Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-235/2024 02.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Zərdab rayon Bıçaqçı Bələdiyyəsinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, iddiaçı Zərdab rayon Bıçaqçı Bələdiyyəsinin nümayəndəsi(sədri) X5 iştirakı ilə, İddiaçı Zərdab rayon Bıçaqçı Bələdiyyəsinin (bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra-cavabdeh) qarşı “icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən çıxarılma, icarə haqqının və zərərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Zərdab rayonu Bıçaqçı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 15 saylı iclasının qərarına əsasən cavabdehin atası X10 kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 7,50 ha torpaq sahəsi 50 il müddətinə icarəyə verilmiş və həmin tarixdə Bıçaqçı bələdiyyəsi ilə Vəli Həsənov arasında icarə müqaviləsi bağlanmışdır. Zərdab rayonu Bıçaqçı bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 15 saylı iclasının qərarı əsasında Bıçaqçı bələdiyyəsi ilə Cavabdeh arasında bələdiyyə mülkiyyətində olan 7,50 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsalı üçün 40 il müddətinə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarə haqqı hər rübün axırıncı ayının 25-dən gec olmayaraq ödənilməlidir(bənd 2.8). Bu müqaviləyə əsasən ödənişlər “icarəçi” tərəfindən hər il Bıçaqçı bələdiyyəsinin poçtdakı və ya “Kapitalbank” dakı hesabına ödənilir(bənd 2.6). Cavabdeh Bıçaqçı bələdiyyəsinə qarşı onun icarəsinə verilmiş 7,50 ha torpaq sahəsindən istifadə etməsinə Bələdiyyə tərəfindən törədilən maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Zərdab Rayon Məhkəməsinin 2(035)-869/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-869/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh icarəsinə verilmiş 7,50 ha torpaq sahəsindən istifadəsinə cavabdeh Zərdab rayonu Bıçaqçı bələdiyyəsi tərəfindən törədilən maneə aradan qaldırılması qət edilmişdir. Həmin iş üzrə cavabdeh Bıçaqçı bələdiyyəsi tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin 2(107)-634/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4727/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə Bıçaqçı bələdiyyəsi arasında bağlanmış, Bıçaqçı bələdiyyəsinin mülkiyyətində olan 7,5 ha torpaq sahəsinin cavabdehin icarəsinə verilməsinə dair 10 yanvar 2016-cı il tarixli müqavilənin ləğv edilməsi, bələdiyyə mülkiyyətində olan 10 ha torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması, cavabdehdən iddiaçının xeyrinə 6318,5 manat məbləğində icarə haqqının, 20.000 manat məbləğində zərərin, cəmi 26.318,5 manatın məcburi qaydada alınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, bələdiyyənin 15 saylı, xx.xx.2005-ci il tarixli iclas protokoluna əsasən cavabdehin atası X10 kəndi ərazisindən 50 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 7,50 ha torpaq sahəsinin ayrılması qərara alınsa da, bələdiyyənin protokol kitabında son iclas xx.xx.2005-ci il tarixdə 12 sayla qeydə alınmışdır. Ona görə də hesab edir ki, adıçəkilən 15 saylı, xx.xx.2005-ci il tarixli iclas protokolunun qərarı qanunsuzdur. Bələdiyyənin arxivində cavabdehin adına torpaq sahəsinin ayrılmasına dair heç bir qərar yoxdur. Bununla belə cavabdehin adına iki icarə müqaviləsi yazılmışdır ki, həmin müqavilələrin hər ikisi qanunsuzdur. Ona görə ki, 15 saylı, xx.xx.2005-ci il tarixli icarə müqaviləsi yazılarkən, cavabdehin hardasa 11 yaşı olmuşdur. İkinci müqavilə, yəni 2016-cı ildə bağlanmış müqavilə isə notariat qaydasında bağlanmamaqla hərracdan kənar bağlanmışdır. Halbuki, 2008-ci ildən etibarən torpaq icarəsinə dair müqavilələr hərrac vasitəsi ilə bağlanılır. Belə ki, hərracda iştirak edən şəxslərdən ən yüksək icarə haqqı təklif edən şəxs hərracın qalibi olur və onunla bələdiyyə arasında notarial qaydada olmaqla əkinə yararlı torpaq sahəsi ilə bağlı 25 il, örüş yerləri üçün 15 il müddətinə icarə müqaviləsi bağlanılır. Hazırkı cavabdeh və onun atası ilə bələdiyyə arasında heç vaxt notarial qaydada icarə müqaviləsi bağlanmamışdır. Bundan başqa, cavabdeh 2017, 2018, 2019, 2020, 2021, 2022-ci illər üçün bir manat da olsa bələdiyyəyə icarə haqqı ödəməmişdir. Ümumiyyətlə iddiaçının adından heç vaxt icarə haqqı ödənilməmişdir. Cavabdehə xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə bildirişlər göndərərək sözügedən torpaq sahəsini qanunsuz, hərrac vasitəsi ilə müqavilə bağlamadan istifadə etməsi nəzərinə çatdırılaraq sahəni boşaltması barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq cavabdeh sözügedən torpaq sahəsindən qanunsuz istifadəni davam etdirir. Zərdab Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(035)- 671/2022 nömrəli iş üzrə qəbul etdiyi 08 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Qubadov) iddia tələbinin qismən təmin olunması, Zərdab rayonu Bıçaqçı bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh Bıçaqçı bələdiyyəsinin mülkiyyətində olan 7,5 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh icarə haqqına görə 350,4 manat, zərərin ödənilməsinə görə 262,8 manat, cəmi 613,2 manat pulun tutularaq iddiaçı Zərdab rayonu Bıçaqçı bələdiyyəsinə ödənilməsi, zərərin ödənilməsinə dair qalan hissədə iddianın təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülməli olan 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət mədaxilinə ödənilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Zərdab rayonu Bıçaqçı bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən Bıçaqçı kəndinin ərazisində yerləşən 7,50 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün 40 il müddətinə cavabdehin icarəsinə verilmişdir. Bələdiyyə müqavilə üzrə öhdəliyinə əməl edərək torpaq sahəsini ayırıb cavabdehə versə də, cavabdeh qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə əməl etməmişdir. Müqaviənin 2.13-cü bəndinin 6-cı abzasına əsasən cavabdeh icarə haqqını və digər tədiyyələri vaxtında ödəməli olduğu halda öhdəliyinə əməl etməmişdir. Belə ki, onun 2017, 2018, 2019, 2020, 2021 və 2022-ci illər üçün icarə haqqı ödənilməmiş qalmışdır. Məhkəmə bu nəticəyə gəlmişdir ki, iddia həm hüquqi, həm də faktiki cəhətdən əsaslıdır, tərəflər arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli icarə müqaviləsi ləğv edilməli, cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. İddia tələbi icarə haqqının ödənilməsinə dair hissədə tam, zərərin ödənilməsinə dair hissədə isə qismən, yəni bir illik icarə haqqı 58,40 manat + gecikmə faizi bir gün üçün 0,2%-dən bir illik 43,8 manat = 102.2 manat; 102,2 manat x 06 il = 613,2 manat olmaqla təmin edilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73, 75ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2, 713-cü, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 23, 31-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 78.1, 106.1, 124.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Zərdab rayonu, Bıçaqçı bələdiyyəsinin 15 saylı, xx.xx.2005- ci il tarixli qərarına əsasən cavabdehin mərhum atası Vəli Həsənova, müraciəti əsasında Zərdab rayonu, Bıçaqçı kəndi ərazisindən yaşayış məskənindən təxminən 10 km aralıda, 50 il müddətinə kənd təsərrüfatı məhsulların istehsalı məqsədi ilə 7,50 ha toıpaq sahəsi ayrılmış və həmin tarixdə aralarında icarə müqavilə bağlanmışdır. Həmin torpaq sahəsi naturada ayrılaraq onlara təhvil verilmiş, Zərdab rayonu, Bıçaqçı bələdiyyəsi və həmin vaxt mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilməklə icrayə ayrılmış torpaq sahəsinin yerquruluşu planı tərtib edilmişdir. Sonradan cavabdehin atasının səhhətində problemlər yarandığından atası 5 yanvar 2016-cı ildə Zərdab rayonu Bıçaqçı bələdiyyəsinə ərizə ilə müraciət edərək adına olan 7,50 ha torpaq sahəsinin, yəni icarə müqaviləsinin cavabdehin adına keçirilməsini xahiş etmişdir. Cavabdehin atasının ərizəsi əsasında sözügedən torpaq sahəsinə dair icarə müqaviləsi qalan müddət üçün, yəni 40 il müddətinə cavabdehin adına keçirilmiş və bu barədə Zərdab rayonu Bıçaqçı bələdiyyəsi ilə cavabdeh arasında bələdiyyənin 10 yanvar 2016-cı il tarixli qərarı əsasında icarə müqaviləsi bağlanmışdır. Əslində həmin müqavilə ilə artıq mövcud olan icarə hüquqları bir ailə üzvündən ailənin başqa üzvünə adına, yəni cavabdehin atasının adından cavabdehin adına keçirilmişdir. Bu yeni icarə müqaviləsi demək deyildir. Cavabdehin atası 2021-ci ilin yazında vəfat etmişdir. Ötən müddət ərzində icarə haqları nəğd şəkildə əvvəlki bələdiyyə sədrlərinə ödənilmişdir. Əks təqdirdə bələdiyyə tərəfindən ona qarşı icarə haqlarının ödənilməsi ilə bağlı tələb irəli sürülərdi. Lakin heç vaxt bələdiyyə tərəfindən onlara qarşı pretenziya irəli sürülməmiş və heç bir etiraz olmadan torpaq sahəsində icarə hüquqlarını həyata keçirmişdir. Kənd üzrə yeni bələdiyyə sədri seçiləndən sonra həmin bələdiyyə sədrinə icarə haqqının ödənilməsi üçün tədiyyə-bildiriş verilməsini, icarə müqaviləsi üzrə icarə hüququnu dövlət qeydiyyatından keçirilməsi üçün cavabdeh ona kod verilməsini dəfələrlə iddiaçı Zərdab rayonu Bıçaqçı bələdiyyəsindən xahiş və tələb etsə də, ona icarə haqqını ödəmək üçün tədiyyə-bildiriş (qəbz) və kod verməmişdir. Ona görə də cavabdeh icarə haqqlarını nəğdsiz, yəni köçürmə yolu ilə ödəyə, icarə müqaviləsini dövlət reyestrində qeydiyyata aldıra bilməmişdir. Cavabdeh bu gün də icarə müqaviləsi üzrə icarə haqqını tamamilə ödəməyə və icarə müqaviləsi üzrə icarə hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmağa hazırdır. Lakin iddiaçı Zərdab rayonu Bıçaqçı bələdiyyəsi torpaq sahəsini ondan geri almaq istədiyindən və bunda maraqlı olduğuna görə dolayısı ilə bundan boyun qaçırır. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, 2020-ci ilə qədər icarə haqqını nağd şəkildə ödəmişdir, lakin bələdiyyə sədri dəyişəndən sonra ondan nağd pul götürməmişdir, ona görə də o, iddiaçıdan ona tədiyyə-bildiriş verilməsini xahiş etmişdir. İddiaçı bundan imtina etdiyinə görə cavabdeh də icarə haqqını 2020-ci ildən ödəmədiyini məhkəməyə bildirmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi qətnaməsində guya cavabdehin 2009-cu ildən həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyini və 2016-cı ildən icarə haqqını ödəmədiyini etiraf etdiyini qeyd etmişdir. Torpaq sahəsindən təyinatı üzrə istifadə etməməyi və icarə haqqını ödəməməyi barədə, torpaq sahəsini icarə müqaviləsinə əsasən dövlət reyestrində adına qeydə alınması ilə bağlı iddiaçı tərəfindən ona heç bir rəsmi bildiriş və ya xəbərdarlıq edilməmişdir və bunlar məhkəmədə tədqiq edilməmişdir. Göründüyü kimi bütün bunlara baxmayaraq işə baxan məhkəmə tərəfindən faktiki halları nəzərə alınmamış, məhkəmə həmin halları tam, hərtərəfli və obyektiv araşdırmamış, düzgün əsaslandırmamış, cavabdehin məhkəmədə verdiyi izahatı təhrif olunmuş, işin halları iddia ərizəsində qeyd edilən formada olmadığı halda, iddiaçı tərəfin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə qismən haqlı olmasını və icarə haqqının ödənilməməsini əsas göstərməklə 08 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbini qismən təmin etməklə icarə müqaviləsi üzrə icarəçi kimi cavabdehin qanunla qorunan hüquqlarını və maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-434/2023 nömrəli iş üzrə 30 mart 2023-cü tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidli və E.Mehdiyev) аpellyasiya şikayəti apellyasiya şikayəti qismən təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin 2(035)- 671/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qətnaməsi qismən, “Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh Bıçaqçı bələdiyyəsinin mülkiyyətində olan 7,5 ha torpaq sahəsindən çıxarılmasına” aid hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə Cavabdeh icarə haqqına görə 350,4 manat, zərərin ödənilməsinə görə 262,8 manat, cəmi 613,2 manat pulun tutularaq iddiaçı Zərdab rayonu Bıçaqçı bələdiyyəsinə ödənilməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülməli olan 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət mədaxilinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, bələdiyyə tərəfindən cavabdehə icarəsində olan torpaq sahəsindən lazımı qaydada istifadə edilməsinə qərəzli olaraq maneə törədilmişdir. İşin bu halı yuxarıda qeyd olunan qətnamə ilə öz təsdiqini tapmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi, torpaq sahəsinin hərrac vasitəsi ilə satılmadığına görə icarə müqaviləsinin ləğv edilməlidir tələbinin qanuni əsası yoxdur. Belə ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikas Ali Məhkəməsinin 2(102)- 4727/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının 44-cü bəndində qeyd edilmişdir ki, tərəflər arasında etibarlı icarə müqaviləsi mövcuddur və iddiaçı həmin müqavilə üzrə hüquqlarından istifadə etməkdə haqlıdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda qeyd edilən məhkəmə tərəfindən icarə müqaviləsi etibarlı hesab edildiyindən, iddiaçı tərəfindən qaldırılan iddia tələbini əsaslı hesab edib təmin etmək qeyri-mümkündür. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir. Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Əgər əvvəlki məhkəmə tərəflər arasında bağlanmış icarə müqaviləsini etibarlı müqavilə hesab etmişdirsə, bu qaçınılmaz şəkildə o deməkdir ki, məhkəmə icarə müqaviləsinin mövcud və etibarlı hesab etmişdir. Məhkəmə kollegiyası ona görə də hesab etmişdir ki, apellyasiya şikayəti bu hissədə qismən əsaslı olduğundan təmin edilməli, qətnamə iddianın təmin edilmiş hissəsi olan, Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi ilə cavabdeh arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin bələdiyyənin mülkiyyətində olan 7,5 ha torpaq sahəsindən çıxarılmasına aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Kollegiya hesab etmişdir ki, qətnamə cavabdehdən icarə haqqına görə 350,4 manat, zərərin ödənilməsinə görə 262,8 manat, cəmi 613,2 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülməli olan 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları və cavabdehin izahatından görünür ki, həqiqətən də cavabdeh icarə müqaviləsi üzrə icarə haqlarını ödəməmişdir. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3133/2023 saylı iş üzrə 18 oktyabr 2023-cü il tarixli qərarı ilə (İ.Şəfiyev – sədrlik edən və məruzəçi, hakimlər Ə.Əhmədov, V.Həsənov) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi və Cavabdeh həmin torpaq sahəsindən çıxarılması tələblərinin rədd olunması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Bıçaqçı Bələdiyyəsi ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, 2017, 2018, 2019, 2020, 2021 və 2022-ci illər üçün icarə haqqını ödəməmişdir. İşin bu halı cavabdeh tərəfindən də mübahisələndirilmir. İddiaçı məhz bu fakta əsaslanaraq cavabdehlə bağlanmış müqavilənin ləğv olunmnasını tələb edir. Həmin iddia tələbinin maddi hüquqi əsasları kimi Mülki Məcəllənin 421.2-ci və 719.7ci maddələri çıxış edir. Mülki Məcəllənin 719.7-ci maddəsinə görə icarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Göründüyü kimi torpaq icarəçisinin icarə haqqını üç aydan çox gecikdirməsi, icarə müqaviləsinin ləğv olunması üçün müstəqil əsas təşkil edir. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən icarə haqqını 2017-ci ildən 2022-ci ilədək ödəmədiyi halda, müqavilənin ləğvi tələbini təmin etməmişdir. Məhkəmə icarə haqqının uzun müddət ödənilməməsi faktını müqavilənin ləğv olunması üçün yetərli hesab etməməsinin əsaslandırmamış, yalnız cavabdehin dəlilərini sadalamaqla, iddia tələbinin müqavilənin ləğv olunması hissəsində rədd edilməsi barədə nəticəyə gəlmişdir. Cavabdehin həmin dəlilləri aşağıdakılardan ibarətdir: Ötən müddət ərzində icarə haqları nəğd şəkildə əvvəlki bələdiyyə sədrlərinə ödənilmişdir; Yeni bələdiyyə sədrindən icarə haqqının ödənilməsi üçün tədiyyə-bildirişi verilməsini, icarə müqaviləsi üzrə icarə hüququnu dövlət qeydiyyatından keçirilməsi üçün ona kod verilməsini tələb etsə də, ona tədiyyə-bildiriş (qəbz) və kod verilməmiş, bu səbəbdən icarə haqlarını nəğdsiz, yəni köçürmə yolu ilə ödəyə, icarə müqaviləsini dövlət reyestrində qeydiyyata aldıra bilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin icarə haqqını bələdiyyə sədrinə nağd şəkildə ödədiyi barədə dəlili onun tərəfindən sübut olunmalı dəlildir. Lakin iş materiallarından bu faktı təsdiq edən sübutun təqdim olunması müəyyən edilmir. Yeni bələdiyyə sədri tərəfindən icarə haqqının ödənilməsi üçün tədiyyə-bildirişinin, icarə hüququnun dövlət qeydiyyatına alınması üçün kod verilməməsi, bu səbəbdən icarə haqlarını nağdsiz, yəni köçürmə yolu ilə ödəyə bilməməsi barədə dəlilləri məhkəmə tərəfindən araşdırılmalı olan dəlillərdir. Lakin məhkəmə bu dəlilləri də araşdırmamışdır. İş materiallarından da cavabdehin ötən müddət ərzində icarə haqqının köçürülməsi üçün hər hansı şəkildə cəhd etməsi (rəsmi müraciət edərək icarə haqqının qəbul olunması, ona özünün təbiri ilə dedikdə “kod” verilməsini tələb etməsi və s.) müəyyən olunmur. Nəzərə alınmalıdır ki, cavabdehlə bağlanmış icarə müqaviləsində torpaq vergisinin ödənilməli olan bahk hesab nömrəsi əksini tapmışdır. Cavavdehin həmin bank hesab nömrəsinə icarə haqqını nəyə görə ödəməməsi, bu hesaba ödəmək üçün hər hansı maneənin olub olmaması araşdırılmamışdır. Həmçinin torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı halda icarə haqqının ödənilməsinin mümkün olub-olmaması araşdırılmamışdır. Belə ki, cavabdehin dəlillərinə görə nağd ödənişlər elektron qaydada ödənilməli olduğuna görə pulu ödəyə bilməmişdir. Bununla bağlı X2 X3 (BAMS) qoşulması, qoşulubsa nə vaxt qoşulması, cavabdehin həmin sistem vasitəsi ilə ödəmə imkanının olub olmaması, cavabdehə bu barədə izahedici məlumat verilib verilməməsi müəyyən edilməyib. “Bələdiyyə tərəfindən cavabdehə icarəsində olan torpaq sahəsindən lazımı qaydada istifadə edilməsinə qərəzli olaraq maneə törədilməsi, işin bu halının qanuni qüvvəyə minmiş qətnamə ilə öz təsdiqini tapması” barədə məhkəmənin əsaslandırması isə tam deyil və iddianın təmin olunan hissəsi ilə ziddiyyətlidir. Belə ki, icarə haqqı torpaqdan istifadəyə görə ödənilir. X4 icarəçi Cavabdeh torpaqdan istifadə etməyə törədilən maneələrin aradan qaldırılması barədə iddia üzrə Zərdab Rayon Məhkəməsinin qətnaməsi 2021-ci ilə aiddir. İcarə haqqının ödənilmədiyi dövr isə 2017-2022-ci illəri əhatə edir. Məhkəmə cavabdehin bu dövrdə icarə haqqını ödəməli olmasına baxmayaraq, Bələdiyyənin torpaqdan istifadə etməsinə maneə törətməsi səbəbindən müqavilənin ləğvinin yolverilməzliyini kifayət qədər əsaslandırmamışdır. Apellyasiya baxışının hədləri Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 2(035)-671/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamə ilə iddia tələbini qismən təmin etsə də, iddiaçı, həmin hissədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin 2(107)-434/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi qismən, Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh Bıçaqçı bələdiyyəsinin mülkiyyətində olan 7,5 ha torpaq sahəsindən çıxarılmasına aid hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə cavabdehdən icarə haqqına görə 350.4 manat, zərərin ödənilməsinə görə 262,8 manat, cəmi 613,2 manat pulun tutularaq iddiaçı Zərdab rayonu Bıçaqçı Bələdiyyəsinə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manatın cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti verməmiş, məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən kassasiya şikayəti vermiş iddiaçı isə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassastya instansiyası məhkəməsinin 2(102)-3133/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması tələblərinin rədd olunması hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün göndərilməsini qərara alınmışdır. Odur ki, göstərilənləri, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələblərini nəzərə almış Məhkəmə qətnamənin əsaslılığnıı yalnız iddianın qismən, yəni iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasının təmin edilməsi barədə hissədə yoxlamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, hazırki bələdiyyə sədri seçilənədək, yəni 2020-ci il tarixədək icarə haqqını nağd şəklində bələdiyyəyə ödəmişdir. Lakin bununla bağlı ödəniş qəbzləri yoxdur. Bu halı şahidlər təsdiq edə bilər. Təzə bələdiyyə sədri seçiləndən sonra isə ödəniş etmək üçün dəfələrlə “kod” almaq məqsədi ilə bələdiyyəyə müraciət etsə də, bələdiyyə ona kod verməkdən imtina etmişdir. Bu səbəbdən o, 2020-ci ildən sonra icarə haqqını ödəyə bilməmişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı Zərdab rayon Bıçaqçı Bələdiyyəsinin nümayəndəsi (sədri) X8 izahatında bildirmişdir ki, Bıçaqçı bələdiyyəsinin X1 Sisteminə (BAMS) qoşulması hissə-hissə olmaqla 2017-ci ildən başlamış və 2021-ci ildə yekunlaşmışdır. İcarə haqqı üzrə ödənişlərin həyata keçirilməsi üçün “kod” vətəndaşlara o zaman verilə bilir ki, icarə müqaviləsi BAMS sisteminə yerləşdirilmiş olsun. Cavabdehlə bağlanan icarə müqaviləsinin BAMS sisteminə yerləşdirilməsi ona görə mümkün olmamışdır ki, icarə müqaviləsi reyestrdə qeydiyyata alınmayıb. Belə ki, müqavilələr sistemə işlənəndə sistemin bir bölməsi var ki, ora icarə müqaviləsinin reyestrdə qeydiyyata alındığı nömrə yazılmalıdır. O qeydiyyat nömrəsi olmadıqda müqaviləni sistemə yerləşdirmək olmur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Maddə 719.7. Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 73.1-ci bəndinin 6-cı və 7-ci abzasları. İcarəçi tərəfindən torpaqdan istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə torpaq sahəsi üzərində onun hüquqlarına xitam verilir. Maddə 75.1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında (əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə) nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında (dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda) nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir. Maddə 75.2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilik aktlarından ibarətdir. Maddə 14. Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Maddə 15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Maddə 19. İcarəyəverənin hüquqları aşağıdakılardır: ... icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və (bələdiyyə torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması barədə təkliflər vermək; ... Maddə 23. İcarəçinin vəzifələri aşağıdakılardır: ... icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək; ... torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edtlr ki, Zərdab rayon, Bıçaqçı bələdiyyəsinin 15 saylı, xx.xx.2005-ci il tarixli iclas protokolundan çıxarışa əsasən cavabdehin atası X10 kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 7,50 ha torpaq sahəsi 50 il müddətinə icarəyə verilmiş və həmin tarixdə aralarında icarə müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsi naturada ayrılaraq onlara təhvil verilmiş, Bıçaqçı bələdiyyəsi və X7 Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilməklə icarəyə ayrılmış torpaq sahəsinin yerquruluşu planı tərtib edilmişdir. xx.xx.2016-cı il tarixdə Vəli Həsənov bələdiyyəyə ərizə ilə müraciət edərək adına olan 7,50 ha torpaq sahəsinin, yəni icarə müqaviləsinin cavabdehin adına keçirilməsini xahiş etmişdir. Vəli Həsənovun ərizəsi əsasında sözügedən torpaq sahəsinə dair icarə müqaviləsi qalan müddət üçün, yəni 40 il müddətinə cavabdehin adına keçirilmiş və bu barədə bələdiyyə ilə cavabdeh arasında bələdiyyənin xx.xx.2016-cı il tarixli qərarı əsasında 2016-cı il tarixdə icarə müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı bildirir ki, cavabdeh Bıçaqçı Bələdiyyəsi ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, 2017, 2018, 2019, 2020, 2021 və 2022-ci illər üçün icarə haqqını ödəməmişdir. İddiaçı məhz bu fakta əsaslanaraq cavabdehlə bağlanmış müqavilənin ləğv olunmasını tələb edir. Apellyasiya şikayətində cavabdehin iddiaçının dəlillərinə qarşı etirazı ondan ibarət olmuşdur ki, ötən müddət ərzində icarə haqları nəğd şəkildə əvvəlki bələdiyyə sədrlərinə ödənilmişdir. Yeni bələdiyyə sədrindən icarə haqqının ödənilməsi üçün tədiyyə-bildirişi verilməsini, icarə müqaviləsi üzrə icarə hüququnu dövlət qeydiyyatından keçirilməsi üçün ona kod verilməsini tələb etsə də, ona tədiyə-bildiriş (qəbz) və kod verilməmiş, bu səbəbdən icarə haqqlarını nağdsiz, yəni köçürmə yolu ilə ödəyə, icarə müqaviləsini dövlət reyestrində qeydiyyata aldıra bilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin icarə haqqını bələdiyyə sədrinə nağd şəkildə ödədiyi barədə dəlili onun tərəfindən sübut olunmalı dəlildir. Lakin iş materiallarından bu faktı təsdiq edən sübutun cavabdeh tərəfindən təqdim olunması müəyyən edilmir. Yeni bələdiyyə sədri tərəfindən icarə haqqının ödənilməsi üçün tədiyə bildirişinin, icarə hüququnun dövlət qeydiyyatına alınması üçün kodun verilməməsi, bu səbəbdən icarə haqlarını nağdsiz, yəni köçürmə yolu ilə ödəyə bilməməsi barədə cavabdehin dəlilləri ilə bağlı Bıçaqçı Bələdiyyəsinin sədri X8 bildirmişdir ki, Bıçaqçı bələdiyyəsinin X1 Sisteminə (BAMS) qoşulması hissə-hissə olmaqla 2017-ci ildən başlamış və 2021-ci ildə yekunlaşmışdır. İcarə haqqı üzrə ödənişlərin həyata keçirilməsi üçün “kod” vətəndaşlara o zaman verilə bilir ki, icarə müqaviləsi BAMS sisteminə yerləşdirilmiş olsun. Cavabdehlə bağlanan icarə müqaviləsinin BAMS sisteminə yerləşdirlməsi ona görə mümkün olmamışdır ki, icarə müqaviləsi reyestrdə qeydiyyata alınmamışdır. Belə ki, müqavilələr sistemə işlənəndə sistemin bir bölməsi var ki, ora icarə müqaviləsinin reyestrdə qeydiyyata alındığı nömrə yazılmalıdır. O qeydiyyat nömrəsi olmadıqda müqavilənin sistemə yerləşdirilməsi qeyrimümkündür. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh, onunla bağlanmış icarə müqavilə üzrə icarə haqqını icarə müqaviləsinin şərtlərinə uyğun olaraq Bıçaqçı Bələdiyyəsinin bank hesab nömrəsinə və ya poçtdakı hesabına ödəmək imkanından da istifadə etməmiş, 2017-2022-ci illər üzrə həmin vasitə ilə icarə haqqını ödəməmişdir(apellyasiya baxışının məhkəmə iclasında cavabdeh bu imkanlardan istifadə etməməsini savadsız olması ilə əlaqələndirmişdir). Bunun əksini təsdiq edən sübutlar isə cavabdeh tərəfindən məhkəmələrə təqdim olunmamışdır. Məhkəmə bildirir ki, iddiaçının iddia tələbinin maddi hüquqi əsasları kimi Mülki Məcəllənin 421.2-ci və 719.7-ci maddələri çıxış edir. Mülki Məcəllənin 719.7-ci maddəsinə görə icarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Göründüyü kimi torpaq icarəçisinin icarə haqqını üç aydan çox gecikdirməsi, icarə müqaviləsinin ləğv olunması üçün müstəqil əsas təşkil edir. İşin hallarından görünür ki, iddiaçı, onunla cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliyinə əməl edərək torpaq sahəsini ayırıb cavabdehə versə də, cavabdeh qanunvericiliyin tələblərinə və müqavilənin şərtlərinə, o cümldədən müqavilənin 2.13-cü bəndinə əməl etməmiş, icarə haqqını və digər tədiyələri vaxtında ödəməli olduğu halda ödəməmiş, nəticədə onun 2017, 2018, 219, 2020, 2021 və 2022-ci illər üzrə ödənilməmiş icarə haqqı qalmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, onunla cavabdeh arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə iddiaçının tələbi və həmin tələbin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə müzakirə olunan hissədə əsassızdır. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Sübuta söykənməyən dəlil (tələb) isə əsaslı hesab edilərək təmin edilə bilməz. Beləliklə də, hazırki apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Zərdab Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 dekabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-235/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-235/2024
02.04.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver