üstə dayanmaq iqtidarında deyildir.Uzun illər ağır xəstə yatmış, yataq xəstəsi olmuşdur. Hazırda daim yataqda yatmasa belə, yuxarıda qeyd etdiyi kimi ayaq üstə dayana bilmir. Özü ikinci qrup əlildir. Cəmi 130 (bir yüz otuz) manat təqaüd alır. Aldığı təqaüd dava-dərmanına güclə çatır. Başından cərrahiyyə əməliyyatı olunmuşdur. Sağ gözünün görmə faizi 0,05 %, sol gözüylə isə tamamilə görmür. O, 130 manat təqüad alır. Aldığı təqaüdün üzərinə 70 (yetmiş) manat da qoyub aliment ödəməlidir. Əlavə 70 manatı əldə etmək onun imkanları xaricindədir. Üstəlik özü də dolanmalıdır. Yemək yeməlidir, dava - dərman vardır, və sairə tələbatları vardır. Minimum tələbatlarını ödəməlidir. Lakin məhkəmə hər uşağa 100 manat, cəmi 200 manat alimentin ödənilməsini qət etmişdir. Onun ödəmə qabiliyyəti, iş qüvvəsi olmadığı təqdirdə o, hər ay 200 manatı necə ödəyə bilər. Qəbul edilmiş qətnamənin icrası da real olmalıdır. O, şəhid X4 hazırda əlil olmuş övladıdır. İş materiallarından göründüyü kimi, iddiaçı ilə onun birgə nikahlarından olan övladları 17 və 15 yaşlıdırlar. Həyat yoldaşı sağlam bir qadındır. Qızları artıq yetkinlik yaşına çatmasalar da belə, böyüyüblər, özlərini idarə edə bilirlər. Belə olan halda, yəni uşaqlar 8 yaşından böyük olduqları üçün ananın da iş qüvvəsi vardır. Uşaqları böyütmək, saxlamaq, maddi tələbatlarını ödəmək hər iki valideynin borcudur. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)- 1075/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddia tələbinin qismən, yəni hər ay hər uşağın saxlanması üçün 25 manat, cəmi 50 (əlli) manat alimetin ondan tutulmasına dair qətnamədə dəyişiklik edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı və Cavabdeh Yunus oğlu işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh Yunus oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-1075/2020 nömrəli qətnaməsi münahisələndirilən-iddianın qismən təmin edilmiş, hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan İ-AH seriyalı 756779 nömrəli və AZ-İ seriyalı 670809 doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü Qərənfil və xx.xx.2005-ci il təvəllüdlü Günay adlı uşaqları var. İşdə olan Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi yanında Dövlət X10 Yevlax şəhər şöbəsinin 206/31626774 №li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Yunus oğlu ikinci qrup əlildir, 130 manat sosial müavinət alır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıda göstərilən maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə, Azərbaycan Respublikasında 2020-ci il üçün “X8” Azərbaycan Respublikasının Qanununa, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2020-ci il üçün “X8” Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Yunus oğlu ilə 2002-2016-cı illərdə faktiki nikah münasibətlərində olmuşlar. Bu nikahdan xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. 4 ildir ki, iddiaçıya və uşaqlarına anası və qardaşı baxır. Bu müddət ərzində cavabdeh uşaqlarının saxlanılması üçün onlara köməklik göstərməmişdir. Hazırkı halda xx.xx.2003-cü il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X2 yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, aliment barədə iddiaçının tələbi qismən-hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin tutulması hissəsində təmin olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx xxx 2020-ci il tarixdə müraciət etdiyindən aliment də həmin tarixdən tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. “Uşaq hüquqları haqqında” 1989-cu il Konvensiyasının 18-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipinin taninmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın ən yaxşı maraqları valideynlərin əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh Yunus oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-1075/2020 nömrəli qətnaməsi münahisələndirilən-iddianın qismən təmin edilmiş, hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-1075/2020 nömrəli qətnaməsi münahisələndirilən-iddianın qismən təmin edilmiş, hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh Yunus oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1829/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1829/2020
21.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver