Məhkəmə qərarları › İş №2(107)-1973/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1973/2021

21.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1973/2021 21.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh X6 qarşı “nikahın pozulması və aliment tələbinə dair” dair mülki iş üzrə (Açar sözlər: iddia- nikahın pozulması, aliment tələbi, alimentin artırılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Mikayıl İsayevin katibliyi, Cavabdeh, onun vəkili Fərhad Məmmədovun iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tаrixli, 2(014)-1345/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı aliment tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 fevral 2018-ci ildə anadan olmuş X7 və 10 yanvar 2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay hər uşaq üçün 175 manat alimentin, uşaqlar 3 yaşına çatana kimi hər ay hər uşaq üçün 30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tаrixli, 2(014)-1345/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh 02 iyun 2021-ci il tarixdən başlayaraq 09 fevral 2018-ci ildə anadan olmuş X7 və 10 yanvar 2019-cu ildə anadan olmuş X8 18 yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı cavabdehlə ailə həyatı qurmuş, birgə yaşayışlarından 09 fevral 2018-ci ildə anadan olmuş X7 və 10 yanvar 2019-cu ildə anadan olmuş X8 adlı iki uşaqları olmuşdur, cavabdehlə faktiki olaraq ayrılmışlar. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşaqların mənafeyi və iddiaçının tələbi nəzərə alınaraq məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 02 iyun 2021-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə uşaqlar 18 yaşına çatana qədər onların saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat aliment tutulmalıdır. İddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməlidir. İddiaçı cavabdehin zəruri vəsaitə malik olması barədə hər hansı bir sübut məhkəməyə təqdim etmədiyi üçün iddia qalan hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü, 78.1-ci, 76-cı, 84.1-ci, 84.2-ci, 84.2.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 14.2–ci, 88-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən səhvə yol vermişdir. Aşağıdakı əsaslara istinad edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmuş hissəsi ləğv edilməli, müəyyən olunmuş yeni hallar əsasında yeni məhkəmə qətnaməsi çıxarılmalıdır. Birinci: o, iddiaçı iiə 2017-ci il tarixində evlənmiş və həmin evlilikdən 09 fevral 2018-ci ildə anadan olmuş X7 və 10 yanvar 2019-cu ildə anadan olmuş X8 adında övladları dünyaya gəlmişdir. İddiaçı yaşadığı evdən gedərkən kiçik qızı yəni, 10 yanvar 2019-cu ildə anadan olmuş X5 özü ilə aparmışdır. Digər qızı isə X7 doğulduğu gündən hal-hazırkı günədək onun yanındadır. Uşağa özü baxır. Qanunvericiliyin tələbinə görə aliment uşaqlar üçün nəzərdə tutulmuşdur. Uşaqlardan biri iddiaçının yanında, digəri isə onun yanındadır. Ona görə də Ağdaş Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində qismən ləğv edilməsi, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(014)-1345/2021 saylı qətnaməsi iddianın X1 02.06.2021-ci il tarixdən başlayaraq 09.02.2018-ci ildə anadan olmuş X3 18 yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay 120 manat aliment tutulması hissəsində təmin edilməməsinə, qətnamənin yerdə qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh, onun vəkili Fərhad Məmmədov məhkəmə kollegiyası iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(014)-1345/2021 saylı qətnaməsi iddianın X1 02.06.2021-ci il tarixdən başlayaraq 09.02.2018-ci ildə anadan olmuş X3 18 yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay 120 manat aliment tutulması hissəsində təmin edilməməsinə, qətnamənin yerdə qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbаycаn Respublikаsı Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Ağdaş Rayon Məhkəməsinin 02 iyul 2021ci il tarixli, 2(014)-1345/2021 saylı qətnaməsinin iddianın cavabdeh X1 02.06.2021-ci il tarixdən başlayaraq 09.02.2018-ci ildə anadan olmuş X3 18 yaşına çatanadək saxlanlması üçün İddiaçı xeyrinə hər ay 120 manat alimeıntin tutulması hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən hissədə yoxlanılmasını məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni cavabdeh X1 02.06.2021-ci il tarixdən başlayaraq 09.02.2018-ci ildə anadan olmuş X3 18 yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay 120 manat alimentin tutulması hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın cavabdeh X1 02.06.2021-ci il tarixdən başlayaraq 09.02.2018-ci ildə anadan olmuş X3 18 yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay 120 manat alimentin tutulması hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Belə ki, İddiaçı cavabdehlə ailə həyatı qurmuş, birgə yaşayışlarından 09 fevral 2018-ci ildə anadan olmuş X7 və 10 yanvar 2019-cu ildə anadan olmuş X8 adlı iki uşaqları olmuşdur, cavabdehlə faktiki olaraq ayrılmışlar. Uşaqlar hazırda cavabdehin yanındadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Hazırkı halda isə uşaqların hər ikisi cavabdehin himayəsindədir. Kollegiya qeyd edir ki, nə qədər ki, uşaqlar atanın himayəsindədir atadan müəyyən məbləğdə alimentin alınaraq anaya ödənilməsi aliment instutunun mahiyyətinjə ziddir. Çünki aliment uşaqların saxlanılması nəzərdə tutulmuşdur. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın cavabdeh X1 02.06.2021-ci il tarixdən başlayaraq 09.02.2018-ci ildə anadan olmuş X3 18 yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay 120 manat alimentin tutulması hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(014)-1345/2021 saylı qətnaməsi iddianın cavabdeh X1 02.06.2021-ci il tarixdən başlayaraq 09.02.2018-ci ildə anadan olmuş X3 18 yaşına çatanadək saxlamlmsı üçün İddiaçı xeyrinə hər ay 120 manat alimentin tutulması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(014)-1345/2021 saylı qətnaməsi iddianın cavabdeh X1 02.06.2021-ci il tarixdən başlayaraq 09.02.2018-ci ildə anadan olmuş X3 18 yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay 120 manat alimentin tutulması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi həmin hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar