Məhkəmə qərarları › İş №2(107)-1867/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1867/2021

14.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1867/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(051)-938/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) 17 iyul 2021-ci il tarixli 2(051)-938/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənəvi ziyan tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh mənəvi ziyanın əvəzi olaraq 800 (səkkiz yüz) manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı məhkəmədə iddia qaldıraraq mənəvi ziyana görə 15000 manat məbləğindən pulun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, cavabdehlə 19.12.2007-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, birgə nikahlarından 01.01.2009-cu il tarixdə Şirəli və 01.04.2010-cu il tarixdə Nihat adlı uşaqları doğulmuşdur. Cavabdehin ona qarşı olan bir neçə zorakı hərəkətləri səbəbindən aralarında narazılıq yaranmışdır. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 25.06.2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Boşanmaya qədər olan müddət ərzində o, bir neçə dəfə cavabdeh tərəfindən döyülmüş, lakin ailəsinin xatirinə hər dəfə güzəştə getmişdir. Lakin sonuncu dəfə, yəni 12 mart 2020-ci il tarixdə saat 21-30 radələrində evdə anasının və uşaqlarının yanında cavabdeh onun sifət nahiyəsinə şillə ilə vuraraq döymüşdür. Bunu azyaşlı uşaqları da görmüşdür. Ona görə də o, şikayət etmişdir. Onun şikayəti əsasında inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və cavabdeh İXMin 157-ci maddəsi ilə təqsirli bilinərək, Mingəçevir ŞPŞ-nin İTB-nin rəisi X3 25.07.2020-ci il tarixli qərarı ilə 300 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin vaxt cavabdeh törətdiyi başqa bir cinayətlə əlaqədar məntəqə tipli cəzaçəkmə müəssisəsində olmaq əvəzinə, həmin yeri qanunsuz tərk etdiyi səbəbindən, polis şöbəsi onun əməlinə məhkəmədə hüquqi qiymət verilməsini gizlətmişdir. Ona görə də cəza müddəti başa çatdıqdan sonra, yəni 14.08.2020-ci il tarixdə cərimə olunması barədə ona rəsimi məlumat verilmişdir. Həmin qərardan şikayət versə də, onun məntəqə tipli cəzaçəkmə müəssisəsindən kənarda olması səbəbindən, həmin məsələni polis şöbəsi tam gizlətməkdə davam etmişdir. Halbuki, o, cavabdehin onun sifət nahiyəsinə vurması səbəbindən həm fiziki ağrı çəkimiş, həm də iztirab keçirmişdir. Belə ki, cavabdeh onu vurmamışdan bir neçə il əvvəl o, burun əməliyyatı keçirmişdir. Cavabdeh isə onun sifət nahiyəsinə və burun hissəsinə sillə ilə vuran zaman onun hər iki gözaltı nahiyəsi göyərməklə bərabər, burunu da əyilmişdir. Çünki o, burununu yeni əməliyyat etdirdiyinə görə burunu zədəyə meyilli olmuşdur. Həmin vaxt zərbənin təsirindən burunu da təkrar zədələnmişdir. Ondan sonra o, təkrarən burununu əməliyyat etdirmək məcburiyyətində qalmışdır. O, orta ixtisas təhsilli olmaqla bərabər, musiqi məktəbində müəllimə işləyir. Qadın olduğuna görə o, cavabdehin qarşısında aciz və müdafiəsiz vəziyyətdə qalmışdır. Bu hal isə onun fiziki və mənəvi ağrılardan əzab və iztirab çəkməsinə səbəb olmuşdur. Belə ki, o, işlədiyi əmək kollektivində sifət nahiyəsində olan qançırlara görə xəcalət çəkmiş və daima özünü narahat hiss etmişdir. Bu hal isə onun əzab çəkməsinə və sarsıntı keçirməsinə səbəb olmuşdur. Eləcə də, o, burununun zədələnməsinə görə təkrar əməliyyat olunmaqla həm maddi zərərə məruz qalmış, həm fiziki ağrı keçirmiş, həm də fəal ictimai həyat tərzindən bir müddət məhrum olmuşdur. Hesab edir ki, cavabdehdən 15000 manat məbləğində mənəvi ziyan alınıb ona verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək təmsil etdiyi şəxsin izahatına uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, 2007-ci il tarixdə X9 ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Hər ikisi musiqi məktəbində müəllim işləyir. 2010-cu il tarixdə Mingəçevir şəhərində Yeni Günəşli qəsəbəsindən 3 otaqlı fərdi yaşayış evi almışdır. Gündüz məktəbdə müəllim işləmiş, gecələr isə avtomobil ilə əhaliyə taksi xidməti göstərmişdir. İddiaçı ilə aralarında olan rəsmi nikah 25 iyun 2020-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra hər uşağa 130 manat, yəni 2 uşağa görə 260 manat aliment ödənilməsi qət edilmişdir. O, özünə məxsus paltarlarını götürüb, evi içi dolu vəziyyətdə iddiaçıya və 2 uşağına verib evdən kirayəyə çıxmışdır. Bir müddət kirayədə qalmış, lakin aldığı əmək haqqı onun ehtiyaclarını ödəmədiyinə görə kirayədən çıxıb valideynlərinin yanına getmişdir. İddiaçı ona qarşı Mingəçevir Şəhər Məhkəməsində mənəvi ziyana görə 15000 manat ödənilməsi tələbinə dair iddia irəli sürmüşdür. Belə ki, 12 mart 2020-ci il tarixdə gecə saat 00:30 radələrində o, iddiaçıdan kürəyini ovxalamasını xahiş etmişdir. İddiaçı onun kürəyini normal ovxalamadığı üçün o, iradını bildirərək, yaxşı ovxalamasını bildirmişdir. İddiaçı isə ona cavab qaytardığı üçün geri dönüb əli ilə onun sifətinə bir dəfə şillə ilə vurmuşdur. İddiaçı əvvəllər burun nahiyəsindən əməliyyat olunduğu və narahatçılıq keçirdiyi üçün onu xəstəxanaya aparıb həkimə göstərmişdir. Həkim ona baxaraq burun nahiyəsində hər hansı zədə və ya nöqsan olmadığını bildirmişdir. İddiaçı isə ailə qurmamışdan əvvəl o, 19 yaşında olarkən anadangəlmə burun çəpərinin əyriliyi ilə bağlı əməliyyat olunmuşdur. İddiaçı 13 mart 2020-ci il tarixdə Mingəçevir Şəhər Polis şöbəsinə ərizə ilə müraciət edərək döyüldüyünü bildirmiş və qanuni tədbirlər görülməsini xahiş etmişdir. Təhqiqat zamanı təhqiqatçı Polad Atayevin 14 mart 2020-ci il tarixli HK-422 saylı qərarı əsasında canlı şəxsin ekspertizası keçirilmiş və MTE və PA birliyinin Mingəçevir şəhər şöbəsinin eksperti Rauf Quliyev 16 mart 2020-ci il tarixli 149 nömrəli ekspert rəyi vermişdir. Ekspert rəyinə görə İddiaçı hər iki gözünün ətrafinda qançırlar sağ gözünün ətrafinda göyümtül-bənövşəyi rəngdə qançır, sol gözünün alt qapağında həmin xarakterdə qançır olması sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət kimi qeyd edilmişdir. Sonda toplanmış materiallar əsasında təhqiqatçı cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 22 mart 2020-ci il tarixli qərar qəbul etmiş və qərarın surəti barəsində inzibati qaydada tədbir görülməsi üçün Mingəçevir ŞPŞ-nin X1 göndərilmişdir. İTB-nin rəisi Ceyhun Nuriyevin inzibati tənbeh vermə haqqında MX seriyalı ******* nömrəli, 25.07.2020-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İXM-ın 157-ci maddəsinə əsasən 300 manat cərimə tədbiq edilmişdir. O, inzibati xəta törətdiyinə görə cərimə olunaraq tənbeh olunmuş, cərməni də ödəmişdir. İddiaçı onun tərəfindən döyülməsnə, yəni sifətinə şillə ilə vurulmasına görə hər hansı sarsıntı, fiziki əzab və iztirab keçirməmiş, çünki onunla bağlı heç bir sübut təqdim etməmiş, yəni iddiaçı hansı mənəvi sarsıntı və iztirab keçirməsini, ən başlıcası isə mənəvi zərərə məruz qalmasının nədə ifadə olunmasını məhkəməyə izah edə bilməmişdir. Bir şillə ilə şəxsə yetirilən fiziki ağrı fiziki əzab və iztirab kimi qəbul edilməməlidir. Belə ki, iddiaçı gözlərinin altında yaranmış qançırlara görə nə iş yerini itirməmiş, nə fəal ictimai həyat tərzindən məhrum olmamış, nə də onun şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələnməmişdir. Eləcə də, həmin hadisə ilə bağlı hər hansı bir hüququ məhdudlaşdırılmamış və yaxud hüququndan məhrum olmamışdır. İddiaçının iş yerində olarkən, gözlərinin altında olan qançırlara görə əzab və sarsıntı keçirməsi ilə bağlı bildirdikləri də işin həqiqi hallarına uyğun deyildir. Belə ki, iddiaçının işlədiyi, Mingəçevir şəhər 2 nömrəli Uşaq Musiqi məktəbində dərslər “Covid-19” pandemiyası ilə əlaqədar Operativ Qərargahın qərarı ilə 03.03.2020-ci il tarixdən 15.09.2020-ci il tarixədək dayandırılmış və bu səbəbdən musiqi məktəbində əyani dərslər keçirilməmiş və onlayn dərslər keçirilmişdir. 15.09.2020-ci il tarixdə əyani təhsil davam etmiş, lakin yenidən 02.12.2020-ci il tarixdən 31.03.2021-ci il tarixədək məktəbdə dərslər onlayn keçirilmişdir. Göründüyü kimi, iddiaçı həmin vaxt iş yerində olmamış və heç bir sarsıntı və iztirab keçirməmişdir. İddiaçının ondan əsassız olaraq 15000 manat mənəvi zərər tələb etməsi, həm qərəzli münasibətin təsirindən, həm də əsassız gəlir əldə etməkdən irəli gəlmişdir. Hesab edir ki, iddiaçının mənəvi ziyan tələbinə dair iddiası əsassız və qanunsuzdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(051)-938/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirərək mənəvi ziyanın əvəzi olaraq müəyyən edilmiş 800 manat pulun ağlabatan məbləğdə azaldılması barədə qətnamə çıxaraılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır o, inzibati xəta törətdiyinə görə cərimə olunaraq tənbeh olunmuş, cəriməni də ödəmişdir. Mənəvi ziyan tələbinə gəldikdə isə qeyd etmək istəyir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində qeyd olunur: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qərarın 8-ci bəndində qeyd olunur ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qeyd etmək istəyir ki, İddiaçı onun sifətinə tərəfindən yetirilmiş bir şillə ilə əlaqədar hər hansı mənəvi sarsıntı və fiziki əzab, iztirab keçirməmiş, bu barədə məhkəməyə hər hansı təsdiqedici mötəbər sübutlar təqdim etməmiş və hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, mənəvi sarsıntı və izttirablara məruz qalmasının nədə ifadə olunmasını məhkəməyə izah edə bilməmişdir. Bir şillə ilə şəxsə yetirilən fiziki ağrı fiziki əzab və iztirab kimi qəbul olunmur. Fiziki ağrı və fiziki əzab, iztirabın anlayışları tamamilə fərqlidir, başqabaşqadır. Digər tərəfdən, Ali Məhkəmənin Plenumunun həmin Qərarında izah olunduğu kimi, iddiaçı gözlərinin ətrafında yaranmış qançırlarla əlaqəli nə yaxın qohumlarını, nə iş yerini itirməyib, fəal ictimai həyat tərzindən məhrum olmayıb, şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələnməyib, hər hansı hüququ məhdudlaşdırılmayıb və ya hüquqlardan məhrum olmayıb, ekspertin rəyində göstərildiyi kimi sağlamlığına zərər vurulmayıb və sair. İddiaçı məhkəmə iclasında izahat verərkən qeyd etmişdir ki, iş yerində iş yoldaşlarının onu gözlərinin altının qaralması formasında görməsindən əzab, sarsıntı keçirmişdir. İddiaçının göstərdiyi bu dəlil həqiqətə uyğun deyil. Onun işlədiyi X7 İdarəsinin tabeliyində olan Mingəçevir şəhər 2 №-li Uşaq Musiqi Məktəbində Operativ Qərargahın tövsiyəsinə əsasən “Covid-19” pandemiyası ilə əlaqədar dərslər dayandırılmış və bu səbəbdən 03 mart 2020-ci il tarixdən 15.09.2020-ci il tarixədək musiqi məktəbində əyani dərslər keçirilməmiş və onlayn dərslər keçirilmişdir. 15.09.2020-ci il tarixdə məktəbdə əyani təhsil davam etmiş və yenidən 02.12.2020-ci il tarixdən 31.03.2021-ci il tarixədək məktəbdə onlayn dərslər keçirilmişdir. 01.02.2021-ci il tarixdən isə əyani təhsil davam etdirilmişdir. Qeyd etmək istəyir ki, İddiaçı 15 min manat mənəvi ziyan tələbi qoymaqla tamamilə qərəzlidir, 1 ildən çox sonra tələb irəli sürür, açıq-aşkar birdən-birə zənginləşmək məqsədi güdür. Belə ki, mənəvi zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq hallan nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. O, ikinci rəsmi nikahla ailə qurmuş, maddi imkanı aşağıdır, yüksək maddi imkana malik deyil, musiqi məktəbində müəllim işləyir, vəzifə maaşı ştat üzrə 780 manat olsa da, 260 manat aliment, gəlir vergisi və digər tutulmalardan sonra əlinə aldığı nəqd əmək haqqı 372 manatdır və başqa gəlir yeri yoxdur, habelə həyat yoldaşı heç bir yerdə işləmir. Çox təəssüf ki, məhkəmə işin bu konkret faktiki hallarını və hüquqi əsasları tam yox, qismən nəzərə almış və ona qarşı 800 manat mənəvi zərər məbləği müəyyən etməkdə səhvə yol vermişdir. Yəni, məhkəmə mənəvi ziyan məbləğinin müəyyən edilməsi barədə qüvvədə olan normativ hüquqi aktların tələblərini nəzərə almamış, onun və ailəsinin maddi vəziyyətini pisləşdirən, maddi ehtiyaca düçar edən, iddiaçını isə zənginləşdirən ədalətsiz və ağlabatan olmayan məbləğ müəyyən etməklə ədalətsiz qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(051)-938/2021 nömrəli qətnaməsinin dəyişdirilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(051)-938/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 019415 nömrəli diplomdan görünür ki, X2 rayon musiqi texnikumuna daxil olmuş və 01.07.2005-ci il tarixdə fortepiano ixtisası üzrə kursu bitirmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsi Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin direktoru tərəfinddən 16.07.2021-ci il tarixdə verilmiş 18 nömrəli arayışından görünür ki, İddiaçı X7 İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində 07.01.2015-ci il tarixdən fortepiano ixtisası üzrə müəllim işləyir. 25.06.2020-ci il tarixli 2(051)-886/2020 nömrəli qətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan Mingəçevir Şəhər Nikah evində 19 dekabr 2007-ci il tarixdə 343 nömrə ilə qeydə alınmış nikah pozulmudur. Tərəflərin birgə nikahından olan 01.01.2009cu il təvəllüdlü X10 və 01.04.2010-cu il təvəllüdlü X12 adlı uşaqların İddiaçı yanında qalması və Cavabdeh 05.05.2020-ci il tarixdən başlayaraq həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. X14 Mərkəzinin 14 dekabr 2020-ci il tarixli 0571 nömrəli arayışından görünür ki, İddiaçı X4 Şöbəsinə burun tənəffüsünün çətinləşməsi, başağrıları, burnun estetik görüntüsü şikayətləri ilə daxil olmuş və ona xarici burun deformasiyası, burun çəpərinin əyriliyi diaqnozu qoyulmuş və 14.12.2020-ci il tarixdə septorinoplastika əməliyyatı icra olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsi Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin 16.07.2021-ci il tarixli, 17 nömrəli arayışından görünür ki, Cavabdeh həqiqətən X7 İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində tar ixtisası üzrə müəllim işləyir. Aylıq əmək haqqı 780 manat, ondan 260 manat aliment tutulur digər tutulmalardan sonra ələ alınan məbləğ 372 manatdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsi Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin 15.07.2021-ci il tarixli, 16 nömrəli arayışından görünür ki, Cavabdeh həqiqətən X7 İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində tar ixtisası üzrə müəllim işləyir. Operativ Qərargahın tövsiyyəsinə əsasən “COVİD-19”la əlaqədar olaraq təhsil müəssisələrində dərslərin dayandırılması səbəbindən 03.03.2020-ci il tarixdən məktəbdə dərslər dayandırıldı və onlayn təhsil keçirildi.15.09.2020-ci il tarixdə məktəbdə əyani təhsil davam etdirildi.02.10.2020-ci il tarixdən 31.03.2021-ci ilə qədər məktəb yenidən onlayn təhsilə keçdi. 01.02.2021-ci il tarixdən əyani təhsil davam etmişdir. 25 iyul 2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh yaşadığı mənzildə həyat yoldaşı İddiaçı vuraraq döymüş və ona Azərbaycan Respublikasının İXM-nın 157 maddəsinə müvafiq olaraq 300 manat cərimə tədbiq edilmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında 22 mart 2020–ci il tarixli qərardan görünür ki, 12.03.2020-ci il tarixdə, Cavabdeh yaşadıqları mənzildə ailə münaqişəsi zəmnində həyat yoldaşı İddiaçı vuraraq ona qəsdən fiziki ağrı yetirdiyindən onun barəsində cinayət işi başlanmasının rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün qərarın surəti Mingəçevir ŞPŞ-inin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və X11 Təcrübi və Tədris Birliyi tərəfində verilmiş 16 mart 2020-ci il tarixli 149 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı hər iki gözünün ətrafinda qançırlar küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən 12.03.2020-ci il tarixə uyğundur. Sağlamlığa zərər vurmadığı üçün dərəcəsinin təyin olunmadığı müəyyən edilmişdir. Nikah haqqında Şəhadətnamədən görünür ki, X6 ilə Cavabdeh arasında 06.07.2021ci il tarixdə Mingəçevir Şəhər Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və 462 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41–ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. 7-ci bəndində göstərilmişdir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. 10-cü bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh rəsmi nikah bağlamaqla evlənmiş, birgə nikahlarından iki nəfər uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə nikahları məhkəmə qaydasında pozulmuşdur. İddiaçı 07.01.2015-ci il tarixdən X7 İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə, cavabdeh isə tar müəllimi işləyir. Cavabdeh ər-arvad kimi yaşadıqları zaman ailə münaqişəsi zəminində şillə ilə vuraraq hər iki gözün ətrafinda qançırlar olmasına səbəb olan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə iddiaçını döymüşdür. İddiaçının şikayəti üzrə toplanmış materiallar əsasında cinayət işinin başlanılmasının rədd edilmiş və cavabdehin barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Mingəçevir ŞPŞ-nin İTBnə göndərilmişdir. Mingəçevir ŞPŞ-nin İTB-nin rəisinin İnzibati tənbeh vermə haqqında qərarı ilə cavabdeh İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Döyülmə hadisəsindən bir neçə ay sonra, yəni 14.12.2020-ci il tarixdə iddiaçı X4 Şöbəsinə müraciət etmiş, ona burun tənəfüsünün çətinləşməsi, başağrıları, burnun estetik görüntüsü şikayətləri ilə daxil olmuş və ona xarici burun deformasiyası, burun çəpərinin əyriliyi diaqnozu qoyulmuş və həmin tarixdə iddiaçının üzərində septorinoplastika əməliyyatı icra olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə mənəvi zərərə görə 15.000 manat məbləğində pul tələbi ilə bağlı o qənaətdədir ki, inzibati xəta hadisəsi nəticəsində iddiaçının hər iki gözünün ətrafında qançırlar əmələ gəlmiş, şübhəsiz ki, iddiaçının çəkdiyi fiziki əzab nəticəsində keçirdyi iztirab və sarsıntı onun şüurunda mənfi reaksiyaya səbəb olmuşdur. İddiaçı müalicə və müayinə olunmaqla sağlamlığını tam şəkildə bərpa etsə də, həmin müddət ərzində iddiaçı əvvəlki fəal həyat tərzindən məhrum olduğundan, mənəvi zərərə məruz qalmışdır. Məhkəmə işin müəyyən olunmuş bütün hallarını, iddiaçının dərəcəsi təyin edilməyən bədən xəsarəti almasını, həmçinin cavabdehin maddi, əmlak vəziyyətini və digər diqqətə layiq halları nəzərə alaraq hesab edir ki, mənəvi zərərin məbləğinin 800 manat miqdarında müəyyən edilməsi qanuni, əsaslı, ədalətli və işin həqiqi hallarına uyğundur. Bununla yanaşı məhkəmə cavabdehin yazılı etirazında və məhkəmə iclası zamanı izahatında iddiaçının gözlərinin altında yaranmış qançırların sağlamlığı pozmayan xəsarət olmasına, özünün həmin inzibati xətaya görə inzibati cərimə olunmasına və cəriməni ödəməsinə, həmçinin həmin vaxt iddiaçının işlədiyi məktəbdə əyani tədrisin dayandırılmasına və dərslərin onlayn keçirilməsinə istinad edərək, iddiaçının iş yerini itirməməsi, fəal ictimai həyat tərzindən məhrum olmaması, şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşır və onu sübut növü kimi qəbul etmir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdehin iddiaçıya qarşı etdiyi hərəkət zorakılıqdır. Hər bir zorakılıq isə xəsarətin dərəcəsindən asılı olmayaraq, hüquq pozuntusudur. Hər bir hüquq pozuntusunun, yəni istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizliyin törədilməsi, zərərçəkən şəxsə mənəvi zərərin vurulmasına səbəb olur. Bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad olunan qərarlarında da öz əksini tapmışdır. Belə olan halda zərərçəkənin istənilən formada xəsarət alması, yəni onun cavabdeh tərəfindən döyülməsi və zəif tərəf kimi zorakılığa məruz qalması, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Bu da iddiaçının mənəvi zərərə məruz qalması üçün yetərlidir. Həmin vaxt iddiaçının işləməsi və yaxud evdar qadın olması, onun mənəvi zərərə məruz qalmasını istisna edən hal kimi qiymətləndirilə bilməz. Bu hallar yalnız mənəzi zərərin məbləği zamanı nəzərə alınır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının döyülməsi nəticəsində vurulmuş mənəvi zərərə görə 15000 (on beş min) manat məbləğində ödənilməsinə dair iddiası, qismən əsaslı olduğundan qismən təmin edilməli və vurulmuş mənəvi zərərə görə cavabdehdən 800 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır. Belə ki, işin gerçək hallarından görünür ki, döyülmə nəticəsində iddiaçı dərəcəsinin təyin olunmayan bədən xəsarəti almış, onun hər iki gözünün ətrafında qançırlar əmələ gəlmişdir. Nəzərə alınsa ki, iddiaçı sifət nahiyəsindən xəsarət alan vaxt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsi Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində fortepiano müəllimi işləmiş və işi ilə əlaqədar olaraq daima istər onlayn, istərsə də, əyani formada uşaqlarla və müəllim kollektivi ilə əlaqədə olmuşdur. Bu da iddiaçının həm qeyd olunan başqa-başqa şəxslərlə ünsiyyətdə olan zaman narahatçılıq keçirməsinə və özünə inam hissini itirməsinə səbəb olmuşdur. Eləcə də, iddiaçı xəsarət aldığı və ondan sonra kəskin ağrılar keçirməklə fiziki əzab çəkmişdir. Bu isə iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olan mənəvi sarsıntı keçirməsinə, həmçinin sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkdiyinə görə iztirab keçirməsinə səbəb olmuşdur. Bütün bunlar da onu deməyə əsas verir ki, iddiaçı inzibati xəta hesab edilən hüquqa zidd əməlin törədilməsi nəticəsində mənəvi zərərə məruz qalmışdır. Bu işin mübahisələndirilməyən halıdır. Lakin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya ödənilməli olan vəsaitin ümumi miqdarını müəyyən edərkən cavabdehin həmin əmələ görə İXM-nin 157-ci maddəsinə müvafiq olaraq 300 manat cərimə olunduğunu, həmin cəriməni ödədiyini, cavabdehin ikinci dəfə rəsmi nikahla ailə qurmasını, maddi imkanının aşağı olmasını, yüksək maddi imkana malik olmamasını, Musiqi məktəbində müəllim işləməsini, onun vəzifə maaşı ştat üzrə 780 manat olsa da, 260 manat aliment, gəlir vergisi və digər tutulmalardan sonra aldığı nəqd əmək haqqının cəmi 372 manat olmasını və başqa gəlir yerinin olmamasını, habelə hazırkı həyat yoldaşının heç bir yerdə işləməməsini nəzərə almamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq bildirir ki, birinci instansiya məhkəməsi iddia tələbini qətnamədə müəyyən edilmiş həddə təmin etməkdə haqlı olmamışdır. Məhkəmə araşdırmasının nəticəsində kollegiyanın gəldiyi qənaətə görə, mənəvi zərərə görə cavabdehdən tutulmalı olan məbləğin azaldılaraq 500 (beş yüz) manat miqdarında müəyyən edilməsi iddiaçıya dəyən mənəvi zərərin ədalətli və yetərli kompensasiyası üçün kifayət edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini qismən təmin edərək cavabdehdən mənəvi ziyanın əvəzi olaraq 800 (səkkiz yüz) manat məbləğində pulun alınıb iddiaçıya verilməsini təmin etməklə düzgün nəticəyə gəlmədiyindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(051)-938/2021 nömrəli qətnaməsi Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş 800 (səkkiz yüz) manat məbləğdə pul hissəsində dəyişdirilməli, Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş 800 (səkkiz yüz) manat məbləğində pulun məbləği azaldılaraq 500 (beş yüz) manat məbləğində müəyyən edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(051)-938/2021 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş mənəvi ziyanın əvəzi olaraq 800 (səkkiz yüz) manat məbləğində pulun məbləği azaldılaraq 500 (beş yüz) məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar