Məhkəmə qərarları › İş №2(107)-2195/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2195/2021

30.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2195/2021 30.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçı Həsənova (Teymurova) Rəna Şəmil qızının, Cavabdeh və onun vəkili X1 iştirakı ilə İddiaçı Həsənova (Teymurova) Rəna Şəmil qızının Cavabdeh qarşı "3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini qeyd etməklə cavabdehin qanunsuz və əsasız hərəkətlərinə qadağa qoyulması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(039)-1416/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Həsənova (Teymurova) Rəna Şəmil qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 17.04.2013-cü il tarixdə anası X4 tərəfindən ona bağışlanmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair inventarlaşdırması məqsədilə daşınmaz əmlaka baxış keçirilərkən müayinə işlərinə maneəçilik törədən cavabdehin qanunsuz və əsassız (qadağanedici) hərəkətlərinə son qoyulmasına və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə onun, 2009-cu il təvəllüdlü X6 ilə birlikdə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (G.Cavadova) 26 avqust 2021-ci il tarixli, 2(039)- 1416/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək mərhum X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair inventarlaşdırma işlərinin aparılması məqsədi ilə daşınmaz əmlaka baxış keçirilərkən maneçilik törədən Cavabdeh hərəkətləri qanunsuz hesab edilsin və belə hərəkətlərin edilməsi Cavabdeh qadağan edilməsi, İddiaçı, övladı X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Həsənova (Teymurova) Rəna Şəmil qızı izahat verərək bildirdi ki, köçürülmək istədiyi fərdi yaşayış evini Cavabdeh ilə razılaşaraq onu satma ərəfəsindədir. Evdə qeydiyyatda olan şəxslərin çıxarılması məsələsini qarşılıqlı qaydada həll edirlər. Artıq bu tələbinə lüzum qalmadığından o vermiş olduğu hazırkı iddia tələbindən imtina edir. Bu səbəbdəndə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, hazırda onlar arasında barışıq əldə olunmuşdur. Ona gör də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X3 izahat verərək bildirdi ki, tərəflər arasında barışıq əldə edilmişdir. Ona görə də iddiaçının iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, tərəflərin izahatı, o cümlədən iddiaçının iddiadan imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 47-ci və 52.1-ci. maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barəsində ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkləmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanunvericiliyin tələbinə uyğundur, eləcə də iddiadan imtina digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə toxunmur. Belə olduğu təqdirdə iddiadan imtina qəbul edilməli, Yevlax Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(039)-1416/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Həsənova (Teymurova) Rəna Şəmil qızının iddiadan imtinası qəbul edilsin. İddiaçı Həsənova (Teymurova) Rəna Şəmil qızının Cavabdeh qarşı "3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini qeyd etməklə cavabdehin qanunsuz və əsasız hərəkətlərinə qadağa qoyulması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(039)-1416/2021 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar