Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-189/2023 26.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Vaqid oğluna qarşı sabit pul miqdarında aliment tələbinə dair (Açar sözlər: aliment tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə, Cavabdeh Vaqid oğlunun vəkili həmçinin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Vaqid oğluna qarşı sabit pul miqdarında aliment tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2107/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı sabit pul miqdarında aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 07 oktyabr 2015-ci ildə nikahlarını rəsmi qeyd edtirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 12 avqust 2016-cı il təvəllüdlü Tufan, 23 aprel 2021-ci il təvəllüdlü Adəm adlı iki uşaqları olmuşdur. Nikahlarının ilk vaxtlarında tərəflər arasında ailə münasibətləri normal olmuş və mehriban yaşamışlar. Lakin bir müddət sonra tərəflər arasında ailə münasibətləri pozulmuşdur. Buna səbəb cavabdehin ailəsi ilə maraqlanmaması, uşaqların saxlanması üçün iddiaçıya heç bir kömək göstərməməsi, iddiaçıya münasibətinin dəyişməsi olmuşdur. İddiaçı ilə cavabdeh ayrılmışlar. Cavabdeh uşağı ilə maraqlanmamış, uşağın saxlanmasında iddiaçıya maddi kömək göstərməmişdir. İddiaçı uşağın tələbatını ödəməkdə çətinlik çəkir. Uşaqları saxlamaq hər iki valideynin borcudur. “Azərbycan Respublikasında 2022-ci il üçün yaşayış minimumun haqqında” qanuna görə uşaqlar üçün yaşayış minimumun məbləği 193 manat müəyyn edilmişdir. Ona görə də 12 avqust 2016-cı il təvəllüdlü X5, 23 aprel 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa 200 manat alimentin və Adəm adlı uşağın 3 yaşına çatana kimi saxlanması üçün 200 manat pulun alınıb iddiaçıya verilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) 31 oktyabr 2022-ci il tаrixli, 2(051)-2107/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilməsi, 12 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 (bir yüz iyirmi) manat, 23 aprel 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilməsi, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 29 sentyabr 2022-ci il tarixdən tutulması və qətnamənin dərhal icra edilməsi, iddia tələbi uşağın 3 yaşına çatana kimi saxlanması üçün aliment ödənilməsi hissəsində təmin olunmaması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Tərəflər arasında 07 oktyabr 2015-ci ildə rəsmi nikah qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 12 avqust 2016-cı il təvəllüdlü X5, 23 aprel 2021-ci il təvəllüdlü X4 valideynləri Cavabdeh və İddiaçıdır. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Sədiyev X2 şəhərində "xxxx" MMC-də satıcı işləyir, əmək haqqı məbləği 300 manatdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahından iki nəfər uşağı olmuşdur. Tərəflər ayrılmışlar. Ayrıldıqdan sonra Tufan və Adəm adlı uşaqlar iddiaçının yanında qalmışdır. Birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün tərəflər razılığa gələ bilməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Lakin iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə cavabdehin maddi imkanı olması sübut edilmədi. Odur ki, məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat aliment alınıb Tufan və Adəm adlı uşaqlatın yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıya verilməlidir. Azərbaycan RespublikasıAilə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqların doğulduğu üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Lakin cavabdehin zəruri vəsaitə malik olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə hesab edir ki, iddia iddiaçının uşağın 3 yaşına çatana kimi saxlanması üçün aliment ödənilməsi tələbinə dair hissədə təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası “Uşaq Hüquqları haqqında” Qanunun 3, 5, 13, 19-cu maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 84.2.2, 100.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3, 119.2 və 234.2.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-2107/2022 saylı qətnaməsi tam qanunsuz və əsassızdır. Belə ki, qətnamə məhkəmə iclasında təqdim olunmuş sübutlar əsassında deyil öz mülahizələri əsasında çıxarılmışdır. Sözügedən qətnamədə tərəflərin izahatı və bir neçə qanunvericilik aktından başqa heç bir əsaslanma yoxdur. Halbu ki, qətnamədə əsaslandırıcı hissə olmalıdır. Həmin hissədə uşaqların saxlanması üçün alimentin məbləği hansı səbəbdən 120 manat olması barədə heç bir əsaslanma yoxdur. Yalnız cavabdehin maddi imkanının olmaması göstərilmişdir. Məhkmə iclasında nə də iş materiallarında yalnız hamının bildiyi və elektron sistemdə göstərilmiş rəsmi 300 manat maaşdan başqa gəlirinin olub-olmaması araşdırılmadan cavabdehin maddi imkanın olmaması bildirilmişdir. Məhkəmənin mövqeyi cavabdehi müdafiə etmək yox beynəlxalq və yerli qanunvericilik aktlarında da göstərildiyi kimi uşaqların hüquqlarını daha üstün tutmaqdır. Onun himayəsində hələ də 2 yaşı tamam olmamış uşaq var və bu səbəbdən o analıq məzuniyyətindədir və işləyə bilmir. Başqa bir gəliri olmayan, daimi qulluğa və qayğıya ehtiyacı olan iki uşağın saxlanması üçün 120 manat aliment yetərlidirmi? Əlbəttə xeyr. Məhkəmə bu cür aliment təyin etdikdə uşaqların əvvəlki dolanışığıdan aşağı olmayan bir aliment təyin etməli idi. Cəmi 240 manat pulla evi olmayan, işləməyən, heç bir yerdən gəliri olmayan ananın 2 azyaşlı uşağını saxlaması mümkün deyil. Məhkəmə yaşayış yeri olmayan, iki uşağı tək saxlayan və işləməyən onu uşağın saxlanması üçün 240 manat aliment kəsmiş və bunu yalnız cavabdehin maddi imkanı olmaması ilə əsaslandırmışdır. Məhkəmə uşağın 3 yaşına çatana kimi ödənilməli olan alimentlə bağlı ümumiyyətlə fikir bildirməmiş və yalnız iddianı həmin hissədə təmin etməməklə yetərlənmişdir. Onun işləməməsi və heç bir qazancı olmaması iş materialları ilə müəyyən olunsa da uşaqların məcburi dolanacaq xərcindən xeyli az miqdarda aliment kəsilməsi qanuna zidd olmaqla gələcək nəsillərin inkişafına da xələl gətirməkdən başqa bir şey deyil. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Lakin sözügedən qətnamədə bu hall hiss olunmur. Əksinə uşaq hüquqlarını deyil cavabdehin hüquqlarını üstün tutmuşdur. Qanunvericiliyin tələbindən göründüyü kimi, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə iş materialları ilə müəyyən olunmuş bütün sübutlara düzgün qiymət verməmişdir. Belə ki, uşaq hüquqları həm qanunvericilik aktları ilə həm də insani dəyərlərlə qiymətləndirilməlidir. Lakin sözügedən dəyərlərə düzgün qiymət verilməmişdir. Uşaqların hüquqları cavabdehin hüquqlarından daha aşağı götürülmüşdür. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2107/2022 saylı qətnaməsinin tam ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2107/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Vaqid oğlunun vəkili həmçinin nümayəndəsi Vəkil apellyasiya şikayətinə təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2107/2022 saylı qətnaməsinin dəyişirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı və cavabdeh heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla zaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını apellyasiya şikayətinin həcmində yoxlamağı məqsədəmüvafiq hesab edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2107/2022 saylı qətnaməsini alimentin tutulması hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə aliment məbləğinin hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat müəyyən edilməsi hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2107/2022 saylı qətnaməsi dəyişdirilməli, 12 avqust 2016-cı il təvəllüdlü X3 və 23 aprel 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Vaqid oğlundan ər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 112 avqust 2016-cı il təvəllüdlü X5, 23 aprel 2021ci il təvəllüdlü X7 adlı uşaqları olmuşlar, onlar arasında olan nikah rəsmi qaydada pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyatorun apellyasiya şikayətinin əsasının Azərbaycanda uşaqların minimum yaşayış həddinin 193 manat olması və o analıq məzuniyyətindədir və işləyə bilmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Ailə Məcəlləsinin 84.2-ci və 84.2.2-ci maddələrinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə görə isə, ər-arvad arasında saziş olmadıqda, ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, arvadın ərdən aliment tələb etməsi bir-neçə şərtin – ərin zəruri vəsaitə malik, eləcə də arvadın maddi vəziyyətinin ona bunu tələb etməyə haqq qazandıracaq qədər aşağı olmasının mövcudluğundan asılıdır. Yəni aliment tələb olunan ərin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun və ailəsinin minumum dolanışığını təmin etsin, eyni zamanda (keçmiş) arvada bu gəlirdən aliment tutmaq mümkün olsun, həmçinin arvad işləmədiyi və uşağa baxdığı üçün müstəqil qazanca sahib olmasın. Hazırkı iş üzrə isə cavabdehin belə vəsaitə malik olduğu iş materialları ilə sübuta yetirilmir. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdehin uşaqlarının saxlanılması üçün 280 manat aliment ödəməli olduğu nəzərə alındığında ondan keçmiş arvadının saxlanılması üçün əlavə 200 manat pulun da tutulması ədalətli deyildir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2107/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, 12 avqust 2016-cı il təvəllüdlü X3 və 23 aprel 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Vaqid oğlundan hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(051)- 2107/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(051)-2107/2022 saylı qətnaməsinə əsasən müəyyən edilmiş hər ay hər uşaq üçün 12 avqust 2016-cı il təvəllüdlü X3 və 23 aprel 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Vaqid oğlundan hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-189/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-189/2023
26.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver