Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1908/2021 10.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi ilə, iddiaçı Zərdab Bələdiyyəsinin Cavabdeh Əlsurət qızına qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tаrixli 2(035)-390/2021 nömrəli qətnaməsindən iddiaçı Zərdab Bələdiyyəsinin sədri X1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tаrixli 2(035)-390/2021 nömrəli qətanaməsi (hakim Tahir Qubadov) ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir. işin halları İddiaçı Zərdab Bələdiyyəsi Cavabdeh Əlsurət qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayonu Təzəkənd kənd sakini Cavabdeh Əlsurət qızının adına olan 10.02.2007-ci il tarixli 02 saylı qərarla verilmiş 6.0 hektar torpaq sahəsinə görə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Zərdab Bələdiyyəsinin sədri X2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayonu Təzəkənd kənd bələdiyyəsinin (indiki Zərdab Bələdiyyəsinin) 10.02.2007-ci il tarixli, 02 saylı qərarına əsasən bələdiyyənin mülkiyyətində olan 6.0 ha torpaq sahəsi 15 il müddətinə Zərdab rayonu Təzəkənd kənd sakini Cavabdeh Əlsurət qızının istifadəsinə ayrılmış və bu barədə tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsində torpaq sahəsinin əkinçilik məqsədi ilə verildiyi şərtləndirilmişdir. Cavabdeh ötən 14 il müddətində həmin torpaq sahəsindən əkinçilik məqsədi iləistifadə etmiş, icarə haqqlarını və torpaq vergisini həmişə vaxtında ödəmişdir. Onun bələdiyyəyə hər hansı bir borcu yoxdur. Lakin, son vaxtlar kənd sakinləri örüş sahələrinin azlığından narazılıq etdiyindən bələdiyyə tərəfindən Cavabdeh sözügedən icarə torpağından imtina etməsi təklif olunmuş, lakin sonuncu sözügedən icarə torpağından imtina etmədiyi üçün hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Doğrudur sözügedən yer əvvəllər hələ kolxoz dövründən əkin yeri olmuş və həmişə kolxoz tərəfindən əkilmişdir. Hazırda isə bələdiyyənin örüş yeridir. Həmçinin bildirir ki, Zərdab rayonu Təzəkənd kənd bələdiyyəsinin (indiki Zərdab Bələdiyyəsinin) yarandığı gündən bu günə qədər ümumi istifadəyə örüş sahəsinin ayrılması barədə bələdiyyənin ümumi iclasının heç bir qərarı olmamışdır. Ona görə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilmir. Hesab edir ki, iddia qanuni və əsaslıdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayonu Təzəkənd kənd bələdiyyəsinin (indiki Zərdab Bələdiyyəsinin) 10.02.2007-ci il tarixli, 02 saylı qərarına əsasən bələdiyyənin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 6.0 ha torpaq sahəsi 15 il müddətinə əkinçilik məqsədi ilə hazırkı Cavabdeh istifadəsinə ayrılmış və tərəflər arasında həmin torpaq sahəsi ilə bağlı 10.03.2007-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Cavabdeh icarə haqqlarını və torpaq vergisini həmişə vaxtında ödəmişdir. Onun bələdiyyəyə hər hansı bir borcu yoxdur. Məhkəmənin diqqətinə çatdırır ki, sözügedən yer əvvəllər hələ kolxoz dövründən əkin yeri olmuş və həmişə kolxoz tərəfindən əkilmişdir. Ona görə də həmin torpaq sahəsi Cavabdeh əkinçilik məqsədi ilə verilmişdir. Cavabdeh nə icarə müqaviləsinin, nə də ki, hər hansı bir qanun pozuntusuna yol verməmişdir. Əksinə özünün təsərrüfat fəaliyyəti ilə dövlətin və ölkə başçısının siyasətinə dəstək vermişdir. Belə ki, “26.01.2016-cı il tarixdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahədə aparılan islahatların dərinləşməsi, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, idxal aslılğının azaldılması və digər mühüm vəzifələri qarşıya qoymuşdur. Bundan başqa 10.07.2016-cı il tarixdə ölkə prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident öz yekun nitqində torpaqlardan səmərəli istifadə olunması ilə ərzaq təhlükəsizliyinin tam təmin olunması vəzifəsini qarşıya qoyaraq kənd təsərrüfatında islahatlar aparmaqla böyük ixrac potensiyalı yaradılmasını tövsiyə etmişdir. Cənab Prezident öz nitqində xüsusi ilə vurğulamışdır ki,“biz torpaqlardan daha da səmərəli şəkildə istifadə etməliyik. Burada təkliflər səsləndi. Mən bu təklifləri, xüsusi ilə heyvandarlıqla bağlı təklifləri dəstəkləyirəm. İndi heyvandarlıq qapalı yerlərdə inkişaf edir. Ona görə o qədər də böyük örüş torpaqlarına ehtiyac yoxdur. Bu torpaqlardan səmərəli şəkildə istifadə olunmalıdır ki, ərzaq təhlükəsizliyi tam təmin edilsin və çox böyük ixrac potensiyalı da yaradılsın. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki, digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar. İmkanı olan insanlar kənd təsərrüfatına invenstisiya qoysunlar ki, ölkəyə də xeyr olsun, özləri də xeyr götürsünlər.” Məhkəmənin diqqətinə çatdırır ki, hazırkı iddia və bu cür tələbə rəvac verənlərin hərəkətləri dövlətin maraqlarına uyğun deyildir. Həm də vurğulamağı lazım bilir ki, əgər sözügedən torpaq sahəsi icarəyə verilə bilməzdisə, onda bələdiyyə nə üçün sözügedən torpaq sahəsini icarəyə vermişdir? Cavabdeh nə üçün bələdiyyənin hərəkətinə görə məsuliyyət daşımalıdır? Hazırkı iddia qaldırılanadək bələdiyyə tərəfindən Cavabdeh müqavilə şərtlərinin hər hansı bir şəkildə pozması barədə ona heç nə deyilməmişdir. Əksinə bələdiyyə tərəfindən Cavabdeh 10.07.2020-ci il tarixli 359 saylı məktub göndərilərək razılaşdırılmış icarə haqqının illik 40 manata qaldırılmasının razılaşdırılması təklif olunmuş və bu məqsədlə bələdiyyəyə dəvət olunduğu bildirilmişdir. Halbuki tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.14-cü bəndinə əsasən tərəflər şərtləşmişlər ki, tərəflərdən hər hansı biri müqavilə öhdəliklərini pozarsa, bu barədə digər tərəfə rəsmi olaraq məlumat verir, pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır. Düzəlməsi mümkün olan qayda pozuntusu müqavilənin pozulmasına əsas vermir. Lakin, iddiaçı (icarəyə verən) cavabdehə (icarəçiyə) heç bir pretenziya vermədən, əgər cavabdeh tərəfindən hər hansı bir pozuntuya yol verilmişdirsə, həmin pozuntunu aradan qaldırması barədə xəbərdarlıq etmədən, yalnız bir qrup kənd sakinlərinin narazılıq etdiyini əsas götürərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bu hal bir daha iddianın əsasız və qanunsuz olduğunu göstərir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları İddiaçı Zərdab Bələdiyyəsinin sədri X1 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı Zərdab Bələdiyyəsinin sədri X1 bildirmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən bir çox maddi və prosessual hüquq normalarını pozmuşdur ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamənin çixarılmasını xahiş edir. Bundan başqa o məhkəmə kollegiyasının iclasında verilmiş suallara cavab olaraq həmin torpaq sahəsi icarəyə verilən zaman onun təyinatının bilinmədiyini, sonradan 2010cu ildə xəritədən həmin torpaq sahəsinin örüş sahəsi olmasının göründüyünü, icarə müqaviləsinin müddətinin 2022-ci ilin mart ayında bitməsini bildirmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan icarə müqaviləsinin bələdiyyə tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayonu Təzəkənd kənd bələdiyyəsinin (indiki Zərdab Bələdiyyəsinin) 10.02.2007-ci il tarixli, 02 saylı qərarı əsasında həmin bələdiyyə ilə hazırkı Cavabdeh Əlsurət qızı arasında icarə müqaviləsi bağlanmış və bələdiyyənin mülkiyyətində olan 6.0 ha torpaq sahəsi kənd təsərrüfatı məqsədi ilə 15 il müddətinə əkinçilik məqsədi ilə sonuncunun icarəsinə verilmişdir. İşdə olan Zərdab bələdiyyəsi tərəfindən icarəçi Cavabdeh Əlsurət qızına ünvanlanmış 10.07.2020-ci il tarixli, 359 saylı məktubundan görünür ki, aralarında bağlanmış 10.03.2007-ci icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının məbləğnə yenidən baxılması təklif olunmuş və həmin məqsədlə bələdiyyəyə çağırılmışdır. İşdə olan Zərdab bələdiyyəsi tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış 12.07.2021-ci il tarixli, 162 saylı məktubundan görünür ki, icarəçi Cavabdeh Əlsurət qızının 01.01.2021-ci il tarixinə icarə haqqı borcu yoxdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4.0.2-ci maddəsinə görə müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyəti bələdiyəyə məxsusdur. Həmin Qanunun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 7.2-ci maddəsinə görə ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Həmin Qanunun 11.3-cü maddəsinə görə bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Həmin Qanunun 11.7-ci maddəsinə görə ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir. Həmin Qanunun 11.9-cu maddəsinə görə bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci hissəsinə görə bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü hissəsinə görə ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfat daxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Sadalanan qanunvecilik normalarının müddəalarından görünür ki, qanunvericilik ümumi istifadə üçün nəzərdə tutulan torpaq sahələrinin yalnız xüsusi mülkiyyətə verilməsini, habelə bütövlükdə icarəyə verilməsini istisna edir. Qanunvericilik ümumi istifadədə olan torpaqlara dair sərəncamla bağlı digər halları, o cümlədən icarəyə verməni istisna etməmişdir. İş materiallarından isə müəyyən olunur ki, Zərdab rayonu Təzəkənd kənd bələdiyyəsinin (indiki Zərdab Bələdiyyəsinin) 10.02.2007-ci il tarixli, 02 saylı qərarına əsasən bələdiyyənin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 6.0 ha torpaq sahəsi 15 il müddətinə əkinçilik məqsədi ilə hazırkı Cavabdeh istifadəsinə ayrılmış və tərəflər arasında həmin torpaq sahəsi ilə bağlı 10.03.2007-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Cavabdeh həmin vaxtdan, yəni ötən 14 ildən artıq bir müddətdə icarə hüquqlarını həyata keçirmiş, icarə haqqlarını və torpaq vergisini həmişə vaxtında ödəmişdir. Onun bələdiyyəyə hər hansı bir borcu yoxdur. O da qeyd edilməlidir ki, icarə müqaviləsinin 2.14-cü bəndinə uyğun olaraq müqavilə şərtlərinin hər hansı bir şəkildə pozması və həmin pozuntuların aradan qaldırılması barədə ona heç bir məlumat verilməmişdir. İddiaçı (icarəyə verən) cavabdehə (icarəçiyə) onun tərəfindən hər hansı bir pozuntuya yol verilmişdirsə, həmin pozuntunu aradan qaldırması barədə xəbərdarlıq etmədən, yalnız bir qrup kənd sakinlərinin narazılıq etdiyini əsas götürərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin iddiaçı Zərdab rayonu Təzəkənd kənd bələdiyyəsinin (indiki Zərdab Bələdiyyəsinin) sədri Bəhruz Qurbanovun və cavabdehin nümayəndəsinin izahatlarından müəyyən olundu ki, sözügedən torpaq sahəsi əvvəllər hələ kolxoz dövründən əkin yeri olmuş və həmişə kolxoz tərəfindən əkilmişdir. Həmin torpaq sahəsi cavabdehə də əkinçilik məqsədi ilə verilmişdir. Bununla yanaşı Təzəkənd kəndində ümumi istifadəyə örüş sahəsinin ayrılması barədə bələdiyyənin ümumi iclasının heç bir qərarı olmamışdır. Bundan başqa məhkəmə kollegiyası tərəfindən iş üzrə qanuni və obyektiv qərar qəbul edilməsi üçün Zərdab rayon Bələdiyyəsi ilə Cavabdeh Əlsurət qızı arasında bağlanmış 10 mart 2007-ci il tarixli icarə müqaviləsi əsasında sonuncunun istifadəsində olan 6ha torpaq sahəsinin DVG məlumatlarına dair elektron bazada onun konfiqurasiyası və torpağın hüquqi rejiminə dair məlumatın verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsininə sorğu verilmiş, həmin idarənin 10 noyabr 2021-ci il tarixli **********04 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş Cavabdeh Əlsurət qızının istifadəsində olan 6.0 ha torpaq sahəsinin koordinatları təqdim edilmədiyindən Cavabdeh Əlsurət qızının sözügedən torpaq sahəsi üzərində hüquqularının qeydiyyatı aparılmamışdır. Mülki Prosesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosesual Məcəllənin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir. Beləliklə, apellyasiya qaydasında işə baxılarkən məhkəmə kollegiyası tərəfindən iddiaçıya apellyasiya şikayətinin dəlillərinə dair sübutlarını məhkəməyə təqdim etməsi üçün kifayət qədər şərait yaradılmasına baxmayaraq, iddiaçı məhkəməyə qeyd edilən mübahisəli torpaq sahəsinin örüş sahəsi olmasını təstiq edən heç bir sübut təqdim etməmiş və apellyasiya şikayətinin dəlilləri iş mterialları ilə təsdiqini tapmamışdır. Apellyasiya şikayətlərinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tаrixli 2(035)-390/2021 nömrəli qətnaməsi Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Zərdab Bələdiyyəsinin sədri X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tаrixli 2(035)-390/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1908/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1908/2021
10.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver