Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-338/2022 10.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və X3 Cavabdeh, üçüncü şəxslər Ağsu rayon Notariat Ofisinə və DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsi, subyektiv hüquq) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçılar İddiaçı1, X3 Cavabdeh iştirakları ilə, Ağsu Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(016)-811/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və X6 Cavabdeh, üçüncü şəxslər Ağsu rayon Notariat Ofisinə və DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı – İddiaçı1 və İddiaçı2 ilə X5 arasında Ağsu şəhəri, Nizami Gəncəvi küçəsi, ev 12 ünvanında yerləşən 4 saylı mənzilin bağışlanmasına dair Ağsu rayonu dövlət notariat kontorunda bağlanmış 21 noyabr 2017-ci il tarixli, 4Ə-456 nömrə ilə reyestrdə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi və X5 ilə Cavabdeh arasında Ağsu şəhəri, Nizami Gəncəvi küçəsi, ev 12 ünvanında yerləşən 4 saylı mənzilin bağışlanmasına dair Şamaxı şəhəri "ASAN xidmət" mərkəzindəki notariat ofisində bağlanmış 14 aprel 2021-ci il tarixli, 4Ə-499 nömrə ilə reyestrdə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsini, bağışlanma predmeti olan əmlakın iddiaçılara qaytarılması, həmin mənzil üzərində iddiaçıların birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağsu şəhəri, Nizami Gəncəvi küçəsi, ev 12 ünvanında yerləşən 4 saylı mənzil iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətində olmuşdur. İddiaçı1 hal-hazırki vaxta kimi həmin mənzildə mərhum oğlunun ailəsi ilə birlikdə yaşayır, digər iddiaçı isə başqa ünvanda yaşayır. İddiaçı1 yaşı 80-ni keçmiş qoca bir qadın olduğu üçün və səhhətində müəyyən problemlər olduğu üçün qızı Tahirə ilə qərara gəlmişlər ki, həmin mənzili mərhum X1nun adına keçirsinlər və oğlu da ona ömrünün sonuna kimi qayğı göstərsin. Bu məqsədlə, iddiaçılar birgə mülkiyyətlərində olan həmin mənzili 21 noyabr 2017-ci il tarixdə Ağsu rayonu dövlət notariat kontorunda bağışlama müqaviləsi əsasında X4 bağışlamışlar. Həmin əmlak 13.03.2020-ci il tarixdə tam mülkiyyət hüququ ilə X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. Mənzili oğluna bağışladıqdan 3 il sonra oğlu ağır xəstəliyə düçar olmuş və bundan sonra ailədə gəlini Cavabdeh "böyüklük" etməyə başlamışdır. O, gəlinin ona qarşı olan bütün hərəkətlərinə oğlunun xatirinə dözmüşdür. X1 bir ay bundan qabaq vəfat etmişdir. Bundan sonra cavabdeh tərəfindən ona qarşı zülmlər daha da artmışdır. Hələ hüzürlü olduğu vaxtda cavabdeh onu döyərək qolunu sındırmış, ona müxtəlif xəsarətlər yetirmişdir. Cavabdeh ona qarşı törətdiyi bu əmələ görə məhkəmə tərəfindən inzibati məsuliyyətə cəlb olunmuş və məhkəmənin qərarı ilə cərimə olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, cavabdehin ona qarşı qanunsuz hərəkətləri davam edir, ona və ailə üzvlərinə qarşı kobudluq edir, bir ağbirçək kimi ona qarşı saymamazlıq, hörmətsizlik edir, onunla maraqlanmır, heç bir qayğısına qalmır, cavabdehin ona qarşı olan bu hərəkətlərinin nəticəsində iddiaçılar qərara almışlar ki, birgə mülkiyyətlərində olan mənzili mərhum oğluna bağışlama barədə müqaviləni ləğv etsinlər. Onlar bu barədə notariat orqanına müraciət edərkən məlum olmuşdur ki, mərhum oğlu 14 aprel 2021-ci il tarixdə mənzili arvadı Cavabdeh bağışlamışdır. Bütün bunlardan xəbəri olmamışdır. Bundan sonra başa düşmüşdür ki, mərhum oğlunun və cavabdehin anasına baxmaq, qayğısını çəkmək niyyəti olmamış, əksinə cavabdehin niyyəti bağışlama əsasında mənzili ələ keçirmək olmuşdur. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(016)-811/2021 saylı qətnaməsi ilə (hakim E.Hümbətov) iddiaçılar İddiaçı1 və X3 Cavabdeh, üçüncü şəxslər Ağsu rayon Notariat Ofisinə və DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzilin İddiaçı1 və Tahirə Qədirova tərəfindən mərhum Mirtahir Bəşirova bağışlanmasına dair müqavilə bağlanarkən, iddiaçılar 21.11.2017-ci il tarixdə özlərinə məxsus mənzili hər hansı bir şərt olmadan Mirtahir Bəşirova bağışlamış və həmin müqavilə notarial qaydada təsdiq olunmuşdur. Eyni zamanda mərhum Mirtahir Bəşirov da həmin mənzili Cavabdeh 14.04.2021-ci il tarixdə hər hansı bir şərt olmadan bağışlamış və həmin müqavilə də notarial qaydada təsdiq olunmuşdur. Məhkəmə bundan başqa müəyyən etmişdir ki, iddiaçılar İddiaçı1 və X6 mülkiyyətlərində olmuş mənzili hazırki iş üzrə cavabdeh olan Cavabdeh deyil, oğlu (digər iddiaçının qardaşı) Mirtahir Bəşirova bağışlamışdır. Yəni, iddiaçılar tərəfindən ləğv edilməsi xahiş edilən Ağsu rayonu dövlət notariat kontorunda 21 noyabr 2017-ci il tarixli, 4Ə-456 nömrəli reyestrlə qeydiyyata alınmış bağışlama müqaviləsi Cavabdeh ilə deyil, mərhum Mirtahir Bəşirov arasında imzalanmış, digər, Şamaxı şəhəri "ASAN xidmət" mərkəzindəki notariat ofisində bağlanmış 14 aprel 2021-ci il tarixli, 4Ə-499 nömrə ilə reyestrlə qeydiyyata alınmış bağışlama müqaviləsi isə iddiaçılarla deyil, mərhum Mirtahir Bəşirov ilə hazırki iş üzrə Cavabdeh arasında imzalanmışdır. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, İddiaçı1 və X6 **********57-05101- 093007 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 37.4 kv.metr olan mənzili X4 bağışlamışdır. ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 37.4 kv.metr olan mənzili X2 adına qeydiyyata alınmışdır. X5 **********57-05101-093007 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 37.4 kv.metr olan mənzili Cavabdeh bağışlamışdır. X5 ilə Cavabdeh arasında nikah 23.10.2020-ci il tarixdə, Ağsu Rayon Qeydiyyat şöbəsində 143 nömrə ilə qeydə alınmışdır. X5 11.05.2021-ci il tarixdə ölmüşdür. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddiaçıların qeyd edilən müqavilənin ləğvini tələb etmələri əsassızdır. Bağışlama müqavilələri mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və onun Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan ləğvinin əsasları müəyyən olunmur. Məhkəmə iclasında cavabdehin iddiaçıların və ya onların yaxın qohumunun barəsində ağır cinayət törətməsi, cavabdehin ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması, o cümlədən cavabdehin bağışlama ilə bağlı hər hansı bir öhdəliyinin olması və öhdəliklərini əsassız olaraq icra etməməsi müəyyən olunmadı. İddiaçılar tərəfindən ləğv edilməsi xahiş edilən Ağsu rayonu dövlət notariat kontorunda 21 noyabr 2017-ci il tarixli, 4Ə-456 nömrəli reyestrlə qeydiyyata alınmış bağışlama müqaviləsi Cavabdeh ilə deyil, mərhum Mirtahir Bəşirov arasında imzalanmış, digər bağışlama müqaviləsi ilə də hazırki tərəflər müqavilənin tərəfi olmamışlar. Belə olan halda, Cavabdeh iddiaya cavab verməli şəxs deyildir. Məhkəmə hesab etmişdir ki, iddiaçılar bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci, 375.2-ci, 421.1-ci, 666.1-ci, 668.1.1-ci, 673.1-ci, maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığı üçün ləğv edilməli, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Onlar mərhum Mirtahir Bəşirovla bağlanmış bağışlama müqaviləsinin tərəfi olsalar da qeyd edildiyi kimi mərhum vəfat etmişdir. Digər bağışlama müqaviləsi üzrə də onlar müqavilənin tərəfi olmadıqlarından, onların qeyd edilən müqavilənin ləğvini tələb etmək hüquqları da olmamışdır. Halbuki, cavabdehin ailə üzvləri müqavilənin şərtlərinə əməl etməməklə, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdirlər. Müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Cavabdeh onu döyərək xəsarət vurması barədə materiallar olmuş və cavabdeh inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Ağsu rayonu dövlət notariat kontorunda 21 noyabr 2017-ci il tarixli, 4Ə-456 nömrəli reyestrlə qeydiyyata alınmış bağışlama müqaviləsi Cavabdeh ilə deyil, mərhum Mirtahir Bəşirov arasında imzalansa da, digər bağışlama müqaviləsi ilə də hazırki tərəf müqavilənin tərəfidir. Cavabdeh iddiaya cavab verməli şəxsdir. Qeyd olunanlara əsasən onlar, Ağsu Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(016)-811/2021 saylı qətnaməsinin ləğv edilməsini və İddiaçı1 və İddiaçı2 ilə X5 arasında Ağsu şəhəri, Nizami Gəncəvi küçəsi, ev 12 ünvanında yerləşən 4 saylı mənzilin bağışlanmasına dair Ağsu rayonu dövlət notariat kontorunda bağlanmış 21 noyabr 2017-ci il tarixli, 4Ə-456 nömrə ilə reyestrdə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi və X5 ilə Cavabdeh arasında Ağsu şəhəri, Nizami Gəncəvi küçəsi, ev 12 ünvanında yedəşən 4 saylı mənzilin bağışlanmasına dair Şamaxı şəhəri "ASAN xidmət mərkəzinin notariat ofisində bağlanmış 14 aprel 2021-ci il tarixli, 4Ə-499 nömrə ilə reyestrdə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsin bağışlanma predmeti olan əmlakın iddiaçılara qaytarılması, həmin mənzil üzərində iddiaçıların birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz ərizəsini onunla əsaslandırmışdır ki, 10 il Bəşirov Mirtahir ilə ailə həyata yaşamışdır. Qaynanası İddiaçı1 onlarla birgə yaşayıb. Ona anası kimi qulluq edib. Həyat yoldaşı ilə ailə həyatı quran zaman onun 40000 manat pulu və 2 ha pay torpaq sahəsi olmuşdur. Yoldaşı xəstələnmişdir. Onu Bakı şəhərində Milli Onkoloji xəstəxanasına, sonra Təbriz şəhərinə, sonra Tehran şəhərinə yoxlamalara aparmışdır. Yoldaşı onkoloji xəstə olmuşdur. Onun müalicəsi üçün 90-200 manat dəyərində 40-dan çox sistem köçürtdürmüşdür. 18 il Azqranata və bir neçə zavodlarda çalışmış və tək olduğu üçün qeyd edilən pulu yığmışdır. Yoldaşının yaşaması üçün qızıllarını satmış, 3000 manat kredit də götürmüşdür. Hazırda həmin krediti ödəyir. Baldızı İddiaçı2 əri Qədimov Qadir ilə birləşib ona məxsus evi mənimsəyib satmaq istəyirlər. Qaynanası İddiaçı1 2020-ci ildə isti sudan yananda da o sonuncuya baxmışdır. Qızı anasının ziyarətinə gəlməmişdir. O, vəzifə olaraq həyatını ərinə qulluq etməyə həsr etmişdir. Baldızı İddiaçı2 əri Qədimov Qadir ilə birlikdə qaynanası İddiaçı1 ona qarşı qaldıraraq evi mənimsəmək istəyirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, X6 apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(016)-811/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(016)-811/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 668. Bağışlama forması. Bağışlama vədi 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı hesab edilir. Maddə 674. Bağışlamanın ləğvi və hədiyyə verənin öhdəliklərinin xitamı 674.1. Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. 674.2. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanunu: Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllənin məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirərək Ağsu Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(016)-811/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli Ağsu Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(016)-811/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edildi ki, İddiaçı1 və X6 **********57-05101-093007 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 37.4 kv.metr olan mənzili X4 bağışlamışdır. ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 37.4 kv.metr olan mənzili X2 adına qeydiyyata alınmışdır. X5 **********57-05101-093007 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 37.4 kv.metr olan mənzili Cavabdeh bağışlamışdır. X5 ilə Cavabdeh arasında nikah 23.10.2020-ci il tarixdə, Ağsu rayon Qeydiyyat şöbəsində 143 nömrə ilə qeydə alınmışdır. X5 11.05.2021-ci il tarixdə ölmüşdür. Daha sonra müəyyən edilmişdir ki, mübahisəli mənzilin İddiaçı1 və Tahirə Qədirova tərəfindən mərhum Mirtahir Bəşirova bağışlanmasına dair müqavilə bağlanarkən, iddiaçılar 21.11.2017-ci il tarixdə özlərinə məxsus mənzili hər hansı bir şərt olmadan Mirtahir Bəşirova bağışlamış və həmin müqavilə notarial qaydada təsdiq olunmuşdur. Eyni zamanda mərhum Mirtahir Bəşirov da həmin mənzili Cavabdeh 14.04.2021-ci il tarixdə hər hansı bir şərt olmadan bağışlamış və həmin müqavilə də notarial qaydada təsdiq olunmuşdur. İddiaçılar İddiaçı1 və X6 mülkiyyətlərində olmuş mənzili hazırki iş üzrə cavabdeh olan Cavabdeh deyil, oğlu (digər iddiaçının qardaşı) Mirtahir Bəşirova bağışlamışdır. Yəni, iddiaçılar tərəfindən ləğv edilməsi xahiş edilən Ağsu rayonu dövlət notariat kontorunda 21 noyabr 2017-ci il tarixli, 4Ə-456 nömrəli reyestrlə qeydiyyata alınmış bağışlama müqaviləsi mərhum Mirtahir Bəşirov arasında imzalanmış, digər, Şamaxı şəhəri "ASAN xidmət" mərkəzindəki notariat ofisində bağlanmış 14 aprel 2021-ci il tarixli, 4Ə-499 nömrə ilə reyestrlə qeydiyyata alınmış bağışlama müqaviləsi isə mərhum Mirtahir Bəşirov ilə hazırki iş üzrə Cavabdeh arasında imzalanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətinin dəlili olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mülki Məcəllənin 673-cü maddəsi bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin Mülki Məcəllənin 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Mülki Məcəllənin 673.1.2-ci maddəsinin dispozisiya şərtləri aşağıdakılardan ibarətdir: 1.Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə verənin qarşısında vəzifələrə malik olsun: 2. Hədiyyə alan həmin vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozmuş olsun; 3. Hədiyyə verən həmin vəzifələri hədiyyə verənin yaxın qohumlarının biri barəsində kobudcasına pozmuş olsun. Göründüyü kimi hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə verənin qarşısında vəzifələri hər hansı qaydada pozması deyil, yalnız kobud şəkildə pozması bağışlamaqdan imtina üçün əsas ola bilər. İş materiallarından göründüyü kimi ev 21.11.2017-ci il tarixdə Mirtahir Bəşirova bağışlanmış, X5 11.05.2021-ci il tarixdə ölmüşdür. Bu dövrdə X2 iddiaçıya baxmaması, ailə hüquq münasibətlərindən yaranan vəzifələri icra etməməsi barədə iddiaçının hər hansı müraciəti və dəlili olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin İddiaçı1 və İddiaçı2 ilə X5 arasında Ağsu şəhəri, Nizami Gəncəvi küçəsi, ev 12 ünvanında yerləşən 4 saylı mənzilin bağışlanmasına dair Ağsu rayonu dövlət notariat kontorunda bağlanmış 21 noyabr 2017-ci il tarixli, 4Ə-456 nömrə ilə reyestrdə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsinə dair iddia ərizəsini rədd etməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri iş materialları ilə öz təsdiqini tapmadığından təmin edilə bilməz. Məhkəmə kollegiyası şikayətin digər dəlilinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin X5 ilə Cavabdeh arasında Ağsu şəhəri, Nizami Gəncəvi küçəsi, ev 12 ünvanında yerləşən 4 saylı mənzilin bağışlanmasına dair Şamaxı şəhəri "ASAN xidmət" mərkəzindəki notariat ofisində bağlanmış 14 aprel 2021-ci il tarixli, 4Ə-499 nömrə ilə reyestrdə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsini tələb etməkdə iddiaçıların suyektiv hüququnun olmadığını qeyd etmişdir. Belə ki, iddiaçılar qeyd edilən müqavilənin tərəfi olmamışlar. İddiaçılar 14 aprel 2021-ci il tarixli, 4Ə-499 nömrə ilə reyestrdə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin tərəfi deyil. Ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Qanunvericilikdə “müqavilənin digər tərəfinə” ifadəsinin işlədilməsi ona işarə edir ki, müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəflərinə aiddir. Belə ki, “müqavilənin digər tərəfinə” ifadəsi müqavilənin əks tərəfinə nəzərən işlədilən ifadədir. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Əgər müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəfi olmayan şəxslərə də aid olsaydı, bu halda qanunverici “müqavilənin digər tərəfinə” deyil, “müqavilənin tərəflərinə” ifadəsini işlədərdi. Yəni müqaviləni mübahisələndirmək niyyətində olan istənilən şəxs müqavilənin tərəflərinə iradə ifadəsini bildirməlidir. Ona görə də hesab olunur ki, qanunverici “müqavilənin digər tərəfinə” ifadəsini işlətməklə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini məyyən edib. Bu qaydanın məntiqi ondan ibarətdir ki, müqavilə yalnız müqavilə tərəfi olan şəxslər üçün vəzifə (məcburi davranış qaydası) yaradır, müqavilə tərəfi olmayan şəxslər üçün isə müqavilənin vəzifə yaratması mümkün deyil, müqavilə onlar üçün yalnız hüquq (mümkün davranış qaydası) yarada bilər: məsələn, üçüncü şəxsin xeyrinə müqavilə (Mülki Məcəllə, maddə 403). Hüquq isə mümkün davranış qaydası olduğundan üçüncü şəxs həmin hüquqdan istifadə etməyə bilər və ya ondan imtina edə bilər. Ona görə də müqavilə tərəfi olmayan şəxsin müqaviləni mübahisələndirməsi yersizdir. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti iddia tələbinin X5 ilə Cavabdeh arasında Ağsu şəhəri, Nizami Gəncəvi küçəsi, ev 12 ünvanında yerləşən 4 saylı mənzilin bağışlanmasına dair Şamaxı şəhəri "ASAN xidmət" mərkəzindəki notariat ofisində bağlanmış 14 aprel 2021-ci il tarixli, 4Ə-499 nömrə ilə reyestrdə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsini tələb etməkdə iddiaçıların subyektiv hüququ olmadığından təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir, hissəsinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin əsasa görə ləğv edilməsinə lüzum yoxdur. Yuxarıda qeyd edilən Konstitutsiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsinin qətnaməsinin məzmunundan görünür ki, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararaq mülki işi kifayət qədər araşdırmış, gəldiyi nəticəni qnunvericiliyin tələbinə uyğun əsaslandırmışdır. Eyni zamanda sonda iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir. Kollegiya hesab edir ki, işin bu halı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Hazırki halda isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(016)-811/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(016)-811/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-338/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-338/2022
10.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver