Məhkəmə qərarları › İş №2(107)-311/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-311/2022

10.02.2022 · Sair mülki iş - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-311/2022 10.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: hüquqi əhəmiyyətli fakt, preyudisiya, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı onun vəkili və nümayəndəsi X17, cavabdehin nümayəndəsi Hacı-X7 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(075)-656/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, 118 kvartalda yerləşən 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun tərəfindən inşa edilməsi faktının tanınması, həmin tikiliyə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, 30 may 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri, 118 kvartalda yerləşən 0.06 hektar torpaq sahəsi onun mülkiyyətindədir. 2017-ci ilin aprel-may aylarında o və əri Nəbiyev Nurəddin tərəfindən həmin torpaq sahəsinə çay daşı və mişar daşı alınaraq yığılmış və 2017- ci iin payız aylarında evin inşasına başlanılmışdır. Beləliklə o, mülkiyyətində olan torpaq sahəsində 1 otaqlı, mətbəxi və eyvanı olan fərdi yaşayış evi inşa etdirmişdir. Hazırda o, həmin daşınmaz əmlak üzərində hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata aldırmaq istəyir. Lakin evin inşası yarımçıq olduğuna görə sənəd ala bilmir. Onun mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur və fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır. Ona görə də hesab edir ki, onun həmin fərdi yaşayış evinə mülkiyyət hüququ tanınmalıdır. Məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)- 86/2019 saylı qətnaməsindən xəbəri vardır. Həmin qətnaməyə əsasən iddiaçı X12 cavabdeh X4 qarşı “əmlakın bölünməsi və yaxud dəyərinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş və Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evinə çəkilən 20278 manat xərcin ½ hissəsi olan 10139 manat cavabdeh X2 alınaraq iddiaçı X14 verilməsi qət edilmişdir. Bildirmişdir ki, Səlahəddin onun oğlu, Günel isə keçmiş gəlinidir. Həmin qətnamə apellyasiya və kassasiya qaydasında da qüvvəsində saxlanılmışdır. Qeyd etmişdir ki, hazırda onun tərəfindən tikilməsi faktinin müəyyən edilməsini tələb etdiyi Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evi, Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)- 86/2019 saylı qətnaməsi ilə mübahisə predmeti olan Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evi ilə eyni əmlakdır. Bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019- cu il tarixli 2(075)-86/2019 saylı qətnaməsi icra olunmadığına görə oğlu Səlahəddin inzibati qaydada həbs edilmişdir. Düşünür ki, bundan sonra onun barəsində cinayət işi açılacaqdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilən əmlakın onun tərəfindən tikilməsi faktı müəyyən olunarsa Günel onlardan hər hansı pul tələb edə bilməyəcəkdir. Bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)-86/2019 saylı qətnaməsi çıxarılarkən həmin proseslərdən xəbərləri olmuşdur. Hesab edir ki, həmin qətnamə saxta faktlar əsasında çıxarılmışdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(075)-656/2021 saylı qətnaməsi ilə (hakim C.İmanov) İddiaçı Şəki şəhəri, 118 kvartalda yerləşən 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun tərəfindən inşa edilməsi faktının tanınması tələbinə dair iddiası təmin edilməsi, iddianın “Şəki şəhəri, 118 kvartalda yerləşən 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə onun mülkiyyət hüququnun tanınması” hissəsində işin icraatına xitam verilməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(075)-656/2021 saylı qərardadı nəzərə alınması, İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilməsi, Ekspertiza xərci olan 50 manatın İddiaçı alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X11 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evinin X6 və X19 tərəfindən onların birgə nikahda olduqları dövrdə tikilməsi faktı artıq müəyyən olunmuşdur. X6 isə hazırda iddiaçı olan İddiaçı övladıdır. Yəni, İddiaçı X3 anasıdır. Hazırda İddiaçı onun tərəfindən tikilməsi faktinin müəyyən edilməsini tələb etdiyi Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evi, Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)-86/2019 saylı qətnaməsi ilə mübahisə predmeti olan Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evi ilə eyni əmlakdır. Göründüyü kimi Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evinin X6 və X19 tərəfindən onların birgə nikahda olduqları dövrdə tikilməsi hüquqi faktı artıq müəyyən olunmuşdur. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, X4 şəhərin 118-ci kvartalından fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması ilə əlaqədar göndərilmiş məktub araşdırılmış, həmin torpaq sahəsinə baxış keçirilmişdir. Əlaqədar idarə və təşkilatların razılığı, layihə-smeta sənədləri şəhərin baş memarı ilə razılaşdırıldıqdan sonra sxemdə göstərilən ərazidən X4 fərdi yaşayış evi tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmasına etiraz edilməmişdir. X4 şəhərin 118-ci kvartalından fərdi yaşayış evi tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmasına dair tərtib olunmuş ilkin torpaqayırma sənədləri bələdiyyəyə göndərilir və satılmış torpaq sahəsinə hüquqi sənəd alınaraq dövlət reyetrindən qeydiyyatdan keçdikdən sonra təyinatı üzrə istifadə olunmasına etiraz edilmir. Şəki şəhər Bələdiyyəsinə daxil olmuş ərizəsinə əsasən X4 şəhərin 118-ci kvartalından memarlığın təsdiq etdiyi sxemdə göstərilən ərazidən fərdi yaşayış evi tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi seçilmişdir. Şəki şəhər Bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli qərarı ilə X4 fərdi yaşayış evi tikmək məqsədi ilə bələdiyyənin prespektiv inkişaf fondundan 118-ci kvartaldan mülkiyyətinə 600 kvadrat metr torpaq sahəsi satılmasına və yaşayış evinin tikintisinə icazə verilməsi, torpağa icarə haqqını (dəyərini) bələdiyyənin Beynəlxalq bankdakı 363503 AZN 3308-01 xüsusi hesabına ödəməsi qərara alınmışdır. Səlahəddin Nəbiyev ona satılmış torpaq sahəsi ilə bağlı Şəki şəhər Bələdiyyəsinin 363503 AZN 3308-01 xüsusi hesabına 600 manat ödəmişdir. Şəki şəhəri 118-ci kvartal ünvanında yerləşən ümumi ölçüsü 0,06 ha olan torpaq sahəsi X4 verilmiş və xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. X1 şəhəri, 118-ci kvartal ünvanında yerləşən mülkiyyətdə olan ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 30 may 2017-ci il tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən Şəki şəhəri 118-ci kvartal ünvanında yerləşən ümumi ölçüsü 0,06 ha olan torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 27 aprel 2018-ci il tarixli çıxarışın təsdiq edilmiş surətin əsasən Şəki şəhəri 118-ci kvartal ünvanında yerləşən ümumi ölçüsü 0,06 ha olan torpaq sahəsi X8 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 17 may 2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanılması müqavilə”sinə əsasən X5 şəhəri, 118-ci kvartal ünvanında yerləşən mülkiyyətində olan ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 12 iyun 2018-ci il tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən Şəki şəhəri 118-ci kvartal ünvanında yerləşən ümumi ölçüsü 0,06 ha olan torpaq sahəsi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019cu il tarixli 2(075)-86/2019 saylı qətnaməsi ilə iddiaçı X12 cavabdeh X4 qarşı “əmlakın bölünməsi və yaxud dəyərinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evinə çəkilən 20278 manat xərcin ½ hissəsi olan 10139 manat və iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 30 manat cavabdeh X2 alınaraq iddiaçı X14 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15.10.2021-ci il tarixli, 10/3589 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən - ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya RX ******* nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan Şəki şəhəri, 118-ci kvartalda yerləşən 0.06 hektar torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi mövcuddur və sözügedən fərdi yaşayış evi tikinti norma və qaydalarına uyğun olaraq inşa edilmişdir. - Fərdi yaşayış evində faktiki olaraq iddiaçılar yaşayış və fərdi yaşayış evi yaşayış üçün yararlı vəziyyətdədir. - Fərdi yaşayış evi ilə qonşu evlər arasında olan məsafə 13 metr təşkil edir və həmin yaşayış evi qonşularla ara məsafə sərhədləri gözlənilməklə inşa edilmişdir. - Qərardadın beşinci sualı üzrə qeyd olunur ki, bu sualın cavablandırılması məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. - Aparılan tikinti işləri ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya RX ******* nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan Şəki şəhəri, 118-ci kvartalda yerləşən 0.06 hektar torpaq sahəsində aparılmışdır və yerləşdiyi ərazinin memarlıq üslubuna xələl gətirmir. - Sözügedən fərdi yaşayış evi tam olaraq Seriya RX ******* nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan 0.06 hektar torpaq sahəsinin üzərində inşa edilmişdir. Ekspertiza xərci 50 manat təşkil edir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evinin X6 və X19 tərəfindən onların birgə nikahda olduqları dövrdə tikilməsi faktı artıq müəyyən olunmuşdur. X6 isə hazırda iddiaçı olan İddiaçı övladıdır. Yəni, İddiaçı X3 anasıdır. Hazırda İddiaçı onun tərəfindən tikilməsi faktinin müəyyən edilməsini tələb etdiyi Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evi, Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)- 86/2019 saylı qətnaməsi ilə mübahisə predmeti olan Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evi ilə eyni əmlakdır. Göründüyü kimi Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evinin X6 və X19 tərəfindən onların birgə nikahda olduqları dövrdə tikilməsi hüquqi faktı artıq müəyyən olunmuşdur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı “Şəki şəhəri, 118 kvartalda yerləşən 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun tərəfindən inşa edilməsi faktının tanınması” hissəsində təmin edilməməli, “həmin tikiliyə onun mülkiyyət hüququnun tanınması” hissəsində isə iş üzrə icraata xitam verilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı Şəki şəhəri, 118 kvartalda yerləşən 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun tərəfindən inşa edilməsi faktının tanınması hissəsində təmin edilməməli, iddianın “həmin tikiliyə onun mülkiyyət hüququnun tanınması” hissəsində isə işin icraatına xitam verilməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(075)-656/2021 saylı qərardadı nəzərə alınmalıdır. Mülki iş üzrə keçirilmiş ekspertiza xərci olan 50 manat İddiaçı alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X11 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 7-ci, 13-cü bəndləri, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2014-cü il tarixli Qərarı, C.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.02.2007-ci il tarixli Qərarı, C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06.06.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci 76.2-ci,77.1-ci, 82.3-cü, 88-ci, 119-cu,217.2-ci, 217.3-cü, 217.4-cü, 307.1-ci, 307.2.11-ci, 308-ci, maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi işə əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)-86/2019 saylı qətnaməsinə istinad etmiş, həmin qətnamə ilə iddiaçı X12 cavabdeh X4 qarşı "əmlakın bölünməsi və yaxud dəyərinin ödənilməsi" tələbinə dair iddiası qismən təmin edilmiş və Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evinə çəkilən 20278 manat xərcin V hissəsi olan 10139 manat cavabdeh X2 alınaraq iddiaçı X14 verilməsi qət edilmişdir. Həmin qətnamənin məzmununa nəzər saldıqda müəyyən olunur ki, Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evinin X6 və X19 tərəfindən onların birgə nikahda olduqları dövrdə tikilməsi faktı artıq müəyyən olunmuşdur. X6 isə hazırda iddiaçı olan İddiaçı övladıdır. Yəni, İddiaçı X3 anasıdır. Hazırda İddiaçı onun tərəfindən tikilməsi faktinin müəyyən edilməsini tələb etdiyi Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evi, Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)-86/2019 saylı qətnaməsi ilə mübahisə predmeti olan Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evi ilə eyni əmlakdır. Göründüyü kimi Şəki şəhəri, 118 ci kvartalda yerləşən fərdi yaşayış evinin X6 və X19 tərəfindən onların birgə nikahda olduqları dövrdə tikilməsi hüquqi faktı artıq müəyyən olunmuşdur. MPM-nin 82.3-cü maddəsində mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin həmin işdə iştirak edən şəxslər üçün yenidən sübut edilməməsini qeyd etmişdir. Lakin məhkəmənin qeyd etdiyi qətnaməsindəki tərəflər hazırkı işdəki tərəflərlə üst-üstə düşmür. Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)-86/2019 saylı qətnaməsindəki proses iştirakçıları ilə hazırki mülki işdə proses iştirakçıları eynilik təşkil etmir. O, hazırki iddia ərizəsində onun mülkiyyətində inşa edilmiş fərdi yaşayış evinin onun tərəfindən tikilməsi faktının tanınmasını tələb etsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin fərdi yaşayış evinin onun tərəfindən tikilməsi araşdırılmamış, sadəcə olaraq Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)-86/2019 saylı qətnaməsinə istinad edilərək onun iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)-86/2019 saylı qətnaməsinə istinad edilərək həmin fərdi yaşayış evinin X6 və X19 tərəfindən onların birgə nikahda olduqları dövrdə tikilməsi hüquqi faktının müəyyən edilməsi qənaətinə gəlinsə də bu tamamilə əsassızdır. Belə ki, həmin fərdi yaşayış evi onun tərəfindən həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ona bağışlandıqdan sonra onun tərəfindən inşa edilmişdir. Qeyd olunanlara əsasən o Şəki Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(075)-656/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi X21 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(075)-656/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 oğlu verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(075)-656/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır: Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Bundan başqa MPM-nin 307.2.11ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə gəldikdə isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(075)-656/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olsada, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(075)-656/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi rədd edilməlidir. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evinin X6 və X19 tərəfindən onların birgə nikahda olduqları dövrdə tikilməsi faktı artıq müəyyən olunmuşdur. X6 isə hazırda iddiaçı olan İddiaçı övladıdır. Yəni, İddiaçı X3 anasıdır. Hazırda İddiaçı onun tərəfindən tikilməsi faktinin müəyyən edilməsini tələb etdiyi Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evi, Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)- 86/2019 saylı qətnaməsi ilə mübahisə predmeti olan Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evi ilə eyni əmlakdır. Göründüyü kimi Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evinin X6 və X19 tərəfindən onların birgə nikahda olduqları dövrdə tikilməsi hüquqi faktı artıq müəyyən olunmuşdur. Eyni zamanda hesab etmişdir ki, MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Daha sonra Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2014-cü il tarixli Qərarına istinad etmişdir. Bundan başqa Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarına istinad etməklə preyudisiya institutunun hazırki işə tətbiq edilməsini məqsədəuyğun saymışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddia ərizəsini rədd etməkdə haqlı olsada mübahisənin prosessual əsaslarını düzgün müəyyən etməmişdir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçının oğlu X4 Şəki Şəhər Bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli qərarı ilə fərdi yaşayış evi tikmək məqsədi ilə bələdiyyənin prespektiv inkişaf fondundan 118-ci kvartaldan mülkiyyətinə 600 kvadrat metr torpaq sahəsi satılmış və yaşayış evinin tikintisinə icazə verilmişdir. X1 şəhəri, 118-ci kvartal ünvanında yerləşən mülkiyyətdə olan ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini anası İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 30 may 2017-ci il tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən Şəki şəhəri 118-ci kvartal ünvanında yerləşən ümumi ölçüsü 0,06 ha olan torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)- 86/2019 saylı qətnaməsi ilə iddiaçı X12 cavabdeh X4 qarşı “əmlakın bölünməsi və yaxud dəyərinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evinə çəkilən 20278 manat xərcin ½ hissəsi olan 10139 manat və iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 30 manat cavabdeh X2 alınaraq iddiaçı X14 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)-86/2019 saylı qətnaməsi qəbul edilərkən hazırki iddiaçı iş üzrə tərəf olmamışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi qanunvericilik preyudisiya institunu o vaxt qəbul edir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi qəbul edilərkən həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir. Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)-86/2019 saylı qətnaməsi ilə iddiaçı X12 cavabdeh X4 qarşı “əmlakın bölünməsi və yaxud dəyərinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evinə çəkilən 20278 manat xərcin ½ hissəsi olan 10139 manat və iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 30 manat cavabdeh X2 alınaraq iddiaçı X14 verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir; Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf qeyd edilən evin onun tərəfindən tikildiyini bildirsə də buna dair hər hansı bir sübut növü təqdim etməmişdir. Digər tərəfdən kollegiya qeyd edir ki, hazırki halda iddianın təmin edilməsi, qüvvədə olan Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)-86/2019 saylı qətnaməsini əhəmiyyətsiz edərdi ki, bu da yolverilməzdir. Belə ki, həmin qətnamə ilə müəyyən edilib ki, mübahisə predmeti olan ev iddiaçının gəlini X19 ilə oğlu X6 tərəfindən birgə nikah müddətində inşa edildiyindən həmin fərdi yaşayış evinə çəkilən 20278 manat xərcin ½ hissəsi olan 10139 manat cavabdeh X2 alınaraq iddiaçı X14 verilmişdir. Ona görə də kollegiya hesab edir ki, iddia ərizəsinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(075)-656/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(075)-656/2021 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar