Məhkəmə qərarları › İş №2(107)-344/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-344/2020

28.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-344/2020 28.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiаçı - İddiaçı Aydin oğlunun; Cаvаbdeh - Cavabdeh iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)-950/2019 saylı qətnaməsindən cаvаbdeh Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)-950/2019 saylı qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia qismən təmin edilmiş, İddiaçı Aydin oğlunun Cavabdeh olan aliment borcunun 3510 manat hissəsini ödəməkdən azad edilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə Cavabdeh İsgəndər qızına olan aliment borcunun 4563 (dörd min beş yüz altmış üç) manat hissəsini ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək tələbini belə əsaslandırmışdır ki, birgə nikahlarından xx xxx 2004-cü il tarixdə İlahə adlı qızı, xx xxxxxx 2006-cı il tarixdə Aydın adlı oğlu və xx xxxx 2010-cu il tarixdə Əkrəm adlı oğulları olmuşdur.2017-ci ildə onlar ayrı yaşamağa başlamışlar və Xəyalə məhkəmədə aliment tələbi qaldırmış, məhkəmənin xx xxxx 2017-ci il tarixli 2(033)1185/2017 saylı qətnaməsi ilə üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 117 manat olmaqla cəmi hər ay 351 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Qətnamə dərhal icraya yönəlmiş, bir neçə ay aliment ödəmişdir. Lakin, sonradan onlar ayrılmaqlarının uşaqlara ciddi psixoloji təsir edəcəyini nəzərə alaraq barışmış və onlar 2017-ci ilin avqust ayından 2018-ci ilin oktyabr ayınadək birlikdə yaşamışlar. Bu müddət ərzində ailəsi onun himayəsində olmuş, uşaqların və sabiq həyat yoldaşının bütün maddi ehtiyaclarını həmin müddətdə o, qarşılamışdır. Həmin müddət ərzində o, aliment ödəməmiş, qarşı tərəf və İcra Şöbəsi ondan aliment tələb etməmişdir. Lakin, 2018-ci ilin oktyabr ayından sonra münasibətləri yenidən korlanmış, artıq ailə kimi bir yerdə yaşamaları mümkün olmamışdır. O, məcbur olub nikahın pozulmasına dair məhkəmədə iddia qaldırmış, nikahları pozularaq uşaqlar ananın himayəsində saxlanılmışdır. Bundan sonra İcra və Probasiya Şöbəsi onu dəvət edərək 6775 manat aliment borcunun olduğunu bildirmişdir. O, hazırda uşaqlarına alimentin ödənilməsinə etiraz etmir. Lakin, 2017-ci ilin avqust ayından 2018-ci ilin oktyabr ayinadək ailənin bir yerdə yaşadığı və nikahın hələ pozulmadığı dövr üçün, yəni 13 ay üçün alimentin hesablanmasını qanunsuz hesab edir. Belə ki, həmin müddət ərzində ailəsi onunla birlikdə, onun evində yaşamışdır. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, uşaqları ilə birlikdə 2017-ci ilin avqust ayından deyil, 2017-ci ilin oktyabr ayının 28-də iddiaçının evinə köçmüş, 2018-ci ilin sentyabr ayınin 28-də isə yenidən ayrılaraq iddiaçının evini uşaqları ilə birlikdə tərk etmişdir. Yəni iddiaçının göstərdiyi kimi 13 ay deyil 10 ay o, uşaqları ilə birlikdə iddiaçının evində yaşamışdır. Cavabdeh eyni zamanda izahatında göstərdi ki, ailənin birlikdə yaşaması təmin edilmiş alimentin ödənilməməsi üçün əsas deyildir. Çünki onlar birlikdə yaşayanda nikahları hələ pozulmamışdır. İddia tələbini əsassız hesab edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh apelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Belə ki, o, 2017-ci ilin oktyabr ayının 28-də qayınanası X2 evinə köçmüş, 2018-ci ilin sentyabr ayının 28-də isə yenidən ayrılaraq həmin evi uşaqları ilə birlikdə tərk etmişdir. İddiaçı isə həyətdə yerləşən altıaçıqda yaşayırdı. X1 evində 10 ay yaşasa da İddiaçı ilə birgə təsərrüfat aparmamışdır. Onun qayınanasının evində yaşaması alimentin ödənilməməsi üçün əsas deyil. Həmçinin o, qayınanasının evində yaşadığı 10 ay müddətdə Zaqatala rayon İcra şöbəsinə gedərək alimentini tələb etmişdir. Onun aliment tələbi üzrə icra işinə xitam da verilməyib. İddiaçı bu günki günə ona 6378 manat aliment borcu vardır. Heç aylıq müəyyən edilmiş alimenti də ödəmir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)-950/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)-950/2019 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Aydin oğlu apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)-950/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)-950/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(033)1185/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə əsasında tərəflərin birgə nikahından olmuş üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 117 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nin Yuxarı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 1414 saylı arayışdan görünür ki, hazırki iş üzrə tərəflər 2017-ci ilin avqust ayından 2018-ci ilin oktyabr ayınadək iddiaçının anasına məxsus evdə yaşayaraq onun təsərrüfatında idarə olunmuşlar və uşaqların ehtiyacları İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iş üzrə tərəflər ər-arvad olmuşlar. Əvvəllər ayrı yaşadıqlarına görə məhkəmənin qətnaməsi əsasında uşaqlara aliment müəyyən edilmişdir. Sonradan tərəflər birləşərək ailə münasibətlərini bərpa etmiş və birlikdə yaşamışlar. İşin bu faktiki halı iş materialları, habelə iş üzrə cavabdehin izahatı ilə təsdiqini tapır. Tərəflər birgə yaşadıqları dövrdə aliment məbləği hesablanmışdır. Hansı ki, 10 ay ərzində cavabdeh uşaqları ilə birlikdə iddiaçının evində yaşamışdır. İddia tələbində iddiaçı həmin müddətin 13 ay olduğunu göstərmiş, lakin iş üzrə cavabdeh həmin müddətin 13 ay deyil, 10 ay olduğunu etiraf etdiyindən iddiaçı məhkəmə iclaslarında qalan 3 ay müddət ərzində uşaqların onun himayəsində olmamalarını mübahisələndirməmişdir. Azərbаycаn Respublikаsı Konstitusiyаsının 34-cü mаddəsinin İV bəndinə əsаsən uşаqlаrа qаyğı göstərmək, onlаrı tərbiyə etmək vаlideynlərin həm hüququ, həm də borcudur. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq hüquqları haqqında” Konvensiyаnın 3-cü mаddəsinə görə sosiаl təminаt məsələləri ilə məşğul olаn dövlət idаrələri və yа özəl idаrələr, hаbelə məhkəmələr, inzibаti orqаnlаr, yаxud qаnunvericilik orqаnlаrı tərəfindən həyаtа keçirilib keçirilməməsindən аsılı olmаyаrаq, uşаqlаr bаrəsində görülən bütün tədbirlərdə uşаğın mаrаqlаrının dаhа yаxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbаycаn Respublikаsı Ailə Məcəlləsinin 75.1-ci mаddəsinə əsаsən vаlideynlər uşаqlаrını sаxlаmаğа borcludurlаr. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilənbirinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Hüquq normalarının məzmunundan göründüyü kimi aliment azyaşlı uşağın saxlanılması üçün o müddəti əhatə edir ki, həmin müddət ərzində uşaq valideynlərdən birinin himayəsində olmuş olsun və tərəflər ayrı yaşasınlar. Hazırkı iş üzrə mübahisələndirilən müddət ərzində tərəflərin nikahı pozulmamış və uşaqlar cavabdehlə birlikdə atanın himayəsində yaşamışlar. İş materiallarından görünür ki, 10 ay ərzində cavabdeh uşaqları ilə birlikdə iddiaçının evində yaşamışdır. Yəni iddiaçı keçmiş arvadını və uşaqlarını 10 ay ərzində himayəsində saxlamaqla onlara baxmışdır. Ona görə də, iddia tələbini qismən təmin edərək, İddiaçı Aydin oğlunun Cavabdeh olan aliment borcunun 3510 manat hissəsini ödəməkdən azad edilməsi qənaətinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuş və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)-950/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-950/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar