Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-255/2023 07.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Aliment tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(014)-1657/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları : İddiaçı Cavabdeh qarşı aliment tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci ildə ailə qurmuş, nikahları xx.xx.2015-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsində 46 nömrəli aktla qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X6 anadan olmuşlar. Nikaha daxil olduqdan sonra mehriban yaşamışlar, həmin dövrdə münasibətləri normal olmuş, aralarında heç bir problem olmamışdır. Lakin xeyli müddətdir ki, cavabdehin xasiyyət, xarakteri səbəbi ilə aralarında narazılıqlar başlamışdır. Cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsinə görə xeyli müddətdir ki, ayrılmışlar. Hazırda cavabdehlə ayrı yaşasalar da övladları onun himayəsindədirlər. Cavabdeh ötən müddət ərzinbdə uşaqları ilə maraqlanmamış, övladlarına heç bir maddi yardım göstərməmişdir. Ayrıldıqları gündən etibarən o və övladları demək olar ki, valideynlərinin himayəsindədirlər. Artıq çox çətinlik çəkirlər və övladlarının ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. Odur ki, övladlarının ehtiyaclarını qarşılamaq üçün alimentə ehtiyacı var və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı o, məhkəməyədək mediatora müraciət etmiş, lakin cavabdehlə aralarında mediasiya qaydasında razılıq əldə edilməmişdir. Buna görə də cavabdehlə birgə nikahlarından anadan olmuş X2 və X3 18 yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini, N nömrəli hərbi hissədə hərbi qulluqçu olduğunu, 600-700 manat məbləğində əmək haqqı aldığını, hər uşaq üçün hər ay 193 manat məbləğində alimentin yüksək olduğunu, buna görə də iddianın qismən təmin edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim F.Nəsibov) 28 noyabr 2022-ci il tarixli, 2(014)- 1657/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 27 sentyabr 2022ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 56 manat (əlli altı) dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşağın mənafeyi və iddiaçının tələbi nəzərə alınaraq iddia qismən təmin edilməli, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 27 sentyabr 2022-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutulmalı, aliment tələbi qalan hissədə rədd edilməli, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq bir il ərzində ödənilməli alimentin məcmusuna, yəni 3600 manata uyğun olaraq 56 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi, Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78, 84.1, 84.2, 84.2.2, 100.2 və 100.3-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsi, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunun 9.1.1 və 9.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Həmin qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh tərəfindən apellyasiya şikаyəti verilmişdir. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə heç bir qanuna əsaslanmamışdır. Qətnamədə maddi və prosessual hüquq normaları pozulmuşdur. Lakin birinci instansiya məhkəməsi sözügedən pozuntulara qiymət verilməsi əvəzinə əsassız olan qətnaməsi əsaslandırmağa çalışmışdır. Bildirmişdir ki, o, N saylı hərbi hissədə işləyir və stabil əmək haqqı alır, əmək haqqısı dəyişməzdir və digər bir işlə də məşğul ola bilmir. Məhkəmə ədalətli qətnamə çıxartmalı, alimenti əmək haqqı və sosial vəziyyəti nəzərə alınmaqla ödəyə biləcəyi həddə təyin etməlidir. O, hərbiçi kimi iş günləri işdə olmaq məcburiyyətindədir. Onun ikinci iş yeri yoxdur və əlavə bir işlə məşğul olmağı heç cür mümkün deyildir. Ona dövlət tərəfindən verilmiş iş və əmək haqqı 690 manat məbləğindədir. Bunun müqabilində ondan iddiaçının xeyrinə əmək haqqısının 1/3 hissəsi, yəni 230 manat aliment tutulmalı olduğu halda, o, iddiaçıya hər ay 240 manat alimentin ödənilməsinə də razıdır. Belə ki, xidmət etdiyi yer Goranboy rayonu ərazisində yerləşdiyindən onun yol, kirayə və yemək xərcləri əmək haqqının yarısını təşkil edir. Bundan başqa elektron məhkəmə sistemində də onun hansı miqdarda əmək haqqı alması, sahibkar olmaması və adına hər hansı bir əmlakının olmaması aydın görünür. Həmçinin hər iki valideyn uşaqlarını saxlamağa borcludur. Bundan başqa o, valideynləri ilə birlikdə yaşamaqla, valideynləri də onun himayəsindədirlər. Lakin birinci instansiya məhkəməsi qərar çıxararkən onun maddi və ailə vəziyyətini nəzərə almamışdır. Hamıya məlum olduğu kimi o stabil əmək haqqı alır və əmək haqqı dəyişməzdir və ikinci bir işlə məşğul ola bilmir. Məhkəmə normal və ədalətli qətnamə çıxarmalı, alimenti əmək haqqı və sosial vəziyyəti nəzərə almaqla ödəyə biləcəyi həddə təyin etməlidir. 2022-cı il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsə də həmin məbləğin yalnız ata tərəfindən ödənilməli olması nəzərdə tutulmamışdır. Ona görə də aliment əmək haqqı və maddi vəziyyəti nəzərə alınmaqla təyin olunmalıdır. Qeyd edilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)- 1657/2022 saylı qətnaməsini ləğv edib, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2022-cı ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(014)-1657/2022 nömrəli qətnaməsinin ləğv edilməli olmasını göstərsə də, iddianın qismən təmin olunması (apellyasiya şikayətinin məzmununda alimentin tutulması hissəsində iddianın qismən, yəni 2 uşaq üçün alimentin cəmi 240 manat həddində təmin edilməsini xahiş etmişdir) barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(014)- 1657/2022 nömrəli qətnaməsinin onun mübahi sələndirilən hissəsində yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur . Hazırki iddia tələbinin məzmunundan görünür ki, tələb yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin tutulması barədədir. İddiaçı tələbinin faktik əsası kimi ona istinad etmişdir ki, Cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi ailə qurmuşlar. xx.xx.2015-ci il tarixində də Ağdaş rayon Qeydiyyat şöbəsində nikahlarını 46 nömrəli akt ilə qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X6 övladları anadan olmuşdur. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Əvvəla, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin, apellyasiya şikayətində göstərdiyi arqumentlər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi daha çox iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarlarındakı qərarındakı hüquqi mövqeyi ilə də təsdiq edilmişdir. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi alimentlə bağlı iddia tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəmənin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(014)-1657/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin olunmuş hər uşağa görə 150 manat alimentin tutulması hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-255/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-255/2023
07.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver