Məhkəmə qərarları › İş №2(107)-196/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-196/2025

28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-196/2025 28.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin ödənilməsi, Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələbi) X13 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X7 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, Cavabdeh, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(063)-670/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehə qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 iyul 2008-ci il təvəllüdlü X2 və 30 dekabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 235 manat, cəmi 470 manat məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə surətini əlavə etdiyi Ucar Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(063)-540/2022 nömrəli qətnaməsindən göründüyü kimi onunla Cavabdeh arasında bağlanmış və 10 noyabr 2005-ci ildə Ucar Rayon İcra Hakimiyyəti başçısının Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 17 iyul 2008-ci ildə doğulmuş X5 və 30 dekabr 2012-ci ildə doğulmuş X1 onun yanında və 27 noyabr 2005-ci ildə doğulmuş X3 isə Cavabdeh yanında qalmaları, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə ondan və Cavabdeh müştərək qaydada 120 (bir yüz iyirmi) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. Halhazırda cavabdehdən ayrı uşaqları Haldun, İsmayıl və qoca anası ilə birlikdə yaşayır. O isə heç bir yerdə işləmədiyindən uşaqlarının maddi tələbatlarını ödəyə bilmir. Lakin uşaqlarının digər tələbatlarını ödəyir. Artıq uşaqları Haldun və İsmayıl böyümüşlər və onların gündən günə tələbatları artır. O, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediasiya şurasına müraciət etmişdir. 11 yanvar 2024-cü il tarixdə o, Ucar rayonunda ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh iştirak etməmişdir. Buna görə də mediator Elnur Məmmədov ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 11 yanvar 2024-cü il tarixli, MŞŞ/1/MT018/2023-03201 saylı arayış vermişdir. Həmin arayışdan da göründüyü kimi ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiya xərcini o, ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını xahiş etmiş və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirmişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Ucar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(063)-670/2024 nömrəli qətnaməsi ilə (hakim X.Bədəlov) iddia qismən təmin edilmiş, Cavabdeh 20 may 2024-cü ildən başlayaraq 17 iyul 2008-ci ildə doğulmuş X2 və 30 dekabr 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 85 (səksən beş) manat olmaqla, cəmi 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat 20 (iyirmi) qəpik məbləğində pulun tutulub Azərbaycan Respublkasının dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir;

6. Məhkəmə iclasında cavabdehin qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilmədiyindən cavabdehdən aliment sabit pul məbləğində tutulmalı, habelə sabit pul məbləğinin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutulmalıdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;

7. İddiaçı cavabdehdən iddia ərizəsində hər ay, hər uşağa görə 235 manat məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə imkan verən qazancının və gəlirinin olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, aliment ödəyən valideynin işləməməsi və ya qazanca malik olmaması onun uşaqlarını saxlamaq və maddi təminatlarını ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, tərəflərin maddi vəziyyətini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə cavabdehdən 17 iyul 2008-ci ildə doğulmuş X2 və 30 dekabr 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməli, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 20 may 2024-cü ildən tutulmalı, qətnamə həmin hissədə dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunduğundan və bir il ərzində tutulmalı olan alimentin miqdarı 1020 manat olduğundan dövlət rüsumuna görə cavabdehdən 30,20 manat məbləğində pul tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 100.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 9.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 112.1.3, 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a)Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı qismən təmin edərkən qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilmədiyindən alimentin sabit pul məbləğində tutulmalı, habelə sabit pul məbləğinin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmalı olmasını göstərir və iddiaçının hər ay, hər uşağa görə 235 manat məbləğində alimentin tutulmasını tələb etsə də, həmin məbləğdə aliment ödəməyə imkan verən qazancının və gəlirinin olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyini əsas tutur. Lakin məhkəmə, iddianı qismən təmin edərkən tərəflərin maddi vəziyyətini nəzərə aldığını göstərsə də bu nəticə nə işin hallarına, nə də maddi normaların tələblərinə uyğun gəlmir.

11. İddiaçı ilə 2022-ci ilin fevral ayında faktiki ayrılmışlar və həmin vaxtdan Haldun və İsmayıl iddiaçının yanında qalır. Onların nikahları pozularkən də iddiaçı qoca anası ilə birlikdə yaşayırdı, hazırda da. Yəni faktiki ayrıldıqdan sonra da, nikahları pozulduqdan sonra da uşaqları iddiaçının himayəsində qalmışlar və onların təminat səviyyəsi dəyişilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, aliment ödəyən valideynin işləməməsi və ya qazanca malik olmaması onun uşaqlarını saxlamaq və maddi təminatlarını ödəmək vəzifəsindən azad etmir. Məhkəmənin qətnamədə bu ifadəni işlətməsi onun işləməməyini və qazanca malik olmadığını bildiyinə dəlalət edir ki, qeyd edilən halda ondan alimentin tutulmasını qət edən məhkəmə Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinin tələblərini pozmuşdur.

13. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən MPM-nin 14.2-ci maddəsinə istinad etsə də iddiaçı tələbini əsaslandırdığı hallara, yəni maddi və ailə vəziyyətinin uşaqlarını maddi cəhətdən təmin etməsinə imkan verməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir və məhkəmənin hansı sübutu araşdırdığı qətnamədə göstərilməmişdir. İddiaçı maddi və ailə vəziyyətinin pis olması, uşaqlarını maddi cəhətdən təmin edə bilməməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiyi halda məhkəmə onun tələbini təmin etmişdir.

14. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, uşaqlarının saxlanılması üçün iddiaçının maddi imkanının olmaması barədə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Hakim gəldiyi nəticəni yalnız iddiaçı tərəfin mənafeyinə uyğun əsaslandırmışdır. Qətnamədə iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədiyi, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadığı üçün qətnamə əsaslı hesab edilə bilməz.

15. Hakim iş üçün əhəmiyyətli olan bütün halları müəyyən etməmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan iddiaçının 2022-ci ilin fevral ayından saxladığı uşaqlarını 27 noyabr 2023-cü ildən sonra saxlaya bilməməsinin səbəblərini aydınlaşdırmamışdır.

16. Birinci instansiya məhkəməsi uşaqların saxlanılması üçün ondan sabit pul məbləğində alimentin tutulmasına qərar verərkən gəldiyi nəticə, yəni onun təyin edilən məbləğdə alimenti ödəməyə imkan verən gəlirinin olmaması halını araşdırmamışdır. Belə ki, o, yaşlı valideynlərinin himayəsində yaşayır. Valideynləri yaşa görə əmək pensiyası alırlar və kredit borcu ödəyirlər. Bu halda məhkəmənin “aliment ödəyən valideynin işləməməsi və ya qazanca malik olmaması onun uşaqlarını saxlamaq və maddi təminatlarını ödəmək vəzifəsindən azad etmir” ifadəsi ona şamil edilə bilməz.

17. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2(063)-670/2024 saylı qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etirazı daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ucar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(063)-670/2024 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı ona qarşı aliment tələbinə dair iddiasının təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ucar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(063)-670/2024 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiasının təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasına göndərdiyi teleqramında xəstə olduğuna görə məhkəmə iclasında iştirak edə bilmədiyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etsə də, cavabdehin vəkili gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyasının; 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

24. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

26. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.

27. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

29. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

33. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

34. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

35. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Ucar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(063)-670/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir.

36. Buna görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməsini isə şikayətin dəlillərindən asılı olmayaraq yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsi aliment müəyyən edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələbi üzrə tutulmalı alimenti minimum əmək haqqı məbləğinin mislinə uyğunlaşdırmamaqla səhvə yol vermişdir.

38. Hazırki iş üzrə iddia tələbi alimentin alınması barədə olmuşdur.

39. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, tərəflər nikahlarını 10 noyabr 2005ci il tarixdə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 27 noyabr 2005-ci ildə anadan olmuş X6, 17 iyul 2008-ci ildə anadan olmuş X5 və 30 dekabr 2012-ci ildə anadan olmuş X4 adlı uşaqları vardır. Münasibətləri uyğun gəlmədiyindən tərəflər arasında bağlanmış nikah Ucar Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, onların birgə nikahlarından olan uşaqlarından 27 noyabr 2005-ci ildə anadan olmuş X6 anasının, 17 iyul 2008-ci ildə anadan olmuş X5 və 30 dekabr 2012-ci ildə anadan olmuş X4 isə atalarının himayəsində saxlanılmışlar. Lakin uşaqların saxlanılmaları üçün aliment müəyyən edilməmiş, həmçinin tərəflərin birgə nikahlarından olan 27 noyabr 2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatmışdır. Himayəsində olan uşaqlarının tələbatlarının ödənilməsində iştirakının təmin edilməsi məqsədi ilə İddiaçı Cavabdeh aliment tələb etmişdir. İddiaçı iddia tələbini müdafiə etmiş, cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

41. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

42. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində göstərdiyi birinci instansiya məhkəməsinin 2022-ci ilin fevral ayından saxladığı uşaqlarını 27 noyabr 2023-cü ildən sonra saxlaya bilməməsinin səbəblərini aydınlaşdırmaması, birinci instansiya məhkəməsi uşaqların saxlanılması üçün ondan sabit pul məbləğində alimentin tutulmasına qərar verərkən gəldiyi nəticə, yəni onun təyin edilən məbləğdə alimenti ödəməyə imkan verən gəlirinin olmaması halını araşdırmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, şəxsin himayəsində saxlanılmış uşaqlar üçün əvvəllər qarşı tərəfdən aliment tələb etməməsi, sonradan da aliment tələbini irəli sürməsini istisna edən hal deyildir.

43. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarından da göründüyü kimi aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir.

44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, hər iki valideynin öz uşaqları barəsində bərabər hüquq və vəzifə daşımalarını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

45. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi uşaqların saxlanılması üçün alimentin müəyyən edilməli olması, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun tutulmalı olmasında düzgün nəticəyə gəlsə də, iddiaçının himayəsində olan uşaqların saxlanılması üçün tutulmalı alimentin minimum əmək haqqı məbləğinin mislinə uyğunlaşdırılmalı olmasına dair maddi hüquq normasının tələblərini diqqətə almamışdır.

46. Qeyd edilənlərə görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(063)-670/2024 nömrəli qətnaməsi həmin qətnamə ilə müəyyən edilmiş hər ay, hər uşağa görə 85 manat olmaqla, cəmi 170 manat aliment 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin hər ay hər uşaq üçün 0,2464 misli olmaqla, cəmi 0,4928 mislinə dəyişdirilməklə və “20 may 2024-cü ildən başlayaraq 17 iyul 2008-ci ildə doğulmuş X2 və 30 dekabr 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,2464 misli olmaqla, cəmi 0,4928 misli həddində sabit pul məbləğində aliment tutulsun” cümləsi əlavə edilməklə dəyişdirilməli, Ucar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(063)-670/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Ucar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(063)-670/2024 nömrəli qətnaməsi həmin qətnamə ilə müəyyən edilmiş hər ay, hər uşağa görə 85 manat olmaqla, cəmi 170 manat aliment 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin hər ay hər uşaq üçün 0,2464 misli olmaqla, cəmi 0,4928 mislinə dəyişdirilməklə və “20 may 2024-cü ildən başlayaraq 17 iyul 2008-ci ildə doğulmuş X2 və 30 dekabr 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,2464 misli olmaqla, cəmi 0,4928 misli həddində sabit pul məbləğində aliment tutulsun” cümləsi əlavə edilməklə dəyişdirilsin. Ucar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(063)-670/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar