Məhkəmə qərarları › İş №2(107)-2041/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2041/2021

29.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2041/2021 29.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi və vəkili X2 (sonuncu prosesdə iştirak etmir) iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "əmlakın geri qaytarılması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(051)-656/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İtaliya istehsalı olan 750 əyarlı 87 qram çəkidə 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daşqaşlı sepin və ya onun dəyəri olan 5723,73 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 15 sentyabr 2020-ci il tarixli, 2(051)-656/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(051)-656/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Hüseynov və G.Abbasov) 08 fevral 2021-ci il tarixli, 2(107)-232/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(051)- 656/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(107)-232/21 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(102)-3913/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(107)-232/2021 nömrəli iş üzrə qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10.09.2016-cı il tarixdə toy edərək ailə qurmuşlar və münasibətlərini 25.11.2016-cı il tarixdə RF Yaroslavl şəhərində rəsmi nikah bağlamaqla rəsmiləşdirmişlər. Onlar bir müddət cavabdehə məxsus Mingəçevir şəhəri Vidadi küçəsi ev 6 mənzil 30 ünvanında yaşamış və 20.11.2016-cı il tarixdən Yaroslavl şəhərinə köçüb orada yaşayırlar. Yaroslavl şəhərinə gedərkən ona ərinin pulu hesabına alınmış qızıl-zinət əşyalarını, o cümlədən İtaliya istehsalı olan 750 əyarlı 87 qram çəkidə 3500 manat dəyərində 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş-qaşlı sepi cavabdehə saxlanca vermişdir. Yaroslavl şəhərində yaşamaqla onlar mütəmadi olaraq cavabdehə məxsus Mingəçevir şəhəri Vidadi küçəsi ev 6 mənzil 30 ünvanına qonaq gəlib qalaraq qayıtmışlar. Bu ünvanda olarkən o, qızıl-zinət əşyalarından istifadə etmiş və qayıdanda cavabdehə yenə də saxlanca vermişdir. Lakin son dəfə gələrkən qaynanası və baldızı ilə arasında səbəbsiz narazılıqlar yaranmış və o, evdən çıxıb getməyini bildirməklə qızıl-zinət əşyalarını cavabdehdən tələb etmişdir. Lakin cavabdeh İtaliya istehsalı olan, 750 əyarlı 87 qram çəkidə 3500 manat dəyərində 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş-qaşlı sepi qaytarmaqdan qəti surətdə imtina etmişdir. Qaynanası Cavabdeh 2019-ci ildən qızılları ona qaytarmaqdan imtina etmişdir. Qızıl-zinət əşyaları ona toy ərəfəsində bağışlanmış və onun mülkiyyəti hesab edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, o və cavabdehin oğlu X4 10 sentyabr 2020-ci il tarixdə toy edərək ailə qurmuş, münasibətlərini 25 dekabr 2016-cı il tarixində Rusiya Federasiyasının Yaroslavl şəhərində nikah bağlamaqla rəsmiləşdirmişlər. Onlar bir müddət cavabdehə məxsus Mingəçevir şəhəri Vidadi küçəsi ev 6 mənzil 30 ünvanında yaşamış və hazırda 20 sentyabr 2016-cı il tarixdən Yaroslavl şəhərinə köçüb orada yaşayırlar. Yaroslavl şəhərinə gedərkən ona ərinin pulu hesabına alınmış qızıl-zinət əşyalarını, o cümlədən İtaliya istehsalı olan 750 əyarlı 87 qram çəkidə 3500 manat dəyərində 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş-qaşlı sepi cavabdeh olan qaynanası Cavabdeh saxlanca vermişlər. Yaroslavl şəhərində yaşamaqla onlar mütəmadi olaraq cavabdehə məxsus ünvan 1 ünvanda olarkən o, qızıl-zinət əşyalarından isifadə etmiş və qayıdanda cavabdehə yenə də saxlanca vermişdir. Lakin son dəfə gələrkən qaynanası və baldızı ilə aralarında səbəbsiz narazılıqlar yaranmış və o, evdən çıxıb getməyini bildirməklə qızıl-zinət əşyalarını cavabdehdən tələb etmişdir. Lakin cavabdeh İtaliya istehsalı olan 750 əyarlı 87 qram çəkidə 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş-qaşlı sepi qaytarmaqdan qəti surətdə imtina etmişdir. Bundan başqa, məhkəmə ona məlum olmayan səbəbdən özünün sorğu verməklə əldə etdiyi sübutlara istinad etməməklə iddianın rədd edilməsini əsaslandırmağa çalışmış, hansı səbəbdən 2016-cı ildə çəkilmiş şəklin 2019-cu ildə yayımlanmasının əsaslı, çəkilmiş şəklin dərhal paylaşılmamasının ağılabatan olması kimi subyektiv və əsassız mülahizə irəli sürmüşdür. İş materiallarına əlavə olunmuş Dövlət Gömrük Komitəsinin 02.09.2020-ci il tarixli məktubundan görünür ki, o, dövlət sərhədini tərk edərkən özü ilə hər hansı qızıl-zinət əşyası aparmamışdır. Məhkəmə yenə öz subyektiv mövqeyini ortaya qoyaraq cavabdehin qızı Rəqsanə İsmayılovanın və rəfiqəsi Günel Əliyevanın izahatlarına üstün qiymət vermiş, iş üzrə tərəflərlə heç bir qohumluq əlaqəsi olmayan X1 izahatını nəzərə almamış və hansı səbəbdən nəzərə almadığını əsaslandırmamışdır. Halbuki, şahid ifadəsində göstərmişdir ki, 2016-cı ildə “Minqopark”da Yeni il şənliyi təşkil olunmamış və o, “Minqopark”da 2018-ci ildən işləmişdir. İşin bu kimi halları üzrə araşdırma aparmaq əvəzinə məhkəmə qərəzli şəkildə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Təqdim etdiyi fotoşəkillərdən də görünür ki, ona məxsus qızıl-zinət əşyalarından cavabdeh şəxsi əmlakı kimi sərbəst istifadə etmiş və onlara yiyələnmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh onun qayınanasıdır. O, əri Zaurla Rusiya Federasiyasına gedərkəmn özünə məxsus olan qızıl-zinəti saxlamaq üçün cavabdehə vermişdir. Həmin vaxt münasibətləri normal idi. Cavabdeh hətta həmin qızıl-zinəti yenil il şənliyinə gedərkən istifadə etmişdir. Lakin sonradan münasibətləriu soyuduğundan cavabdeh qeyd olunan qızıl-zinəti qaytarmaqdan imtina etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə obyektiv araşdırma aparmamış, tərəflər arasındakı qarşılıqlı münasibətə düzgün qiymət verməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunaraq, iddianın təmin olunmasını kollgiyadan xahiş edir. Məhkəmə kollegiyasının 12.11.2021-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli qızıl-zinətin cavabdehdə olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bununla bağlı heç bir sübut təqdim etməmişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş edir. Məhkəmə kollegiyasının 29.11.2021-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı özünə saxta “şaxta baba” taparaq iddia tələbinin təmin olunmasına çalışır. İddiaçıya məxsus olan bütün qızı-zinət özündə olduğu halda, necə olur ki, bu qızıl komplekti onda qalır. Ən böyük səhvi ondan ibarət olmuşdur ki, o oğlunu evləndirmişdir. Bundan başqa əlavəsi yoxdur. Hüquqi məsələlər Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: "xxxx" MMC tərəfindən verilmiş 16 iyun 2020-ci il tarixli, 47 saylı rəydən görünür ki, 750 əyyarlı ağ qızıldan, İtaliya istehsalı, 35 qram çəkidə, üzərində çoxlu brilliant qaşları olan kolye dəstinin (sırğa, bilərzik, üzük, sep klonla) qiyməti 3500 manat təşkil edir (i/m səh.44). Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı arasında nikah 25.11.2016-cı ildə Rusiya Federasiyasında qeydə alınmışdır. Dövlət Gömrük Komitəsinin 02.09.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı dövlət sərhədini tərk edərkən özü ilə hər hansı qızıl-zinət əşyası aparmamışdır. Zaur İsmayılov birinci instansiya məhkəməsinə elektron qaydada müraciət ünvanlayaraq qızıl komplektinin onun pulu ilə alındığını, evləndikdən sonra anasında olduğunu və həyat yoldaşı Sərfinaza məxsus olduğundan qaytarılmasını tələb etmişdir (i/m səh.66). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(102)-3913/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(107)-232/2021 nömrəli qətnaməsi ləğv edilib, mülki iş yeni apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apellyasiya məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırki vəziyyətdə işə baxarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli məsələnin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini, eləcə də iddiaçının subyektiv hüququnun olmasını nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 732-ci maddəyə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 736.2. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər.

822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. 824.3. Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə isə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Eləcə də, Mülki Məcəllənin 225.2-ci maddəsində təsbit edilmişdir ki, nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı Cavabdeh gəlinidir. İddiaçı cavabdehin oğlu Zaur İsmayılovla 10 sentyabr 2016-cı ildə Mingəçevir şəhərində ailə qurmuş, bir müddət cavabdehə məxsus Mingəçevir şəhəri Vidadi küçəsi ev 6 mənzil 30 ünvanında yaşamış, 20.11.2016-cı il tarixdən Rusiya Federasiyasının Yaroslavl şəhərinə köçüb orada yaşayırlar, nikahlarını da 25.11.2016-cı ildə Yaroslavl şəhərində qeydə aldırmışlar. Yaroslavl şəhərində yaşamaqla onlar mütəmadi olaraq cavabdehə məxsus Mingəçevir şəhəri Vidadi küçəsi ev 6 mənzil 30 ünvanına qonaq gəlib qalaraq qayıtmışlar. İddiaçı ilə cavabdeh arasında gəlin-qaynana münasibətləri 2019-cu ilə kimi normal olmuşdur. Bunu iddiaçı özü də etiraf etmişdir. İddiaçının dəlillərinə görə, Yaroslavl şəhərinə gedərkən özünün qızıl-zinət əşyalarını cavabdehə saxlanca vermiş, Mingəçevir şəhərinə qonaq gələrkən həmin əşyalarından istifadə etmiş və qayıdanda onları yenə də cavabdehə saxlanca vermişdir. Lakin sonuncu dəfə 2019-cu ildə gələndə qaynanası və baldızı ilə arasında səbəbsiz narazılıqlar yaranmış və o, evdən çıxıb gedərkən qızıl-zinət əşyalarını cavabdehdən tələb etmiş, lakin cavabdeh onları qaytarmaqdan qəti surətdə imtina etmişdir. Cavabdehdə qalan qızıl-zinət əşyaları İtaliya istehsalı olan, 750 əyarlı 87 qram çəkidə 3500 manat dəyərində 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş-qaşlı sepdən ibarətdir. Cavabdehin izahatına görə isə, oğlu ilə gəlininin toyu 2016-cı ildə sentyabr ayında Mingəçevir şəhərində olmuş, həmin ilin sentyabr ayında da oğlu ilə gəlini Rusiya Federasiyasının Yaroslavl şəhərinə getmişlər. Onlar arasında nikah Rusiya Federasiyasında bağlanmışdır. Gəlini Sərfinaz sənədlərini düzəltməkdən ötrü 10 dekabr 2016-cı ildə Azərbaycana gəlmişdir. 2016-cı ilin dekabr ayında Yeni il tədbirində Sərfinaz özünə məxsus qızıl-zinət dəstini taxmaq üçün ona vermiş və o, qızılları taxdıqdan sonra qaytarmışdır. Sərfinaz Rusiyaya qayıdarkən qızıllarını ondan götürmüş sonralar iddiaçının qızıllarını harada saxlamasını bilməmiş və bununla maraqlanmamışdır. İddiaçı onun qızıl-zinət dəstinin 2019-cu ildə cavabdehdə olmasını sübut etmək üçün 2018-ci ildən 2019-cu ilə keçən Yeni ildə Mingəçevir şəhərində “Minqopark”da təşkil olunan şənlikdə çəkildiyini iddia etdiyi fotoşəkilləri, o cümlədən qaynanasının (cavabdehin) və baldızının fotoşəkillərini məhkəməyə təqdim etmişdir. Həmin fotoşəkillər mobil telefon vasitəsilə Cavabdeh və qızı Rəqsanə İsmayılovanın sosial şəbəkədə olan statuslarından götürülmüşdür. İddiaçı həmin fotoşəkillərdə cavabdehin üzərində olan qızılzinət əşyalarının onunku olduğunu bildirmişdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslı olmaqla, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın qismən təmin olunması üçün əsaslıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib hesab edir. Birinci, işin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı Cavabdeh gəlinidir. İddiaçı cavabdehin oğlu Zaur İsmayılovla 10 sentyabr 2016-cı ildə Mingəçevir şəhərində ailə qurmuş, bir müddət cavabdehə məxsus Mingəçevir şəhəri Vidadi küçəsi ev 6 mənzil 30 ünvanında yaşamış, 20.11.2016-cı il tarixdən Rusiya Federasiyasının Yaroslavl şəhərinə köçüb orada yaşayırlar, nikahlarını da 25.11.2016-cı ildə Yaroslavl şəhərində qeydə aldırmışlar. Yaroslavl şəhərində yaşamaqla onlar mütəmadi olaraq cavabdehə məxsus Mingəçevir şəhəri Vidadi küçəsi ev 6 mənzil 30 ünvanına qonaq gəlib qalaraq qayıtmışlar. İddiaçı ilə cavabdeh arasında gəlin-qaynana münasibətləri 2019-cu ilə kimi normal olmuşdur. Bunu iddiaçı özü də etiraf etmişdir. İkinci, mübhaisəli qızıl-zinət əşyasına gəlincə, iş üzrə iddiaçı bildirir ki, mülkiyyətində olan qızıl əşyalarını cavabdehin saxlancına vermişdir. Lakin münasibətləri pozulduqdan sonra cavabdeh onun əşyalarını iradəsinə zidd şəkildə özündə saxlamaqla ona qaytarmır. Cavabdeh isə həmin əşyaların 2016-cı ilin dekabr ayında yeni il şənliyində müvəqqəti istifadə etməsi üçün iddiaçıdan aldığını, sonradan isə əşyaları geri qaytardığını bildirmişdir. Belə olan halda, cavabdehin mübahisəli əşyalara sahibliyinin iddiaçının iradəsi xaricində olması, yaxud hansısa əqdə (saxlama və ya əvəzsiz istifadə müqaviləsinə) əsaslanması araşdırılmalıdır. Bu araşdırmanın nəticəsindən asılı olaraq iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2-ci, 736.2-ci və 824.3-cü maddələri nəzərdən keçirilə bilər. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, iddiaçının geri qaytarma ilə bağlı tələbinin haqlı sayılması üçün ona məxsus əşyanın cavabdehin sahibliyində olması və bu sahibliyin qanuni əsasa söykənməməsi sübuta yetirilməlidir. Üçüncüsü, işdən görünür ki, iddiaçı, tələb etdiyi qızıl-zinət əşyalarının ona cavabdehin oğlu ilə toyları ərəfəsində hədiyyə edildiyini, bu səbəbdən həmin əşyaların fərdi mülkiyyət hüququ ilə ona məxsus olduğunu bildirmiş, cavabdeh isə bu halı mübahisələndirməmişdir. İddiaçı bildirmişdir ki, mübahisəli əşyalar davamlı olaraq (hətta özü Rusiya Federasiyasına getdikdə belə) cavabdehin sahibliyində olmuş, münasibətləri pozulduqdan sonra isə cavabdeh onları qaytarmaqdan imtina etmişdir. Cavabdeh isə bu halları təkzib edərək göstərmişdir ki, qızıl əşyaları onun sahibliyində deyil, yalnız 2016-cı ilin dekabr ayında keçirilən yeni il şənliyində istifadə etdikdən sonra onları iddiaçıya qaytarmışdır. Apellyasiya icraatı zamanı cavabdeh qızıl-zinət əşyasının çəki və dəyərini də mübahisələndirməmiş, mübahisələndirdiyi hal yalnız mübahisəli qızıllıarın ümumiyyətlə onda olmaması və iddiaçıya qaytarması olmuşdur. Bu halda, kollegiya hesab edir ki, məhz cavabdeh artıq həmin əşyaların onda olmadığını, eləcə də əşyaların iddiaçıya qaytarıldığını sübut etməlidir. Çünki qeyd olunduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Dördüncü, iddiaçının qızıl-zinyət əşyaları ilə bağlı tələbi üzrə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanan həmin iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının iddia etdiyi sayda və növdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. İddiaçının sadaladığı qızıl-zinət əşyasının cavabdehlərdə qalması ilə bağlı sübutetmə yükünün iddiaçının üzərinə düşməsi baxımından kollegiya qeyd edir ki, o, sadaladığı qızılzinyət əşyalarının cavabdehlə birlikdə yaşadığı evdən getdiyi zaman cavabdehdə qaldığını, cavabdeh tərəfindən qaytarılmadığını sübut edə bilmişdir. Bununla belə, iddiaçı ümumi qaydadan istisna təşkil edən (sübutetmə yükünü cavabdehə keçirən) hala istinad edir. Belə ki, o, əşyaların cavabdehin sahibliyində olmasını təsdiqləyən dəlil kimi 2018-2019-cu ildə keçirilən yeni il şənliyində cavabdehin ona məxsus əşyaları üzərinə taxmasına dair fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Cavabdeh də həmin şənlikdə istifadə etdiyi əşyaların iddiaçıya məxsus olduğunu etiraf edir. Həmin fotoşəkillərin çəkilmə tarixi ilə bağlı mübahisə olsa da, nəticə etibarilə şənliyin keçirildiyi vaxt mübahisəli əşyaların cavabdehin sahibliyində olması həm fotolarla, həm də cavabdehin öz etirafı ilə təsdiqlənir. Belə olan halda, əşyaları iddiaçıya qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Lakin bütün bu göstərilənlərə baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının əşyaların cavabdehin sahibliyində olduğunu sübuta yetirə bilməməsi qənaətinə gəlmiş, bu işin müəyyən edilmiş faktiki halları baxımından sübutetmə yükü daşıyan cavabdehin sözügedən əşyaları iddiaçıya qaytardığını təsdiqləyən mötəbər sübutlar təqdim edibetməməsini lazımı qaydada araşdırmamış, bu xüsusatlara düzgün hüquqi qiymət verməmiş, ümumiyyətlə iddia tələbinin hansı maddi hüquq normasına görə rədd edildiyini göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, apellyasiya şikayətinə münasibət bildirən kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(051)-656/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(051)-656/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. Cavabdeh İtaliya istehsalı olan 750 əyarlı, 87 qram çəkidə 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş-qaşlı sep naturada, yaxud qətnamə icra edilən vaxtı əmlaklar olmadığı halda isə onların dəyəri 3500 (üç min beş yüz) manat alınaraq İddiaçı verilsin. İddia tələbi mübahisəli əmlakların dəyərinin qalan hissəsində təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Hakim Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar