Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1924/2021 19.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi öhdəliyindən azad olunma” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(046)-461/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 18.12.2018-ci il tarixli 2(046)-182/2018 saylı qətnaməsinə əsasən Cavabdeh 04 avqust 2007-ci il tarixdə anadan olmuş oğlumuz X3 və 26 iyul 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində təyin edilmişi alimentin ödənilməsi öhdəliyindən azad olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 22 iyul 2021-ci il tarixli, 2(046)- 461/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(046)-1820/2018 saylı qətnaməsi ilə onlar arasında nikah pozulmuş, tərəflərin 04 avqust 2007-ci il tarixdə anadan olmuş X3 və 26 iyul 2010-cu il tarixdə anadan olmuş X2 cavabdehin yanında qalması, Rəsul Şahalıyevin iddiaçıdan alınıb cavabdehə verilməsi, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçıdan hər ay hər uşağa görə 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində alimentin 18 dekabr 2018-ci il tarixdən etibarən tutulub cavabdehə verilməsi qət edilmişdir.. Artıq 2 il yarımdır ki, Rəsul, 1 il 9 aydır ki, Məhəmməd onun himayəsində yaşayır, uşaqların təlim-tərbiyəsi ilə o məşğul olur və uşaqları maddi cəhətdən təmin edir. Lakin cavabdeh Göyçay rayon İcra və Probasiya Şöbəsinin icraatında olan alimentin ödənilməsi barədə icra sənədinin icraatına xitam verilməsi üçün müraciət etməmişdir. Göyçay rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(046)-1820/2018 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə alimentin hesablanmasının davam etdirilməsi qanunsuzdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar avdınlaşdırılmamışdır. belə ki, iddiaçı tərəf cavabdehin Göyçay RMX Cərrahiyyə şöbəsi əməliyyatxana bölməsində tibb bacısı vəzifəsində işləməklə gündəlik iş saatı 7 saat olmaqla növbəli iş rejimində işləməsi barədə Göyçay RMX Publik hüquqi şəxsin 24 may 2021-ci il tarixli 2340 saylı məktubunu, Göyçay rayon İHB aparatı yanında qəyyumluq və himayəçilik orqanının 30 iyun 2021-ci il tarixli 211 saylı məktubunu və məktuba əlavə edilmiş, iddiaçının evində tərtib edilmiş 29 iyun 2021-ci il tarixli aktı sübut kimi məhkəməyə təqdim etsə də məhkəmə, nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, is üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər: Məhkəmə, gəldiyi nəticəni əsaslandırarkən xeyrinə aliment tutulan Cavabdeh azyaşlı uşaqlarına iddiaçının ödədiyi alimentlə baxdığını, onların maddi tələbatlarını ödədiyini göstərir. Halbuki bu əsaslar iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sübutlarla təkzib olunur. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin isin hallarına uyqun gəlməməsinə dair dəlillər: 04 avqust 2007-ci il tarixdə X5 və 26 iyul 2010-cu il tarixdə X2 Cavabdeh tərəfindən saxlanılması barədə məhkəmənin gəldiyi nəticə Göyçay rayon İHB aparatı yanında qəyyumluq və himayəçilik orqanının 30 iyun 2021-ci il tarixli 211 saylı məktubunu və məktuba əlavə edilmiş, iddiaçının evində tərtib edilmiş 29 iyun 2021 -ci il tarixli aktı ilə təsdiq edilən işin hallarına uyğun gəlmir. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər: Göyçay rayon İcra və Probasiya Şöbəsi 05 aprel 2021-ci il tarixdən 27 may 2021-ci il tarixə kimi olan müddət ərzində 5 dəfə iddiaçının yaşadığı mənzildə olmuş və uşaqların ataları ilə birlikdə yaşamalarını müəyyən etmişlər. Bu halı təsdiq edən aktların təsdiqlənmiş surətlərini apellyasiya şikayətinə əlavə etmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh qarşı aliment ödənilməsi öhdəliyindən azad olunma tələbimə dair 2(046)-461/2021 saylı mülki iş üzrə Göyçay rayon məhkəməsinin (hakim İbrahim Fəttahov) 22 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, məhkəmə qətnaməsi ilə uşaqlar anasına verilməsinə, ondan aliment tutulmasına baxmayaraq neçə vaxtdır ki, hər iki uşaq onun yanındadır. Uşaqların təlimtərbiyəsi ilə özü məşğul olur. Lakin hər iki uşaq onun yanında yaşamasına baxamayaraq cavabdeh ondan aliment tələb edir. Hansı ki, aliment uşaqların saxlanılması üçün müəyyən edilib. Hesab edir ki, uşaqlar onun yanında yaşadığı dövr üçün o aliment ödəməli deyil. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə yekun qərar qəbul edərkən obyektiv araşdırma aparmamışdır. Belə ki, qanunvericiliyin tələbindən də göründüyü kimi aliment uşaqların saxlanılması üçün nəzərdə tutulub. Lakin tərəflərin birgə nikahından anadan olmuş uşaqlar neçə aylardır idiaçının yanında yaşamasına baxamayaraq, cavabdeh aliment tələb edir. Hesab edir ki, bu düzgün deyil. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qismən qəbul edərək bildirmişdir ki, məhkəmə qətnaməsi ilə birgə nikahdan olan uşaqlar onun yanında saxlanılmış, hər uşaq üçün də 125 manat məbləğində aliment müəyyən edilmişdir. İddiaçı alimentin bir hissəsini ödəsə də, sonradan ödənişləri dayandırmışdır. Düzdür, uşaqların hər ikisi neçə aydır ki, iddiaçının yanında yaşayır. Ona görə də uşaqların atasının yanında yaşadığı dövr üçün alimentdən imtina edir. (cavabdeh bununla bağlı məhkəməyə ərizə təqdim etdi). Lakin yenə də uşaqların məhkəmə qətnaməsi ilə onun himayəsində saxlanılmasını istəyir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(046)-461/2021 nömrəli qətnaməsi tam ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Göyçay rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(046)-1820/2018 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, tərəflərin birgə nikahdan anadan olmuş 04 avqust 2007-ci il tarixdə anadan olmuş X3 və 26 iyul 2010-cu il tarixdə anadan olmuş X2 cavabdehin yanında qalması, Rəsul Şahalıyevin iddiaçıdan alınıb cavabdehə verilməsi, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçıdan hər ay hər uşağa görə 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində alimentin 18 dekabr 2018-ci il tarixdən etibarən tutulub cavabdehə verilməsi qət edilmişdir. Apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş ərizənin mətnindən görünür ki, cavabdeh hal-hazıradək yığılıb qalmış aliment öhdəliyindən imtina edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi əsassızdır. Ona görə ki, uşaqlar üzərində valideyinlərin hüquq və vəzifələri bərabər olduğuna baxmayaraq, uşaqların saxlanması üçün aliment tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla, azaldıla və artırıla bilər. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, xeyrinə aliment tutulan Cavabdeh azyaşlı uşaqlarına iddiaçının ödədiyi alimentlə baxır, onların maddi tələbatlarını ödəyir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddənin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2-ci maddəyə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv olunması üçün əsaslı olsa da, iddianın tam təmin edilməsi üçün əsaslı deyildir. Belə ki, məhkəmə kollegiyasının raşadırması zamanı müəyyən edilmişdir ki, Göyçay rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(046)-1820/2018 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, tərəflərin birgə nikahdan anadan olmuş 04 avqust 2007-ci il tarixdə anadan olmuş X3 və 26 iyul 2010-cu il tarixdə anadan olmuş X2 cavabdehin yanında qalması, Rəsul Şahalıyevin iddiaçıdan alınıb cavabdehə verilməsi, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçıdan hər ay hər uşağa görə 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində alimentin 18 dekabr 2018ci il tarixdən etibarən tutulub cavabdehə verilməsi qət edilmişdir. İddiaçı məlum qətnamə ilə müəyyən olunmuş alimentin bir hissəsini ödəsə də, sonradan ödənişləri dayandırmışdır. İddiaçının sonradan ödənişləri dayandırmasına əsas səbəb birgə nikahdan olan hər iki uşağın onun yanına qayıtması və onunla bir yerdə yaşaması olmuşdur. Beləliklə hər iki uşaq xeyli vaxtdır ki, atalarının (iddiaçının) yanında yaşadığından iddiaçı tələbkara (cavabdehə) olan aliment borcunu ödəməmişdir. Göründüyü kimi iddiaçı alimenti qəsdən deyil, obyektiv səbəbdən, yəni uşaqların bu müddət ərzində daimi olaraq onun yanında yaşamaları olmuşdur. Məhkəmə araşdırması zamanı da cavabdeh tələbin bu hissəsini mübahisələndirməmiş, uşaqların neçə aydır ki, mütəmadi olaraq atalarının yanında yaşadığını bildirməklə, iddianı bu hissədə etiraf etmiş, hətta hal-hazıradək yığılıb qalmış alimentdəm imtina etdiyini də bildirmişdir. Kollegiya tərəfindən təklif olunmasına baxamayaraq tərəflər nə qədər aliment yığılması barədə dəqiq məlumat verə bilməmişdir. Kollegiyanın tədqiqi zamanı cavabdehin mübahisələndirdiyi hal məhkəmə qətnaməsi ilə müəyən edilmiş “uşaqların onun yanında saxlanılması hissəsinin” ləğv edilməməsi olmuşdur. Kollegiya cavabdehin bu dəlili ilə bağlı bildirir ki, hazırki tələb yalnız uşaqlar üçün müəyyən edilmiş aliment öhdəliyindən azad edilmə olmuşdur. Kollegiya digər məsələlərə münasibət bildirmir. Çünki Mülki Prosessual Məcəllənin 372.4-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Kollegiya belə qənaətə gəlir ki, iddiaçının silinməsini tələb etdiyi aliment öhdəliyi 5000 manatdan çox olduğundan hazırki qətnamədən iddiaçı tərəf kassasiya şikayəti verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(046)-461/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. İddiaçı Göyçay Rayon Məhkəməsinin 18.12.2018-ci il tarixli 2(046)-182/2018 saylı qətnaməsinə əsasən 04 avqust 2007-ci il təvəllüdlü X5 və 26 iyul 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh ödənilməli alimentin hazırki vaxtadək (19.10.2021-ci il tarixədək) yığılıb qalmış hissəsini ödəməkdən azad edilsin. Qətnamədən, iddiaçı tərəf tələbləri təmin olunmadığı hallarda ona rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1924/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1924/2021
19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver