Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-277/2024 23.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbi üzrə (Açar sözlər: Alimentin məbləğinin azaldılması) X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1949/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2016-cı tarixli 2(105)-2902/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş, 24 oktyabr 2007-ci il təvəllüdlü X7 və 17 avqust 2009 -ci il təvəllüdlü X2 üçün, onun aylıq qazancının və başqa gəlirinin üçdə bir hissəsində tutulan alimentin miqdarını azaldaraq, hər bir uşaq üçün sabit pul məbləğində hər ay 220 manat alimentin tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 08 avqust 2016-cı tarixli 2(105)-2902/2016 saylı qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə, birgə nikahdan doğulmuş 24 oktyabr 2007-ci il təvəllüdlü X7 və 17 avqust 2009 -cu il təvəllüdlü X2 üçün onun aylıq qazancının və başqa gəlirinin üçdə bir (1/3 hissəsində) hər ay aliment tutulması barədə qərar verilmişdir. Məhkəmə tərəfindən təyin edilən alimenti hər ay vaxtı-vaxtında cavabdehə ödəmiş və bunu təstiq edən cavabdeh icra şöbəsinə ərizə vermişdir ki tərəfindən aliment borcu yoxdur. Məhkəmə tərəfindən qeyd olunan aliment miqdarı təyin olunan vaxt o, hərbi xidmətdə olmuş və yüksək maaş almış, həm də subay olmuşdur. ikinci Qarabağ müharibəsində iştirakı olmaqla o, Azərbaycan Respublıikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı döyüş meydanından yaralı çıxararkən düşmən tərəfindən atılan artileriya atəşi nəticəsində” Partlayış travması, sol gözün alt qapağının bayır kənarının qəlpə yaralanması, ayaqlarının epidemiyası" diaqnozu hərbi xidmətə yararsız sayılaraq , təxris olunmuşdur. Hərbi xidmətə yararsız sayıldıqdan sonra ona hərbi tibbi komisssiyasının arayışına əsasən pensiya təyin edilmiş, lakin aldlğı pensiyanın əsas hissəsinin özünün müalicəsinə, dəva-dərmanlarına sərf edir. 07.03 2017-ci il tarixdə o, başqa qadınla - X12 ilə ikinci nikaha daxil olub ailə qurmuş, bu nikahdan iki uşağı anadan olmuşdur: xx.xx.2019-cü il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X5. Yeni ailə qurduğu üçün və aldığı pensiya məbləğinə faktiki olaraq iki ailəni saxlanması üçün yetərli olmadığı üçün , o, əmək qabiliyyətli olmadığı halda, məcbur olmuş ki əmək fəaliyyətini davam etsin. Belə ki , 2012-ci ildə Bərdə şəhər orta məktəbdə hərbi pedaqoq vəzifəsinə düzəlmiş və burada ştat cədvəli üzrə 470 manat əmək haqqı alır. Bundan əlavə, döyüş zaman aldığı travmanın müalicəsi üçün və digər problemlərin həlli üçün, o, "xxxx" ASC ilə xx.xx.2023-cu il tarixli 28170***-*******02L saylı kredit müqaviləsi bağlamış və tərtib edilmiş ödəniş cədvəlinə görə hər ay banka 734,52 manat kredit ödəyir. Hazırda kredit borcun qalıq məbləği 25 000 manat təşkil edir. İkinci dəfə evləndikdən sonra kirayada yaşamağa məcbur olmuş və hər ay 350 manat kirayə haqqı ödəyir. Bundan əlavə ikinci nikahdan 2 övladı anadan olmuşdur, ailə vəziyyətində ciddi dəyişiliklərin baş verməsi onun maddi vəziyyətində də ciddi təsir göstərmişdir. Onun ailə həyatı o qədər dəyişib ki o məhz göstərilən 220 manat məbləğdə, yəni sabit pul mıəbləğində aliment ödəyib maddi yardım göstərə bilər. Odur ki, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2016-cı tarixli 2(105)- 2902/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş, 24 oktyabr 2007-ci il təvəllüdlü X7 və 17 avqust 2009 -ci il təvəllüdlü X2 üçün, onun aylıq qazancının və başqa gəlirinin üçdə bir hissəsində tutulan alimentin miqdarını azaldaraq, hər bir uşaq üçün sabit pul məbləğində hər ay 220 manat alimentin tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı birinci instansiya məhkəməsində məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclasında zahat verərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
5. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1949/2023 nömrəli qətnaməsi ilə (Ə.Hüseynov), iddianın rədd edilməsi, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ailə münasibətlərinin pozulması nəticəsində tərəflər ayrılmışlar, ayrıldıqdan sonra uşaqlar cavabdehin yanında qalmışdır. Mingəçevir şəhər məhkəməsinin 08 avqust 2016-cı tarixli 2(105)-2902/2016 saylı qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə, birgə nikahdan doğulmuş 24 oktyabr 2007-ci il təvəllüdlü X7 və 17 avqust 2009 -cu il təvəllüdlü X2 üçün iddiaçının aylıq qazancının və başqa gəlirinin üçdə bir (1/3 hissəsində) hər ay aliment tutulması barədə qərar verilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd olunmalıdır ki, azyaşlı uşaqların yaşayış səviyyəsi əvvəlki məhkəmə qətnaməsinə uyğun olaraq iddiaçının aylıq gəlirinin üzərində qurulmuşdur. Həmin məbləğin daha aşağı həddə salınması təsvir olunan qanun normasının da tələbləri ilə kəskin ziddiyyət təşkil edir, yəni uşaqların əvvəlki təminatının səviyyəsinin aşağı düşməsinə səbəb olur. Həmçinin, əvvəllər aliment işinə baxan məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini nəzərə alaraq aliment təyin etmişdir.
8. Məhkəmə qeyd olunanlar əsasında belə nəticəyə gəlmişdir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı tərəflərin ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğundur. Alimentin miqdarının aşağı salınması üçün əsasların olduğu iş materialları ilə təsdiq olunmur.
9. Məhkəmə işin yuxarıda göstərilən hallarına qiymət verərək hesab etmişdir ki, iddiaçının tələbi əssassızdır. Ona görə də rədd olunmalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76, 78.1 78.2-ci maddələri, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13, 19-cu maddələri, “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989–cu ildə qəbul olunmuş Konvensiyasının 3, 26-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
12. Apellyаsiyа şikаyətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərmişdir ki, birincisi məhkəmə işin faktki hallarını düzgün müəyyən etməmişdir və həmin faktki hallara münasibətdə maddi hüquq normalarını düzgün tədbiq etməmişdir. Yuxarıda göstərilən, iddiaçı məhkəmə təqdim edilmiş bu qədər dəllillər və arqumetləri məhkəmə tərəfindən nəzərə alınmamış, hakim sadəcə olaraq həmin dəlilləri numayışcasına iqnor etmiş və şablon cümlələrdən istifadə etməklə (“alimentin miqdarının aşagı salımnası üçün əsası yoxdur”) iddia tələbini qanunsuz olaraq rədd etmişdir.
13. İddiaçın ailə və maddi vəziyyətində əhəmiyyətli dəyişiliklər baş vermişdir: iddiacı yenidən nikaha daxil olmuş, ikinci nikhdan iki uşagı doğulmuş, o kirayə mənzildə yaşamışıdır, ailəsini mənzil mənzil problemini həll etmək üçün Bankdan kredit götürmüş və hər ay kredit ödəyir. Lakin birinci instansiya məhkəməsi mühüm əhəmiyyətə malik işin bu halları nəzərə almamış, işin faktki hallarına müvafiq deyil, şəxsi (sübyektiv) mülahizələrinə əsaslanan qərar qəbul etmişdir.
14. Göründüyü kimi 3 nəfərdən artıq olan uşaqların sayından asılı olmayaraq, valideyndən tutulan alımentin son həddi 50 % müəyyən edilmişdir. Yəni şəxsin qazançı, daimi, dəqiq və dəyişməyən olduğu halda Ailə Məcəlləsinin 76.1-ci maddəsi tədbiq edilməlidir və bu halda valifeynin qazancının 50 faizindən artıq pul tutula bilməz.
15. Birinci instansiya məhkəməsi tərəfindən MPM -nin 217 və 218-ci prosessual normalarına riayət edilməmişdir. Məhkəmənin qətnaməsi işin faktki hallarına ziddir.
16. Hazırkı iş üzrə məhkəmənin qətnaməsi qanuni vəəsaslı hesab edilə bilməz, məhkəmə işin obyektiv hallarını düzgün müəyyən etməmişdir, iddiaçın təqdim etdiyi sübutları məhkəmədə tədqiq etməməmiş, həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir, qətnamə qəbul edərkən həmin sübutlara əsaslanmamışıdır. İşin halları araşdırılmamış və işin faktki halları düzgün müəyyən edilməmişdir. İşin faktki halları düzgün müəyyən edilmədiyi üçün maddi və prosessual hüquq normaları da düzgün tədbiq edilməmişdir. Məhkəmənin qətnamədə göstərilən nəticələri işin faktiki hallarına uyğun deyil, məhkəmə tədbiq edilməli olan hüquq normalarını düzgün şərh etməmiş və düzgün tədbiq etməmişdir. Bütün sübutlar iddia ərizəsində göstərilmişdir və məhkəməyə təqdim edilmişdir, lakin məhkəmə həmin sübutları nəzərə almamışıdır .
17. Odur ki, Mingəcevir Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(051)- 1949/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında hazırda aylıq qazancının 1/3 hissəsi şəklində ondan cavabdehin xeyrinə hər ay 600-700 manat civarında aliment məbləğinin tutulduğunu göstərmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. O, həmçinin izahatında hazırda iddiaçının aylıq qazancının 1/3 hissəsi şəklində onun xeyrinə hər ay cəmi 560 manat aliment məbləğinin tutulduğunu göstərmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X10 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
24. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
25. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
26. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.
27. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.
28. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Belə ki, iddiaçı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(051)-1949/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
32. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1949/2023 nömrəli qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
35. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 06 dekabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından 24 oktyabr 2007-ci il təvəllüdlü Yusif, 17 avqust 2009-cu il təvəllüdlü Nicat adlı uşaqları anadan olmuşdur. Ailə münasibətlərinin pozulması nəticəsində tərəflər ayrılmışlar, ayrıldıqdan sonra uşaqlar analarının yanında qalmışlar. Mingəçevir Şəhər Məhkəməsinin 08 avqust 2016-cı tarixli, 2(105)-2902/2016 nömrəli qətnaməsinə əsasən onların birgə nikahlarından doğulmuş 24 oktyabr 2007-ci il təvəllüdlü X7 və 17 avqust 2009 -cu il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə İddiaçı aylıq qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutulması qərara alınmışdır.
36. İddiaçı apellyasiya şikayətində birinci istansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətinin əsasını alimentin miqdarının çox olması təşkil edir.
37. Məhkəmə kollegiyası iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə dair dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
38. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbinə hüquqi qiymət verilərkən uşaqların layiqli, firavan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyi nəzərə alınaraq onların saxlanılması üçün iddiaçının aylıq qazancının və başqa gəlirinin 1/3 hissəsində müəyyən edilmiş alimentin sabit pul məbləğinə dəyişdirilərək azaldılmalı olmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmirlər.
39. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşaqların azyaşlı olmaqla, böyüdükcə təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(051)-1949/2023 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(051)-1949/2023 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.