Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1925/2020 15.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlu oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-1079/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2009-cu ildə anadan olmuş Məmmədov Ömər Məhəmməd oğlu və xx xxxxx 2012-ci ildə anadan olmuş X1 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən onun xeyrinə hər uşaq üçün 170 manat, cəmi 340 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-1079/2020 saylıqətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2009-cu ildə anadan olmuş Məmmədov Ömər Məhəmməd oğlu və xx xxxxx 2012ci ildə anadan olmuş X1 18 yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat alimentin tutulması, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, cavabdehlə faktiki nikah münasibətlərinə daxil olaraq nikahlarını xx xxxxxx 2008-ci ildə rəsmiləşdirmişlər, birgə nikahlarından xx xxxxxx 2009-cu ildə anadan olmuş Məmmədov Ömər Məhəmməd oğlu və xx xxxxx 2012-ci ildə anadan olmuş X1 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehin təşəbbüsü ilə ayrılmışlar. Uşaqlar hazırda onun himayəsindədir. Ayrıldıqları vaxtdan etibarən cavabdeh bir müddət uşaqlara maddi yardım etsə də, hazırda uşaqlara maddi yardım etmir. Özü heç bir yerdə işləməyib uşaqlara qulluq etdiyi üçün uşaqların tələbatını ödəyə bilmir. Cavabdeh tələb edilən alimenti ödəmək ixtiyarındadır. Cavabadehin aylıq gəliri 2000-3000 manat civarındadır. Qeyd edilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-1079/2020 saylıqətnaməsinin dəyişdirilərək iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kolegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər xx xxxxxx 2008-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2009-cu ildə anadan olmuş Məmmədov Ömər Məhəmməd oğlu və xx xxxxx 2012ci ildə anadan olmuş X1 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehin təşəbbüsü ilə ayrılmışlar. Uşaqlar hazırda iddiaçının himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2020-ci üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti formal mülahizələrdən ibarət olmaqla əsaslandırılmamışdır. Belə ki, apelyator birinci instansiya məhkəməsi tərəfindən qət edilən aliment məbləğinin uşağın xərcini ödəmədiyini bildirsə də, həmin xərclərin nədən ibarət olduğunu əks etdirən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan əlavə apelyator cavabdehin aylıq gəlirinin 2000-3000 manat civarında olduğunu bildirsə də, bu barədə sübut təqdim etməmişdir. Ümumiyyətlə təyin edilən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Belə olduğu halda iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayətedici hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrəAğdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-1079/2020 saylıqətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-1079/2020 saylıqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1925/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1925/2020
15.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver