Məhkəmə qərarları › İş №2(107)-287/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-287/2022

25.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-287/2022 25.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tаrixli, 2(037)-677/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, X5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən 1.42 hektar torpaq sahəsinin hazırkı bazar qiymətlərinə uyğun olan 5500 manat dəyəri, 4000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu olmaqla, cəmi 9530 manat məbləğinin cavabdehlərdən alınıb ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 23 oktyabr 2020-ci il tаrixli, 2(037)- 677/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 18 Dekabr 2006-cı il tarixli, MH seriyalı ******* nömrəli Çıxarışa əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, X5 və Cavabdeh6 mülkiyyətlərinə verilmiş İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən 1.42 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırkı bazar qiymətlərinə uyğun olan 5500 manat dəyəri və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5530 manat cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı ödənilməsi qət edilmişdir. İddia tələbi digər cavabdehlərə münasibətdə rədd edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(037)-677/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edirlər. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Mahir Əsədli - sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Gündüz Abbasov) 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 münasibətdə ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 münasibətdə rədd edilmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2021-ci il tarixli, 2(102)-6005/2021 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-855/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisəli hissədə ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildə İsmayıllı rayon Kəlbənd kənd sakinləri Cavabdeh1 və qardaşı Cavabdeh2 ona yaxınlaşaraq ataları Elman Hüseynovun yas mərasiminin keçirilməsi üçün pula ehtiyacları olduğundan onlara məxsus 1.42 hektar əkin torpaq sahəsini satmaq istədiklərini bildirmişlər. Qeyd edilən torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh1 və Cavabdeh2la aralarında razılaşmaya olmuşdur. Razılaşmaya əsasən mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri yas mərasimi başa çatdıqdan sonra notariat kontoruna gedərək torpaq sahəsinin alqı-satqısının aparılmasına razılıq verəcəklərini bildirmişlər. 2014-cü ilin sentyabrın 15-də yeddi nəfərin iştirakı ilə 1.42 hektar torpaq sahəsinin alqı-satqısına dair tərtib olunmuş akt əsasında 700 manat pulu Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 vermiş, əvəzində isə onlar 18 dekabr 2006-cı il tarixli MH seriyalı ******* nömrəli X6, Cavabdeh3, Cavabdeh6, Gülnar Hüseynova, Nayib Hüseynova, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verilmiş İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən 1.42 hektar torpaq sahəsinin sənədini ona təqdim etmişlər. Qeyd edilən aktda Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mübahisəli torpaq sahəsini ömürlük olaraq ona satdıqlarını, torpaq sahəsinin pulunu aldıqlarını, torpaq sahəsinə görə gələcəkdə heç bir tələblərinin olmayacaqlarını bildirməklə aktın düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. Cavabdehlərə məxsus 1.42 hektar torpaq sahəsinin hazırkı bazar dəyəri hektarı 3500, 4000 manat olmaqla 5500 manat təşkil edir. Cavabdehlərin satdıqları torpaq sahəsini rəsmiləşdirmək üçün notariat kontoruna getməkdən imtina etmələrindən sonra mənəvi iztirablar keçirmiş və nəticədə ona mənəvi ziyan dəymişdir. Cavabdehlər tərəfindən ona vurulmuş mənəvi ziyanı 4000 manat məbləğində qiymətləndirir. Cavabdehlərdən aralarında olan razılığa əsasən ona satılmış İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən 1.42 hektar torpaq sahəsinin hazırkı bazar qiymətlərinə uyğun olan 5500 manat dəyəri, 4000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu olmaqla, cəmi 9530 manat məbləğinin alınıb ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıdan 700 manat borc almışdırlar, lakin pul məbləğini yalnız Cavabdeh1 götürmüş, digərləri bu prosesdə iştirak etməmişdirlər. Bu pulun müqabilində 7 nəfərin birgə mülkiyyətində olan torpaq sahəsi sonradan-borc qaytarıldıqdan sonra geri verilmək şərti ilə iddiaçının icarəsinə verilmişdir. Bu razılaşma onlar arasında şifahi qaydada olmuş və heç bir yazılı sənəd tərtib edilməmişdir. Sözü gedən akt barədə cavabdehlər yalnız qətnaməni oxuduqdan sonra xəbərdar olmuşdurlar. Apelyatorlar məhkəmə iclasında da izahat verməmişdirlər, lakin məhkəmədə onların izahatları təhrif olunmuşdur. Bundan əlavə torpaq sahəsi iddiaçının icarəsində olsa da, illik vergiləri onlar ödəmişdirlər. Əgər iddiaçı qeyd edilən torpağı satın almış olsaydı, onun vergisini ödəməkdən boyun qaçırmazdı. Həmçinin, birinci instansiya məhkəməsində 1.42 ha torpağın orta bazar qiyməti də düzgün müəyyənləşdirilməmişdir. Odur ki, apelyatorlar apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(037)-677/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edirlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, sonda apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri: Apellyasiya şikayətindən görünür ki, apellyatorlar Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirirlər, İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(037)- 677/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edirlər. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(037)- 677/2020 saylı qətnaməsini apellyatorlar Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 18 dekabr 2006-cı il tarixli MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən 1.42 hektar kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində Elman Hüseynov, Cavabdeh3, Cavabdeh6, Gülnar Hüseynova, Nayib Hüseynov, Cavabdeh1 və Cavabdeh2 adına qeyd alınaraq 18 dekabr 2006-cı il tarixli MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. 15 sentyabr 2014-cü il tarixli Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2la İddiaçı arasında sadə yazılı formada tərtib edilmiş, onların özlərinin və şahidlər X1, X7 və X2 imzaları ilə doğruluğu təsdiq olunmuş “Akt” adlandırılan yazılı razılaşmada Cavabdeh3 və ailə üzvləri Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus olan, İsmayıllı rayon Kəlbənd kəndi ərazisində yerləşən 1,42 hektar daşlı əkin sahəsini 700 manat müqabilində ömürlük olaraq Kəlbənd kənd sakini İddiaçı satdıqlarını və göstərilən məbləği aldıqlarını öz imzaları ilə təsdiq etmələri qeyd edilmişdir. 13 avqust 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2021-ci il tarixli, 2(102)-6005/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-855/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisəli hissədə ləğv edilib, mülki iş yeni apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu halda xüsusilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırki vəziyyətdə işə baxarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Apellyasiya instansiyası məhkəməsi yenidən işə baxarkən hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Apellyasiya şikayətinin dəlilləri və Ali Məhkəmənin göstərişləri üzrə araşdırma aparan məhkəmə kolegiyası aşağıdakıları qeyd edir. İşin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında olan hazırkı mübahisə torpaq sahəsinin şifahi alqı-satqısı ilə əlaqədar yaranmışdır. İddiaçı iddia edir ki, cavabdehlərlə həmin torpaq sahəsinin alqı-satqısı barədə razılaşmış, alqı-satqı barədə sadə yazılı formada müqavilə bağlanmışdır. Lakin cavabdehlər notariat orqanına gedərək alğı-satqının rəsmiləşdirməsini başa çatdırmaqdan imtina edərək ona ziyan vurmuşlar. İddiaçı məhkəməyə mübahisəli torpaq sahəsinin alğı-satqısı ilə bağlı 15 sentyabr 2015-ci il tarixli akt təqdim etmiş, 1,42 ha torpaq sahəsinə görə cavabdehlərə 700 manat pul verdiyini göstərmiş, həmin torpaq sahəsinin hazırkı dövr üçün dəyərinin qaytarılmasını tələb etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarına istinad göstərmişdir Cavabdehlər (apellyasiya şikayəti verən cavabdehlər) isə atalarının ölümü ilə əlaqədar iddiaçıdan 700 manat aldıqlarını, lakin mübahisəli torpaq sahəsini iddiaçıya satmaq fikirlərinin olmadıqlarını, torpaq sahəsini iddiaçıya icarəyə verdiklərini, iddiaçının məhkəməyə təqdim etdiyi aktdakı imzaların onlara məxsus olmadığını bildirmişlər. Cavabdehlərin bu etirazları birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apellyasiya şikayətində öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən tərəflər arasında öhdəlik münasibətlərinin yaranmadığını qeyd etmiş, lakin iddiaçı tərəfindən 5500 manatla bağlı hər hansı mötəbər sübut təqdim olunmadığı halda, həmin hissədə iddianı tam təmin etmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tam əsaslı hesab etmir. Belə ki, cavabdehlər iddiaçıdan 700 manat pulu almalarını apellyasiya şikayətində etiraf etmiş, bu məbləği də qaytarmağı hazır olduqlarını bildirmişlər. MPM-nin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir Qeyd edilən faktlar cavabdehlər tərəfindən verilən yazılı apellyasiya şikayətində göstərildiyindən deməli iddiaçı həmin məbləğdə pulu cavabdehlərə münasibətdə sübut etmə yükündən azaddır. Lakin pulun hansı məqsədlə cavabdehlərə verilməsi ilə bağlı tərəflər arasında ziddiyətli izahatlar vardır. İddiaçının məhkəməyə təqdim etdiyi aktın məzmunundan görünür ki, tərəflər 1,42 ha torpaq sahəsinin alğı-satqısı barədə razılığa gəlmişlər. Lakin cavadehlər apellyasiya şikayətində aktdakı imzaların onlara məxsus olmadığını bidirmiş, eyni zamanda aktın məzmununu da inkar edərək mübahisəli torpaq sahəsini iddiaçıya icarəyə verdiklərini göstərmişlər Bu səbəbdən də kollegiya belə qənaətə gəlir ki, cavabdehlərə verilmiş 700 manat məbləğində pul vəsaiti işin mübahisəsiz halı olduğundan iddia tələbi də bu hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tаrixli, 2(037)- 677/2020 saylı qətnaməsi qismən-yəni “4800 manat məbləğin təmin edilməsi” hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi bu hissədə təmin edilməməlidir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi- 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(037)-677/2020 saylı qətnaməsi qismən, yəni “iddianın təmin olunmuş 4800 manat hissəsində” ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə (700 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 730 manatın cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı ödənilməsi hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar