Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1956/2020 01.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə alınmış əmlakın geri qaytarılması və maddi zərər” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-656/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə alınmış əmlakın geri qaytarılması və maddi zərər” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış, Qəbələ şəhəri H.Əliyev küçəsi 75 A ünvanında yerləşən, sahəsi 50.5 kv.m təşkil edən Məişət evinin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli, 3093 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 3800 (üç min səkkiz yüz) manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-656/2020 nömrəli (hakim A.Əliyev) qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 1 A ünvanında yerləşən, sahəsi 50.5 kv.m təşkil edən Məişət evinin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli, 3093 nömrəli müqavilənin ləğv edilməsi və həmin qeyri yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı»na uyğun olaraq, Qəbələ şəhəri H.Əliyev küçəsi 57 A ünvanında yerləşən, sahəsi 50.5 kv.m təşkil edən Məişət evi satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 3093 nömrəli alqı-satqı müqaviləsinə əsasən 15000 (on beş min) manata Cavabdeh satılmışdır. Sonuncu ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 3800 (üç min səkkiz yüz) manat ödəmiş, digər hissəsinin, yəni 11200 (on bir min iki yüz) manatın ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla alqı-satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən alıcı müqavilə imzalandığı andan 30 (otuz) gün müddətində əmlakın tam dəyərini, yəni 15000 manatını satıcının Azərbaycan Respublikası Mərkəzi Bankındakı tranzit hesabına köçürməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, alıcı həm müqaviləyə, həm də mülki hüquq normalarına əsasən satın aldığı əmlakın dəyərini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə 30 gün ərzində ödəməyə borclu olsa da, bu vəzifəsini icra etməmiş, bununla müqavilənin şərtlərini və mülki qanunvericiliyin iddia ərizəsində qeyd edilən normalarını pozmuşdur. Eyni zamanda, alqı-satqı müqaviləsinin 2.1.1-ci bəndinə əsasən əmlakın dəyəri tam ödənildikdən sonra satıcı müqavilənin bir nüsxəsini əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aidiyyəti ərazi idarəsinə göndərir. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində qalmışdır.Cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdur. Beləliklə, məhkəmə tərəfindən alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə yanaşı, həmçinin müqavilənin predmeti olmuş əmlakın satıcıyı qaytarılması vəzifəsi də alıcının üzərinə qoyulmalıdır. Qeyd edilənlərdən əlavə bildirilir ki, alıcı müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə (dövlətə) maddi ziyan da vurmuşdur. «Dövlət əmalakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Alıcı müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərini tam ödəməmiş, bununla satıcını dövlət əmlakının satışından dövlət büdcəsinə daxil olmalı olan gəlirdən qismən məhrum etmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş 3800 manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi nəzərə alınmalı və alıcıya qaytarılmamalıdır. Qeyd olunan iddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri (aktları) çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr isə işin hallarına uyğun gəlməmişdir. Belə ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa fərdi yaşayış evinin qiymətləndirilməsi zamanı da olduqca yuxarı qiymətləndirilmişdir. Belə ki, həmin fərdi yaşayış evi qəzalı vəziyyətdədir. Mülkiyyətində olan fərdi yaşayış evi 15000 manat qiymətləndirilmişdir. Bundan başqa həmin ev 24 kv.m dövlətin qalan hissəsi isə xüsusi mülkiyyətləridir. Onlar birləşdirib cəm halda evi dəyərləndiriblər. Sadalananlardan göründüyü kimi, birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəzərə almamış, işin həqiqi və hüquqi hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Qətnamə əsaslandırılmamış və bu qətnamədə iddia tələbinin əsaslandığı dəlillərə cavab verilməmişdir. Sözü gedən əraziyə heç bir baxış keçirilməmiş, məhkəmə əsassız qətnamə qəbul etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-656/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini X1 şəxsində “satıcı” olaraq onunla “alıcı” Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 3093 nömrəli «Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi»nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, müqavilənin predmetini (müqavilənin 1.1-ci bəndi) «alıcı»nın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 16 saylı ərazi şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə keçirilən hərracda 01 nömrəli protokola əsasən satın aldığı Məişət evi (ümumi sahəsi -50,5 kv.m) təşkil etmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən «alıcı» Cavabdeh müqavilədə göstərilən şərtlərlə ünvan 1 A ünvanında yerləşən Məişət evini hərracdan satış qiyməti ilə 15000.00-on beş min manata satın almışdır. Müqavilənin 2.2.2-ci bəndinə görə alınmış müəssisənin (obyektin) dəyərini, yəni hərracdan əvvəl beh kimi ödənilmiş 10% də nəzərə alınmaqla 15000 (on beş min) manatını müqavilə bağlandığı andan 30 (otuz) bank günü müddətindən gec olmayaraq və yaxud xx.xx.2016-cı il tarixək «satıcının» (VÖEN : **********) Mərkəzi bankdakı (kod 501004, m/h : AZ74NABZ********************, VÖEN : **********, S.W.İ.F.T.bik: NABZAZ2C) **********944 nömrəli tranzit manat hesabına köçürmək Cavabdeh vəzifəsidir. Müqavilənin 2.3-cü bəndinə əsasən «alıcı» müqavilə imzalandıqdan sonra müəssisədən (obyektdən) müqaviləyə uyğun olaraq istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh (ünvan ünvan 2 ünvanladığı Çıxış №**********47 nömrəli bildirişdə qeyd edilmişdir ki, Qəbələ şəhəri H.Əliyev küçəsi 57 ünvanda yerləşən Məişət evinin (ümumi sahəsi 50.5.kv.m) satışı ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2016-cı il tarixli, 3093 nömrəli alqı-satqı müqaviləsinin 2.2.2 bəndinə müvafiq olaraq əmlakın satış qiyməti olan 15000 (on beş min) manatdan 3800 (üç min səkkiz yüz) manatı onun tərəfindən ödənilmiş, qalan 11200 (on bir min iki yüz) manatı ödənilməmişdir. Müqavilə üzrə ödənilməmiş 11200 manat vəsaitin 10 (on) gün ərzində ödənilməli olduğu Cavabdeh nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü bölməsinin 13-cü fəslində əqdlərdən (əqdlər haqqında ümümi müddəlar-anlayışı və növləri, formaları və s.), 20-ci fəslin 4-cü paraqrafında isə (421-424-cü maddələr) müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin əsaslarından bəhs edilir. Mülki Məcəllənin 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (Mülki Məcəllənin 421-ci maddəsi). Qanunvericiliyin tələbinə görə müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsinin əsasları Mülki Məcəllədə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Göründüyü kimi tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu halda xüsusilə qeyd edilməlidir ki, müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsi nəticəsində yaranmış hüquqi nəticələr tərəflərin mənafelərini pozarsa, pozulmuş hüquqlar bərpa edilməlidir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (MM-nin 423-cü maddəsi). Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür Beləliklə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında xx.xx.2016- cı il tarixdə bağlanmış 3093 nömrəli «Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi»nə əsasən ünvan 4 A ünvanda yerləşən Məişət evi hərracdan satış qiyməti ilə (xx.xx.2016-cı il tarixdə keçirilən hərracda 01 nömrəli protokola əsasən) 15000.00-on beş min manata sonuncuya satılmışdır. Qeyri-yaşayış sahəsi satıldıqdan sonra mülki qanunvericiliyin tələblərinə “satıcı” tərəfindən tam riayət olunmaqla satılan əmlak “alıcı”nın istifadəsinə verilmişdir. Müqaviləyə görə müəssisənin (obyektin) dəyərini, yəni hərracdan əvvəl beh kimi ödənilmiş 10% də nəzərə alınmaqla 15000 (on beş min) manatını Cavabdeh müqavilə bağlandığı andan 30 (otuz) bank günü müddətindən gec olmayaraq və yaxud xx.xx.2016-cı il tarixədək «satıcının» (VÖEN: **********) Mərkəzi bankdakı (kod 501004, m/h: AZ74NABZ********************, VÖEN : **********, S.W.İ.F.T.bik: NABZAZ2C) **********944 nömrəli tranzit manat hesabına köçürməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və əmlakın qiymətinə görə ödəməli olduğu 15000.00 manatdan yalnız 3800 manatını ödəməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, məhkəmə kollegiyası tərəfindən təklif olunmasına baxmayaraq cavabdeh tərəf etirazının bu hissəsi ilə bağlı məhkəmə kollegiyasına hər hansı bir mötəbər sübut təqdim etməmiş, etirazın əsasını öz formal mülahizələri əsasında əsaslandırmağa çalışmışdır. Cavabdeh tərəfin gətirdiyi bu dəlillər isə inandırıcı və ağlabatan görünmür. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin bu hissəsinin sübutetmə yükü cavabdehin üzərinə düşsə də, cavabdeh bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı həqiqətən də bu halları sübuta yetirəcək mötəbər dəlillər gətirə bilməmişdir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni kifayət qədər əsas olmadan düzgün hesab etməmək işin faktiki hallarına uyğun deyildir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-656/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-656/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1956/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1956/2020
01.12.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver