Məhkəmə qərarları › İş №2(107)-2223/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2223/2020

11.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2223/2020 11.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-502/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat aliment, himayəsində azyaşlı övladı olduğu və özü ikinci qrup əlil olmaqla işləyə bilmədiyi üçün isə 100 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı məhkəməyə ərizə verərək, Cavabdeh qarşı aliment tələbinə dair hazırkı iddia ərizəsinin ona qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək maddi və mövcud vəziyyətlə bağlı məhkəməyə gələ bilmədiyini, tələb olunan 100 manat alimentlə razı olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən işin mahiyyəti üzrə həll olunmasını tələb etməsi ilə bağlı məhkəməyə hər hansı müraciət daxil olmamışdır. Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) xx xxxx 2020-ci il tarixli, 2(019)-502/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-502/2020 nömrəli qərardadından İddiaçı şikayət verərək, həmin qərardadın ləğv edilməsini və Balakən Rayon Məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-502/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2010-cu ildə ailə həyatı qurmuşdur. xx xxxxxx 2010-cu il tarixdə birgə nikahdan Əliağa adlı uşaqları anadan olmuşdur. Onlar 2011-ci ildə ayrılmışlar. Hazırda ayrı yaşayırlar. Ona məhkəmənin qərarı ilə uşağını saxlamaq üçün 60 manat məbləğində aliment təyin edilmişdir. Övladının hazırda 10 yaşı vardır. Özü 2-ci qrup əlildir. Cavabdehin ona ödədiyi aliment uşağının zəruri xərclərini ödəməyə kifayət etmir və uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görə də cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Hesab edir ki, Balakən Rayon Məhkəməsinin “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” xx xxxx 2020-ci il tarixli, 2(019)-502/2020 nömrəli qərardadından verdiyi şikayət təmin edilməli, həmin qərardad ləğv edilərək işə mahiyyəti üzrə baxılmalıdır. Şikayətə baxılmasının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-502/2020 nömrəli qərardadı ləğv edilməli və İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiasına mahiyyəti üzrə baxılması üçün mülki işin materialları həmin Məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlayarkən bu barədə iddiaçının öz xahişini əsas götürmüşdür. İddiaçı məhkəməyə ərizə verərək Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin ona qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Görünür, iddiaçı məhkəməyə həmin ərizəni verərkən onunla cavabdeh arasında alimentin yeni məbləği ilə bağlı razılaşma olmuş və bu razılaşma onu qane etdiyindən tələbinin məhkəmə qaydasında həllinə lüzum görməmişdir. Lakin iddiaçının sonradan Balakən Rayon Məhkəməsinə xx xxxx 2020-ci il tarixli qərardadın ləğv edilib işə mahiyyəti üzrə baxılması barədə müraciət etməsi cavabdehin onu aldatdığını, verdiyi vədə əməl etmədiyini göstərir. Belə vəziyyətdə məhkəmə kollegiyası ana və uşağın qanuni mənafeyi baxımından iddiaçının məhkəmə müdafiəsi ilə təminatına üstünlük verilməsini daha ədalətli və məqsədəuyğun hesab edir. Xüsusən də, iddiaçı 10 yaşlı uşağını cavabdehin ödədiyi ayda 60 manat alimentlə saxlaya bilmədiyini, özünün 2-ci qrup əlil olduğunu və heç yerdə işləmədiyini, maddi vəziyyətinin ağır olduğunu bildirir. Görünür, iddiaçı cavabdehin aralarındakı razılaşmaya uyğun hərəkət etməsini xeyli müddət gözlədikdən və cavabdehin razılaşmanı icra etmək niyyətində olmadığını gördükdən sonra baxılmamış saxlanılmış iddia ərizəsinə məhkəmə baxışının davam etdirilməsini istəmiş, bu məqsədlə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından şikayət vermişdir. İddiaçı şikayət müddətini çox ötürmüş olsa da, lakin həmin müddətin ötürülməsi səbəbini üzrlü hesab etmək mümkündür. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” qəbul etdiyi qərardaddan İddiaçı verdiyi şikayəti təmin etməməkdə və həmin qərardadı ləğv edib işin mahiyyəti üzrə baxılmasını davam etdirməkdən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin baxılmamış saxlanılması barədə qərardadından İddiaçı tərəfindən verilmiş şikayət əsaslı sayılmaqla təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)- 502/2020 nömrəli qərardadı ləğv edilməli və İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiasına mahiyyəti üzrə baxılması üçün mülki işin materialları həmin Məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi həmin məhkəməyə göndərmək barədə qərardad qəbul edə bilər. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-502/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiasına mahiyyəti üzrə baxılması üçün mülki işin materialları həmin Məhkəməyə göndərilsin. Hazırkı qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar