Məhkəmə qərarları › İş №2(107)-213/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-213/2024

09.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-213/2024 09.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment və yetkinlik yaşına çatan övladların valideynlərinə görə əlavə xərclərdə iştiraka cəlb edilməsi tələbinə dair” mülki iş üzrə (Açar sözlər: Aliment, əlavə xərc) X1 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment və yetkinlik yaşına çatan övladların valideynlərinə görə əlavə xərclərdə iştiraka cəlb edilməsi tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(024)-548/2023 nömrəli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 hər ay sabit pul məbləğində hər birindən 350 manat alimentin alınıb özünə verilməsi və cavabdehlərdən əməliyyat üçün tələb olunan 5000 manat pul vəsaitinin alınıb özünə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 66 yaşı var. Hazırda ağır xəstədir. Əmək qabiliyyətini itirmişdir. Belə ki, hazırda o sol diz qapağından əməliyyat olunmuşdur. Həmçinin sağ diz qapağından əməliyyat olunmasına ehtiyac var. Belində 7.5 mm yırtıq var və ona görə də əməliyyat olunmalıdır. Evlidir 4 övladı var. O övladlarına layiqincə atalıq etmiş, onlara toy etmiş və evlə təmin etmişdir. Övladları ona nə maddi nə də mənəvi köməklik etmirlər. İİ qrup əlildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Ona görə də o, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında hazırda xəstə olduğunu, İİ qrup əlil olmasını və 4 övladı olmasını, hazırda əməliyyata ehtiyacı olduğunu, övladları Cavabdeh1 və Cavabdeh2 hər ay sabit pul məbləğində hər birindən 350 manat alimentin alınıb özünə verilməsini və cavabdehlərdən əməliyyat üçün tələb olunan 5000 manat pul vəsaitinin alınıb özünə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında Bakı şəhərində yaşadığını, hazırda zavodda işlədiyini və aylıq əmək haqqısının 400 manat olduğunu, anası və arvadı ilə birlikdə yaşadığını, arvadının hamilə olduğunu, iddiaçının tələb etdiyi miqdarda alimenti ödəməyə maddi imkanının olmadığını, göstərilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir.

5. Cavabdeh2 etibarnamə üzə nümayəndəsi Cavabdeh1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında Cavabdeh2 heç bir yerdə işləmədiyini, uşağının autizim xəstəsi olduğunu və bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir.

6. Qax Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(024)-548/2023 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən hər ay 150 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 56 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı evlidir və 4 övladı var. Hazırda iddiaçının 66 yaşı var. O əmək qabiliyyətini qismən itirmişdir. Belə ki, sol ayağının diz qapağından əməliyyat olunmuş və maddi yardıma ehtiyacı var. Övladları isə iddiaçıya heç bir maddi yardım göstərmirlər. İddiaçı orqanizm funksiyalarının 61-80 faiz (ikinci dərəcəli əlillik) pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi müddəti daimi olmaqla əmək pensiyası alır. İddiaçı əmək qabiliyyəti olmayan şəxsdir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdehlərin əmək qabiliyyətsizliyinin olması müəyyən edilməmişdir. İddiaçı özünü saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görədə iddiaçı cavabdehlərdən aliment tələb edir.

8. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır ki, iddiaçının mənafeyi ilə yanaşı həmçinin cavabdehlərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi aliment miqdarı olduqca yüksək olmaqla yerli şəraitə və cavabdehlərin hazırkı real vəziyyətinə uyğun deyildir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehlərdən əməliyyat olunması üçün 5000 manat məbləğində pulun alınaraq özünə verilməsini xahiş etmişdir. Lakin iş materiallarına bununla bağlı hər hansı mötəbər sübut əlavə etməmişdir. Ona görə də məhkəmə iddianın həmən hissəsinin rədd edilməsi qənaətinə gəlir.

10. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin qeyd olunan maddələrinin tələblərini rəhbər tutaraq tərəflərin maddi və ailə vəziyyətini nəzərə almaqla iddiaçının özü üçün cavabdehlərdən hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir.

11. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1, 82.2, 82.3, 82.4, 100.2-ci maddələri, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3, 119.1, 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinininin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a)Apellyasiya şikayətlərinin dəlilləri

12. Qax Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(024)-548/2023 nömrəli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

13. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnamə qəbul edərkən prosesual hüquq normalarını pozmuş, işin faktiki hallarını araşdırmamış, olduqca aşağı məbləğdə aliment təyin edilmişdir. Belə ki, cavabdehlərin hər birindən 150 manat olmaqla aliment alınıb ona verilməsi qərara alınmışdır. Lakin o, həmin alimentlə özünü saxlamaqda və müalicə xərclərini qarşılamaqda çətinlik çəkir.

14. Özü heç bir yerdə işləyə bilmir. Əmək qabliyyətini tamamilə itirmişdir. Cavabdehlər isə ona heç bir yardım etmirlər. Lakin o, cavabdehlərə bir ata kimi hər cür qayğı göstərmişdir. Cavabdeh1 ata kimi iki ədəd xaricdə istehsal olunmuş avtomobil və Xırdalan şəhərində ev almışdır. Sürücülük vəsiqəsini alınmasında köməklik etmişdir. Burnundan estetik əməliyyat olunması üçün 1200 manat pulu özəl xəstəxanaya ödəmişdir. Hərbi xidməti vaxta qərərgahda işləmini təmin etmişdir. Hərbi xidmətdə olduğu zaman həftədə 2 gün məzuniyyətə buraxılmasına və xərcləri üçün hər həftə 30- 40 manat pul ödəmişdir.

15. Cavabdeh2 ali təhsil almasında maddi və mənəvi dəstəyi olmuş, kirayə və yemək xərclərini ödəmişdir. Bir ata kimi bütün xərclərində maddi və mənəvi dəstəyi daim olmuşdir. O, təhsilin başa vurduqdan sonra Qax rayonu Əmbərçay kəndində Baxça müdürü vəzifəsinə işə düzəltmişdir. Ərə getdikdə isə toyunu etmiş və bütün cehizlərini almışdır. Eyni zamanda hazırkı vaxtadək bütün maddi və mənəvi dəstəyini göstərmişdir.

16. Lakin Qax rayon Məhkəməsi alimenti aşağı məbləğdə müəyyən etməsi ilə yanaşı cavabdehləri müalicəsi üçün əlavə xərclərdə iştiraka cəlb etməmişdir. Hazırda hər bir əməliyyatına görə 2500 manat pul lazımdır. Lakin cavabdehlər ona heç bir maddi və mənəvi dəstək göstərmirlər. Bu fakta dair məhkəməyə mötəbər və əsaslı sübutlar təqdim etmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır.

17. Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsində məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız cavabdehlərin mövqeyinə münasibətdə icra edərək qeyri mötəbər dəlillərə əsaslanmışdır.

18. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.

19. Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır. Sübutlar doğru qiymətləndirilməmişdir.

20. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi.

21. Hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə məhkəmə tibbi ekspertizası təyin etməli, onun xəstəliyi yoxlanılmalı və əməliyyatı üçün nə qədər xərcin olması müəyyən edilməli idi. Onun aylıq qazancı yoxdur.

22. Birinci instansiya məhkəməsi isə həmin hallarla bağlı heç bir araşdırma aparmamış, formal mülahizələrə əsaslanmaqla qərar qəbul etmişdir.

23. Odur ki, Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-548/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

24. Cavabdehlər apellyasiya şikayətini əsaslandıraraq göstərmişdirlər ki, məhkəmə sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. İşin faktiki halları düzgün araşdırılmamışdır. Məhkəmə iddiaçının yalan mülahizələrinə inanaraq iddianı qismən təmin etmişdir. Belə ki, məhkəmə iddiaçının aylıq 350 manat təqaüd almasını, özünə məxsus avtomobilinin olmasını, taksi fəaliyyəti ilə məşğul olmasını, iki dənə mağasasının olmasını, həmin olmasını, həmin mağazaları icarəyə verməsini, icarə haqqını özü götürməsini, 2 yerdə fındıq bağının olmasını, həmin fındıq bağlarından 12000-14000 manat gəlir əldə etməsini, 4 uşağın və iki nəfər ailə üzvünün uşaqların pay torpaq sahəsindən özünün istifadə etməsini və başqa gəlirlər əldə etməsini araşdırmamışdır.

25. Halları ilə müəyyən edilir ki, cavabdehlər kəndin mal növbəsində olarkən iddiaçının bir baş inəyi qəflətən yıxılmış və ayağa durmamışdır. Tərəflərindən iddiaçıya zəng edilərək bu barədə məlumat verilmişdir. İddiaçı inəyin yıxıldığı yerə gələnə qədər inək ölmüşdür. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək onlardan 3500 manat maddi ziyan və 56 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir.

26. Ailə məcəlləsinin 82-ci maddəsində isə qeyd edilir ki, əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Yuxarıda qeyd olunduğu kimi atalarının əmək qabliyyəti var və onun müxtəlif növ gəlirləri vardır.

27. Hesab edirlər ki, məhkəmə işə ədalətli baxmamış heç bir əsaslı və mötəbər sübut olmadan yalnız iddiaçının mülahizəsi əsasında ədalətsiz qərar qəbul etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində əməliyyata ehtiyacı olduğunu göstərmişdir. Lakin iddiaçı əməliyyat olunmuşdur. Eyni zamanda məhkəməyə iddiaçı yenidən əməliyyat olunmasına dair heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Lakin məhkəmə iddianı hansı səbəbdən qismən təmin etdiyini qətnamədə göstərməmişdir. İddianın təmin edilməsinə əsas verən heç bir sübut olmadan qətnamə çıxarılmışdır. Sübutlar məhkəmə tərəfindən qəbul edilməmiş və qiymət verilməmişdir.

28. Odur ki, Qax Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, izahatına əlavə olaraq özünün əmək qabiliyyətinin olmadığını, aldığı pensiyasının tələblətlarının ödənilməsinə kifayət etmədiyini, özünə məxsus heç bir mağazasının və fındıq bağının olmadığını, taksi fəaliyyəti ilə məşğul olmadığını, cavabdehlərin isə əmək qabiliyyətli olmaqla kifayət qədər qazanca malik olduqlarını, lakin onun saxlanılmasında heç bir köməklik göstərmədiklərini bildirmişdir.

31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; 82.1-ci maddəsinə əsasən Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar 82.2-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3-cü maddəsinə əsasən Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 82.4-cü maddəsinə əsasən Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 83.1-ci maddəsinə əsasən Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər.

33. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun; 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər-əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

38. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

39. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

40. İddiaçı apellyasiya şikayətinin məzmununda birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndirsə də, apellyasiya şikayətlərinin yekununda birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etmişdir. Lakin o, iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.

41. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərinin məzmununda birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirsələr də, apellyasiya şikayətlərinin yekununda birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etmişlər. Lakin onlar iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışlar.

42. Ona görə də kollegiya Qax Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(024)-548/2023 nömrəli qətnaməsinin iddiaçının mübahisələndirdiyi iddianın təmin olunmamış, cavabdehlərin isə mübahisələndirdikləri iddia tələbinin təmin edilən hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələri üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, mübahisələndirilən hissələrdə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.

44. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

45. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının 4 övladı vardır və o, 1958-ci il təvəllüdlüdür. İddiaçı əmək qabiliyyətsizdir. Belə ki, ona onurğanın yayılmış osteoxondrozu. Diskogen bel oma radikuliti tez-tez residiv verən sürəkli lumboişalgiya. Sağda kökcüyünün zədələnməsi diaqnozu ilə 06 aprel 2005-ci il tarixdən müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin əlilliyinə görə iddiaçıya 327.22 manat pensiya ödənilir. Beləliklə iddiaçının maddi yardıma ehtiyacı vardır, əmək qabiliyyəti olmayan şəxsdir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdehlərin əmək qabiliyyətsizliyinin olması müəyyən edilməmişdir. İddiaçı özünü saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan iddiaçı cavabdeh övladlarının ona heç bir maddi yardım göstərmədiklərinə istinad edərək, tələbinin tam təmin edilməsini xahiş edir. Cavabdehlər tərəfindən iddia tələbi qəbul edilməmişdir.

46. Məhkəmə kollegiyası ilk öncə iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparır.

47. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin olduqca aşağı məbləğdə aliment təyin edilməsinə dair dəlili ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82-ci maddəsinin tələbi üzrə alimentin təyinatı maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərinin saxlanmasında könüllü iştirak etməyən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan övladların hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, valideynlərin hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır.

48. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin Qax Rayon Məhkəməsi cavabdehləri müalicəsi üçün əlavə xərclərdə iştiraka cəlb etməməsinə, hazırda hər bir əməliyyatına görə 2500 manat pul lazım olmasına, lakin cavabdehlərin ona heç bir maddi və mənəvi dəstək göstərmələrinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 83.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər.

49. Kollegiya cavabdehlərdən iddiaçının saxlanılması üçün birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği ilə razılaşmışdır. Həmçinin iddiaçı ona kənar şəxs (şəxslər) tərəfindən qulluq edilməsi, ona qulluq edilməsi ilə bağlı kənar şəxslərə haqq ödəmək zərurəti barədə heç bir fikir ifadə etməmişdir.

50. Kollegiya həmçinin qeyd edir ki, Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

51. Tibbi sığorta haqqında Azərbaycan Respublikası Qanununun 1-1.1-ci maddəsinə əsasən tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir.

52. Göründüyü kimi vətəndaşların bir çox xəstəliklərinin müalicəsi dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan vəsaitlər hesabına həyata keçirilməklə, iddiaçının, xəstəliyi ilə bağlı müalicəsinin həmin kateqoriyalara aid olmamaqla onun müalicəsi üçün yalnız özünün şəxsi vəsaitinin tələb edilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

53. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin hazırki iş üzrə məhkəmə tibbi ekspertizası təyin etməli olmasına, onun xəstəliyinin yoxlanılmasına, əməliyyatı üçün nə qədər xərcin olmasının müəyyən edilməli olmasına dair dəlilini də əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

54. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır.

55. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin onun aylıq qazancının olmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan DSMF-nun 2 saylı Şəki-Zaqatala filialının Qax rayon qəbul şöbəsinin 23 avqust 2023-cü il tarixli arayışından görünür ki, 18 .02.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1982-ci il tarixdən orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi müddəti daimi olmaqla 327.22 manat əmək pensiyası alır. Yəni iddiaçı maddi yardıma ehtiyacı olan şəxs olmasına baxmayaraq, tam qazancsız şəxs də deyildir.

56. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada dəyərləndirmə aparır.

57. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərinin əsas dəlilləri olan məhkəmənin iddiaçının aylıq 350 manat təqaüd almasını, özünə məxsus avtomobilinin olmasını, taksi fəaliyyəti ilə məşğul olmasını, iki dənə mağazasının olmasını, həmin mağazaları icarəyə verməsini, icarə haqqını özü götürməsini, 2 yerdə fındıq bağının olmasını, həmin fındıq bağlarından 12000-14000 manat gəlir əldə etməsini, 4 uşağın və iki nəfər ailə üzvünün uşaqların pay torpaq sahəsindən özünün istifadə etməsini və başqa gəlirlər əldə etməsini araşdırmaması, atalarının əmək qabliyyətinin olması və onun müxtəlif növ gəlirlərinin olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materialında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 23 avqust 2023cü il tarixli elektron məlumatdan görünür ki, xx xxxxxx 1958-ci il təvəllüdlü İddiaçı əmək qabiliyyətsizdir. Belə ki, ona onurğanın yayılmış osteoxondrozu. Diskogen bel oma radikuliti tez-tez residiv verən sürəkli lumboişalgiya. sağda kökcüyünün zədələnməsi diaqnozu ilə 06 aprel 2005-ci il tarixdən müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir.

58. Həmçinin iş materiallarından iddiaçının ikinci dərəcəli əlil kimi hər ay aldığı 327.22 manat pensiyasından əlavə hər hansı bir qazanca malik olması halı müəyyən edilməmiş, cavabdehlər tərəfindən də buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdehlər tərəfindən apellyasiya şikayətlərinə əlavə edilmiş mağaza və avtomobil fotoşəkilləri isə həmin əmlakların məhz iddiaçıya aid olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, cavabdehlərin apellyasiya şikayətlərinə əlavə etdikləri fotoşəkillərdəki mağazaların və avtomobilin iddiaçıya aid olmasına dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməməklə yanaşı, Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sorğu məlumarlarından da cavabdehin qazancının yalnız ikinci dərəcəli əlil kimi hər ay aldığı 327.22 manat pensiyasından ibarət olması müəyyən edilmişdir.

59. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

61. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

62. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərin apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qax Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(024)-548/2023 nömrəli qətnaməsi İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar