Məhkəmə qərarları › İş №2(107)-2151/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2151/2021

02.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2151/2021 02.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «aliment tələbi”nə dair (Açar sözlər: iddia- aliment tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tаrixli 2(051)-1486/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi və 19 iyun 2020-ci ildə anadan olmuş və onun himayəsində olan azyaşlı uşağı X1 üçün cavabdeh- xx xxxx 1994-cü ildə Azərbaycan Respublikası Yevlax rayonu, Hacıselli kəndində anadan olmuş və hazırda həmin kənddə qeydiyyatda olan və faktiki yaşayan Cavabdeh hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Cavabdeh 19 yun 2020-ci il təvəllüdlü qızı Aysunun saxlanması üçün hər ay sabit pul məbləğində 200 manat, qızı Aysu 3 yaşa çatana qədər 19 iyun 2020ci ildən başlamaqla ona 100 manat sabit pul məbləğində alimentin alınıb ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə ailə qurmaq məqsədilə nikahlarını Mingəçevir regional “Asan Xidmət” mərkəzində 18 avqust 2019-cu il tarixdə qeyd etdirməklə evlənmişdir. Nikahları qeyd olunan tarixdə 500 № ilə qeyd edilmiş, nikah şəhadətnaməsi AZ-T № 008392-dir və 23 noyabr 2019-cu il tarixdə verilmişdir. Bildirir ki, birgə nikahlarından 19 iyun 2020-ci ildə X5 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan bir müddət sonra həyat yoldaşı Cavabdehlə ailə münasibətləri getdikcə pisləşmiş və sonda bu münasibətlər onun ata evinə- Mingəçevir şəhərinə qayıtmağıyla nəticələnmişdir. Onlar uzun müddətdir ki, faktiki olaraq ər-arvad kimi yaşamırlar və birgə təsərrüfat idarə etmirlər. Ailə münasibətlərini bərpa etməyə dəfələrlə cəhdlərn göstərməyinə baxmayaraq, hələlik bu münasbətləri bərpa etmək mümkün deyildir. Əlavə olaraq bildirir ki, uzun müddətdir ki, həyat yoldaşı Cavabdeh körpə uşağının maddi təminatı üçün aliment qismində pul tələb etməyinə baxmayaraq, ona heç bir maddi köməkdarlıq göstərmir, müxtəlif bəhanələrlə pul verməkdən qəsdən yayınır. Cavabdeh rəsmi iş yerinin olmadığını bəhanə edərək könüllü olaraq aliment ödəməkdən imtina edir. Bildirir ki, o özü də heç bir yerdə işləmir, ona və azyaşlı qızına qardaşı və valideynləri baxırlar. Ona görə də məhkəmədən azyaşlı uşağının saxlanması üçün nikahda olduğu Cavabdeh aliment tələb etmək üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də məhkəmədən Cavabdeh 19 iyun 2020-ci il təvəllüdlü qızı Aysunun saxlanması üçün hər ay sabit pul məbləğində 200 manat, qızı Aysu 3 yaşa çatana qədər 19 iyun 2020ci ildən başlamaqla ona 100 manat sabit pul məbləğində alimentin alınıb ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tаrixli 2(051)-1486/2021 saylı qətnaməsi ilə ( hakim Ə.Hüseynov) iddia qismən təmin edilmiş, Cavabdeh 19.06.2020-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat məbləğində aliment alınıb İddiaçı verilməsi, alimentin tutulmasına 07 iyul 2021-ci ildən başlanması, alimentin ödənilməsi dərhal icra olunması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh ilə Abbasova (Sofuyeva) Pərvanə Bəhruz qızı arasında olan nikah 18 avqust 2019-cu il tarixdə Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsində 500 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada ərin soyadı verilmişdir. 19.06.2020-ci il təvəllüdlü X5 adlı uşağın atası kimi X4, anası kimi İddiaçı göstərilmişdir. Cavabdeh Fariz oğlunun 11.08.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X2” üzrə Elektron informasiya sistemində adına əmək müqaviləsi aşkar edilməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Tərəflər faktiki olaraq ayrı yaşayırlar. Tərəflərin birgə nikahından olan 19.06.2020-ci il təvəllüdlü X5 adlı uşağın saxlanması üçün cavabdeh kömək göstərmir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Lakin tələb olunan məbləğdə aliment ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması sübut olunmadı. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün hər ay 130 manat aliment müəyyən edilməsi məqsədə uyğun sayır. Həmçinin iddiaçı tərəf cavabdehdən uşağın 3 yaşa qədər saxlanması üçün hər ay 100 manat məbləğində alimentin tutulmasına dair tələbini sübut edə biləcək heç bir dəlil irəli sürməmişdir. Ona görə də məhkəmə cavabdehdən uşağın 3 yaşa qədər saxlanması üçün hər ay 100 manat məbləğində alimentin tutulmasına dair tələbi hissəsini əsassız hesab edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü, 5-ci, 8-ci, 13-cü maddələri, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 76-cı, 78.1-ci, 78.2-ci, 100.2–ci, 112-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci, 234.2.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, ailə münasibətləri alınmadığından 2020-ci ilin sonlarından ayrılmışlar. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsində nikahın pozulması tələbinə dair iddia qaldırmış, yalnız o hamilə olduğu və özünün də nikahın pozulmasına razılıq vermədiyi üçün onlar arasındakı nikah pozulmamışdır. Həm hamilə olduğu müddətdə, həm də sonradan cavabdeh tərəfdən uşağın saxlanması ilə bağlı aliment tələb etməmişdir. Ancaq ailələri dağılmaması səbəbindən məhkəməyə müraciət etməmişdir. Həmçinin pandemiya səbəbindən uşağı qoyub sərbəst evdən çıxa bilməmişdir. Heç bir yerdə işləmir.Uşağa baxmaqda çətinlik çəkir. Qızı Aysun 19 iyun 2020-ci ildə doğulsada cavabdehin onun saxlanması üçün heç bir köməklik göstərməməsini məhkəmə nəzərə almamışdır. Uşaq körpə olduğundan işləyə bilmir. Uşağın minimum yaşayışı üçün tələb olunan 175 manatın 130 manatı Cavabdeh tərəfindən ödəniləcəyi təqdirdə 45 manat vəsaiti o haradan əldə etməli olduğunu bildirmişdir. Ona görə də, o, Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tаrixli 2(051)-1486/2021 saylı qətnaməsini iddianın təmin olunmayan hissəsində ləğv edib, iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tаrixli 2(051)-1486/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 84.2-ci və 84.2.2-ci maddələrinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə görə isə, ər-arvad arasında saziş olmadıqda, ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun: Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tаrixli 2(051)-1486/2021 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsini mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddianın təmin edilməyən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tаrixli 2(051)-1486/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə Abbasova (Sofuyeva) Pərvanə Bəhruz qızı arasında olan nikah 18 avqust 2019-cu il tarixdə Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsində 500 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada ərin soyadı verilmişdir. 19.06.2020-ci il təvəllüdlü X5 adlı uşağın atası kimi X4, anası kimi İddiaçı göstərilmişdir. Cavabdeh Fariz oğlunun 11.08.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X2” üzrə Elektron informasiya sistemində adına əmək müqaviləsi aşkar edilməmişdir. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşmır. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, arvadın ərdən aliment tələb etməsi birneçə şərtin – ərin zəruri vəsaitə malik, eləcə də arvadın maddi vəziyyətinin ona bunu tələb etməyə haqq qazandıracaq qədər aşağı olmasının mövcudluğundan asılıdır. Yəni aliment tələb olunan ərin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun və ailəsinin minumum dolanışığını təmin etsin, eyni zamanda (keçmiş) arvada bu gəlirdən aliment tutmaq mümkün olsun, həmçinin arvad işləmədiyi və uşağa baxdığı üçün müstəqil qazanca sahib olmasın. Hazırkı iş üzrə isə cavabdehin belə vəsaitə malik olduğu iş materialları ilə sübuta yetirilmir. Apellyator tərəfindən cavabdehin yüksək qazanca malik olduğuna dair heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tаrixli 2(051)-1486/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tаrixli 2(051)-1486/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar