Məhkəmə qərarları › İş №2(107)-221/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-221/2023

01.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-221/2023 01.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(024)-624/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı və Cavabdeh nikahlarını xx.xx.2015-ci il tarixdə Qax rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə nikahdan tərəflərin xx.xx.2015-ci ildə Günay adlı və xx.xx.2018-ci il tarixdə isə Nilay adlı övladları olmuşdur. Qax Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, xx.xx.2015-ci il tarixdə doğulmuş X10 və xx.xx.2018-ci il tarixdə doğulmuş X8 Cavabdeh himayəsində olması müəyyən edilmiş və İddiaçı xx.xx.2015-ci il tarixdə doğulmuş X10 və xx.xx.2018-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 100(yüz) manat məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Daha sonra Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il tarixdə doğulmuş X10 və xx.xx.2018-ci il tarixdə doğulmuş X11 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2015-ci il tarixdə doğulmuş X10 və xx.xx.2018-ci il tarixdə doğulmuş X1 və maddi cəhətdən təmin edilmələri üçün hər ay hər bir uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat alimentin təyin edilməklə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı məhkəməyə teleqram göndərərək iddianı müdafiə etdiyini göstərərək, işə özünün iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məluamt verməmişdir.

4. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə nikahlarından xx.xx.2015ci il tarixdə Günay və xx.xx.2018-ci il tarixdə Nilay adlı uşaqları dünyaya gəlmişdir. Hər iki övladı onun himayəsindədir. Uşaqlar artıq böyümüşlər və onların saxlanılması üçün pul vəsaiti lazımdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən xx.xx.2015-ci il tarixdə doğulmuş X10 və xx.xx.2018-ci il tarixdə doğulmuş X1 və maddi cəhətdən təmin edilmələri üçün hər ay hər bir uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat alimentin təyin edilməklə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər nikahlarını xx.xx.2015-ci il tarixdə Qax rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişlər. Tərəflərin nikahı həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 36 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan tərəflərin xx.xx.2015-ci ildə Günay adlı və xx.xx.2018-ci il tarixdə isə Nilay adlı övladları olmuşdur. Tərəflərin nikahları pozulmuş, Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək xx.xx.2015-ci il tarixdə doğulmuş X10 və xx.xx.2018-ci il tarixdə doğulmuş X11 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İddiaçı hazırda uşaqların saxlıanılması üçün cavabdehdən ümumilikdə 400 (dörd yüz ) manat aliment tələb edir.

6. Məhkəmə uşaqların mənafeyi ilə yanaşı hesab edir ki, iddiaçının tələb etdiyi aliment miqdarı olduqca yüksək olmaqla yerli şəraitə və cavabdehin hazırkı real vəziyyətinə uyğun deyildir. Bundan başqa məhkəmə hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycanda 2022-ci il üçün yaşayış minimumu haqqında” qanunda uşaqların saxlanması üçün 193 manat məbləğ müəyyən edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olması müəyyən edilmişdir. Odur ki, uşağın qayğısına qalmaq və ehtiyaclarını təmin etmək hər iki valideynin üzərinə qoyulmuş vəzifə və mənəvi borcdur. Belə olan halda uşağın saxlanması üçün iddiaçının tələb etdiyi 400 (dörd yüz) manat məbləğə də ümumilikdə hər iki valideynin öhdəliyi kimi yanaşılmalıdır. Həmin məbləğin bir valideynin üzərinə qoyulması cavabdehin maddi vəziyyətinə və Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə uyğun deyildir.

7. Belə olan halda məhkəmə cavabdeh X6 xx.xx.2015-ci il tarixdə doğulmuş X10 və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 140 (bir yüz qırx) manat alimentin tutulmasını qanuna müvafiq hesab edir.

8. Qax Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(024)-624/2022 saylı qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin olunmuş, Cavabdeh xx.xx.2015ci il tarixdə doğulmuş X10 və xx.xx.2018-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 140(bir yüz qırx) manat məbləğində alimentin alınaraq cavabdeh İddiaçı verilməsi, alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78 və 100-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

10. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh nikahları xx.xx.2015-ci il tarixdə qeyd edilmiş və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 36 nömrə ilə qeydiyyat aparılmışdır.

11. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə, X11 xx.xx.2018-ci il tarixdə doğulmuşdur.

12. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o heç bir yerdə işləmir. Bu barədə X5 X3 Filialından təqdim edilmiş arayışı apelyasiya şikayətinə əlavə edir. Bundan əlavə, məhkəmə qətnaməsinə əsasən uşaqların İddiaçı himayəsinə verilməsinə baxmayaraq, o, yeni ailə həyatı quraraq, öz həyat yoldaşı ilə ayrıca yaşayır və birgə nikahdan dünyaya gələn övladlarım Məmmədli Günay və Məmmədli Nilay halhazırda öz nənə və babaları, yəni tələbkarın valideynləri ilə yaşamaqdadır. Tələbkar İddiaçı öz övladlarını nənə-babalarının öhdəliyinə buraxıb, öz həyat yoldaşı ilə gedib, həmin uşaqlar ilə ümumiyyətlə maraqlanmır. Bu səbəbdən hətta o Qax rayon İcra Şöbəsinə ərizə lə müraciət edərək, aliment məbləğini tələbkarın hesabına deyil, məhz İcra Şöbəsinin depozit hesabına ödəmək istədiyini bildirmişdir. Çünki, həmin aliment məbləğini iddiaçı uşaqlara xərcləməyəcək. Əlavə olaraq, o İcra Şöbəsindən xahiş etmişdir ki, tələbkar tərəfindən aliment pulu depozit hesabdan götürüldükdən sonra, aliment pulunun məhz uşaqlara xərclənməsi barədə sübut tələb edilsin.

14. O, daimi olaraq öz övladları ilə maraqlanır, onlar tələbkarın yanında deyil, tələbkarın ata-anasının, yəni onun qayınatası və qayınanasının yanında qalırlar.

15. O mütəmadi olaraq övladları ilə maraqlanır, onların xərclərini qarşılayır. O bir ana kimi öz vəzifəsini bilir və övladlarının xərclərini qarşılayır.

16. Ona görə də, Qax Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(024)- 624/2022 saylı qətnaməsinin alimentin məbləği hissəsində ləğv edilərək aliment məbləğinin hər bir uşağa görə 100 manat, ümumilikdə 200 manat məbləğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

19. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Maddə 75.1, 75.4. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment məhkəməyə müraciət edilən andan tutulur.

22. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.

23. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

24. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya: 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.

26. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

29. Cavabdeh Qax Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(024)-624/2022 saylı qətnaməsinin qismən ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmiş alimenti hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat miqdarında müəyyən etməklə reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

31. Belə ki, məhkəmə kolelgiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Qax Rayon Məhkəməsinin hal-hazırda qüvvədə olan 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tam qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 03 aprel 2015-ci il tarixdə Qax rayon Qeydiyyat şöbəsində bağlanmış, 36 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2015-ci il tarixdə doğulmuş X10 və xx.xx.2018-ci il tarixdə doğulmuş X8 Cavabdeh himayəsində olması müəyyən edilmiş, İddiaçı xx.xx.2015ci il tarixdə doğulmuş X10 və xx.xx.2018-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 100(yüz) manat məbləğində aliment alınaraq Cavabdeh verilməsi, xx.xx.2018-ci il tarixdə doğulmuş X11 adlı uşaq üç yaşına çatana qədər Cavabdeh üçün İddiaçı hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi, həmçinin Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia təmin edilərək xx.xx.2015-ci il tarixdə doğulmuş X10 və xx.xx.2018-ci il tarixdə doğulmuş X11 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi qət edilmişdir.

32. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

33. Hazırki iş üzrə iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 193 manat aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir və iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir.

34. Məhkəmə kollegiyası uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmalı olmasını, cavabdehin və iddiaçının maddi vəziyyətlərindəki fərqləri, həmçinin cavabdehin mütəmadi olaraq uşaqların xərcləri ilə maraqlanmasını və xərclərin ödənilməsində iştirak etməsini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə əsas ola biləcək hallar mövcuddur.

35. Cavabdehin apellyasiya şikayətinin 15-ci bəndində göstərdiyi aliment məbləğini depozit hesabına ödəmək istədiyi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə cavabdehin dediyi qaydada ödəniləcək alimentin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına qoyulması həm azyaşlı uşaqların, həm də aliment almaq hüququ olan iddiaçının maraqlarına zidd olduğundan təmin edilə bilməz.

36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin olunmuş hər uşaq üçün 40 manata, cəmi iki uşaq üçün 80 manata aid olan hissəsində düzgün nəticəyə gəlmədiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsаslаr olduğundаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(024)-624/2022 saylı qətnaməsi dəyişdirilməli, xx.xx.2015-ci il tarixdə doğulmuş X10 və xx.xx.2018-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh alınaraq cavabdeh İddiaçı verilməli olan alimentin məbləği hər uşaq üçün hər ay 100 manat müəyyən edilməlidir.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(024)-624/2022 saylı qətnaməsi dəyişdirilsin. xx.xx.2015-ci il tarixdə doğulmuş X10 və xx.xx.2018-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh alınaraq cavabdeh İddiaçı verilməli olan alimentin məbləği hər uşaq üçün hər ay 100 manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar