Məhkəmə qərarları › İş №2(107)-232/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-232/2021

08.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-232/2021 08.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-656/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-656/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh qarşı “əmlakın geri qaytarılması tələbinə dair” iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İtaliya istehsalı olan 750 əyarlı 87 qram çəkidə 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daşqaşlı sepin və ya onun dəyəri olan 5723,73 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2016-cı il tarixdə toy edərək ailə qurmuşlar və münasibətlərini xx.xx.2016-cı il tarixdə RF Yaroslavl şəhərində rəsmi nikah bağlamaqla rəsmiləşdirmişlər. Onlar bir müddət cavabdehə məxsus ünvan 1 mənzil 30 ünvanında yaşamış və xx.xx.2016-cı il tarixdən Yaroslavl şəhərinə köçüb orada yaşayırlar. Yaroslavl şəhərinə gedərkən ona ərinin pulu hesabına alınmış qızıl-zinət əşyalarını, o cümlədən İtaliya istehsalı olan 750 əyarlı 87 qram çəkidə 3500 manat dəyərində 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş-qaşlı sepi cavabdehə saxlanca vermişdir. Yaroslavl şəhərində yaşamaqla onlar mütəmadi olaraq cavabdehə məxsus ünvan 1 mənzil 30 ünvanına qonaq gəlib qalaraq qayıtmışlar. Bu ünvanda olarkən o, qızıl-zinət əşyalarından istifadə etmiş və qayıdanda cavabdehə yenə də saxlanca vermişdir. Lakin son dəfə gələrkən qaynanası və baldızı ilə arasında səbəbsiz narazılıqlar yaranmış və o, evdən çıxıb getməyini bildirməklə qızıl-zinət əşyalarını cavabdehdən tələb etmişdir. Lakin cavabdeh İtaliya istehsalı olan, 750 əyarlı 87 qram çəkidə 3500 manat dəyərində 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş-qaşlı sepi qaytarmaqdan qəti surətdə imtina etmişdir. Qaynanası Cavabdeh 2019-ci ildən qızılları ona qaytarmaqdan imtina etmişdir. Qızıl-zinət əşyaları ona toy ərəfəsində bağışlanmış və onun mülkiyyəti hesab edilir. Ona görə də Cavabdeh İtaliya istehsalı olan 750 əyarlı 87 qram çəkidə 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş-qaşlı sepin və ya onun dəyəri olan 5723,73 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı onun gəlinidir. Oğlu ilə gəlininin toyu 2016-cı ildə sentyabr ayının 10-da Mingəçevir şəhərində olmuş, həmin ilin sentyabr ayının 30-da oğlu ilə gəlini X1 şəhərinə getmişlər. Onlar arasında nikah Rusiya Federasiyasında bağlanmışdır. Sərfinaz sənədlərini düzəltməkdən ötrü xx xxxxxx 2016-cı ildə Azərbaycana gəlmişdir. Həmin ərəfələr münasibətləri normal olmuşdur. 2016-cı ilin dekabr ayında Yeni il tədbirində Sərfinaz özünə məxsus dəsti taxmaq üçün ona vermiş və o, qızılı taxdıqdan sonra qaytarmışdır. Sərfinaz qızılları götürərək Rusiyaya getmiş və gəldiyi zaman qızıllarını ona göstərməmişdir. Sözügedən qızılları toy vaxtı 2350 manata internetdən sifariş etmiş və Bakı şəhərində Moskva univermağında işləyən, qızının sinif yoldaşı Saleh adlı şəxsə yoxlatmışlar. Qızılın çəkisi 32-35 qram olmuşdur. Gəlini ilə münasibətləri heç vaxt pis olmamışdır. Gəlini onu məhkəməyə verdikdən sonra aralarında olan münasibət pozulmuşdur. Qızıllar həmişə gəlini İddiaçı özündə olmuşdur. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X12 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh uzun illərdir tanıyır və münasibətləri yaxşı olmuşdur. İradə ilə gəlini Sərfinazın mübasibətlərinin hər zaman yaxşı olduğunu bilmişdir. 2016-cı ildən 2017-ci ilə keçməsi ilə əlaqədar Yeni il şənliyini Mingəçevir şəhərində yerləşən “Minqopark”da İradə xanım, onun qızı Rəqsanə və gəlini Sərfinaz ilə qeyd etmək qərarına gəlmişlər. Lakin şənliyə gəldikdə Sərfinazın gəlmədiyini görmüşdür. İradə xanımdan Sərfinazın harada olduğunu soruşduqda İradə xanım ona Sərfinazın bayramı qohumlarının evində Mingəçevir şəhərində qeyd edəcəyini bildirmişdir. İradə xanımın boynunda kolye olmuş və həmin kolyeni bir günlük gəlinindən almasını da bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh onun anası, İddiaçı isə gəlinləridir. Gəlinləri ilə aralarında heç vaxt pis münasibət olmamışdır. Sözügedən qızılı o, online sifarişlə internetdən 2350 manata sifariş etmiş və qızıllar gəldikdən sonra qızılları Bakı şəhərində yerləşən Moskva univermağında işləyən sinif yoldaşı Salehə göstərmişlər. Saleh özü də qızılların yaxşı olmasını təsdiq etmiş və o, toy mərasimində qızılları Sərfinaza təqdim etmişdir. X2 getdikdə qızıllarını özü ilə aparmış və Azərbaycana gəldikdə özü ilə gətirmişdir. Qızıllar hər zaman Sərfinazın özündə olmuş və Sərfinaz bir neçə dəfə bir günlük taxmaq üçün boyunbağını anasına vermişdir. Sərfinaz dekabr ayından Azərbaycanda olmasına baxmayaraq qızılları yalnız mart ayında tələb etməsi qızılların onda olmasına və onun yalan danışmasına dəlalət edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, “Minqopark”da təşkil olunan şənlikdərə şaxta baba rolunda iştirak etmişdir. 2018-ci ildən 2019-cu ilə keçən Yeni il şənliyində o, şaxta baba rolunda olmuşdur. Həmin vaxt Cavabdeh ilə şəkil çəkdirmiş və onun boynunda boyunbağının olmasını görmüşdür. Qarqızın boynunda boyunbağı olub-olmaması isə yadında deyil. 2016-cı ildə “Minqopark”da Yeni il şənlikləri təşkil olunmamışdır. O, “Minqopark”da 2018-ci ildən işləyir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-656/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, o və cavabdehin oğlu X8 xx xxxxxxxx 2020-ci il tarixdə toy edərək ailə qurmuş, münasibətlərini xx xxxxxx 2016-cı il tarixində X1 şəhərində nikah bağlamaqla rəsmiləşdirmişlər. Onlar bir müddət cavabdehə məxsus ünvan 1 mənzil 30 ünvanında yaşamış və hazırda xx xxxxxxxx 2016-cı il tarixdən Yaroslavl şəhərinə köçüb orada yaşayırlar. Yaroslavl şəhərinə gedərkən ona ərinin pulu hesabına alınmış qızıl-zinət əşyalarını, o cümlədən İtaliya istehsalı olan 750 əyarlı 87 qram çəkidə 3500 manat dəyərində 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş-qaşlı sepi cavabdeh olan qaynanası Cavabdeh saxlanca vermişlər. Yaroslavl şəhərində yaşamaqla onlar mütəmadi olaraq cavabdehə məxsus ünvan 1 mənzil 30 ünvanına qonaq gələrək qayıtmışlar. Həmin ünvanda olarkən o, qızıl-zinət əşyalarından isifadə etmiş və qayıdanda cavabdehə yenə də saxlanca vermişdir. Lakin son dəfə gələrkən qaynanası və baldızı ilə aralarında səbəbsiz narazılıqlar yaranmış və o, evdən çıxıb getməyini bildirməklə qızıl-zinət əşyalarını cavabdehdən tələb etmişdir. Lakin cavabdeh İtaliya istehsalı olan 750 əyarlı 87 qram çəkidə 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş-qaşlı sepi qaytarmaqdan qəti surətdə imtina etmişdir. Bundan başqa, məhkəmə ona məlum olmayan səbəbdən özünün sorğu verməklə əldə etdiyi sübutlara istinad etməməklə iddianın rədd edilməsini əsaslandırmağa çalışmış, hansı səbəbdən 2016-cı ildə çəkilmiş şəklin 2019-cu ildə yayımlanmasının əsaslı, çəkilmiş şəklin dərhal paylaşılmamasının ağılabatan olması kimi subyektiv və əsassız mülahizə irəli sürmüşdür. İş materiallarına əlavə olunmuş Dövlət Gömrük Komitəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, o, dövlət sərhədini tərk edərkən özü ilə hər hansı qızıl-zinət əşyası aparmamışdır. Məhkəmə yenə öz subyektiv mövqeyini ortaya qoyaraq cavabdehin qızı Rəqsanə İsmayılovanın və rəfiqəsi Günel Əliyevanın izahatlarına üstün qiymət vermiş, iş üzrə tərəflərlə heç bir qohumluq əlaqəsi olmayan X4 izahatını nəzərə almamış və hansı səbəbdən nəzərə almadığını əsaslandırmamışdır. Halbuki, şahid ifadəsində göstərmişdir ki, 2016-cı ildə “Minqopark”da Yeni il şənliyi təşkil olunmamış və o, “Minqopark”da 2018-ci ildən işləmişdir. İşin bu kimi halları üzrə araşdırma aparmaq əvəzinə məhkəmə qərəzli şəkildə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Təqdim etdiyi fotoşəkillərdən də görünür ki, ona məxsus qızılzinət əşyalarından cavabdeh şəxsi əmlakı kimi sərbəst istifadə etmiş və onlara yiyələnmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkili) X9 apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-656/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı və onun vəkili X10 təkrarən məhkəmə iclasına gəlməmişlər. iddiaçının vəkili X10 ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək digər məhkəmədə işi olduğundan hazırkı işə baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası əvvəlki məhkəmə iclasının iddiaçının və vəkilinin iştirak etməməsi ilə əlaqədar təxirə salınmasını, onların növbəti dəfə də, yəni hazırkı məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməməsini, eyni zamanda hər dəfə cavabdehin məhkəmə iclasına gəlməsini və qarşı tərəfin gəlməməsinə haqlı narazılıq bildirməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə gəlməyən şəxslərin iştirakı olmadan işə baxmağa haqlıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə işə iddiaçının və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-656/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə olunmuş “xxxx” MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 47 saylı rəydən görünür ki, 750 əyyarlı ağ qızıldan, İtaliya istehsalı, 35 qram çəkidə, üzərində çoxlu brilliant qaşları olan kolye dəstinin (sırğa, bilərzik, üzük, sep klonla) qiyməti 3500 manat təşkil edir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı arasında nikah xx.xx.2016-cı ildə Rusiya Federasiyasında qeydə alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması tələbinə dair” iddiası əsassızdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı Cavabdeh gəlinidir. İddiaçı cavabdehin oğlu Zaur İsmayılovla xx xxxxxxxx 2016-cı ildə Mingəçevir şəhərində ailə qurmuş, bir müddət cavabdehə məxsus ünvan 1 mənzil 30 ünvanında yaşamış, xx.xx.2016-cı il tarixdən X1 şəhərinə köçüb orada yaşayırlar, nikahlarını da xx.xx.2016-cı ildə Yaroslavl şəhərində qeydə aldırmışlar. Yaroslavl şəhərində yaşamaqla onlar mütəmadi olaraq cavabdehə məxsus ünvan 1 mənzil 30 ünvanına qonaq gəlib qalaraq qayıtmışlar. İddiaçı ilə cavabdeh arasında gəlin-qaynana münasibətləri 2019-cu ilə kimi normal olmuşdur. Bunu iddiaçı özü də etiraf etmişdir. İddiaçının dəlillərinə görə, Yaroslavl şəhərinə gedərkən özünün qızıl-zinət əşyalarını cavabdehə saxlanca vermiş, Mingəçevir şəhərinə qonaq gələrkən həmin əşyalarından istifadə etmiş və qayıdanda onları yenə də cavabdehə saxlanca vermişdir. Lakin son dəfə 2019-cu ildə gələndə qaynanası və baldızı ilə arasında səbəbsiz narazılıqlar yaranmış və o, evdən çıxıb gedərkən qızıl-zinət əşyalarını cavabdehdən tələb etmiş, lakin cavabdeh onları qaytarmaqdan qəti surətdə imtina etmişdir. Cavabdehdə qalan qızıl-zinət əşyaları İtaliya istehsalı olan, 750 əyarlı 87 qram çəkidə 3500 manat dəyərində 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş-qaşlı sepdən ibarətdir. Cavabdehin izahatına görə isə, oğlu ilə gəlininin toyu 2016-cı ildə sentyabr ayının 10da Mingəçevir şəhərində olmuş, həmin ilin sentyabr ayının 30-da oğlu ilə gəlini X1 şəhərinə getmişlər. Onlar arasında nikah Rusiya Federasiyasında bağlanmışdır. Gəlini Sərfinaz sənədlərini düzəltməkdən ötrü xx xxxxxx 2016-cı ildə Azərbaycana gəlmişdir. 2016-cı ilin dekabr ayında Yeni il tədbirində Sərfinaz özünə məxsus qızıl-zinət dəstini taxmaq üçün ona vermiş və o, qızılları taxdıqdan sonra qaytarmışdır. Sərfinaz Rusiyaya qayıdarkən qızıllarını ondan götürmüş, sonralar iddiaçının qızıllarını harada saxlamasını bilməmiş və bununla maraqlanmamışdır. İddiaçı onun qızıl-zinət dəstinin 2019-cu ildə cavabdehdə olmasını sübut etmək üçün 2018-ci ildən 2019-cu ilə keçən Yeni ildə Mingəçevir şəhərində “Minqopark”da təşkil olunan şənlikdə çəkildiyini iddia etdiyi fotoşəkilləri, o cümlədən qaynanasının (cavabdehin) və baldızının fotoşəkillərini məhkəməyə təqdim etmişdir. Həmin fotoşəkillər xxxx telefon vasitəsilə Cavabdeh və qızı Rəqsanə İsmayılovanın sosial şəbəkədə olan statuslarından götürülmüşdür. İddiaçı həmin fotoşəkillərdə cavabdehin üzərində olan qızıl-zinət əşyalarının onunku olduğunu bildirmişdir. Cavabdeh isə sözügedən fotoşəkilləri sosial şəbəkəyə 2019-cu ildə qoysalar (paylaşsalar) da, həmin fotoşəkillərin 2016-cı ildən 2017-ci ilə keçən Yeni il şənliyində çəkildiyini, o vaxtlar iddiaçı öz qızıl-zinət əşyalarını ona üzərinə taxıb həmin tədbirdə iştirak etmək üçün verdiyini, Yeni il şənliyindən sonra qızıl-zinət əşyalarını yenə də iddiaçının özünə qaytardığını bildirmişdir. Tərəflərin mülahizələri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən fotoşəkillərdən onların nə vaxt çəkildiyini müəyyən etmək, buna görə də hər hansı tərəfin mülahizəsinə üstünlük vermək mümkün deyildir. Bu baxımdan sözügedən fotoşəkillər mübahisəli qızıl-zinət əşyalarının 2019-cu ildə cavabdehdə olduğu qənaətinə gəlməyə yetərincə əsas vermir. İddiaçı 2019-cu ildə qaynanası (cavabdeh) və baldızı ilə aralarında narazılıq yarandığını bildirsə də, lakin o, apellyasiya baxışı iclasında iştirak etmədiyindən, narazılığın 2019-cu ilin hansı vaxtında və hansı səbəbdən yarandığını, narazılığın xarakterini və münasibətlərin pozulması dərəcəsini, tərəflərin bir-birindən ayrıldığı şəraiti, nə üçün iddiaçının narazılıq yaranana qədər qızıl-zinət əşyalarını cavabdehdən götürməməsini, cavabdeh qızıl-zinət əşyalarını qaytarmaqdan imtina etdikdə iddiaçının hüquqmühafizə orqanlarına (polisə və ya prokurorluğa) müraciət edib-etməməsini və ya nə üçün dərhal müraciət etməməsini, tərəflər arasında narazılığın yaranmasından sonra iddiaçının məhkəmədə hazırkı iddianı qaldırmasına qədər keçən müddəti və sair əhəmiyyətli halları aydınlaşdırmaq mümkün olmamışdır. Halbuki, iddiaçının tələbinin əsaslılığına düzgün hüquqi qiymət verilməsi müstəsna olaraq qeyd edilən halların aydınlaşdırılmasından asılıdır. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının üzrlü səbəb olmadan apellyasiya baxışında iştirak etməməsi və bunun həm apellyasiya şikayətinin dəlillərini, həm də iş üçün əhəmiyyətli yuxarıda göstərilən xüsusatları araşdırmağa imkan verməməsi iddiaçının sübutetmə vəzifəsini lazımınca yerinə yetirməməsi kimi şərh edilməli olan haldır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının iddia ərizəsində onun tələbi ziddiyyətlidir. Belə ki, o, bir tərəfdən, iddia etdiyi qızıl-zinət dəstinin dəyərinin 3500 manat olduğunu bildirir, digər tərəfdən isə, cavabdehdən həmin qızıl-zinət dəstinin və ya onun dəyəri kimi 5723,73 manat pulun alınıb ona verilməsini tələb edir. İddiaçı apellyasiya baxışında iştirak etmədiyindən bu ziddiyyətin (qızıl-zinət dəstinin dəyəri kimi 3500 manat əvəzinə 5723,73 manat pulun tələb olunması səbəbinin) aydınlaşdırılması mümkün olmamışdır. İddiaçının apellyasiya şikayətindəki dəlillərindən birinə görə, Dövlət Gömrük Komitəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, o, dövlət sərhədini tərk edərkən özü ilə hər hansı qızıl-zinət əşyası aparmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı istinad etdiyi məktubun məzmununu öz marağına uyğun təfsir etmişdir. Belə ki, əslində işdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2020-ci il tarixli məktubunda bildirilir ki, Komitənin məlumat bazasında İddiaçı tərəfindən 2011-2019-cu illər və 2020-ci ilin ilk 8 ayı ərzində təqdim olunmuş hər hansı gömrük bəyannaməsi və ya sərnişin bəyannaməsi haqqında məlumat yoxdur... Göründüyü kimi, DGK-nin məlumat bazasında iddiaçının gömrük sərhədindən sərnişin kimi keçməsi haqqında da məlumat yoxdur. Halbuki, iddiaçı dəfələrlə gömrük sərhədindən keçmiş, lakin nədənsə onun gömrük sərhədindən keçməsi qeydiyyata düşməmişdir. Ona görə də istinad edilən məktub iddiaçının gömrük sərhədindən keçərkən özü ilə qızıl-zinət əşyaları keçirməməsinin sübutu üçün yetərli sayıla bilməz. Cavabdehin izahatına görə, iddiaçının valideynləri də Mingəçevir şəhərində yaşayır və o, Rusiyadan Mingəçevir şəhərinə gələrkən daha çox valideynlərinin yanında qalmışdır. Belə olduğu halda iddiaçının öz qızıl-zinət əşyalarını saxlanca verməyə anasını deyil, qaynanasını seçməsi bir qədər təəccüb doğurur. Ona görə ki, qaynana ilə müqayisədə ana ilə münasibətin pozulması riski qat-qat azdır. Bu baxımdan iddiaçının Rusiyaya gedərkən öz qızıl-zinət əşyalarını saxlanc üçün anasına etibar etməsi ehtimalı da istisna oluna bilməz. Cavabdehin izahatına görə, iddiaçı öz qızıl-zinət əşyalarını ona saxlanca deyil, əvvəllər münasibətləri yaxşı olanda bir neçə dəfə istifadə etmək (taxmaq) üçün vermiş, müvafiq tədbirlərdə iştirak edəndən sonra isə qızılları özünə qaytarmışdır. Apellyasiya baxışı zamanı cavabdehin həyat yoldaşı (iddiaçının qaynatası) X7 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin elektron poçtuna izahat göndərilmişdir. M.İsmayılov həmin izahatında bildirir ki, İddiaçı onun gəlini, Cavabdeh isə onun həyat yoldaşıdır. İddiaçıya toy günü verilən komplekt onun qızı Rəqsanə İsmayılova tərəfindən alınmışdır. Həmin komplektin alınması üçün 2350 (iki min üç yüz əlli) manat məbləğində pulu özü göndərmişdir. Həmçinin qeyd edir ki, toyda özü iştirak etmişdir. İddaçı onun oğlu ilə 2016-ci ilin sentyabr ayının sonundan 2018-ci ilin noyabr ayının sonuna qədər onunla birgə X1 şəhərinə köçüb yaşamışlar. Həyat yoldaşından tələb edilən qızıllar həmin illər ərzində Rusiyada gəlninin özündə olmuş, dəfələrlə üzərində istifadə etdiyini görmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı iddia edilən qızılların iddiaçının qaynanası olan Cavabdeh olması sübuta yetirilməmiş, bununla əlaqədar iddiaçının təqdim etdiyi sübutlar yetərli və mötəbər olmamışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı Cavabdeh İtaliya istehsalı olan 750 əyarlı 87 qram çəkidə üzük, sırğa, qolbağı və qiymətli daş-qaşlı sepdən ibarət dəstin (komplektin) və ya onun dəyəri olan 5723,73 manat pulun alınıb ona verilməsi tələbinə dair irəli sürdüyü iddia əsassızdır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-656/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)- 656/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar