Məhkəmə qərarları › İş №2(107)-332/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-332/2021

23.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-332/2021 23.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, “xxxx” ASC-yə və Cavabdeh3 ASC-yə qarşı “kredit və zaminlik müqaviləsinin ləğv edilməsi, hüquqi varisliyin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-844/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, “xxxx” ASC-yə və Cavabdeh3 ASC-yə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 ASC-nin X3 ilə bağlamış olduğu kredit müqaviləsinin, eləcə də onunla Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, Z-180CLM********** saylı zaminlik müqaviləsinin ləğv edilməsinə, hazırki Cavabdeh1 X1 hüquqi varisi olaraq tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-844/2020 nömrəli (hakim G.Cavadova) qətnaməsi ilə İddiaçı cavabdehlər “xxxx” ASC-yə və Cavabdeh3 ASC-yə qarşı kredit və zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-844/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki mərhum X3 Cavabdeh3 ASC-dən 47 ay müddətinə illik faiz dərəcəsi 25% olmaqla 4000 manat kredit götürmüşdür. Həmin borcdan 9 ay müddətində hər ay 135 manat ödənmişdir. Arif Mustafayev onun zamin olaraq adının nəzəri cəhətdən getdiyini, bu barədə “xxxx” ASC ilə sığorta müqaviləsinin bağlandığını, gələcəkdə başına nə iş gələrsə sığortalandığını ona bildirmişdir. “xxxx” ASC tərəfindən kredit götürən şəxs üçün həyat sığortası şəhadətnaməsi verilmişdir. Həmin sığorta şəhadətnaməsində istənilən səbəbdən ölüm baş verərsə şəxsin götürdüyü əmanətin sığortalanmasına zəmanət verilmişdir. Kredit götürən şəxs X3 həmin sığorta təşkilatına 200 manat sığorta pulu ödəmişdir. Göründüyü kimi fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borc alanın həyatına, onun ölüm halından tutmuş əmək qabiliyyətinin itirilməsi halına qədər sığortalanması, istənilən səbəb nəticəsində ölüm halına sığorta təminatı verilmişdir. Arif Mustafayev vəfat etdiyindən onun oğlu-hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 onun hüquqi varisi kimi atasının öhdəlikləri üçün cavabdehlik daşımalıdır. Zaminlik müqaviləsi kredit götürən şəxsin ölümündən sonra ləğv edilməli idi. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-844/2020 nömrəli qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Ona görə də Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-844/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin yenidən araşdırılaraq təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclıasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclıasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, krediti atası götürmüşdür. Hesab edir ki, atası öləndən sonra qalan kredit borcunu sığorta şirkəti ödəməlidir. Ona görə də köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh “xxxx” ASC-nin və Cavabdeh3 ASC-nin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh “xxxx” məhkəməyə etiraz ərizəsi ünvanlayaraq apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən hazırki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi, prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarınında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx.xx.2018-ci il tarixli, 180CLM********** №li kredit müqaviləsindən görünür ki, Cavabdeh3 ASC-nin Yevlax filialı tərəfindən X2 47 ay müddətinə illik faiz dərəcəsi 25% olmaqla 4000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 ASC-nin “Yevlax” filialı ilə İddiaçı (zamin) arasında xx.xx.2018-ci il tarixli, Z-180CLM********** №li kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2018-ci il tarixli, Z-180CLM********** №li zaminlik müqaviləsi bağlanmışdır. Kredit götürən şəxslər üçün həyat sığortası haqqında “xxxxsı” ASC tərəfindən verilmiş şəhadətnamədən görünür ki, X1 həyatı ölüm halından və əmək qabiliyyətini itirməsi hallarından sığorta edilmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 006647 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2019-cu ildə vəfat etmişdir. İddia tələbinin Cavabdeh1 X1 hüquqi varisi olaraq tanınması hissəsinə Məhkəmənin xx.xx.2020-ci il tarixli Qərardadı ilə xitam verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü bölməsinin 13-cü fəslində əqdlərdən (əqdlər haqqında ümümi müddəlar-anlayışı və növləri, formaları və s.), 20-ci fəslin 4-cü paraqrafında isə (421-424-cü maddələr) müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin əsaslarından bəhs edilir. Mülki Məcəllənin 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (Mülki Məcəllənin 421-ci maddəsi). Qanunvericiliyin tələbinə görə müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsinin əsasları Mülki Məcəllədə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Göründüyü kimi tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu halda xüsusilə qeyd edilməlidir ki, müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsi nəticəsində yaranmış hüquqi nəticələr tərəflərin mənafelərini pozarsa, pozulmuş hüquqlar bərpa edilməlidir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (MM-nin 423-cü maddəsi). Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2018-ci il tarixli, 180CLM********** №li kredit müqaviləsinin ləğv edilməsini tələb edir. Kollegiya bununla bağlı qeyd edir ki, yuxarıda göstərilən qanunvericiliyin normalarına əsasən həmin müqavilənin ləğv edilməsini tələb etmək hüququ yalnız müqavilə tərəflərinə məxsusdur. Ona görə də kollegiya belə qənaətə gəlir ki, iddiaçı sözügedən kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququn daşıyıcısı deyil. İddia tələbinin xx.xx.2018-ci il tarixli, Z-180CLM********** №li zaminlik müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. İddiaçı kredit alan Arif Mustafayevin ölməsi faktını, onun ölməsi halı ilə əlaqədar həyatının sığortalanmasını və kredit alan şəxsin hüquqi varislərinin olmasını əsas gətirərək onunla bağlanmış zaminlik müqaviləsini mübahisələndirərək ləğv edilməsini istəyir. Lakin Zaminlik müqaviləsinin 4-cü bəndində göstərilmişdir ki, zaminliklə təmin edilmiş öhdəlik (borc), habelə Kredit müqaviləsi üzrə hüquqlar hər hansı bir səbəbdən, o cümlədən vərəsəlik, hüquqi varislik qaydasında başqa şəxsə keçdikdə, borcalan öldükdə zaminlik qüvvəsində qalır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi bu hissədə də əsassız olduğu üçün təmin edilə bilməz. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin bu hissəsinin sübutetmə yükü cavabdehin üzərinə düşsə də, cavabdeh bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı həqiqətən də bu halları sübuta yetirəcək mötəbər dəlillər gətirə bilməmişdir. Əlavə olaraq kollegiya qeyd edir ki, iddiaçı qeyd olunan zaminlik müqaviləsini könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuş, məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Bu cür hallar kredit verənin mənafeyinə zərər vurmaqla yanaşı, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına görə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-844/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar