Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-241/2024 13.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “alimentin artırılması, azyaşlı uşağın üç yaşına çatanadək iddiaçının saxlanması xərcinin, uşağın müalicə və müayinə xərcinin tutulması” tələbinə dair mülki işi üzrə Göyçay Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh 25 iyun 2021-ci il tarixdə rəsmi nikaha girərək ər-arvad olmuşlar və birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Əli adlı uşaqları doğulmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-897/2023 saylı qətnaməsi ilə müəyyən olunur ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan uşaqları Əlinin anasının, yəni hazırki iş üzrə iddiaçının yanında saxlanılması, Əlinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 220 manat müəyyən edilməsi, xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 3 (üç) yaşına çatanadək saxlanılması üçün ona hər ay 100 manat alimentin və uşağın hər ay müayinəsi üçün 150 manatın, aylıq dərmanlar üçün 100 manatın yarı hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə münasibətləri normal olsa da sonradan baş vermiş ziddiyətlər nəticəsində nikahları pozulmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X1 üçün hər ay 200 manat miqdarında aliment tutulmuşdur. Lakin cavabdehin ödədiyi aliment uşağın zəruri təlabatlarını ödəmir. Cavabdeh ona oğlunun saxlanması üçün əlavə olaraq maddi yardım göstərmir. xx.xx.2022-ci il tarixində anadan olmuş Əli anadangəlmə ürək qüsurludur, daimi müalicə və müayinəyə ehtiyacı var, nəticədə əməliyyat olunmalıdır. Bunun üçün hər ay 150 manat müayinə, 100 manat dərmanlar üçün pul lazımdır ki, tərəfindən bunların tək qarşılanması mümkün deyildir. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(046)- 1695/2023 nömrəli iş üzrə qəbul etdiyi 06 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, məhkəmə baxışı zamanı cavabdehdən tutulan 200 manat alimentin miqdarının artırılaraq 220 manat məbləğində müəyyən edilməsinə, cavabdehin aylıq gəlirlərinin hər ay uşağın saxlanması üçün 220 manat ödənilməsinə yetərli olduğuna, eləcə də aliment ödəyicisi olan cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyinin olduğunu təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Eləcə də iddiaçı azyaşlı oğlunun xəstə olduğunu təsdiq edən və buna görə də müalicə və müayinə xərcinin tutulmasına əsas verən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(046)-897/2023 saylı qətnaməsinə əsasən bir uşağın saxlanması üçün cavabdehdən iddiaçının saxlanması üçün 200 manat alimentin tutulması qət edilmişdir. Qeyd edilən qətnamə qəbul edilərkən, cavabdehin maddi vəziyyəti və uşağın üç yaşına çatmadığı da nəzərə alınmışdır. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2, 78.1, 78.2, 81.1, 84.1, 84.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələlərinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri 3 yaşına çatmamış uşağın doğum şəhadətnaməsi məhkəməyə təqdim edilsə də, məhkəmə iddianı “uşağın üç yaşına çatanadək anaya aliment tutulması” hissəsində təmin etməmişdir. Bundan başqa uşağın xəstəliyi ilə bağlı sənədlər təqdim edilsə də məhkəmə tərəfindən “uşağın müalicə, müayinə xərclərinə cəlb edilməsi” hissəsində də iddia təmin edilməmişdir. Üçüncü bir tərəfdən “alimentin miqdarının artırılması” tələbi də qoyulmuşdur ki, məhkəmə tərəfindən bu hissəni də təmin etməyərək işdə qərəzli olduğunu, işə birtərəfli, yəni cavabdehin mövqeyindən baxaraq, natamam qətnamə çıxarmışdır. Bu nöqteyi nəzərdən hakim tərəfindən maddi hüquq norması pozularaq iddianın tam təmin edilməsi yönündə deyil, işə qərəzli, qeyri-obyektiv, birtərəfli, yəni cavabdehin mövqeyindən iddianın rədd edilməsi yönündə maddi hüquq normalarını tətbiq etmişdir. Halbuki, işin düzgün araşdırılması, sənədlərə düzgün qiymət verilməsi, təqdim edilən sübutların araşdırılması düzgün maddi hüquq normalarının tətbiq edilməsinə gətirib çıxarmaqla iddianın bötüvlükdə təmin edilməsinə gətirib çıxarardı. Hazırki iddia ilə də bağlı sübutlar təqdim edilsə də, qanunverciliyin tələbləri göstərilsə də, hakimin əvvəlki və indiki mövqeyi onun ədalətli və düzgün nəticə verməyəcəyini ortaya qoydu. Hakim tərəfindən düzgün olmayan maddi hüquq normaları tətbiq edilməklə iddianın rədd edilməsinə nail olaraq cavabdehin istəklərini yerinə yetirmişdir. Məhkəmə iclasında yenicə əldə edilmiş və uşağın səhhətini, onun son vəziyyətini əks etdirən sənədlər məhkəməyə təqdim edilsə də, onun qəbulundan imtina edilmişdir. Bu barədə hakimə şifahi etiraz təqdim edilsə də, heç bir nəticəsi olmamışdır. Bununla da məhkəmə iclaslarında iddiaçıya qarşı qərəzli mövqe nümayiş etdirilmiş, məhkəmədə ədalətli araşdırma təmin edilməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddiaçı apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin tamamilə ləğv edilməsini xahiş etdiyindən Məhkəmə birinci instansiyası məhkəməsinin aktını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu. 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. İşin faktiki hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, hazırkı işdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcud deyil. Belə ki, Göyçay Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələblərində və cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş “əmək müqaviləsinə dair” xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdeh xx.xx.2021-ci ildən "xxxx" MMC-də işləyir və 670 manat əmək haqqı alır. Yəni, 25 may 2023-cü il tarixdə də, hazirki iş üzrə qətnamə qəbul edilən xx.xx.2023-cü il tarixdə də cavabdeh eyni işdə işləyərək eyni məbləğdə əmək haqqı almış, yaşayış minimumu haqqında qanunvericiliyin tələblərində isə dəyişiklik olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin ikinci hissəsi cavabdehin xx.xx.2022-ci il təvəllüdlü Əlinin müalicə və müayinə xərclərinə cəlb edilməsi ilə bağlıdır. Həmin tələbin qanuni əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsi təşkil edir. Qeyd olunan maddədən görünür ki, valideynlərin əlavə xərclərə cəlb edilməsi valideynlərin aliment öhdəliklərindən fərqlidir. Belə ki, aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda (Ailə Məcəlləsinin 75-ci maddəsi), əlavə xərclərin əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş müstəsna hallar təşkil edir. Bu hallara – uşağın ağır xəstə olması, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər daxildir. Eyni zamanda valideynlərin əlavə xərclərə cəlb edilməsi üçün təkcə həmin halların mövcudluğu deyil, bu hallarla bağlı xərclərin (faktiki çəkilmiş və ya gələcəkdə çəkilməli olan) mövcud olması da tələb olunur. Lakin iddiaçı tərəfindən faktiki çəkilmiş və gələcəkdə çəkilməli olan xərclərin mövcudluğunu təsdiq edən sübutlar təqdim olunmamış və o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində bununla bağlı sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyini, lakin məhkəmənin qəbul etmədyini bildirsə də, Məhkəmə qeyd edir ki, iddiaçının dedikləri iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə iddiaçının bu barədə bildirdiklərini doğru qəbul etsə belə, qeyd edir ki, həmin sübutlar apellyasiya şikayətinə əlavə edilə və ya apellyasiya məhkəməsinin baxışında Məhkəməyə təqdim edilə bilərdi ki, iddiaçı bu hüququndan da istifadə etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin üçüncü hissəsi tərəflərin birgə nikahdan doğulmuş uşaqları Əlinin 3 yaşı tamam olanadək cavabdehdən 100 manat alimentin iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, həmin tələbin qanuni əsasını Ailə Məcəlləsinin 85.1 və 85.1.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Qeyd olunan normanın tələbindən göründüyü kimi, arvad özünün saxlanılması üçün zəruri vəsaitə malik ərdən aliment tələb edə bilər. Lakin hazırki işdə bu hallar təsdiq edilmir. Çünki cavabdehin zəruri vəsaitə malik olması ilə bağlı iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddiaçının bu tələbi də əsassızdır və təmin edilə bilməz. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 oktyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-241/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-241/2024
13.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver