Məhkəmə qərarları › İş №2(107)-2/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2/2024

25.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2/2024 25.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- aliment tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(051)-1745/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə ailə münasibətlərindən 25 may 2018-ci il təvəllüdlü X5 və X6 adlı əkiz uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat pul tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 02 mart 2016-cı ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə ailə münasibətlərindən 25 may 2018-ci il təvəllüdlü X5 və X6 adlı əkiz uşaqları doğulmuşdur. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmamış, bir müddət sonra münasibətləri pozulmuşdur. Buna səbəb cavabdehin onunla və uşaqla maraqlanmaması, xasiyyətlərinin uyğun olmaması və evdə yersiz söz-söhbət yaratmasıdır. Cavabdeh ilə faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh nəinki uşaqla maraqlanmır hətda uşağın saxlanılması və maddi təminatının ödənilməsi üçün heç bir köməklik etmir. Hazırda uşaq onun yanındadır və atası evində valideynləri ilə birlikdə yaşayır. Cavabdehin də uşağına baxmaq borcudur, qoyunçuluq təsərrüfatı ilə məşğuldur və o, kifayət qədər gəlirə malikdir. Bütün bunları nəzərə alaraq Cavabdeh birgə ailə münasibətlərindən 25 may 2018-ci il təvəllüdlü X5 və X6 adlı əkiz uşaqlarının saxlanması üçün hər ay hər uşağa 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat pul tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Onlar 02 mart 2016-cı ildə ailə qurmuşlar. Sonradan aralarında olan münasibət pozulmuş və faktiki olaraq ayrılmışlar. İddiaçı onların birgə ailə münasibətlərindən 25 may 2018-ci il təvəllüdlü X5 və X6 adlı əkiz uşaqları olmasını iddia edir. Lakin o, 25 may 2018-ci il təvəllüdlü X5 və X6 adlı əkiz uşaqların bioloji atası deyil. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(051)-1745/2019 saylı qətnaməsi ilə (hakim Ə.Hüseyov) iddia qismən təmin edilmiş, Cavabdeh 25 may 2018-ci il təvəllüdlü X5 və X6 adlı əkiz uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: Cavabdeh ilə 02 mart 2016-cı ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə ailə münasibətlərindən 25 may 2018-ci il təvəllüdlü X5 və X6 adlı əkiz uşaqları doğulmuşdur. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmamış, bir müddət sonra münasibətləri pozulmuşdur. Hazırda uşaqlar iddiaçının yanındadır və atası evində iddiaçının valideynləri ilə birlikdə yaşayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər faktiki ayrılmışlar. Birgə nikahdan doğulmuş uşaq iddiaçı ilə birlikdə yaşayır. Cavabdeh uşağın saxlanması üçün kömək göstərmir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Lakin tələb olunan məbləğdə aliment ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması sübut olunmadı. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat aliment müəyyən edilməsi məqsədə uyğun sayır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, iddiaçı ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikaha daxil olduqdan sonra uzun müddət övladları olmamışdır. Bundan sonra 2017-ci ilin avqust ayından cavabdehin təkidi ilə Mərkəzi Klinikaya onun yaxın rəfiqəsinin tanıdığı türk əsilli həkimə müraciət etmişlər. Həkim müayinəsindən sonra ona tıxanıqlıqla bağlı olan Azospermiya klinik diaqnozu qoyulmuşdur. Müalicə həkimi bildirmişdir ki, süni mayalanma yolu ilə onların uşağı ola bilər. O, yalnız onun toxumasından götürülən hüceyrədən süni mayalanmaya razılıq vermiş, əks təqdirdə ailələrinin pozulmacağını bildirmişdir. Növbəti gün həkim və iddiaçı ona bildirmişlər ki, ondan götürələcək toxumalar yetişdirələcək və sonra iddiaçıya süni mayalanma ediləcəkdir. O, bununla razılaşmışdır. Bundan sonra onların razılıq ərizələri alınmış, ödəniş etmişlər və onunla donor (passient) kimi müqavilə bağlanmışdır. xx.xx.2017-ci il tarixdə onu TESE əməliyyatı etmişlər, guya ondan toxumalar götürmüşlər və iddiaçıya bir müddət sonra süni mayalanma etmişlər. xx.xx.2018-ci ildə əkiz qız doğulmuşdur. Bir müddət sonra ona məlum olmuşdur ki, iddiaçı ailəyə xəyanət etmiş, onu həkimlə əlbir olaraq aldatmış, öz tanışından təbii mayalanma olunmuşdur. Lakin ailəni özlərindən uşaq olmasa dağıtmaq istədiyini bildiyi üçün onu əməliyyat adı ilə aldatmışdır. Belə ki, bu faktları onun tanışı (qonşumuz olmuş) ilə söhbətlər, iddiaçının özü ilə aparılmış və lentə yazılmış danışıqlar və onun etirafları sair hallar təsdiqləyir. O, iddiaçıya qarşı nikahın ləğvinə dair, iddiaçı isə ona qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi üzrə məhkəmə heç bir araşdırma aparmadan qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(051)-1745/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə heç bir məlumat təqdim etməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. . Tətbiq edilən hüquq Azərbаycаn Respublikаsı Konstitusiyаsı: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq Hüquqları” haqqında Konvensiya 27.2-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(051)-1745/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(051)-1745/2019 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(051)-1745/2019 saylı qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız, apellyasiya şikayəti isə əsaslıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər faktiki ayrılmışlar. Birgə nikahdan doğulmuş uşaq iddiaçı ilə birlikdə yaşayır. Cavabdeh uşağın saxlanması üçün kömək göstərmir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün aliment tələbindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 75-78-ci maddələri təşkil edir. Hazırkı mübahisə üzrə cavabdehin apellyasiya şikayətinin dəlili onun 25 may 2018-ci il təvəllüdlü X5 və X6 adlı əkiz uşaqların atası olmaması ilə bağlı olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Səhiyyə Nazirliyi Mərkəzi Klinikasına qarşı atalığın müəyyən olunması və sair tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən mülki işi üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)- 89/2020 saylı qətnaməsi ilə əsasən iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-31/2023 nömrəli qətnaməsi ilə Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-89/2020 saylı qətnaməsi “iddia tələbinin cavabdeh X1 mayalanmasından doğulmuş 25 may 2018-ci il təvəllüdlü X5 və X2 ataları başqa şəxs müəyyən olunarsa doğum haqqında şəhadətnamələrdə düzəliş edilməsi, atalıq qrafasından iddiaçı Cavabdeh adının çıxarılmasının təmin edilməməsi” hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış və iddia həmin hissədə ləğv edilmişdir. Cavabdeh X1 mayalanmadan doğduğu 25 may 2018-ci il təvəllüdlü X5 və X2 atalarının iddiaçı Cavabdeh olmaması müəyyən edilmişdir. Cavabdeh X1 mayalanmadan doğduğu 25 may 2018-ci il təvəllüdlü X3 adına Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 081050 nömrəli doğum haqqında şəhadətnamənin ata qrafasındakı və 25 may 2018-ci il təvəllüdlü X2 adına Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 081049 nömrəli doğum haqqında şəhadətnamənin ata qrafasındakı “Cavabdeh” qeydlərinin ləğv edilməsi qət edimişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi Cavabdeh 25 may 2018-ci il təvəllüdlü X5 və X2 ataları olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, uşaqları saxlamaq valideynlərin borcudur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 25 may 2018-ci il təvəllüdlü X5 və X2 ataları olmadığından həmin uşaqların saxlanılması üçün vəsait ondan tutula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(051)-1745/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(051)- 1745/2019 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 25 may 2018-ci il təvəllüdlü X5 və X6 adlı əkiz uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat alimentin cavabdehdən tutulub ona verilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar