Məhkəmə qərarları › İş №2(107)-228/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-228/2024

16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-228/2024 16.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Maddi və mənəvi zərərin ödənilməsi, məhkəmə xərci) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-992/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 20 oktyabr 2019-cu il tarixində ona məxsus həyətində yerləşən ərzaq malları mağazasını Cavabdeh icarəyə vermişdir. Onun himayəsində olan anasız övladlarına tək baxır. Buna görə 08 mart 2020-ci il tarixində o, yorğunluqdan yatmış olduğuna görə yemək hazırlaya bilmədiyindən və övladları ac olduğuna görə, oğlu Fərid Ağdaş şəhərində yerləşən Çinar restoranına zəng edərək 1 ədəd pizza sifariş vermişdir. Kuryer həmin pizzanı mağazaya gətirərək cavabdehə təhvil vermişdir. Cavabdeh sözü gedən pizzanın içinə qəsdən xeyli miqdarda duz tökərək aparıb evlərinə oğlu Fəridə vermişdir. Oğlu Fərid həmin pizzanı yeyərkən onun duzlu olduğunu bilmiş, lakin ac olduğundan məcbur qalıb həmin pizzanın bir hissəsini yemiş və buna görə də onun səhhətində problemlər yaranmışdır. Bu səbəbdən o, oğlu Fəridi Ağdaş şəhəri, Ərəş küçəsində yaşayan Minayə adlı həkimin evinə müayinə və müalicə üçün aparmışdır. Həkim oğlu Fəridə ilkin tibbi yardım göstərdikdən sonra müalicə yazaraq, müalicəni davam etdirmək üçün onları evlərinə göndərdi. Daha sonra o, mağazanın təhlükəsizlik kamerasına baxarkən ona məlum olmuşdur ki, sözü gedən pizzaya duzu qəsdən cavabdeh özü tökmüşdür. Cavabdehdən bu haqda soruşduqda isə o, and içərək bu əməlini təkzib etmişdir. Bundan sonra cavabdehin bir neçə qanunsuz və cinayət əməli hesab etdiyi əməllərinin də şahidi olmuş və həmin əməllərində videosübutlarını toplayaraq hüquq mühafizə orqanlarına onun bu və digər əməlləri barəsində şikayət ərizəsi vermişdir. Hüquq mühafizə orqanları tərəfindən şikayəti araşdırılıb və cavabdehin əməlində cinayət tərkibi olmadığından iş mülki xarakterli olduğuna görə, ona məhkəməyə müraciyət etməli olduğu tövsiyə olunub. Cavabdehin hərəkətləri nəticəsində ona və övladına maddi və mənəvi zərər dəymişdir. Belə ki, cavabdehin onun tək başına əziyyətlə baxdığı anasız övladlarına qarşı bu acımasız hərəkəti nəticəsində o, bir ata olaraq böyük sarsıntı və mənəvi izdirab keçirmiş və ona mənəvi zərər dəyib. Həmçinin cavabdehin bu hərəkəti nəticəsində o, müxtəlif xəstəliklərə tutulmuşdur. Belə ki, keçirdiyi izdirab səbəbindən əvvəllər qəbul etdiyi antidepressant stimulaton adlı dərmanı yenidən yüksək dozada qəbul etməyə başlamış və bundan sonrada həzm sistemində, qara ciyərində və sair ciddi problemlər yaranmışdır. Buna görə də Mingəçevir şəhərindəki xəstəxanaya gedərək müayinə və müalicə olunmuş və hələdə müalicəsi davam edir. Cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri o, 5000 (beş min) manat dəyərində qiymətləndirir. Oğlu Fəridin səhhətində yaranan problemlərin müalicəsi üçün və mənəvi iztirab nəticəsində əsəbləri pozulduğuna görə qəbul etdiyi dərmanlara görə uzun müddətdir müalicə olunur və bu səbəbdən ona 1000 (min) manat maddi zərər dəymişdir. Cavabdehin ona vurduğu ümümilikdə 6000 (altı min) manat maddi və mənəvi zərəri könüllü ödəməkdən yayındığından aralarında yaranmış dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir.

3. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı heç bir sübutu olmadan ona böhtan atır. İddiaçı onunla şəxsi prinsipdədir. Belə ki, iddiaçının ona atdıqları böhtanlar hələ də davam edir. 2020 və 2021- ci illərdə onu, guya 10000 (on min) manatdan artıq pulunu mənimsədiyini iddia edir. Ancaq Ağdaş Rayon Məhkəməsinin qərarı ilə onun bu böhtanı baş tutmamışdır. İndi də həmin böhtanı yenidən onun üzərinə atır. O, heç bir halda iddiaçının bu iddiası ilə razılaşmır. Onun bu iddiası ona qarşı atılan böhtandan başqa birşey deyil. Heç bir yerdə nə psixoloji, nə də problemli yerdə qeydiyyatda deyil. İçki də içmir, siqaretdə çəkmir. Himayəsində 2 azyaşlı övladı var. Kasıb və kimsəsiz bir insandır. Hətta imkanı olmadığından ərizənidə əlyazma ilə yazmalı olmuşdur. İddiaçı ona atdığı şər və böhtanlardan heç bir yerdə özünə iş tapa bilmir. İddiaçı hər kəsdən gileylənir. İllərdir özünün də qeyd etdiyi kimi qəbul etdiyi dərmanlar bəlkə də onu bu hala salıb. Heç bir halda İddiaçı ona qarşı yönəltdiyi ittihamları qəbul etmir. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab etmiş və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-992/2023 nömrəli qətnaməsi ilə (hakim C.Sultanov) iddianın qismən təmin edilməsi, Cavabdeh mənəvi zərərə görə 200 (iki yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh pizzanı aldıqdan sonra pizzaya duz əlavə etmiş, sonra iddiaçının ünvanına həmin pizzanı aparmışdır. İddiaçı həmin pizzanı yedikdən sonra oğlunun əhvalının pisləşməsini, həkimə müraciət etməsini, həm oğluna həm də özünə maddi və mənəvi ziyanın dəydiyini iddia edərək cavabdehdən ümumilikdə 1535 manat tələb etmişdir. Lakin iddiaçı ona dəymiş maddi zərərin dəyməsinə dair hər hansı bir mötəbər sübut məhkəməyə tədqim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. İşin materiallarında olan 1 ədəd CD diskdə olan videogörüntü tədqiq edilən zaman müəyyən olunmuşdur ki, Cavabdeh kuryerdən pizzanı təhvil alır, duz qabını götürür və sonra həmin qabı qaytarıb yerinə qoydu, mağazaya daxil olmuş İsmayıl adlı şəxs Qüdrətə “bunu yemək olar” sualını vermişdir. Daha sonra cavabdeh həmin pizza götürərək iddiaçının ünvanına getmiş və təhvil vermişdir.

10. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin qismən edilməli, Cavabdeh mənəvi zərərə görə 200 (iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələri, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyаsiyа şikаyətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərilmişdir ki, 2020-ci ildə Ağdaş Rayon məhkəməsinə yuxarıda qeyd etdiyi halları təsdiq edən sübutları əlavə edərək “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi təələbinə dair” iddia ərizəsi ilə müraciət etmişdir. Daha sonra iddia ərizəsi ona qaytarılsa da ərizəyə əlavə edilmiş sənəd və sübutlar ona qaytarılmamışdır. İddia tələbi ilə yenidən 2023-cü ildə təkrar məhkəməyə müraciət etmişdir. İşə əlavə olunmuş maddi zərərlə bağlı olan sübutları məhkəmədə qaldığından əlavə ərizə ilə həmin sənədlərin məhkəmənin arxivindən alınaraq iddia ərizəsinə əlavə edilməsini məhkəmədən xahiş etmiş, lakin sözügedən sənədlərin arxivdən alınaraq işə əlavə olunması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi qətnamədə həmin ərizəyə münasibət bildirməmişdir. Bundan başqa cavabdeh əməlindən peşman olmaq əvəzinə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək ona böhtan atdıldığını bildirmiş və əlehində bir neçə yalan cümlələr quraraq əslində özü ona böhtan atmış və bununla o mənəvi izdirabımı bir qədərdə artırmışdır.

13. Birinci instansiya məhkəməsi qətnaməni elan edən zaman və qətnamədən çıxarışın “qət etdi” hissəsində “İddiaçı Cavabdeh qarşı mənəvi-zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh mənəvi zərərə görə 200 (iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin.”kimi göstərmişdir.

14. Birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə mənəvi zərərin əvəzini qismən (200 manat miqdarda)təmin etməklə nəzərə almamışdır ki, cavabdeh törətdiyi əməli ehtiyatsızlıqdan deyil qəsdən, həmçinin azyaşlı (anasız) uşağa qarşı törətmişdir. Bundan başqa cavabdeh əməlindən peşman olub üzürxahlıq etmək əzəzinə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək utanmadan onun barəsində yalan cümlələr yazaraq ona böhtan atdığını bildirərək əslində özü ona böhtan atmışdır. Bununla da Birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

15. Birinci instansiya məhkəməsiqətnamədə ödənilmiş dövlət rüsumunun tərəflərə aid olması barədə məsələyə münasibət bildirməmişdir. Bununla da tətbiq edilməli olan prosessual hüquq normasını tətbiq etməmişdir

16. İşə baxan Ağdaş Rayon Məhkəməsinin cavabdehin qəsdən etdiyi hərəkətləri nəticəsində ona mənəvi zərərin dəyməsini, mənəvi izdirab və sarsıntı keçirməyi qətnaməsində öz təsdiqini tapsa da müəyyən edilmiş kompensasiyanın həcmi keçirilmiş iztirablara adekvat olmamışdır.

17. Birinci instansiya məhkəməsi qətnaməsində cavabdehin ona vurduğu mənəvi izdirabın və zərərin ağırlıq dərəcəsinin aşağı həddə, 200 manat məbləğində dəyərləndirməsi, dəymiş zərərin həmin məbləğdə olması faktiki olaraq sübut olunmur. Cavabdeh həmin hərəkətləri qəsdən törətdiyi üçün müəyyən edilmiş 200 manat məbləğində kompensasiyanın həcmi keçirdiyi iztirablara adekvat olmamışdır.

18. Birinci instansiya məhkəməsi gəldiyi ümumi qənaət, yəni ona mənəvi zərərin vurulması və buna görə zərərin əvəzi olaraq pul kompensasiyasının ödənilməsi doğru olsa da, vurulmuş mənəvi zərərin əvəzi olaraq müəyyən edilmiş məbləğin həcmi işin hallarına uyğun gəlmir. Belə ki, cavabdeh həmin hərəkəti qəsdən və ana qayğısından məhrum olmuş uşağa qarşı etmişdir.

19. Odur ki, iş üzrə Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(014)- 992/2023 nömrəli qətnaməsinin qismən–iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, həmin hissədə iddianın tam təmin olunması barədə qətnamə çıxarasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-992/2023 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. O həmçinin izahatında iddia ərizəsindəcə iddia tələbini azaldıb, cavabdehdən tələb etdiyi cəmi 1500 manat ziyanın 1000 manatının mənəvi zərər, 500 manatının isə maddi zərər olduğunu göstərmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

25. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 5-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər.

26. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarın 2-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

31. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(014)-992/2023 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, həmin hissədə iddianın tam təmin olunması barədə qətnamə çıxarasını xahiş etmişdir.

32. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin dövlət rüsumuna aid hissəsində mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, nəticədə həmin hissədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməlidir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Kollegiyanın iclasında müəyyən olunmuşdur ki, iddiaçı oğlu Fəridin sifariş verdiyi və cavabdehin işlədiyi mağazaya gətirilmiş pizzaya cavabdeh tərəfindən duz qatıldığını, bundan sonra həmin pizzanın oğluna verildiyini, pizzanı yedikdən sonra oğlunun əhvalının pisləşdiyini, həkimə müraciət etdiyini, həm oğluna həm də özünə maddi və mənəvi ziyanın dəydiyini əsas gətirərək, cavabdehdən 1000 manat mənəvi, 500 manat maddi ziyanın və 35 manat dövlət rüsumunun alınaraq ona ödənilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.

37. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh həmin hərəkətləri qəsdən törətdiyi üçün müəyyən edilmiş 200 manat məbləğində kompensasiyanın həcminin keçirdiyi iztirablara adekvat olmamasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından iddiaçının qeyd etdiyi əməlin cavabdeh tərəfindən qəsdən törədilməsi, bununla bağlı cavabdehin hər hansı bir məsuliyyətə cəlb edilməsi halı müəyyən edilmir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə istinad edilən əməlin qəsdən törədilməsi, iddiaçının birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən daha yüksək məbləğdə mənəvi zərərin ödənilməsinə əsas verəcək dərəcədə mənəvi sarsıntıya məruz qalmasına dair heç bir sübut təqdim edilməmişdir.

38. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnamədə ödənilmiş dövlət rüsumunun tərəflərə aid olması barədə məsələyə münasibət bildirməməsinə, məhkəmə tərəfindən prossesual hüquq normalarının pozulmasına dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 200 manat mənəvi zərərin tutulması nəticəsinə gəlsə də tələb edilən 35 manat dövlət rüsumunun tutulması hissəsində iddianı bütünlükdə rədd etməkdə haqlı olmamışdır.

39. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan birinci instansiya məhkəməsi iddiaçı tərəfindən əvvəlcədən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsinin də cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi məsələsini həll etməli olmasına dair prosessual qanunvericiliyin tələbini nəzərə almamaqla səhvə yol vermişdir.

40. Beləliklə məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və qeyd edir ki, iddianın təmin edilmiş mənəvi zərərə uyğun olan 5 manat dövlət rüsumunun tutulması hissəsi istisna olmaqla iddianın rədd edilmiş digər hissəsində mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş 5 manat dövlət rüsumuna aid hissəsi istisna olmaqla, iddianın rədd edilmiş qalan hissəsində ləğv edilməsi üçün əsas deyildir.

41. Şərh edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(014)-992/2023 nömrəli qətnaməsi qismən, yəni iddianın rədd olunmuş 5 manat dövlət rüsumuna aid hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh 5 manat dövlət rüsumunun tutulmasına dair hissədə də təmin edilərək, Cavabdeh 5 manat dövlət rüsumu da alınaraq İddiaçı ödənilməli, qətnamə İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(014)-992/2023 nömrəli qətnaməsi qismən, yəni iddianın rədd olunmuş 5 manat dövlət rüsumuna aid hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh 5 manat dövlət rüsumunun tutulmasına dair hissədə də təmin edilərək, Cavabdeh 5 manat dövlət rüsumu da alınaraq İddiaçı ödənilsin. Qətnamə İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar