Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-216/2022 13.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Yevlax rayonu Malbinəsi Bələdiyyəsinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ödənilməmiş əmək haqqı, qiyabi qətnamə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin sədri X1 iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(039)-1269/2021 saylı qətnaməsindən cavabdeh Yevlax rayonu Malbinəsi Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Yevlax rayonu Malbinəsi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 2014-cü il üçün 11 ay, 2015-ci il üçün 12 ay, 2016-ci il üçün 12 ay, 2017-ci il üçün 12 ay, 2018-ci il üçün 12 ay, 2019-cu il üçün 4 ay, cəmi ödənilməmiş 63 aylıq dövr üçün ödənilməmiş 6930 manat məbləğində əmək haqqının tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25.01.2005-ci il tarixdən 06.01.2020-ci il tarixədək Malbinəsi Bələdiyyəsində işləmişdir. 02.02.2015-ci il tarixindən 06.01.2020-ci il tarixədək isə Bələdiyyədə vergi müfəttişi vəzifəsində işləmişdir. Fasiləsiz olaraq Bələdiyyədə işləsə də, 2014-ci ilin fevral ayındın Bələdiyyədən qanuni əmək haqqını ala bilməmişdir. Onun əmək haqqısı əvvəlcə 110 manat, 2015-ci ildə isə 150 manat olmuşdur. Sonradan isə əmək haqqısı ölkə rəhbərinin məlum fərmanından sonra ən azı 180-250 manat olmuşdur. 2014-cü il üçün 11 ay, 2015-ci il üçün 12 ay, 2016-cı il üçün 12 ay, 2017ci il üçün 12 ay, 2018-ci il üçün 12 ay, 2019-cu il üçün isə 4 ay əmək haqqı almamışdır. Bütövlükdə o, işlədiyi illər ərzində 63 ay əmək haqqını almamışdır. Həmin məbləği 110 manatdan hesablansa 6930 manat məbləğində əmək haqqından məhrum olmuşdur. Hər dəfə o, əmək haqqını istəyəndə onu inandırıblar ki, Bələdiyyəyə pul yüklənəndə əmək haqqısı ödəniləcək. Lakin dəfələrlə müraciətinə baxmayaraq əmək haqqısı ona ödənilməmişdir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(039)-1269/2021 saylı qətnaməsi ilə (hakim G.Cavadova) iddia təmin edilmiş, cavabdeh Yevlax rayonu Malbinəsi Bələdiyyəsindən 6930 manat ödənilməmiş əmək haqqı İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 25.01.2005-ci il tarixdən 06.01.2020-ci il tarixədək Cavabdeh sədri və vergi müvəttişi vəzifəsində işləmişdir. İddiaçının Yevlax rayonu Malbinəsi Bələdiyyəsində işlədiyi 63 aylıq dövr üçün əmək haqqısı ödənilməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdeh Yevlax rayonu Malbinəsi Bələdiyyəsindən ödənilməmiş 63 aylıq dövr üçün 6930 manat pul alınıb İddiaçı verilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1-ci, 172.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 283-cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunması barədə qənaətə gəlsə də, bu barədə əhəmiyyəti olan halların sübut edilməsinə dair heç bir dəlil gətirməmişdir. İddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdeh Yevlax rayonu Malbinəsi Bələdiyyəsindən ödənilməmiş 63 aylıq dövr üçün 6930 manat pul alınıb İddiaçı verilməlidir. Məhkəmə işə qiyabi icraat qaydasında baxsa da, heç bir sübuta istinad etməmişdir. Məhkəmənin yeganə istinad etdiyi «sübut» əmək kitabçasıdır. Hansı ki, əmək kitabçası şəxsin işlədiyini özündə əks etdirir, onun əmək haqqı alıb-almamasını özündə əks etdirmir. Həmin maddənin tələbinə görə təkcə cavabdehin gəlməməsi işə qiyabi qaydada baxılaraq iddianın təmin edilməsi üçün əsas ola bilməz.İddiaçı iddia ərizəsində göstərmişdir ki, fasiləsiz olaraq Bələdiyyədə işləsə də, 2014-ci ilin fevral ayından (06 yanvar 2020-ci ilədək) Bələdiyyədən qanuni əmək haqqını ala bilməmişdir. Bu iddia ərizəsini əsassız hesab edilməldir. Bir insan 1 ay, 2 ay, 5 ay, 10 ay və s. qarşılıqsız, əmək haqqı almadan işləyə bilər. Bir insanın 5 ildən çox bir müddətdə (63 ay) qarşılıqsız, heç bir əmək haqqı almadan işləməsi ağlabatan deyil. Qeyd olunanalara əsasən Yevlax Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(039)- 1269/2021 №-li qiyabi qətnaməsi ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin sədri X2 məhkəməyə ərizə təqdim edərək Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin İddiaçı olan ödənilməmiş əmək haqqının məbləğinin 4060 manat təşkil etdiyini, iddia ərizəsinin həmin hissədə qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəyəmə ərizə təqdim edərək apellyasiya şikayətinin qismən təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(039)-1269/2021 №-li qiyabi qətnaməsinin ləğv edilrək, iddianın 4060 manat pulun verilməsi hissəsində qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini etiraz etmədiyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(039)- 1269/2021 №-li qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq iş üzrə qiyabi qətnamə qəbul etməklə iddianı tam təmin etmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(039)-1269/2021 №-li qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı 25.01.2005-ci il tarixdən 06.01.2020-ci il tarixədək Malbinəsi Bələdiyyəsində işləmişdir. 02.02.2015-ci il tarixindən 06.01.2020-ci il tarixədək isə Bələdiyyədə vergi müfəttişi vəzifəsində işləmişdir. Fasiləsiz olaraq Bələdiyyədə işləsə də, 2014-ci ilin fevral ayındın Bələdiyyədən əmək haqqını ala bilməmişdir. Onun əmək haqqısı əvvəlcə 110 manat, 2015-ci ildə isə 150 manat olmuşdur. Lakin dəfələrlə müraciətinə baxmayaraq əmək haqqısı ona ödənilməmişdir. Alacağı əmək haqqının məbləği 4060 manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti qismən əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozmuş, cavabdeh tərəfi məlumatlandırmadan iş qiyabi icraat qaydasında baxmışdır. Halbuki iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, Bələdiyyənin iddiaçıya borcu 4060 manat təşkil edir. Həmin məbləğin təmin edilməsinə etiraz etmir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianın 4060 manat həcmində təmin edilməsini qəbul edir. Ona görə də kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, 4060 manat ödənilməyən əmək haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(039)-1269/2021 №-li qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Cavabdeh Malbinəsi Bələdiyyəsindən 4060 manat ödənilməyən əmək haqqı alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə əmlakın dəyəri 5000 manatdan az olduğundan qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(039)-1269/2021 №-li qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Malbinəsi Bələdiyyəsindən 4060 manat ödənilməyən əmək haqqı alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-216/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-216/2022
13.01.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver