Məhkəmə qərarları › İş №2(107)-254/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-254/2021

03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-254/2021 03.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “cavabdehdən mənəvi ziyana görə 25000 manat pul tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1454/2020 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1454/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən iddiaçının qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar vurulmuş mənəvi ziyanın əvəzi kimi 4000 manat pul vəsaitinin alınıb İddiaçı verilməsi, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin cavabdehdən alınıb iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyanın əvəzi kimi 25000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatında göstərmişdir ki, həyat yoldaşı X1 bıçaqla ağır xəsarət yetirilməsi ilə əlaqədar Mingəçevir şəhər Polis şöbəsində onun haqqında xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq xx.xx.2020-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqın gedişində həmin cinayətin törədilməsində onun heç bir təqsirinin olmadığı müəyyən edildiyindən müstəntiqin xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin barəsində olan hissəsinə xitam verilmiş və o, həbsdən azad edilmişdir. İstintaq nəticəsində Mətanət Şirinova CM-in 296.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə sonuncu həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir. Cinayət məsuliyyətinə cəlb olunması və barəsində cinayət təqibinin aparılması ona mənəvi iztirab vermişdir. Barəsində müxtəlif şayiələr gəzmiş, cinayətkar kimi şərəf və ləyaqətini ləkələyən informasiyalar yayılmışdır. Beləliklə, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş və cəmiyyət içində hörmətdən düşmüşdür. Ona görə də qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyanın əvəzi kimi 25000 manat pulun və ödədiyi 30 manat dövlət rüsumu əvəzinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsina baxmayaraq, cavabdeh dövlət orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1454/2020 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazilrliyi tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız hesab edilməli və aşağıda göstərilən səbəblərə görə ləğv olunaraq, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi-ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Lakin iddiaçı məhkəməyə mənəvi əzab çəkməsini, barəsində mənfi fikrin formalaşmasını sübut edəcək faktlar təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Həmin maddədə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Hesab edirlər ki, Cinayət- Prosessual Məcəllənin yuxarıda sadalanan normaları kontekstində iddiaçıya 4000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X4 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1454/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb, iddiaçının və onun vəkilinin izahat və çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1454/2020 nömrəli qətnaməsi dəyişdirilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq İddiaçı ödənilməli olan kompensasiyanın mələği 2000 (iki min) manat müəyyən edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1973-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi, əməlin tövsif edilməsi və aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə istintaq olunan ********* №-li cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə (əməldə cinayət tərkibinin olmaması) əsasən hissəvi xitam, barəsində xx xxxxxx 2020-ci il tarixdə seçilmiş “həbs” qətimkan tədbirinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin və Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin müvafiq maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarına, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5, 6 və 7-ci maddələrinə istinad etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. Həmin Məcəllənin 56.0.1-ci maddəsinə əsasən, bəraət almış təqsirləndirilən şəxs, CPM-in 56.0.5-ci maddəsinə əsasən qanunsuz həbs olunmuş və ya tibb, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs, CPM-in 56.0.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Həmin Məcəllənin 57.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 56.0.1, 56.0.2, 56.0.5 və 56.0.6-cı maddələrində göstərilmiş şəxslərə - cinayət prosesini həyata keçirən orqanın cinayət təqibini istisna edən müvafiq halları bildiyi və bilməli olduğu gündən 7 (yeddi) gün keçdikdən sonra vurulmuş ziyan ödənilir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. Həmin Məcəllənin 63-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında - təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 43 və 53-cü maddələrinə əsasən, məhkəmədə iddiaçı və cavabdeh olmaq səlahiyyətləri yalnız hüquqi şəxsə mənsubdur; filial və nümayəndəliklər hüquqi şəxsin mənafeyini təmsil edir və məhkəmədə iddiaçı və ya cavabdeh ola bilməz. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin , habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli Qərarında qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi-ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 82.4-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi - nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə - yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən, bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir; şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər; fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir; istintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxx 1973-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. İddiaçı Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx xxxxxx 2020-ci il tarixli “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi, əməlin tövsif edilməsi və aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə istintaq olunan ********* №-li cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam, barəsində xx xxxxxx 2020-ci il tarixdə seçilmiş “həbs” qətimkan tədbirinə xitam verilmişdir. Onun barəsində ağır cinayət üzrə cinayət təqibi getdiyi və barəsində həbs qətimkan tədbiri seçildiyi üçün normal həyat şəraitindən uzaq düşmüş və mənəvi iztirab çəkmişdir. Cinayət təqibi ilə əlaqədar İddiaçı barəsində müxtəlif şayiələr gəzmişdir. Aparılan istintaq materialları ilə barəsində doğru olmayan, şərəf və ləyaqətini ləkələyən məlumatlar formalaşmışdır. Beləliklə, iddiaçı təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, cəmiyyət içərisində ona qarşı mənfi emosiya yaranmışdır. Bütün bunların nəticəsində iddiaçı sarsıntı keçirmiş və bununla da ona mənəvi ziyan vurulmuşdur. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi vurulmuş mənəvi zərərin ödənilməsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın olur ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir, mənəvi zərərin tələb olunan məbləğdə deyil, 4000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Belə ki, İddiaçı həbsdə cəmi 15 gün qalmışdır ki, bu halda onun vurulmuş mənəvi ziyana görə 25000 manat məbləğində pul tələbini qismən haqlı saymağa əsas verir. Məhkəmə kollegiyası iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini əsaslı hesab edir. Bununla yanaşı, məhkəmə kollegiyasının qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olmaqla heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönəlməməlidir. Ali Məhkəmə Plenumunun yuxarıda istinad olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Apellyasiya baxışı iclasında iddiaçının verdiyi izahatından məlum olmuşdur ki, o, həbs olunduğu ərəfədə heç yerdə işləməmiş, əvvəllər həyat yoldaşı Mətanət Şirinova ilə birlikdə Bərdə rayonunda fermada işləyib yaşamışlar, həyat yoldaşı ilə münasibətləri gərgin olmuşdur. İşdə olan Mingəçevir şəhər prokurorluğu müstəntiqinin xx.xx.2020-ci il tarixli qərarındakı şahid ifadələrindən görünür ki, iddiaçı həyat yoldaşını və yetkinlik yaşına çatmayan 2 uşaqlarını dəfələrlə döymüş, onlarla kobud və bəzən də qəddar rəftar etmiş, həyat yoldaşını ondan ayrılmaq istədiyinə görə öldürməklə hədələmişdir. İddiaçının şəxsiyyəti ailəsində və yaxın qohumları arasında heç də müsbət xarakterizə olunmamışdır. Həbs olunmasının cəmiyyətdə müzakirəyə, onun hörmətdən düşməsinə səbəb olması barədə iddiaçının mülahizələri qeyri-səmimi görünür. İddiaçının həbsə alınması və 15 gün həbsdə olması ilə məruz qaldığı mənəvi ziyana görə tələb etdiyi pul kompensasiyasının miqdarı ilə ona dəymiş mənəvi zərərin mümkün həqiqi həcmi arasında hədsiz qeyrimütənasiblik mövcuddur. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya dəymiş mənəvi ziyana görə ödənilməsi qət edilmiş 4000 (dörd min) manat məbləğində pul kompensasiyasını əsaslı olmayan yüksək təzminat kimi qiymətləndirir və həmin məbləğin azaldılmasını məqsədəuyğun hesab edir. Məhkəmə kollegiyasının qənaətincə, iddiaçıya dəymiş mənəvi zərərin əvəzində ona 2000 (iki min) manat məbləğində pul kompensasiyasının müəyyən olunması iddiaçının mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyаsı işdə olan sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, iddia tələbini 4000 manat həcmində təmin etməkdə haqlı olmadığından və işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi üçün əsаslаr olduğundan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)- 1454/2020 nömrəli qətnaməsi dəyişdirilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq İddiaçı dəymiş mənəvi zərərin əvəzində ödənilməli olan pul kompensasiyası 2000 (iki min) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)- 1454/2020 nömrəli qətnaməsi dəyişdirilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq İddiaçı dəymiş mənəvi zərərin əvəzində ödənilməli olan pul kompensasiyası 2000 (iki min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar