Məhkəmə qərarları › İş №2(107)-183/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-183/2024

24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-183/2024 24.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı həyət qapısının məcburi olaraq bağlanması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: qapının bağlanması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı həyət qapısının məcburi olaraq bağlanması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(035)-475/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı və Cavabdeh qardaşdırlar və Zərdab Rayon Qaravəlli kəndində qonşu həyətlərdə yaşayırlar. İddiaçı həyətlər arasında olan qapının bağlanmasını tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun həyətyanı sahəsi ilə cavabdehin həyətyanı sahəsi arasında açılmış gediş-gəliş üçün nəzərdə tutulmuş qapıların bağlanması və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər doğma qardaşdırlar. Qardaşların həyəti qonşu olmaqla həyətdən bir-birinə keçid ara qapısı qoyulmuşdur. Aralarında mübahisə olduğu üçün cavabdehin həyətindən mal-qarası, toyuq, cücəsi həyətə keçərək ziyanlıq vurduğu üçün qapıların bağlanmasına cəhd etsə də, buna cavabdeh imkan verməmişdir. İddiaçı hesab edir ki, cavabdeh qanunsuz olaraq onun həyətinə gediş-gəliş üçün qapılar qoymuşdur. Onun tərəfindən cavabdehin qanunsuz olaraq gediş-gəliş üçün açmış olduğu qapıların bağlanmasını dəfələrlə tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh iddianı qəbul etməyərək etirazında bildirmişdir ki, iddiaçının tələbi tamamilə yanlışdır. İddiaçının yaşadığı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi mərhum atasına məxsusdur. Ata, anası dünyasını dəyişdikdən sonra iddiaçı onun və digər övladların razılığı ilə həmin evdə yaşamağa başlayıb. Həyətə açılan qapı isə onun tərəfindən atasının sağlığında düzəldilib. Təbii ki, buna səbəb ata həyətinə getmək üçün məsafənin qısaldılması və həyətyanı torpaq sahəsini sulamaq üçün sudan istifadənin təmin olunması idi. İddiaçı hazırda ona məxsus həyətyanı torpaq sahəsinə açılan qapının bağlanmasını istəsə də amma sözügedən torpaq sahəsinə və evə dair mülkiyyət hüququnu sübut edən heç bir sənədi iddiasına əlavə edə bilməmişdir. Sözü gedən mənzil və həyətyanı torpaq sahəsi isə hazırda mərhum atasının mülkiyyətindədir. Onun vəfatından sonra heç bir övlad vərəsəlik hüququ qazanmamışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının sözü gedən mənzildə hüququ olduğu kimi onun və digər övladların da həmin mənzildə pay hüququ vardır. Bundan əlavə 2021-ci ildə iddiaçı eyni tələblə Zərdab rayon məhkəməsinə müraciət edərək həyətinə açılmış qapının bağlanmasını xahiş etmişdir. Lakin, Zərdab Rayon Məhkəməsinin 9 mart 2021-ci il tarixli, 2(035)-37/2021 nömrəli qətnaməsinə əsasən iddiaçının iddiası rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və onun şikayətinə xx.xx.2022-ci il tarixdə Şəki Apelyasiya məhkəməsində baxılmış və şikayəti rədd olunmuşdur. Mərhum atası isə ölməmişdən qabaq bütün əmlakların onların digər qardaşı X2 vəsiyyət etmiş, X4 isə bütün əmlakının idarə edilməsi üçün Cavabdeh ehtibarnamə vermişdir. Odur ki, hesab edir ki, iddia əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli qapıların cavabdeh tərəfindən qoyulmasını məhkəmə iclasında sübuta yetirə bilməmiş, iddiaçının nümayəndəsinin həmin xüsusat barəsində verdiyi izahatı cavabdehin nümayəndəsinin izahatı ilə tam şəkildə təkzib edilmiş, iddiaçı məhkəməyə başqa sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi lazım bilir ki, iddiaçı sözügedən həyətin sahibi olduğu halda onun iradəsinə zidd olaraq qoyulduğunu iddia etdiyi istənilən qapını bağlamaqda ixtiyarlıdır və bunun üçün dövlətin sanksiyalaşdırmasına lüzum yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının izahatı iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidi ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən mübahisələndirilən qapı həyətlər arası hasarda olmaqla, cavabdeh tərəfindən deyil, tərəflərin atası tərəfindən qoyulmuş, iddiaçı və cavabdeh bölgünü bu qaydada qəbul etmiş, yalnız zərurət olduqda, yəni bir-birlərinə gedib-gəlmək lazım olanda istifadə etmişlər. Göründüyü kimi iddiaçı tərəf iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir.

6. Zərdab Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(035)-475/2023 nömrəli qətnaməsi ilə (hakim İlqam Həsənquliyev) İddiaçı Cavabdeh qarşı “həyət qapısının məcburi olaraq bağlanması və dövlət rüsumu tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2013-cü il tarixli Vəsiyyətnamə xx.xx.2020-ci il tarixli ehtibarnamə Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(035)-37/2021 nömrəli qətnaməsi Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-358/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-336/2022 saylı qərardadı Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-336/2022 saylı qərardadı Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-935/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1150/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-648/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı

9. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamədə deyilir ki,

1. cavabdeh qapını ona görə bağlamaq istəmir ki, ata həyətinə getmək üçün məsafəni qısaltmış olur və həyətyanı sahəni sulamaq üçün sudan istifadə edir. Bu, ağ yalandır, belə ki, su Kür çayından cavabdehgil tərəfdən gəlir, üstəlik onlar düşməndir və onun düşmənin həyətində nə işi var? 2. Qətnamədə deyilir ki, sözügedən ev və həyətyanı torpaq sahəsi hazırda mərhum atasının mülkiyyətindədir. Atasının vəfatından sonra heç bir övlad vərəsəlik hüququ qazanmamışdır. Bu da ağ yalandır ki, 1998-ci il İddiaçı o evə həyətyanı torpaqda mülkiyyət hüququ vardır. Torpağın mülkiyyətə verilməsinə dair JN – 106A, KOD 90507028 Şəhadətnamədə mərhum ata və anasının adı ilə yanaşı tək onun adı vardır (əlavə edilir). Zərdab Rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə atası, anası və ona 0,20 hektar həyətyanı torpaq sahəsi verilmişdir. O, 53 il bundan əvvəl orda doğulmuşdur və 53 ildir ki, orda yaşayır (arayış əlavə edilir). 1-ci qrup əlil hara gedə bilər? O, yataq xəstəsidir. 3. Qətnamədə deyilir ki, guya onun toyuqcücəsi, mal-qarası ona ziyanlıq vurur. Əksinə, onlar cavabdehin əlindən zara gəlmişlər. Belə ki, onun həyətindən öz təsərrüfat işlərini görmək üçün istifadə edir, onların başını böyüdüb ordan çıxarmaq üçün isə toyuq-cücəsinə, mal-qarasına ziyanlıq vurur. Bir sözlə cavabdeh onlara zülm edir. Cavabdeh yataqda olan 1-ci qrup əlil qardaşına və onun həyət yoldaşına zülm edir. Gecə həyətinə girir, onu qorxuzur və s. dözə bilmir, xəstə adamdır. Cavabdeh onlara: “Dədə məhləsindən çıxın” deyir, otbiçənlə həyat yoldaşının üstünə hücuma keçir, qorxu azarına düşmüşlər. Onları ölümlə hədələyib neçə dəfə. Cavabdeh onların hər şikayətini Zərdab Rayon Polis Şöbəsində işləyən qohumlarının vasitəsilə basdırırdı. İzahatlar və ifadələr Zərdab Rayon Polis Şöbəsində vardır. Onlar rahat həyat yaşamırlar. İki gündən bir DİN-nin “102” xidmətinə müraciət edirik. Cavabdehin haqsız mövqeyini qətnamədə “haqlı” kimi göstərilməsi hansı ədalətə sığır? Onda məhkəmələr niyə mövcuddur? 4. Qətnamədə deyilir ki, cavabdehin qardaşı Abbasov Nəriman ona bütün mülkiyyətini idarə etmək üçün etibarnamə vermişdir. Bu da yalandır, çünki qardaşı Nəriman bütün işlərini görmək üçün onun həyat yoldaşı Nümayəndə1 etibarnamə vermişdir (Əlavə edilir). 5. Qətnamədə deyilir ki, guya onlar valideynləri vəfat etdikdən sonra bacı və qardaşın razılığı ilə o evə gəlmişlər. Bu da ağ yalandır. Belə ki, o, anadan olandan o evdə yaşamış, evlənmiş, atası və anası xəstə olduqları vaxtda onlara onun həyat yoldaşı baxmışdır. 6. Məhkəmənin mövqeyi hissəsində məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı məhkəməyə başqa sübut təqdim etməmişdir. Şəki Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi bu mübahisəyə öz hüquqi qiymətini vermişkən Zərdab Rayon Məhkəməsi nə axtarır.

11. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(035)- 475/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

14. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. İddiaçı Zərdab Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(035)- 475/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçıların üzərinə, etirazın əsaslarını təqdim etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi və cavabdehin apellyasiya şikayəti ilə bağlı hazırki qətnamənin 5-ci bəndində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir.

20. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətində qətnamədə deyilir başlığı ilə sadalanmış və birinci instansiya məhkəməsinin dəyərləndirməsi kimi yanaşılmış hallar cavabdeh tərəfin izahatlarında göstərilmiş hallardır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin bildirdiklərini qətnaməsində olduğu kimi qeyd etmişdir. Məhkəmənin iş üzrə dəyərləndirməsi isə hazırki qətnamənin 5-ci bəndində əks edilən şəkildə olmuşdur. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi sənədlərdən, o cümlədən JN-106A KOD 90507028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən mübahisəli evin və həyətyanı torpaq sahəsinin birbaşa iddiaçının mülkiyyətində olmasını, onun mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehin maneə olmasını və belə bir maneəçilik olduğu təqdirdə onun qanunsuz olmasını birmənalı demək mümkün deyildir. Mülki işin 200 və 201-ci vərəqlərində olan vəsiyyətnamə və etibarnamədən tərəflərin atası olan X3 ölən günədək ona məxsus olan Zərdab rayonu ərazisində yerləşən bütün əmlakını oğlu X2 vəsiyyət etməsi və sonuncunun da həmin əmlakla bağlı bütün hüquqlarını hazırki iş üzrə Cavabdeh etibar etməsi müəyyən edilir. Bu da hazırki iş üzrə iddiaçının iddia tələbinin qanuni əsasının olmamasını göstərir ki, həmin tələbi təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

21. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(035)-475/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(035)-475/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar