Məhkəmə qərarları › İş №2(107)-2005/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2005/2021

27.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2005/2021 27.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı “aliment borcunun ödənilməsindən azad etmə” tələbinə dair mülki iş üzrə Zaqatala rayon məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(033)- 840/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala rayon məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(033)-840/2021 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) İddiaçı cavabdeh X4 qarşı Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(033)-139/2020 saylı qətnaməsinə əsasən ondan 26 fevral 2020-ci il tarixdən hesablanmaqla 23 iyul 2019-cu ildə doğulmuş X1 üçün hər ay tutularaq X4 ödənilməsi nəzərdə tutulmuş 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin, 26 fevral 2020-ci il tarixdən N iyul 2021-ci il tarixədək olan müddət ərzində yığılmış hissənin (aliment borcunun) ödənilməsindən tam azad edilməsi tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh X4 qarşı “aliment borcunun ödənilməsindən azad etmə tələbi” barədə iddia ərizəsi ilə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(033)- 139/2020 saylı qətnaməsinə əsasən ondan 26 fevral 2020-ci il tarixdən hesablanmaqla 23 iyul 2019-cu ildə doğulmuş X1 üçün hər ay tutularaq X4 ödənilməsi nəzərdə tutulmuş 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin, 26 fevral 2020-ci il tarixdən N iyul 2021-ci il tarixədək olan müddət ərzində yığılmış hissənin (aliment borcunun) ödənilməsindən tam azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(033)-139/2020 saylı qətnaməsinə əsasən onun 23 iyul 2019-cu ildə doğulmuş X5 atası olması faktı təsdiq edilmiş və 26 fevral 2020-ci il tarixdən hesablanmaqla hər ay uşağının saxlanılması üçün ondan 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Həmin mülki işə baxılması zamanı o, həqiqi hərbi xidmətdə olmuşdur. Belə ki, N iyul 2019-cu il tarixdə hərbi xidmətə başlamış və 2021-ci ilin iyul ayının 6-sı Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən tərxis edilmişdir. Hazırkı tələblə məhkəməyə müraciət etməsinin səbəbi hərbi xidmətdə olduğu dövrdə, yəni 26 fevral 2020-ci il tarixdən N iyul 2021-ci il tarixədək, 23 iyul 2019-cu il tarixdə doğulmuş X1 üçün ondan tutularaq X6 ödənilməsi qət edilmiş aliment borcunun silinməsi ilə bağlıdır. Belə ki, o həmin dövrdə heç bir halda qazanca malik ola və dolayısıyla da aliment borcunu ödəyə bilməzdi. Bu səbəbdən də qeyd etdiyi müddət ərzindəki aliment borcu üzrlü səbəbdən yaranmışdır və onun hazırda həmin borcu ödəməyə heç cür imkanı yoxdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instnasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi, və əlavə olaraq bildirdi ki, maddi imkanı olmadığı üçün cavabdehə aliment ödəyə bilməyən oğlu, hazırda da heç bir yerdə işləmir. Cavabdeh X7 04 avqust 2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq ərizəsini belə əsaslandırmışdır ki, iddiaçının iddiasını qəbul etmir. Belə ki, iddia ərizəsində göstərilir ki, İddiaçı həqiqi hərbi xidmətdə olmuşdur və yığılmış aliment borcunu ödəməyə imkanı yoxdur. İddiaçı aliment borcundan yayınmaq üçün bu cür yollara əl atır. Onun maddi vəziyyəti çox yaxşıdır, istəsə aliment borcunu bir dəfəyə ödəməyə imkanı vardır. X13 keçmiş polis işçisidir, yüksək pensiya alır. Anası isə dövlət qulluğunda çalışır, yüksək əmək haqqı alır. Evdə isə onların İddiaçı başqa övladları yoxdur. Bundan başqa Çobankol kəndi ərazisində fındıq bağları, torpaqları vardır. Beləliklə, Rəhmanın ailəsinin yüksək gəliri vardır. Uşağın atalığının müəyyən edilməsi işində İddiaçı sona qədər uşağın atası olmasından imtina edərək uşağın atası olmasını etiraf etməmişdir. İndi də aliment ödəməkdən imtina edir. Buradan da belə nəticəyə gəlmək olar ki, o, alimenti qəsdən ödəmək istəmir. Bu hərəkət isə onu inzibati və cinayət məsuliyyətinə cəlb etməyə əsas verir. O, məhkəmədən iddiaçının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən, yəni vicdansızcasına əsassız iddia vermiş tərəf kimi onun xeyrinə 500 manat cərimə edilməsini və iddianı rədd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnaməsi ilə razı deyil. Qətnamə tam araşdırılmadan və əsassız çıxarılmışdır. Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2(033)-139/2020 saylı qətnaməsinə əsasən onun 23 iyul 2019-cu ildə doğulmuş X5 atası olması faktı təsdiq edilmiş və 26 fevral 2020-ci il tarixdən hesablanmaqla hər ay uşağının saxlanması üçün ondan 150 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Həmin mülki işə baxılması zamanı o, həqiqi hərbi xidmətdə olmuşdur. Belə ki, N iyul 2019cu il tarixdə hərbi xidmətə başlamış və 2021-ci ilin iyul ayının 6-sı Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən təxris edilmişdir. Hazırkı tələblə məhkəməyə müraciət etməyinin səbəbi hərbi xidmətdə olduğu dövrdə yəni 26 fevral 2020ci il tarixdən N iyul 2021-ci il tarixədək, 23 iyul 2019-cu il tarixdə doğulmuş X2 üçün ondan tutularaq X6 ödənilməsi qət edilmiş aliment borcunun silinməsi İlə bağlıdır. Belə ki, o, həmin dövrdə heç bir halda qazanca malik ola və dolayısıyla da aliment borcunu ödəyə bilməzdi. Buna görə də, qeyd etdiyi müddət ərzindəki aliment borcu üzrlü səbəbdən yaranmışdır və onun hazırda həmin borcu ödməyə heç cür maddi imkanım yoxdur. Ona görə də, Zaqatala rayon məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(033)- 840/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İddiaçı və cavabdeh X7 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala rayon məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(033)-840/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(033)-139/2020 saylı qətnaməsi ilə X3 23 iyul 2019-cu il tarixdə anadan olmuş uşağı-X5 atasının İddiaçı olması hüquqi faktının təsdiq edilməsi, X3 23 iyul 2019-cu il tarixdə anadan olmuş uşağı-X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay sabit pul məbləğində 150 manat alimentin alınaraq X4 verilməsi və alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 26 fevral 2020-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus SX N ******* nömrəli hərbi biletin surətindən görünür ki, Qurbanov X8 rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N iyul 2019-cu ildə hərbi hissəyə göndərilmişdir. N iyul 2021-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 107.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə, “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə və “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(033)-139/2020 saylı qətnaməsi ilə iddiaçının 23 iyul 2019-cu il tarixdə doğulmuş X5 atası olması faktı müəyyən edilmiş və ondan 23 iyul 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 fevral 2020-ci il tarixdən başlayaraq hər ay 150 manat alimentin alınaraq cavabdehə verilməsi qət edilmişdir. İddiaçı tələbini 26 fevral 2020-ci il tarixdən N iyul 2021-ci il tarixədək həqiqi hərbi xidmətdə olması və hazırda heç yerdə işləməməsi ilə əsaslandırsa da, iş üzrə sübutlarla, iddiaçının hazırda heç yerdə işləməməsi, işləmək üçün təşəbbüs göstərməsi, müvafiq işi iradəsindən asılı olmayan səbəbdən əldə edə bilməməsi, başqa bir yerdən gəlir mənbəyinin olmaması, bununla da onun ailə və maddi vəziyyətinin 26 fevral 2020-ci il tarixdən N iyul 2021-ci il tarixədək olan dövrün aliment borclarını ödəməyə imkan verməməsi halı təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra keçən dövrdə Ulcayın minimum 175 manat maddi təminat almaq hüququ olsa da, iddiaçıdan yalnız 150 manat aliment tutulur. Uşağın maddi təminatının qalan hissəsi uşağa bilavasitə qulluq və qayğını həyata keçirən cavabdeh tərəfindən ödənilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ailə və maddi vəziyyətinin 26 fevral 2020-ci il tarixdən N iyul 2021-ci il tarixədək olan dövrün aliment borclarını ödəməyə imkan verməməsi halı sübut edilmədiyindən, iddiaçının yaranmış aliment borcunu ödəməkdən tamamilə və ya qismən onun azad edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(033)-139/2020 saylı qətnaməsinə əsasən iddiaçıdan 26 fevral 2020-ci il tarixdən hesablanmaqla 23 iyul 2019-cu ildə doğulmuş X1 üçün hər ay tutularaq X4 ödənilməsi nəzərdə tutulmuş 150 manat sabit pul məbləğində alimentin, 26 fevral 2020-ci il tarixdən N iyul 2021-ci il tarixədək olan müddət ərzində yığılmış hissənin (aliment borcunun) ödənilməsindən tam azad edilməsi üçün heç bir əsas olmadığı üçün iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində onun qeyd edilən müddət ərzində hərbi xidmətdə olduğu və qazancı olmadığı əsası ilə iddiasının təmin edilməli olduğu barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hazırkı tələb, mənafeyi istənilən halda üstün tutulmalı və daha yaxşı təmin edilməli olan uşağı 1 il 4 aydan artıq müddət ərzində öz valideynindən maddi təminat almaq hüququndan məhrum edir, eləcə də iddiaçını, uşağın mənafeyinin ziddinə olaraq bu dövr üzrə uşağını saxlamaq vəzifəsindən azad edir. Bu səbəblə də, onun apellyasiya şikayətində göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə, ümumilikdə, münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala rayon məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(033)-840/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala rayon məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(033)-840/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar