Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-248/2022 10.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş torpağa mülkiyyət hüququna dair reyestrdən çıxarışların ləğv edilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin və çıxarışın ləğvi, subyektiv hüquq) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakları ilə, Balakən Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(019)-988/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə X9 arasında olan alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş torpağa mülkiyyət hüququna dair reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, oğlu Nümayəndə Soltan oğluna və həyat yoldaşı X5 qarşı torpaq sahəsindən çıxarma və oradan istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbi ilə iddia qaldırmış və iddiası təmin edilmişdir. Onun səhhətində problem olduğu üçün həmin prosesə cəlb edilməmiş və bunu ondan gizlətmişlər. Bu prosesin mahiyyəti barədə icra məmurunun könüllü icra ilə bağlı bildirişindən sonra xəbər tutmuşdur. Hesab edir ki, Cavabdeh iddiasının əsası kimi istinad etmiş olduğu sənədlərin qanuni əsası olmadığından, həmin sənədlər ləğv olunmalıdır. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi faktiki olaraq onların sahibliyində olmuş torpaq sahəsidir və həmin torpaq sahəsinin bütün vergilərini də müntəzəm olaraq məhz o, ödəmişdir. Balakən rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 saylı protokoldan çıxarışa əsasən mübahisəli torpaq sahəsi Balakən rayon sakini X2 mülkiyyətində olmuşdur. Həmin qərara əsasən sözügedən torpaq sahəsinin 0,25 ha və 0,05 ha hissəsi X2 razılığı əsasında ona verilmişdir.Qüvvədə olan Balakən rayon DSX İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 saylı qərarından görünür ki, mübahisələndirilən torpaq sahəsi üzrə mülkiyyət hüququ ona verilmişdir. Hazırda sözügedən qərarlar mübahisələndirilməyib və qüvvədədir. İş materiallarından da görünüki, hazırda Cavabdeh mülkiyyət hüququ əldə etdiyi torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi əvvəllər Aşabel Saramanovaya məxsus olmuşdur. Hesab edir ki, cavabdeh başqasının, yəni onun hüquqlarında yüklü olan torpaq sahəsini qanunsuz əldə etmişdir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(019)-988/2021 saylı qətnaməsi ilə (hakim S.Hümbət) İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş torpağa mülkiyyət hüququna dair reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Əliyeva X14 şəhər sakini X7 ilə 15.02.2018-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi bağlayaraq, sonuncunun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, istifadəsində olan 0,15 ha torpaq sahəsini və üzərindəki ümumi sahəsi 42,9 kv/m, yaşayış sahəsi 42,9 kv/m. olan 2 otaqlı fərdi yaşayış evini 30000 manata almışdır. Onlar arasındakı alqı-satqı müqaviləsi reyestrdə 4Ə-78 nömrə ilə qeydə alınmışdır. Həmin müqavilə əsasında sözügedən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi 28.02.2018-ci ildə tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ona RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və fərdi yaşayış evinin texniki pasportu verilmişdir. İddiaçı həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 2019-cu ildə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, maraqlı şəxslər X3, XXX Xanım Soin qızı, X7 və Cavabdeh qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək 09.12.1997-ci il tarixli qeydiyyat vəsiqəsininin, 09.12.1997-ci il tarixli müqavilənin, 25.06.2009-cu il tarixli ******* saylı çıxarışın, 15 iyul 2009-cu il tarixli müqavilənin, 07.08.2009-cu il tarixli ******* saylı çıxarışın, 09.02.2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, 15.02.2018-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin və 28.02.2018-ci il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsi, mülkiyyətinə verilmiş Balakən rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 nömrəli protokolundan çıxarışa əsasən 0,25 ha və 16 fevral 1984-cü il tarixli N- 10/60 saylı çıxarışına əsasən mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahələrinə ölçülüb plan cizgisinin verilməsi və bunun əsasında mülkiyyətinə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(033)-569/2019 nömrəli qərardadı ilə iddia tələbinin “mülkiyyətinə verilmiş Balakən rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 nömrəli protokolundan çıxarışa əsasən 0,25 ha və 16 fevral 1984-cü il tarixli N10/60 saylı çıxarışına əsasən mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahələrinə ölçülüb plan cizgisinin verilməsi və bunun əsasında mülkiyyətinə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması tələbinə dair hissəsi üzrə mülki işin icraatına xitam verilmiş, eyni tarixli, eyni nömrəli qətnamə ilə iddia tələbinin 09.12.1997-ci il tarixli qeydiyyat vəsiqəsinin, 09.12.1997-ci il tarixli müqavilənin, 25.06.2009-cu il tarixli ******* saylı çıxarışın, 15 iyul 2009-cu il tarixli müqavilənin, 07.08.2009-cu il tarixli ******* saylı çıxarışın, 09.02.2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, 15.02.2018- ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin və 28.02.2018-ci il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair hissəsinin rədd edilməsi qət edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsı məhkəmə tərəfindən аrаşdırılаrkən məlum olmuşdur ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. İddiaçı ləğvini tələb etdiyi Balakən Rayon Dövlət Notariat Kontorunda bağlanmış 15.02.2018-ci il tarixli AN-İ N ******* nömrəli 4Ə-78 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsində tərəf deyildir, həmin müqavilənin tərəfləri X7 və Cavabdehdır. Belə olan halda 15.02.2018-ci il tarixli AN-İ N ******* nömrəli 4Ə-78 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsində tərəf olmayan İddiaçı həmin müqavilənin ləğvini tələb etməyə subyektiv hüququ yoxdur. Ona görə də onun alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair tələbi təmin edilməməlidir. İddiaçı izah olunur ki, o, Balakən Rayon Dövlət Notariat Kontorunda bağlanmış 15.02.2018ci il tarixli AN-İ N ******* nömrəli, 4Ə-78 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edə bilərdi. O, həmin iddia tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(033)-569/2019 nömrəli qətnaməsi ilə onun iddiası rədd edilmişdir. O, da məhkəmənin həmin qətnaməsi ilə razılaşmış, hətta apellyasiya şikayəti verməmişdir. İddia tələbinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi barədə hissəsi ilə bağlı məhkəmə vurğulayır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0 və 8.0..3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Cavabdeh adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış 15.02.2018-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi əsasında verildiyindən iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş torpağa mülkiyyət hüququna dair reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin İ, İİ, İV hissələri, Mülki Məcəlləsinin 152.1, 423.1- 423.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0 və 8.0.3-cü maddələri, Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarı, "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işi üzrə qərarı, Avropa İnsan Hüquqları Konvensiyası ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Cavabdeh adına qeydiyyata alınmış çıxarış mülkiyyət hüququnun əsası kimi istinad etmiş olduğu sənədlərin qanuni əsası olmadığından, həmin sənədlər ləğv olunmalıdır. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi faktiki olaraq onların sahibliyində olmuş torpaq sahəsidir və həmin torpaq sahəsinin bütün vergilərini də müntəzəm olaraq məhz o ödəmişdir. Balakən Rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 saylı protokoldan çıxarışa əsasən mübahisəli torpaq sahəsi Balakən rayon sakini X2 mülkiyyətində olmuşdur. Həmin qərara əsasən sözügedən torpaq sahəsinin 0,25 ha və 0,05 ha hissəsi X2 razılığı əsasında ona verilmişdir. Qüvvədə olan Balakən Rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 saylı qərarından görünür ki, mübahisələndirilən torpaq sahəsi üzrə mülkiyyət hüququ ona verilmişdir. Hazırda sözügedən qərarlar mübahisələndirilməyib və qüvvədədir. Balakən Rayon Məhkəməsinin 2(019)-988/2021 saylı, 03.11.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş torpağa mülkiyyət hüququna dair reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İddia ərizəsinə mütəxxəsis və ekspert rəyləri əlavə olunmuşdur. Mübahisəli torpaq sahəsinə dair əvvəllər cavabdeh ilə məhkəmənin icraatında olan (Şəki Apellyasiya Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli 2(107-2465/2019 saylı işi üzrə) ekspertiza keçirilmişdir. Mütəxxəsis qarşısında aşağıdakı suallar qoyulmuşdur. 1.Cavabdehlər Nümayəndə və X4 istifadəsində olan 0.05 ha və 0.25 ha torpaq sahələri RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşürmü? 2.Cavabdehlər Nümayəndə və X4 Balakən rayon Aqrar İslahat Komissiyasının qərarına əsasn mülkiyyətinə verilmiş torpaq sahəsi hazırda RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşürmü, düşürsə hansı hissələrdə torpaq sahəsi üst üstə düşür? 3. Cavabdehlər Nümayəndə və X4 istifadəsində olan 0.05 ha və 0.25 ha torpaq sahələri faktiki olaraq yerində mövcuddurmu? Aparılmış araşdırılmalar nəticəsində müəyyən edilmişdir ki, cavabdehlərin istifadəsində olan torpaq sahəsi ilə iddiaçı Cavabdeh mülkiyyətində olan 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdehlər Nümayəndə və X4 istifadəsində olan 0.05 ha və 0.25 ha torpaq sahələri faktiki olaraq yerində mövcuddur. Cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə istifadəsində olan torpaq sahəsi üst-üstə düşdüyü üçün hazırki tələb ilə məhkəməyə müraciət olunması üçün subyektiv hüququ vardır. Çünki hüquqların qeydə alınan torpaq sahəsi XDS-nin qərarına əsasən ona verilmiş torpaq sahəsidir. Lakin qeyd olunan mütəxəsis və ekspert rəylərini məhkəmə nəzərə almamış, qərarında həmin məsələlər qiymət verməmişdir. Eyni zamanda mülki iş üzrə zəruri sübutları müstəqil şəkildə əldə edə bilmədiyi üçün məhkəməyə vəsatət təqdim etmişdir. Həmin vəsatətdə X1 məhkəməyə cəlb edilməsi, Balakən Rayon XDS-nin İcraiyyə Komitəsinin qərarına əsasən verilmiş torpaq sahəsinin hansı üsulla X1 adına keçirilməsi barədə Ədliyyə Nazirliyi Dövlət Notariat Kontorunun arxivinə sorğu göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Qeyd olunan vəsatəti ilə bağlı ətraflı araşdırma aparılmamış, məhkəmə qərarında münasibət bildirməmiş, MPM-nin 14.1-ci maddəsinin tələbini pozmuşdur. Həmin maddəyə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin tam, hərtərəfli və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki işə əlavə olunan sənədlərdən məlum olur ki, Cavabdeh məxsus olan torpaq sahəsi Balakən Rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 saylı protokoldan çıxarışa əsasən ona verilən 0.25 ha və 0.05 ha torpaq sahəsi üst-üstə düşür. Apellyasiya şikayətinə Dövlət Notariat Arxiv idarəsindən əldə olunmuş X6 açılmış vərəsəlik işini və X3 ilə Xanım Soin qızı arasında bağlanmış alqı-satqı müqaviləsini və Xanım Soin qızı ilə X7 arasında olan bağışlama müqavilələrinə dair sənədlər əlavə olunur. X3 ilə Xanım Soin qızı arasında bağlanmış alqı-satqı müqavilələrində və Xanım Soin qızı ilə X7 arasında olan müqavilənin predmetini yalnız fərdi yaşayış evi təşkil edir. Torpaq sahəsinin satılması ilə bağlı hər hansı bir qeyd aşkar olunmur. İlkin sənədlərdə torpaq sahəsinin qeyd olunmadığı təqdirdə Cavabdeh adına mübahisələndirilən torpaq sahəsinə dair hüquqlarının qeydə alınması tam əsassız olmaqla heç bir hüquqi əsası yoxdur. Balakən Rayon Məhkəməsinin 2(019)-988/2021 saylı 03.11.2021-ci il tarixli qərarının tamamilə ləğv olunması və İddiaçı iddiasının təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(019)-988/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı; "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübаhisənin qаnuni həlli üçün işə bаxаn məhkəmə, o cümlədən tаm hüquqlu məhkəmə kimi аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Subyektiv mənаdа hüquq normаtiv-hüquqi аktlаrlа müəyyən olunmuş zаhiri аzаdlığı ifаdə edir. Şəxsiyyətin dаvrаnışının bu və yа digər üsulunu seçməklə şüurlu olаrаq məqsədləri müəyyən etmək və onlаrın istiqаmətində hərəkət etmək imkаnı belə аzаdlığın dаxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhаtəsinə düşmür. Həmin аzаdlığın ictimаi münаsibətlərdə öz məqsədini ifаdə etmək imkаnı kimi qəbul olunаn xаrici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xаrici) cəhət hüquqi ixtiyаr kimi təzаhürü ehtivа edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyаr; bаşqа (borclu) şəxslərdən tələb etmək hüququ; müdаfiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bаğlıdır. Birinci element isə bəzən yаlnız qаnunlа müəyyən olunmuş qаydаyа riаyət edilməklə yаrаnır. Belə qаydаlаrа riаyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdаfiə hüququnun yаrаnmаsındаn, eləcə də həyаtа keçirilməsindən söhbət gedə bilməz." Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanun; Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0 və 8.0..3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Balakən Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(019)-988/2021 saylı qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(019)-988/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdeh Əliyeva X14 şəhər sakini X7 ilə 15.02.2018-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi bağlayaraq, sonuncunun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, istifadəsində olan 0,15 ha torpaq sahəsini və üzərindəki ümumi sahəsi 42,9 kv/m, yaşayış sahəsi 42,9 kv/m. olan 2 otaqlı fərdi yaşayış evini 30000 manata almışdır. Onlar arasındakı alqı-satqı müqaviləsi reyestrdə 4Ə-78 nömrə ilə qeydə alınmışdır. Həmin müqavilə əsasında sözügedən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi 28.02.2018-ci ildə tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ona RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və fərdi yaşayış evinin texniki pasportu verilmişdir. Məhkəmə kollegiyasının iclasında həmçinin müəyyən edildi ki, İddiaçı 2019-cu ildə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, maraqlı şəxslər X3, XXX Xanım Soin qızı, X7 və Cavabdeh qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək 09.12.1997-ci il tarixli qeydiyyat vəsiqəsininin, 09.12.1997-ci il tarixli müqavilənin, 25.06.2009-cu il tarixli ******* saylı çıxarışın, 15 iyul 2009-cu il tarixli müqavilənin, 07.08.2009-cu il tarixli ******* saylı çıxarışın, 09.02.2018-ci il tarixli AN-İ ******* saylı alqısatqı müqaviləsinin, 15.02.2018-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin və 28.02.2018-ci il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsi, mülkiyyətinə verilmiş Balakən rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 nömrəli protokolundan çıxarışa əsasən 0,25 ha və 16 fevral 1984-cü il tarixli N- 10/60 saylı çıxarışına əsasən mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahələrinə ölçülüb plan cizgisinin verilməsi və bunun əsasında mülkiyyətinə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(033)-569/2019 nömrəli qərardadı ilə iddia tələbinin “mülkiyyətinə verilmiş Balakən rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 nömrəli protokolundan çıxarışa əsasən 0,25 ha və 16 fevral 1984-cü il tarixli N10/60 saylı çıxarışına əsasən mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahələrinə ölçülüb plan cizgisinin verilməsi və bunun əsasında mülkiyyətinə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması tələbinə dair hissəsi üzrə mülki işin icraatına xitam verilmiş, eyni tarixli,eyni nömrəli qətnamə ilə iddia tələbinin “ 09.12.1997-ci il tarixli qeydiyyat vəsiqəsinin ,09.12.1997-ci il tarixli müqavilənin, 25.06.2009-cu il tarixli ******* saylı çıxarışın, 15 iyul 2009-cu il tarixli müqavilənin, 07.08.2009-cu il tarixli ******* saylı çıxarışın, 09.02.2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, 15.02.2018ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin və 28.02.2018-ci il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair hissəsinin rədd edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, işin tədqiqi nəticələrindən görünür ki, İddiaçı hazırki tələblə bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, o, Cavabdeh ilə X9 arasında olan alqı-satqı müqaviləsini mübahisələndirmək hüququna malik deyil. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. İş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş 15.02.2018-ci il tarixli AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X7 mülkiyyət hüququ ilə özünə məxsus olan, ünvan 1 ünvanında yerləşən, istifadəsində olan 0,15 ha torpaq sahəsini və üzərindəki ümumi sahəsi 42,9 kv/m., yaşayış sahəsi 42,9 kv/m. olan 2 otaqlı fərdi yaşayış evini 30000 manata Cavabdeh satmışdır. Alqı-satqı müqaviləsi reyestrdə 4Ə- 78 nömrə ilə qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və texniki pasportun təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1958-ci ildə tikilmiş, ümumi sahəsi 35,50 kv/m olan fərdi yaşayış evi 28.02.2018-ci ildə tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı alqı-satqı müqaviləsinin tərəfi deyil. Ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. “Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir”. “Müqavilənin digər tərəfinə” ifadəsinin işlədilməsi ona işarə edir ki, müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəflərinə aiddir. Belə ki, “müqavilənin digər tərəfinə” ifadəsi müqavilənin əks tərəfinə nəzərən işlədilən ifadədir. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Əgər müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəfi olmayan şəxslərə də aid olsaydı, bu halda qanunverici “müqavilənin digər tərəfinə” deyil, “müqavilənin tərəflərinə” ifadəsini işlədərdi. Yəni müqaviləni mübahisələndirmək niyyətində olan istənilən şəxs müqavilənin tərəflərinə iradə ifadəsini bildirməlidir. Ona görə də hesab olunur ki, qanunverici “müqavilənin digər tərəfinə” ifadəsini işlətməklə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini müəyyən edib. Bu qaydanın məntiqi ondan ibarətdir ki, müqavilə yalnız müqavilə tərəfi olan şəxslər üçün vəzifə (məcburi davranış qaydası) yaradır, müqavilə tərəfi olmayan şəxslər üçün isə müqavilənin vəzifə yaratması mümkün deyil, müqavilə onlar üçün yalnız hüquq (mümkün davranış qaydası) yarada bilər: məsələn, üçüncü şəxsin xeyrinə müqavilə (Mülki Məcəllə, maddə 403). Hüquq isə mümkün davranış qaydası olduğundan üçüncü şəxs həmin hüquqdan istifadə etməyə bilər və ya ondan imtina edə bilər. Ona görə də müqavilə tərəfi olmayan şəxsin müqaviləni mübahisələndirməsi yersizdir. Mülki Məcllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür. - hüquq münasibəti əmələ gəlir; - hüquq münasibəti dəyişir; - hüquq münasibəti xitam olunur. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: - münasibətin subyekti; - münasibətin obyekti; - münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Əks yanaşma ona səbəb ola bilər ki, ölkədə istənilən şəxs istənilən əqdi mübahisələndirə bilər. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Hazırki işdə mübahisələndirilən müqavilə hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, müqavilənin nəticəsi olaraq alıcı ilə satıcı arasında öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Əmələ gələn münasibətinin strukturuna daxil olan 3 elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Məhkəmə bunu aşağıda göstərilənlərlə izah edir: Birincisi, iddiaçı öhdəlik münasibətinin subyekti (alıcı və ya satıcı) deyil. İkincisi, iddiaçının, öhdəlik münasibətinin obyektinə (torpağa) aid olan hər hansı hüququ, vəzifəsi və ya qanuni mənafeyi yoxdur. Mövcud olmayan hüququn müdafiəsini tələb edə bilməz, hüququn müdafəsi üçün ya o, mövcud olmalı, ya da gözlənilən olmalıdır. Üçüncüsü, öhdəlik münasibətinin məzmununun (subyektiv hüquqların və hüquqi vəzifələrin) iddiaçıya hər hansı aidiyyəti yoxdur. İddia tələbinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi barədə hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya vurğulayır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0 və 8.0..3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Cavabdeh adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış 15.02.2018-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi əsasında verildiyindən iddia tələbi həmin hissədə də təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(019)-988/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(019)-988/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-248/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-248/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver