Məhkəmə qərarları › İş №2(107)-233/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-233/2023

21.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-233/2023 21.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “uşaq” tələbinə dair dair mülki iş üzrə (Açar sözlər: Uşaq tələbi, qəyyumluq və himayəçilik komissiyasının rəyi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2, Üçüncü şəxs Mingəçevir Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaq” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(051)-1476/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı uşaqların yanında qalması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlə birgə nikahlarından xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların onun yanında qalması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, cavabdehlə birgə nikahdan doğulmuş uşaqların onun yanında qalması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddia ərizəsi verildikdən sonra cavabdeh uşaqlara təsir edərək özü ilə aparmışdır. Hazırda uşaqlar cavabdehin yanındadırlar. Odur ki, xx.xx.2009-cu il tarixdə doğulmuş Arif , xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların Cavabdeh alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 28 yanvar 2008-ci il tarixdə Ağdam rayonu, Norvuzlu İHB-nin Novuzlu ərazi nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 22 oktyabr 2009-cu il tarixdə X15, 14 noyabr 2011-ci il tarixdə X11 və 10 iyul 2014-cü il tarixdə X16 adlı üç uşaqları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən aralarında narazılıq yaranmış və münasibətləri pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-906/2021 saylı 24 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş və nikah pozulduqdan sonra Arif, Aylin və Əsma adlı uşaqların Cavabdeh yanında qalmaları müəyyən edilmiş və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin ondan alınıb Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra da hər üç uşaq onun yanında qalmışlar. Həmin müddət ərzində də uşaqlara özü qulluq etmiş və bütün təminatlarını qarşılamışdır. Bununla belə həmin vaxtlar uşaqlar anaları ilə görüşmüş və onunla heç bir problemləri olmamışdır. Buna baxmayaraq, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-906/2021 saylı 24 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən uşaqların analarının yanında qalmaları və alimentin tutulması müəyyən olunduğu üçün aliment borcu yaranmışdır. O hər zaman uşaqlara anaları ilə görüşməyi və onun yanında da qalmalarını təklif etsə də, özləri onu seçmiş və onun yanında qalmaq istəmişlər. Lakin sonradan, yəni işə məhkəmdə baxılan vaxt cavabdeh uşaqları görmək adı ilə aparmış və geri qaytarmamışdır. Hazırda uşaqlar cavabdehin yanındadır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclası zamanı iddiaçı ilə eyniməzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçı ilə ayrıldıqdan sonra uşaqlar onun yanında qalmışlar. İddiaçı aliment ödəməkdən boyun qaçırmaq üçün uşaqların onun yanında qaldığını bildirir, lakin uşaqlar heç vaxt iddiaçının yanında qalmamışlar. Uşaqlar daim onun yanında qalmışlar. Hazırda da uşaqlar onun yanındadır. Bununla belə o, uşaqların iddiaçı ilə görüşməsinə etiraz etmir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nüməyəndəsi X12 izahatında göstərmişdir ki, məhkəmənin qərardadı qəyyumluq və himayəçilik orqanına daxil olduqdan sonra hər iki tərəfin yaşayış yerini, həyat şəraitini müayinə etmiş, belə qərara gəlmişlər ki, xx.xx.2009cu il tarixdə doğulmuş Arif , xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların Cavabdeh yanında qalmaları daha məqsədə uyğundur. Belə rəyə gələrkən uşaqların bir-birinə bağlılığını, gündəlik həyat tərzlərini, təhsillərini, yaşlarını və qidalanmalarını nəzərə almışlar, əsasən uşaqların mənafelərini diqqətdə saxlamışlar. Hazırda isə həmin azyaşlı uşaqlar anaları tərəfindən döyüldüklərini və lazımı qayğı-qulluq göstərilmədiyini bildirmişlər, həmçinin Qəyyumluq və Himayəçilik komissiyasındakı izahatları anaları tərəfindən edilmiş psixi təzyiqlərin təsiri altında vermişlər. Belə olan halda isə həmin uşaqların Cavabdeh alınıb ataları İddiaçı verilmələrinə etiraz etmir. Məhkəmə iclası zamanı psixoloq X2 iştirakı ilə dindirilmiş xx.xx.2009-cu il tarixdə doğulmuş Arif adlı uşaq göstərmişdir ki, anası hər gün işə gedən zaman evləri təmizləməyi onlara tapşırmış, onlar isə bunu etmədikdə evə gələn zaman onları döymüşdür. Bu səbəbdən də o, bacıları ilə birlikdə qaçıb atasının yanına getmişlər. Sonra isə anası ilə görüşdükləri zaman anası onları zorla aparıb onunla birlikdə yaşamağa məcbur etmişdir. Həmçinin anası onun yanında qalmaqlarına etiraz edəcəkləri təqdirdə bunun onlar üçün heç də yaxşı olmayacağı ilə hədələyərək onlara psixi təsir göstərmişdir. Elə buna görə də qəyyumluq və himayəçilik komissiyasında verdikləri izahatları anaları tərəfindən edilmiş psixi təzyiqlərin təsiri altında verdiklərindən məcbur qalıb anaları ilə yaşamaq istədiklərini bildirmişlər. Hazırda anasının yanında olsa da, onunla qalmaq istəmir. O, atasının yanına getmək istəyir. Məhkəmə iclası zamanı psixoloq X2 iştirakı ilə dindirilmiş xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqlar da Arif adlı uşaqla eyniməzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etmişlər və ataları İddiaçı yanına getmək istədiklərini bildirmişlər. Mingəçevir Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(051)-1476/2022 saylı qətnaməsi ilə (hakim N.Paşayev) iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqlarının Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2008ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahlarından xx.xx.2009cu il tarixdə Arif, xx.xx.2011-ci il tarixdə Aylin və xx.xx.2014-cü il tarixdə Əsma adlı uşaqları doğulmuşdur. Tərəflər ailə daxili narazılıqlara görə xx.xx.2021-ci il tarixdə rəsmi qaydada boşanmışlar və boşandıqdan sonra uşaqların cavabdehin yanında qalması müəyyən edilmişdır. Lakin sonradan uşaqlar öz istəkləri ilə atalarının, yəni iş üzrə iddiaçının yanına getmiş və onun yanında yaşamışlar. Ona görə də iddiaçı ilkin olaraq uşaqların onun yanında saxlanılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu müddət ərzində cavabdeh tərəfindən uşaqlara təzyiq edilmiş və onlar cavabdehin yanına getmişlər. Hazırda xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqlar cavabdehin yanında yaşasalar da, məhkəmə iclasında psixoloq X2 iştirakı ilə dindirilən zaman cavabdeh tərəfindən zorakılığa məruz qaldıqlarına görə cavabdehlə bir evdə yaşamaq istəmədiklərini bildirməklə, iddiaçının yanında qalmalarını istəmişlər. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək, həmçinin atanın (iddiaçının) azyaşlı uşaqların onun himayəsinə verilməsini istəməsini, onun şəxsən öz uşaqlarının qayğısına qalıb onları böyütmək, tərbiyə etmək arzusunda olmasını və bir ata, valideyn kimi qanunvericilikdə bu hüquqa malik olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, Arif adlı uşaq 13 yaşına, Aylin adlı uşaq 11 yaşına çatdığına görə ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə ayrı yaşayan valideynlərdən birini seçmək hüququna malikdirlər. Həmçinin Əsma adlı uşaq 8 yaşına çatdığından məhkəmə qərar qəbul edərkən həmin uşağın fikrini öyrənə və nəzərə ala bilər. Belə olan halda uşaqların fikirlərinin nəzərə alınması onların mənafeyinə uyğundur. Çünki uşaqlar barəsində görülən bütün tədbirlərdə uşaqların mənafeyi üstün tutulmalı, onların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən olunmuş hallarından görünür ki, uşaqların məhkəmə qətnaməsi ilə ananın yanında qalmaları müəyyən edilsə də, sonradan uşaqlar öz istəkləri ilə zorakılığa məruz qaldıqlarına istinad edərək, ananın yanında qalmaq istəməmiş və atanın yanına getmişlər. Lakin sonradan uşaqlarla görüş zamanı cavabdeh onları iradələrinə zidd şəkildə öz yanına aparmışdır. Hazırda həmin uşaqlar məcburən ananın yanında qalırlar. Belə olan halda uşaqların ananın yanında qalmalarına dair məhkəmə qətnaməsindən asılı olmayaraq, hazırkı mübahisə uşaqların mənafeyinə uyğun həll edilməlidir. Uşaqların mənafeyi isə onu tələb edir ki, uşaqlar cavabdehdən (anadan) alınaraq iddiaçıya (ataya) verilsin. Uşaqlar məhkəmə iclası zamanı anası tərəfindən dəfələrlə döyüldüklərini və onun yanında qalmaq istəmədikklərini bildirdikləri halda şiddətə məruz qalacaqları ilə hədələndiklərini bildirmişlər. Bu hallar da onu deməyə əsas verir ki, cavabdeh tərəfindən uşaqlara qarşı qeyd olunan qəddar rəftarın və psixi zorakılığın tətbiq edilməsi, uşaqların həyat və sağlamlığının təhlükədə olmasına, hətta hüquqlarının və qanuni mənafelərinin pozulmasına şərait yaratmaqla bərabər, ana ilə uşaqlar arasında mövcud olmuş emosional bağlılığın qopmasına və uşaqların atanın yanında qalmalarına üstünlük vermələrinə səbəb olmuşdur. Hazırkı vəziyyətdə ana və uşaqları bir-birindən ayırmasını şərtləndirən müstəsna şərait məcmu halında mövcuddur. Ona görə də uşaqların cavabdehdən alınıb iddiaçıya verilməsi, həm işin həqiqi hallarına həm də, uşaqların üstün mənafelərinə uyğundur. Məhkəmə mübahisənin düzgün həlli edilməsi baxımından, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində göstərilən xüsusatlara da qiymət verilməsini zəruri hesab edir. Belə ki, Komissiyanın rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, komissiya tərəflərin hər birinin həyat və yaşayış şəraitini müayinə etmiş, nəticədə belə qərara gəlmişdir ki, xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011 -ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların anası Cavabdeh yanında qalması daha məqsədə müvafiqdir. Bununla belə Komissiya həmin nəticəyə gələrkən, uşaqların ananın yanından getmələrinə, hazırda onların iradələrinə zidd şəkildə və psixi təzyiqlərlə analarının yanında qalmağa məcbur edildiklərinə, ana ilə uşaqlar arasında emosional bağlılığın qopmasına səbəb olan halları araşdırmamış, həmçinin belə vəziyyətə uşaqların ananın yanında qalmalarını zəruri edən müstəsna halların nədən ibarət olmasını göstərməmiş və bu halların uşaqların üstün mənafeyinə uyğun olmasını kifayət qədər əsaslandırmamışdır. Komissiya yalnız hər iki tərəfin həyat şəraiti müayinə etmiş və formal mülahizələrlə azyaşlı uşaqların analarının yanında qalmalarının onların mənafelərinə uyğun olması qənaətinə gəlmişdir. Hansı ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasında azyaşlı uşaqlardan alınmış izahatlar anaları tərəfindən onlara edilmiş psixi təsirin nəticəsində yazılmışdır. Lakin Komissiya bu kimi halları araşdırmadan, yalnız cavabdehin dəlillərinə istinad etmiş, işin digər hallarına qiymət verməmişdir. Ona görə də məhkəmə komissiyanın gəldiyi nəticə ilə razılaşmır və onu sübut növü kimi qəbul etmir. Baxılan iş üzrə uşaqlar ananın yanında qalmaqdan təkidlə imtina edir, atanın yanında özlərini xoşbəxt hiss etdiklərini bildirirlər. Bu baxımdan, cavabdehin valideynlik hüquqları uşaqların mənafeyinə zidd, onların mənəvi inkişafına, fiziki və psixi sağlamlıqlarına xələl yetirəcək şəkildə həyata keçirilə bilməz. Məhkəmə, bu qənaətə gələrkən, yalnız uşaqların bildirdiklərini deyil, işin müəyyən olunmuş digər hallarını da əsas tutmuşdur. Belə ki, uşaqların öz iradələri ilə atasının yanına getmələri, bir müddət atalarının yanında yaşamaları, lakin sonradan iradələrinə zidd şəkildə analarının yanında yaşamalarına məcbur edilmələri və buna görə də psixi təzyiqlərə məruz qalmaları onu deməyə əsas verir ki, uşaqların ananın yanında qalmaları onların mənafeyinə ziddir. Belə olan halda uşaqların mənafeyi valideynlik hüququndan üstündür. Məhkəmə, həmçinin qeyd edir ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin "İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir ("Mustafa və X9rşı” iş). "K. A. Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, "...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 12-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.4, 51.5, 52, 60.1, 60.4-cü maddələri, BMT Baş Məclisinin xx.xx.1959–cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipi, Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddələri, Avropa Məhkəməsinin Mustafa və Armağın Türkiyəyə qarşı, K.A.Finlandiyaya qarşı qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsinə dair 20 fevral 2020-ci il tarixli qərarının 7.1-ci bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə heç bir qanuna əsaslanmamış və mülahizələri əsasında çıxarılmışdır. Məhkəmə iclasında uşaqların fikri öyrənilməsi qeyd edilmiş və guya uşaqlar onun onlara təzyiq etməyini, onu istəmədiklərini, onun onları döyməyini və evdə işlətməyini bildirmişlər. Buna istinad edən məhkəmə qətnamə çıxarmış və uşaqların azyaşlı olmasını nəzərə almamışdır. Uşaqların əvvəldən ataları tərəfindən öyrədilməsini nəzərə almamışdır. Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasında dindirilmiş hər üç uşaq onun yanında qalmaq istəmələrini bildirmiş, lakin məhkəmə iclasında xx.xx.2009-cu il tarixdə doğulmuş Arif və xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin adlı uşaqlar dindirilərkən ataları ilə qalmaq istədiklərini bildirmişlər. Bunun səbəbi araşdırılmamışdır. Belə ki, uşaqlar ataları olan İddiaçı tərəfindən aldadılmışlar. İddiaçı onlara guya onlar atalarını seçdikləri halda oda məcburiyyət qarşısında qalıb barışacağını bildirmişdir. Lakin onun iddiaçı ilə barışmaq niyyəti yoxdur və uşaqlara bunu izah etmişdir. Uşaqlar dindirilərkən o, zaldan çıxarılmış və onun heç bir nümayəndəsi və ya vəkili olmadığı üçün uşaqların aldadılaraq izahatının alınmasında iştirak edə bilməmişdir. Uşaqlar hazırda onun yanındadırlar və bildirirlər ki, “ana biz səni istəyirik. Sən bizə yaxşı baxırsan. Atam qardaşımızı öyrədib ki, biz atamızda qalmağı desək sənin yanında qalacağıq amma atamda bizlə qalacaq.” Lakin bu cür aldadılma qanunsuz və əsassızdır. Uşaqlarda çaşqınlıq yaradılmış və aldadılmalarına birbaşa göz yumulmuşdur. Hazırki vaxta kimi onun uşaqları döyməyi və onlara hər hansı işlər gördürməyi ilə əlaqədar heç bir sübut yoxdur. O, Mingəçevir şəhərində uşaqlara əyləncəli proqramların hazırlanmasında və azyaşlı uşaqların zehni inkişafına kömək edən lahiyyələri təşkil edir. Bütün şəhər əhalisi bunu bilir və onun bütün uşaqlara qarşı necə həssas yanaşmasından xəbərdardır. Məhkəmə iş üzrə yuxarıda qeyd edilən halları araşdırmaq, uşaqların sözlərinin təsir altında dediklərini müəyyən etmək və valideynlərdən hansının uşaqların psixologiyasına mənfi təsir etməsini dəqiqləşdirmək üçün iş üzrə məhkəmə psixoloji ekspertizasını keçirməli olduğu halda bunu etməmişdir. Əksinə tələsik və tam araşdırma aparmadan qətnamə çıxarmışdır. Halbu ki, uşaqların Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasında verdikləri izahatlarla məhkəmə iclasında veridikləri izahatlar fərqlilik təşkil edir. Bu isə öz növbəsində tam araşdırılmalı idi. Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən uşaqların onun yanında qalması ilə bağlı rəy verilmiş, lakin məhkəmə iclasında uşaqların sözlərindən sonra nümayəndə öz fikrini söyləmişdir. Məhkəmə mötəbər sübut kimi İcra Hakimiyyətinin nümayəndəsinin deyil Komissiyanın üzvlərinin kollektiv halda çıxardığı qərar və rəyi əsas götürməli idi. Məhkəmə işin bütün hallarını müqayisəli təhlil edib işdə olan sənədlərə əsasən qərar çıxarmalı olduğu halda yalnız sonuncu məhkəmə iclasında aldadılmış uşaqların sözlərini mötəbər sübut kimi qəbul etmişdir. Məhəkəmə uşaqları iddiaçıya yəni atalarına verəndə uşaqlara kimin qulluq edəcəyini və iddiaçının uşaqlarına baxmaq üçün hansı imkanları olmasını araşdırmamışdır. İddiaçı aliment kəsiləndən indiyə kimi aliment ödəməmiş, yalnız aliment ödəməmək üçün uşaqları tələb etmişdir. Buna diqqət yetrilməli olduğu halda məhkəmə əslində çox böyük rol oyrayan bu nüanslara qətiyyən diqqət etməmişdir. Uşaqların kimin yanında qalması müəyyən olunarkən uşaqların psixoloji vəziyyəti, valideynlərə bağlılığı, uşaqların maddi cəhətdən saxlanması üçün lazım olan vəsait və şarait, valideynlərin uşaqların həyatına və tərbiyəsinə mənfi təsiri, uşaqların həyatına təhlükə yaratmaq ehtimalları nəzərə alınmalıdır. Lakin bu hallar məhkəmə iclasında araşdırılmamışdır. Bütün bunlardan əlavə həm beynəlxalq qanunvericilik aktlarında, həm yerli qanunvericilikdə, həm də adət-ənənələrdə ananın üstün mövqeyi əsas götürülmüş və uşaqların ana qayğısına daha çox ehtiyacı olması qeyd edilmişdir. Ananın uşaqların tərbiyyəsində və təhsilində mövqeyi mütləqdir. O, övladlarının təhsilində hər zaman məsuliyyətlidir və övladlarının gələcəyi və təhsili üçün əlindən gələni edir. Buna görə məhkəmədən və ya digər orqanlardan tənqid eşidəcəksə və uşaqlarının təhsilində irəliləyişləri tələb etməyinə görə uşaqlar əlindən alınacaqlarsa bu ədalətsizlikdir. Valideynlərin borcu uşaqlarına baxmaq və onların təhsil almasında yaxından iştirak etməkdir. Onun tək istəyi övladlarına normal tərbiyyə verilməsi ilə bağlıdır. Plenum qərarından da göründüyü kimi, uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar müəyyən olunur. Lakin qətnamədə bunlar öz əksini tapmamış. Məhkəmə uşağın inkişafı, tərəflərin yəni onların ailə şəraitini, uşağın saxlanması, tərbiyyəsi və təhsilində rolunun hansı dərəcədə olması barədə heç bir halı araşdırmamışdır. Məhkəmə ən azından uşaqların sözlərinin psixoloji təzyiq altında verilib-verilməməsini dəqiqləşdirməli idi. Lakin məhkəmə iş materillarına birmənalı və təktərəfli yanaşmışdır. Hakim məhkəmə iclasında araşdırılmayan və təqdim edilməyən sübutlar əsasında qətnamə çıxarmışdır. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində hakim heç bir fakta əsaslanmamış, yalnız öz istədiyi kimi dindirdiyi və təsirdə olan və işin mahiyyətini dərk etmək iqtidarında olmayan uşaqların sözlərinə əsasən qətnamə çıxarmışdır. Bu gün uşaqlar dindirildikdə sərbəst olaraq onu istədiklərini və ona bağlı olduqlarını bildirəcəklər. Onlar ataları tərəfindən aldadıldıqlarını və hakimin suallarını düzgün başa düşmədiklərini indi də bildirirlər. İki azyaşlı qız uşağının ata tərəfindən böyüdülməsi inandırıcı deyildir. Hamının bildiyi kimi uşaqlar anaya bağlı olur və o da qızları və oğlu ilə dost kimidir. Onların təhsilindən başqa bir işdə sərtlik göstərmir. Uşaqların təhsil almasını və yaxşı oxumasını tələb etmək isə onun həm borcu həm də vəzifəsidir. Məhəkəmə uşaqları iddiaçıya yəni atalarına verəndə uşaqlara kimin qulluq edəcəyini və iddiaçının uşaqlarına baxmaq üçün hansı imkanları olmasını araşdırmamışdır. İddiaçı aliment kəsiləndən indiyə kimi aliment ödəməmiş, yalnız aliment ödəməmək üçün uşaqları tələb etmişdir. Buna diqqət yetrilməli olduğu halda məhkəmə əslində çox böyük rol oyrayan bu nüanslara qətiyyən diqqət etməmişdir. Qeyd olunanlara əsasən Mingəçevir Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(051)-1476/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(051)-1476/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmçinin izahatında uşaqlardan xx.xx.2011ci il tarixdə doğulmuş Aylinin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsmanın himayəsində saxlanıldığı vaxtdan hal-hazıradək onun yanında olduqlarını, ataları ilə mütəmadi olaraq ünsiyyətdə olmalarına baxmayaraq, atalarının yanında qalmadıqlarını, xx.xx.2009-cu il tarixdə doğulmuş Arif adlı övladının isə himayəsində saxlanıldığı vaxtdan xx.xx.2022-ci il tarixədək onun onun yanında olmasına baxmayaraq, həmin tarixdən etibarən atası ilə birlikdə qaldığını göstərmişdir. İddiaçı izahatında apellyasiya şikayətinin məzmununda uşaqların birinci instansiya məhkəməsinin iclasında göstərdikləri ilə bağlı məhkəmə psixoloji ekspertizasının keçirilməli olmasına dair fikir ifadə etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsində, məhkəmə kollegiyasının iclasında dinlənilən uşaqların fikirləri nəzərə alınaraq hazırda məhkəmə psixoloji ekspertizasının keçirilməsinə heç bir zərurətin olmadığını göstərmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(051)-1476/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) həmçinin izahatında apellyasiya şikayətinin məzmununda uşaqların birinci instansiya məhkəməsinin iclasında göstərdikləri ilə bağlı məhkəmə psixoloji ekspertizasının keçirilməli olmasına dair fikir ifadə etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsində, məhkəmə kollegiyasının iclasında dinlənilən uşaqların sərbəst şəkildə fikirlərini ifadə etmələri, baxılan məsələ üzrə məhkəmə psixoloji ekspertizasının keçirilməsinə hər hansı bir zərurətin müəyyən edilməməsi nəzərə alınaraq hazırda məhkəmə psixoloji ekspertizasının keçirilməsinə heç bir zərurətin olmadığını göstərmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(051)- 1476/2022 saylı qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında iş üzrə məhkəmə psixoloji ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(051)-1476/2022 saylı qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında uşaqların birinci instansiya məhkəməsinin iclasında da sərbəst şəkildə fikirlərini ifadə etmələri nəzərə alınaraq iş üzrə məhkəmə psixoloji ekspertizasının keçirilməsini xahiş etmişdir. Kollegiyanın əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs Mingəçevir Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi X1 Elşad Çoban oğlu ilə Cavabdeh birgə nikahdan olan uşaqlarının analarının yanında qalmalarının onların mənafeyinə daha uyğun olduğunu bildirmiş və bununla bağlı nümayəndəsi olduğu Komissiya tərəfindən verilmiş rəyi müdafiə etdiyini göstərmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbаycаn Respublikаsı Ailə Məcəlləsinin 49-cu maddəsinə əsasən, uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ var. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarı: Həmin qərarda deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini mübahisə ilə bağlı işin faktiki halları ilə birlikdə araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2008ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Arif, xx.xx.2011-ci il tarixdə Aylin və xx.xx.2014-cü il tarixdə Əsma adlı uşaqları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, tərəflərin birgə nikahlarından olan hər üç uşağın anaları Cavabdeh yanında qalmaları müəyyən edilmişdır. Lakin sonradan uşaqların özünün yanına gəldiklərini iddia edən iddiaçı uşaqların onun yanında saxlanılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və şikayətin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, birinci instasiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi gədiyi nəticəni onunla əsaslandırmışdır ki, uşaqların məhkəmə qətnaməsi ilə ananın yanında qalmaları müəyyən edilsə də, sonradan uşaqlar öz istəkləri ilə zorakılığa məruz qaldıqlarına istinad edərək, ananın yanında qalmaq istəməmiş və atanın yanına getmişlər. Lakin sonradan uşaqlarla görüş zamanı cavabdeh onları iradələrinə zidd şəkildə öz yanına aparmışdır. Hazırda həmin uşaqlar məcburən ananın yanında qalırlar. Belə olan halda uşaqların ananın yanında qalmalarına dair məhkəmə qətnaməsindən asılı olmayaraq, hazırkı mübahisə uşaqların mənafeyinə uyğun həll edilməlidir. Uşaqların mənafeyi isə onu tələb edir ki, uşaqlar cavabdehdən (anadan) alınaraq iddiaçıya (ataya) verilsin. Uşaqlar məhkəmə iclası zamanı anası tərəfindən dəfələrlə döyüldüklərini və onun yanında qalmaq istəmədiklərini bildirdikləri halda şiddətə məruz qalacaqları ilə hədələndiklərini bildirmişlər. Bu hallar da onu deməyə əsas verir ki, cavabdeh tərəfindən uşaqlara qarşı qeyd olunan qəddar rəftarın və psixi zorakılığın tətbiq edilməsi, uşaqların həyat və sağlamlığının təhlükədə olmasına, hətta hüquqlarının və qanuni mənafelərinin pozulmasına şərait yaratmaqla bərabər, ana ilə uşaqlar arasında mövcud olmuş emosional bağlılığın qopmasına və uşaqların atanın yanında qalmalarına üstünlük vermələrinə səbəb olmuşdur. Hazırkı vəziyyətdə ana və uşaqları bir–birindən ayırmasını şərtləndirən müstəsna şərait məcmu halında mövcuddur. Ona görə də uşaqların cavabdehdən alınıb iddiaçıya verilməsi, həm işin həqiqi hallarına həm də, uşaqların üstün mənafelərinə uyğundur. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən tərəflərin birgə nikahlarından anadan olmuş uşaqları X7 13 yaşına, X4 11 yaşına çatdığını, onların valideynlərdən birini seçmək hüququna malik olduqlarını, eyni zamanda X8 8 yaşında olduğunu, onun da fikrinin nəzərə alına biləcəyi ehtimalını qeyd edərək, onların fikirlərini nəzərə almışdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən uşaqların məhkəmə iclası zamanı verdikləri izahatlarına, onları tam araşdırmadan istinad edilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin, habelə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq Konvensiyaların müvafiq müddəalarına ziddir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Qeyd edilən maddənin də tələbindən göründüyü ki, məhkəmələrdə işə baxılarkən 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınır, 7 yaşına çatmış uşağın fikri isə öyrənilə və nəzərə alına bilər. Lakin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Kollegiya qeyd edir ki, bu baxımdan, məhkəmə uşaqların ananın yanında qalmaq istəyinə formal yanaşmamalı, uşaqların anadan ayrı yaşamaq fikrinin nədən qaynaqlandığını, bunun obyektiv səbəblərini araşdırmalı, həmin səbəblərin yanlış faktlara əsaslanıb əsaslanmadığını, uşaqların anaları ilə bağlı fikirlərinin formalaşmasına atanın və onunla yaşayan ailə üzvlərinin təbliğat və təsirinin olub olmamasını müəyyən etməlidir. Məsələnin düzgün həlli üçün uşaqların baxılan məsələyə adekvat münasibət bildirmək iqtidarında olması, bu məqsədlə tərəflərin uşağın fikrinə açıq və ya gizli təsirinin olmaması zəruridir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə ilk növbədə nəzərə çarpan o haldır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən tərəflərin birgə nikahdan anadan olan uşaqları Arif, Aylin və Əsma Mingəçevir Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasında fikirləri öyrənilərkən anaları Cavabdeh yanında qalmaq istədiklərini bildirmişlər. Daha sonra isə məhkəmə iclası zamanı psixoloq X2 iştirakı ilə izahat verərək, atalarının yanında qalmaq istədiklərini göstərmişlər. Burada diqqəti cəlb edilən hal ondan ibarətdir ki, uşaqlar əvvəlcə analarının yanında qalmaq istədiklərini göstərdikləri halda, daha sonra isə analarına münasibətdə fikirləri mənfiyə doğru dəyişmiş və atalarının yanında qalmaq istədiklərini bildirmişlər. İddiaçı Cavabdeh isə apellyasiya şikayətində uşaqların hazırda onun yanında olduqlarını göstərmişdir. Qeyd edilən halın aydınlaşdırılması məqsədi məhkəmə kollegiyasının iclası zamanı tərəflərin birgə nikahdan anadan olmuş uşaqları xx.xx.2009-cu il təvəllüdlü X15, xx.xx.2014-cü il təvəllüdlü X16, xx.xx.2011-ci il təvəllüdlü X11 psixoloq (pedaqoq) X5 iştrakı ilə ayrı-ayrılıqda dindirilmişlər. xx.xx.2009-cu il təvəllüdlü X7 dindirilməsi zamanı müəyyən edilmişdir ki, o, hazırda atasının yanında yaşayır. Hazırkı vəziyyətdə atası ilə yaşamaq istəyir. Buna baxmayaraq hər iki valideynini istəyir. Valideynləri birlikdə yaşasa idilər onların hər ikisi ilə birgə yaşamaq istəyərdi. O, bacılarını da çox istəyir və onlar üçün darıxır. Bacıları ilə də birlikdə yaşamaq istəyir. Ancaq anası ilə qalmaq istəmir. xx.xx.2011-ci il təvəllüdlü X4 dindirilməsi zamanı müəyyən edilmişdir ki, o, hal-hazırda anasının himayəsində yaşayır. Ata və anasını, qardaşını çox istəyir. Valideynlərinin bir yerdə yaşamasını və əvvəlki kimi qardaşının da onlarla birlikdə yaşamasını istəyir. Qardaşı Arif üçün darıxır. Belə ki, qardaşı Arif 2 aydır ki, atası ilə birlikdə yaşayır. O, anasının yanında qalmaq istəyir. xx.xx.2014-cü il təvəllüdlü X8 dindirilməsi zamanı müəyyən edilmişdir ki, o, hal-hazırda anasının himayəsində yaşayır. Ata və anasını, qardaşını çox istəyir. Qardaşı üçün darıxır. Qardaşının da onlarla birlikdə yaşamasını istəyir. O, anasının yanında qalmaq istəyir. Məhkəmə kollegiyasi qeyd edir ki, uşaqlardan xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X16 qəti şəkildə anaları ilə birlikdə qalmaq istədiklərini bildirmələri ilə yanaşı tərəflərin birgə nikahlarından olan övladı xx.xx.2009-cu il təvəllüdlü X15 atası ilə qalmaq istədiyini göstərsə də hər iki valideynini, yəni atası ilə yanaşı anasına qarşı da istək hisslərinin olduğunu, valideynləri birlikdə yaşasa idilər onların hər ikisi ilə birgə yaşamaq arzusunun olduğunu, hazırda analarının yanında olan bacılarını da çox istədiyini, onlar üçün darıxdığını, bacıları ilə də birlikdə yaşamaq istəyini bildirmişdir. Belə olan məhkəmə kollegiyası qeyd edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə analarının yanında saxlanılmış, bundan sonra da analarının himayəsində yaşamaqda davam etmiş, 2022-ci ilin avqust ayında Mingəçevir Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasında fikirləri öyrənilərkən anaları Cavabdeh yanında qalmaq istədiklərini bildirmiş, bundan bir neçə ay sonra, yəni 2022-ci ilin noyabr ayının 14-də Mingəçevir Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında dindirilmiş uşaqların fikirlərinin analarına münasibətdə mənfiyə doğru dəyişməsinin səbəblərinin öyrənilməsi məqsədi ilə məhkəmə kollegiyasının iclasında dindirilən uşaqlardan hər üçü analarına və bir-birinə qarşı istəklərinin olmasını bildirmişlər. Beləliklə məhkəmə kollegiyasının iclasında uşaqlardan hər üçünün baxılan məsələyə adekvat münasibət bildirmək iqtidarında olmaları müəyyən edilmişdir. Belə olan halda kollegiya qeyd edir ki, Avropа dəyərləri müstəvisində uşаqlаrın sаxlаnmаsı ilə bаğlı аtаnın və аnаnın hüquqlаrı fərdi mаrаq, uşаqlаrın hüquqlаrı isə dаhа üstün dəyər olаn ictimаi mаrаq kimi qiymətləndirilir. Əgər uşаqlаrın sаxlаnmаsı ilə bаğlı vаlideynlər аrаsındа fikir аyrılığı yаrаnırsа dövlət uşаqlаrın hüquqlаrını ictimаi mаrаq kimi qiymətləndirərək uşаqlаrın tərəfindən mübаhisəyə qаrışır. Məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşağın yaşayış yeri barədə mübahisə məhkəmə tərəfindən göstərilənlər nəzərə alınmaqla həll edilir: 1) uşağın hüquq və mənafeləri; 2) uşağın valideynlərdən hər birinə olan bağlılığı; 3) valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri; 4) uşağın yaşı; 5) uşağın inkişafı və tərbiyəsi üçün şərait yaradılması. 6) uşağın qardaş və bacılarına olan bağlılığı; Göstərilən 6 haldan 6-sı da əsas verir ki, uşaqlar ananın yanında qalsınlar. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» Qanunun 5-ci, «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 9-cu maddələrinə əsasən işin həllində ilk növbədə uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Məhkəmə kollegiyası qeyd edir ki, uşaqların «üstün maraqları» konsepsiyası Uşaq hüquqları haqqında Bəyannamənin 2-ci maddəsindən, Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş «Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları»nda göstərilir ki, «üstün maraqlar» termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir». BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırdığı hallardan biri kimi uşaqların anaları tərəfindən dəfələrlə döyülmələrinə, cavabdehin uşaqlatra qarşı qəddar rəftar və psixi zorakılığın tətbiq edilməsi, uşaqların həyat və sağlamlığının təhlükədə olmasının ana ilə uşaqlar arasında emosional bağlılığın qopmasına və uşaqların atalarının yanında qalmalarına üstünlük verməsinə səbəb olmasını göstərsə də uşaqların fiziki təzyiqə, psixi zorakılığa məruz qalmalarına dair iddiaçı tərəfdən məhkəməyə heç bir sübutun təqdim edilməməsini nəzərə almamışdır. Uşaqların fiziki təzyiqə, psixi zorakılığa məruz qalmaları öz rəsmi təsbitini tapmadığı halda həmin halların uşaqların fikrinə açıq və ya gizli təsir şəklində təlqin edilməsi istisna edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi uşaqların Cavabdeh alınıb İddiaçı verilməsi nəticəsinə gələrkən işin hallarını tam araşdırmamış, uşaqların analarından ayrılmasını şərtləndirən müstəsna şəraitin nədən ibarət olmasını müəyyən etməmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən uşaqların üstün mənafelərini, valideynlərin əxlaqi və mənəvi keyfiyyətlərini, onların uşağın tərbiyəsindəki rolunu, uşaqların izahatlarını, eyni zamanda cavabdehin bir ana olaraq uşaqların böyüyüb boya-başa çatmasındakı rolunu, uşaqların yaşını, azyaşlı olmalarını, uşaqların bir-birilərinə bağlılığını, ana qayğısına daha çox ehtiyaclarının olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların anaları Cavabdeh yanında qalmaları daha məqsədə müvafiqdir. Bundan başqa kollegiya qeyd edir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli 125 saylı rəydən və həmin rəyə əlavə olunmuş sənədlərdən də görünür ki, komissiya tərəflərin hər birinin həyat və yaşayış şəraitini müayinə etmiş, nəticədə belə qərara gəlmişdir ki, xx.xx.2009-cu il tarixdə doğulmuş Arif, xx.xx.2011-ci il tarixdə doğulmuş Aylin və xx.xx.2014-cü il tarixdə doğulmuş Əsma adlı uşaqların anaları Cavabdeh yanında qalmaları daha məqsədə müvafiqdir. Eyni zamanda sözügedən Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində göstərilmişdir ki, cavabdeh uşaqları ilə birlikdə şəhərin Nizami küçəsindəki 14 nömrəli evin 1 nömrəli mənzilində yaşayır. Tərəflərindən qeyd olunan ünvanda yerləşən mənzilə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, mənzildə uşaqların yaşayıb tərbiyə olunmaları üçün normal şərait vardır. Məhkəmə kollegiyası qeyd edir ki, komissiya rəy verərkən valideynlərin mənəvi-əxlaqi keyfiyyətlərini, dünyagörüşünü, uşaqların gələcəyi ilə bağlı düşüncələrini və buna nail olmaq üçün göstərdiyi əməli səylərini, uşaqların yanında qaldığı halda onların normal mənəvi və fiziki inkişafını təmin etmək üçün imkanlarını (həm mənəvi, həm fiziki-sağlamlıq, həm də maddi və məişət), uşağın valideynə, həm də valideynin uşağa bağlılığını, uşağın fərdi ehtiyaclarını və sair kimi halları aşkar edib göstərməyə borcludur. Göründüyü kimi Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli, 125 saylı rəyi bu baxımdan əsaslandırılmışdır. Belə ki, sözügedən rəydə cavabdehin həyat şəraitinin müəyyən edilməsi ilə bağlı Qəyyumluq və Himayəçilik Komissiyasının əməkdaşları tərəfindən cavabdehin yaşadığı evə baxış keçirildiyi və baxışı keçirilməsinin nəticəsi əsasında cavabdehin yaşadığı evin uşaqların yaşayıb tərbiyə olunmaları üçün normal şəraitdə olduğu müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, qəyyumluq və himayəçilik komissiyasının rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə kollegiyasında uşaqların göstərdikləri də nəzərə alınmaqla məhkəmənin qərardadı əsasında qəyyumluq və himayəçilik komissiyası tərəfindən verilmiş rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(051)-1476/2022 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(051)-1476/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar