Məhkəmə qərarları › İş №2(107)-191/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-191/2023

25.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-191/2023 25.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: bəraət almış şəxsə mənəvi zərərin ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(051)-1783/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Mingəçevir şəhər Məhkəməsinin hal-hazırda qüvvədə olan 31 avqust 2021-ci il tarixli, 1(051)-139/2021 saylı hökmü ilə İddiaçı barəsində CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət işinə cinayət tərkibinin əlamətləri olmaması əsası ilə bəraət verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmaqla, barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilməklə və təqsirləndirilən şəxs qismində cəlb edilməklə əlaqədar vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs barəsində Mingəçevir şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 1(051)- 139/2021 saylı hökmü ilə bəraət verilmişdir. Sonradan iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Rəsulova Səlimə apelyasiya şikayəti ilə müraciət edərək Mingəçevir şəhər Məhkəməsinin həmin qərarından şikayət vermişdir. X8 Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 1(107)-381/2021 saylı qərarı ilə Mingəçevir şəhər Məhkəməsinin sözügedən hökmü qüvvədə qalmış və şikayət rədd edilmişdir. Qərardan narazı qalan zərərçəkmiş şəxs X5 müdafiəçisi X1 qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2022-ci il tarixli 1(102)-826/2022 saylı qərarı ilə zərər çəkmiş şəxs X5 vəkili X3 verdiyi şikayət təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin həmin qərarı qüvvədə qalmışdır. Həmin müddət ərzində təmsil etdiyi şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi, barəsində “başqa yerə getməmək barədə” iltizam tənbeh tədbiri tətbiq edildiyi və təqsirləndirilən şəxs qismində cəlb edildiyi müddətdə mənəvi iztirab keçirtmişdir, onun şərəf və ləyaqəti ləkələnmişdir. Beləliklə, təhqiqat, istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan dəymiş, cəmiyyətə hörmətdən düşmüşdür. Bu dövrdə də dərin psixoloji və mənəvi sarsıntı keçirmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi və 30.000 manat məbləğində mənəvi zərərin əvəzinin dövlət büdcəsindən tutulması haqda qətnamə çıxarılmasını xahiş edir.

4. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi iştirak etdiyi əvvəlki məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bidirdi ki, iddiaçı şərəf və ləyaqətinin alçaldığını iddia edərkən və bunun nəticəsində ona psixoloji təsir olduğunu irəli sürərkən, bu zərərin qarşılığı olaraq cavabdehdən tələb etdiyi 30.000 manat mənəvi zərərin məbləğinin bu həddə olmasını dəqiq əsaslandırmamışdır və bununla bağlı hər hansı bir dəlil təqdim etməmişdir. Ona görə də tələb olunan məbləğ ağlabatan deyil. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində tutulmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Daha sonra Mingəçevir şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 1(051)-139/2021 saylı hökmü ilə İddiaçı barəsində CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət işinə cinayət tərkibinin əlamətləri olmaması əsası ilə bəraət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 1(107)-381/2021 saylı qərarı ilə zərərçəkmiş şəxs tərəfindən Mingəçevir şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 1(051)-139/2021 saylı hökmündən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və qüvvədə qalmışdır. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2022-ci il tarixli 1(102)- 826/2022 saylı qərarı ilə zərər çəkmiş şəxs X5 vəkili X3 verdiyi şikayət təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin həmin qərarı qüvvədə qalmışdır. Beləliklə, məhkəmə tərəfindən yekun olaraq şəxsin təqsirsiz olduğu qənaətinə gəlinmiş və şəxs qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş və şəxs barəsində əsassız olaraq qətimkan tədbiri seçilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur.

6. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinə məruz qalması ilə mənəvi ziyan vurulmuşdur. Həmin halın aradan qaldırılması, yəni iddiaçının pozulmuş hüququnun bərpa olunması, vurulmuş mənəvi ziyana görə pul kompensasiyası ödənilməsi yolu ilə mümkündür

7. Məhkəmə iddianın mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pul tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində iddiaçının barəsində mənfi fikir formalaşmış, onu əhatə edən şəxslərlə münasibətləri pisləşmiş, onun haqqında mənfi fikir formalaşmış, yəni onu tanıyan şəxslərin hamısı ondan qaçmış və qınamışdır. Bununla da iddiaçıya mənəvi ziyan dəymişdir.

9. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 30.000 manat mənəvi zərərə görə kompensasiya tələbi işin hallarına, onun keçirdiyi mənəvi sarsıntı və fiziki iztirabın xarakterinə, həmin iztirab və sarsıntının kəskin mənfi nəticələrə səbəb olmamasına görə kifayət qədər yüksək, açıq–aşkar ədalətsiz pul tələbidir.

10. Belə ki, mülki işə məhkəmədə baxılarkən iddiaçı tələb etdiyi məbləğdə mənəvi zərərə məruz qalmasına dair əlavə sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından da belə sübutların olması görünmür.

11. Ona görə də məhkəmə hesab edir ki, iddianın, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində kompensasiya ödənilməsinə dair hissəsi qismən təmin edilməli və iddiaçıya vurulmuş mənəvi zərərə görə 1.000 manat məbləğində kompensasiya ödənilməlidir.

12. Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(051)- 1783/2022 saylı qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) iddia qismən təmin olunmuş, bəraət almış İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına mənəvi zərərə görə 1.000 (min) manat məbləğində pulun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

14. Mingəçevir ŞPŞ-nin İB-nin 20 may 2021-ci il tarixli qərarına əsasən iddiaçı AR CMnin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmim maddə ilə ittiham elan edilmişdir.

15. Mingəçevir ŞPŞ-nin İB-nin 20 may 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərara əsasən iddiaçı barəsində “başqa yerə gertməmək hqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir.

16. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 1(051)- 139/2021 saylı hökmündən görünür ki, İddiaçı arəsində CM-nin 128- ci maddəsi ilə başlanmış cinayət işinə cinayət tərkibnin əlaməıtləri olmaması əsası ilə bəraət verilmişdir.

17. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 1(107)- 381/2021 saylı qərarı ilə, zərərçəkmiş şəxs tərəfindən Mingəçevir şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 1(051)-139/2021 saylı hökmündən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və qüvvədə qalmışdır.

18. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2022-ci il tarixli 1(102)-826/2022 saylı qərarı ilə zərər çəkmiş şəxs X5 vəkili X3 verdiyi şikayət təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin həmin qərarı qüvvədə qalmışdır.

19. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi Vəkil аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, İddiaçı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Lakin, məhkəmə istintaqı zamanı onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyi sübutlarla öz əksini tapmamışdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin hal-hazırda qüvvədə olan 31 avqust 2021-ci il tarixli, 1(051)-139/2021 saylı hökmü ilə ona, yəni İddiaçı qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə irəli sürülmüş cinayət əməlində cinayət tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilmişdir. Ötən müddət ərzində, yəni onun qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməyinə görə o və övladları mənəvi iztirab keçirtmişlər. Barəsində müxtəlif şaiyələr gəzmiş, şərəf və ləyaqətini ləkələyən məlumatlar formalaşmışdır. Beləliklə təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmişdir, cəmiyyət içərisində hörmətdən düşmüşdür. Hər kəs ondan nə baş verdiyini soruşmuş, bunun da nəticəsində o sarsıntı keçirtmiş və ona mənəvi ziyan vurulmuşdur.

21. Belə olan halda Mingəçevir Şəhər Məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmamışdır. Hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsi mənəvi ziyanın əvəzi olaraq aşağı məbləğdə pul təyin etmişdir. Çünki, həmin müddət ərzində o işləmək imkanından məhrum olmuş, cəmiyyət içərisində hörmətdən düşmüşdür.

22. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(051)- 1783/2022 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

25. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümaynədəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: 56-cı maddəsinə əsasən, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. 61.1-ci maddəsinə əsasən cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır. 61.2-ci maddəsinə əsasən bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui– istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

28. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununu: 6-ci maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir. 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui–istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinə əsasən bu Qanunun 5–ci maddəsinin 1–ci, 2– ci və 4–cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

30. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarı: 1-ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41–ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri–əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri–əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 7-ci bəndində göstərilmişdir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115–ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

33. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(051)- 1783/2022 saylı qətnaməsinin qismən ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilməmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən ddianın təmin edilməmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hissəsində əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində iddiaçının barəsində mənfi fikir formalaşmış, onu əhatə edən şəxslərlə münasibətləri pisləşmiş, onun haqqında mənfi fikir formalaşmış olsa da, iddiaçının tələb etdiyi 30.000 manat mənəvi zərərə görə kompensasiya tələbi işin hallarına, onun keçirdiyi mənəvi sarsıntı iztirabın xarakterinə, həmin iztirab və sarsıntının kəskin mənfi nəticələrə səbəb olmamasına görə kifayət qədər yüksək pul tələbidir. İşin göstərilən hallarına görə birinci instansiya məhkəməsi mənəvi zərərin məbləğini 1000 manat təmin etməkdə haqlı olmuşdur.

36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(051)- 1783/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(051)- 1783/2022 saylı qətnaməsi mübahisələndirilən – iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar