Məhkəmə qərarları › İş №2(107)-2225/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2225/2020

12.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2225/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-587/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) xx xxxxxx 2020-ci il tarixli 2(019)-587/2020 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı Cavabdeh qarşı ”aliment” tələbinə dair iddiası təmin edilərək, xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh himayəsində olan xx xxxxxx 2014-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə nikahdan kənar qaydada cavabdeh ilə evlənmiş, nikahlarını isə rəsmiləşdirməmişlər. Onların faktiki nikahlarından xx xxxxxx 2014-cü il tarixdə X6 adında bir uşaqları anadan olmuşdur. İlk vaxtlar cavabdehlə mehriban yaşamaqla ailə münasibətiləri yaxşı olmuş, lakin son vaxtlar aralarında ailə münasibətləri zəminində mübahisələr və narazılıqlar baş vermişdir. Cavabdehlə aralarında baş vermiş narazılıqla əlaqədar ayrılmışlar. Belə ki, Cavabdeh onların birgə yaşadıqları dövrdə Balakən rayonu Meşəşambul kəndində inşa etdikləri evi yandıraraq kənddən çıxıb Bakı şəhərinə getmişdir. Hazırda Səbuhinin Bakı şəhərində hansı ünvanda yaşamasını bilmir. Cavabdeh 2020-ci ilin mart ayında ondan ayrılmışdır. Cavabdehdən ayrıldıqdan sonra uşaq özünün himayəsində yaşayır. Cavabdeh ümumiyyətlə uşaqla maraqlanmır və uşağın saxlanılması üçün ona heç bir maddi yardım göstərmir. Ailə qanunvericiliyinin tələblərinə əsasən cavabdehdə onunla birlikdə uşaq üzərində məsuliyyət daşıyır, eyni zamanda uşağa baxmaq onun da vəzifəsidir. Belə ki, o, heç yerdə işləmir. Ailə vəziyyəti ağır olmaqla uşaqla birlikdə valideynlərinə məxsus evdə yaşayır. Cavabdeh uşağın baxılmasında ona heç bir köməklik göstərmədiyindən aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, o, 2013-cü ildə nikahldan kənar qaydada İddiaçı ilə evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişdir. Onların xx xxxxxx 2014-cü ildə Gülayə adında bir uşaqları olmuşdur. Uşaq iddiaçının himayəsindədir. O, ayrılmaq istəmir, uşağa birlikdə baxıb böyütmək istəyir. Bakı şəhərində evi vardır, iddiaçının uşağı da götürüb gəlib həmin evdə yaşamasını istəyir. Uşağın baxılması üçün aliment ödəməkdən də imtina etmir, lakin iddiaçının tələb etdiyi 170 manat miqdarında alimenti ödəməyə maddi imkanı yoxdur. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-587/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Apelyаsiyа şikayətinin dəlilləri Cavabdeh apelyаsiyа şikayəti verərək Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-587/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, yəni X1 məqsədi ilə ondan hər ay 60 (altmış) manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyаsiyа şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız iddiaçının izahatını əsas kimi qəbul etmiş, lakin onun izahatına, yəni Laçın rayonundan məcburi köçkün olduğunu, iddiaçı ilə barışaraq birgə yaşayıb həmin uşağı bir yerdə böyütmək istədiyini, buna ciddi cəhdlər etdiyini və sair bildirdiklərinə əhəmiyyət verməmişdir. Ona görə ki, o, uşağın ondan ayrılıqda saxlanmasını və birtərəfli qaydada tərbiyə edilməsini istəyir. O cümlədən, o, məcburi köçkün olduğuna, heç yerdə işləmədiyinə, böyük tərkibli ailə dolandırdığına, onlardan 2 (iki) oğlunun hazırda müharibə bölgələrində əsgərlikdə olduqlarına baxmayaraq, onların həmin yetkinlik yaşına çatmamış uşağın saxlanması üçün bütün imkan və vasitələrdən istifadə etmiş, elə hazırda da etməkdədir. Hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi birtərəfli qaydada qəsdən şişirdilmiş ifadələrə əsasən (guya uşağın saxlanması üçün maddi və sair köməkliklər etmir) verildiyinə və qanunsuz olduğuna görə, işin apellyаsiyа instansiyası məhkəməsində müvafiq tam araşdırmaların nəticəsinə uyğun olaraq, ədalətli formada qismən təmin edilməsi, yəni yetkinlik yaşına çatmamış X2 məqsədilə ondan hər ay 60 (altmış) manat məbləğində aliment tutulması barədə yeni qətnamə çıxarılmalıdır. Ona görə ki, məcburi köçkün kimi cəmi 60 (altmış) manat məbləğində müavinət-çörəkpulu alır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram göndərərək xəstəliyi və maddi imkanın olmaması səbəbi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin üzrlü səbəbdən olması haqqında məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyаsiyа şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 446885 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. Balakən rayon İHB Meşəşambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 379 nömrəli arayışdan görünür ki, İddiaçı Cavabdeh ilə 2013-cü ildə qeyri-rəsmi evlənmiş, 2020-ci ildə ayrılmış, 2014-cü ildə bir qız uşaqları olmuşdur. İşin həqiqi halları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh 2013-cü ildə nikahdan kənar qaydada evlənmişlər. Onların faktiki nikahlarından xx xxxxxx 2014-cü ildə X6 adında bir uşaqları olmuşdur. İlk vaxtlar iddiaçı ilə cavabdeh mehriban yaşamaqla ailə münasibətiləri yaxşı olmuş, lakin sonradan aralarında ailə münasibətləri zəminində mübahisələr və narazılıqlar baş vermiş və onlar ayrılmışlar. Uşaq iddiaçının himayəsindədir. Cavabdeh uşağa baxmağa iddiaçıya maddi köməklik göstərmir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “X7” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 8-ci mаddəsinə əsаsən, hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf еtmək hüququ vаrdır. Dövlət bu şərаiti təmin еdən iqtisаdi, sоsiаlhüquqi və digər tədbirlər görməyi, sаğlаm və təhlükəsizlik mühiti yаrаtmаğı öz öhdəsinə götürür. 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X7 BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. X3 xx xxxxxx 1959-cu il tarixli Uşaq hüquqları Bəyannaməsinin 2-ci prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4-cü prinsipinə əsasən, uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır və bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Həmin Bəyannamənin 6-cı prinsipində deyilir ki, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. X7 Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və X7 BMT-in xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci mаddəsinə əsаsən, аliment ödənilməsi bаrədə sаziş оlmаdıqdа, məhkəmə tərəfindən аlimentin miqdаrı müəyyən оlunduqdаn sоnrа tərəflərdən birinin аilə və yа mаddi vəziyyətində dəyişiklik оlmuşsа, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə аlimentin müəyyən оlunmuş miqdаrını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xx xxxxxx 2020-ci il tarixdən yaşayış minumumu uşaqlar üçün artırılaraq 170 (bir yüz yetmiş) manat müəyyən edilmişdir. Uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, habelə mövcud bazar qiymətlərini nəzərə aldıqda görünür ki, bir nəfər uşağın saxlanılması üçün qət edilmiş 170 manat sabit pul məbləğində aliment məbləği ağlabatandır və heç də çox deyildir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, o cümlədən uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənilməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşağın saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyаsiyа şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, həmin hallar birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Kollegiyaya görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Apellyаsiyа şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X8 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyаsiyа instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyаsiyа şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-587/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-587/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyаsiyа instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar