Məhkəmə qərarları › İş №2(107)-395/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-395/2025

17.03.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-395/2025 17.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Kreditor BOKT "xxxx" MMC-nin borclular Borclu1 və Borclu2 qarşı borcun tutulması tələbinə dair işi üzrə (Açar sözlər: məhkəmə əmrinə etirazın geri qaytarılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Kreditor BOKT "xxxx" MMC-nin borclular Borclu1 və Borclu2 qarşı borcun tutulması tələbinə dair işi üzrə Zaqatala Rayon Məhkəməsinin 1 iyun 2018-ci il tarixli 2(033)- 833/2018 nömrəli məhkəmə əmrinə Borclu1 tərəfindən verilmiş etirazın geri qaytarılması barədə Zaqatala Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tarixli 2(033)-833/2018 saylı qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-BOKT "xxxx" MMC) məhkəməyə ərizə ilə müraciət edərək, borclular Borclu1 və Borclu2 1299 ABŞ dolları əsas kredit borcu, kreditdən istifadəyə görə hesablanmış 519 ABŞ dolları faiz borcu və 325 ABŞ dolları cərimə olmaqla, cəmi 2143 ABŞ dolları kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin borclulardan tutularaq onun xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli 2(033)-833/2018 nömrəli məhkəmə əmri ilə kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsinin təmin edilməsi, Zaqatala şəhəri, S.Qaziyeva küçəsi, ev 27-də qeydiyyatda olan Borclu1 və Zaqatala şəhəri, S.Qaziyeva küçəsi, ev 60-da qeydiyyatda olan Borclu2 xx.xx.2015-ci tarixli 428/4 nömrəli kredit müqaviləsinə əsasən, xx.xx.2018-ci il tarixə olan 1299 (bir min iki yüz doxsan doqquz) ABŞ dolları əsas kredit borcu, kreditdən istifadəyə görə hesablanmış 519 (beş yüz on doqquz) ABŞ dolları faiz borcu və 325 (üç yüz iyirmi beş) ABŞ dolları cərimə olmaqla, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla, cəmi 2143 (iki min bir yüz qırx üç) ABŞ dolları kredit borcu və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması əmr edilmişdir. Borclu1 28 yanvar 2025-ci il tarixdə məhkəmə əmrinə etirazla məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli 2(033)-833/2018 nömrəli məhkəmə əmrinin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 2(033)-833/2018 saylı qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli 2(033)-833/2018 nömrəli məhkəmə əmrinə Borclu1 tərəfindən verilmiş etiraz üzrə icraat mümkün hesab edilməmiş və etiraz ona geri qaytarılmışdır. Borclu1 şikayətlə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 2(033)-833/2018 saylı qərardadının ləğv edilməsini əks halda şikayətin işlə birlikdə apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(033)-833/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tarixli 2(033)- 833/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci insansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən, Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli 2(033)-833/2018 nömrəli məhkəmə əmri üzrə borclular tərəfindən razılaşdırılmış qrafik üzrə ödənilməsi öhdəliyi yerinə yetirildiyi üçün tələbkarın xahişi ilə icra sənədi geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, belə vəziyyətdə qeyd edilən məhkəmə əmrinə etirazın Borclu1 tərəfindən qanunla müəyyən edilmiş müddətdə verilməsi qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 283-cü maddəsinə əsasən borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 282-ci maddəsinə görə borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında qeyd edir ki, etirazın borclu tərəfindən qanunla müəyyən edilmiş müddətdə verilməsi qənaətinə gəlmək mümkün deyildir. Məhkəmənin bu fikrinə qarşı olaraq bildirir ki, məhkəmə öz qərardadını qanunda nəzərdə tutulmuş əsaslarla əsaslandırmalıdır. Ehtimallara və fərziyyələrə əsaslanması qanunda nəzərdə tutulmamışdır. Məhkəmənin bir daha nəzərinə çatdırır ki, o məhkəmə əmri ona təqdim olunduğu gündən, yəni 2018-ci ildə qüvvədə olan MPM-nin 282-ci maddəsində qeyd olunan qaydada, müddətdə məhkəməyə təqdim etmişdir, yəni, MPM-nin 282-ci maddəsində deyilir ki, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində məhkəməni xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə isə bu gün onu günahlandırır ki, o, etiraz vermə müddətini ötürmüşdür. Belə olan halda o tələb edir ki, qeyd olunan məhkəmə əmrinin ona rəsmi qaydada təqdim edilməsini təsdiq edən sənədi ona təqdim etsin. Dolayı yollarla etirazın təmin edilməməsi qanunun kobud pozulması, vətəndaşın hüquqlarının tapdalanmasıdır. Kollegiya şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında məhkəmə əmrinin Borclu1 çatdırılması barədə sənəd mövcud olmasa da, iş materiallarının 23-24-cü vərəqlərindən görünür ki, məhkəmə əmri 7 sentyabr 2018-ci ildə Borclu1 Zaqatatala şəhəri, S.Qazıyeva küç, ev 27 ünvanına göndərilmişdir ki, Borclu1 məhkəmə əmrinə verdiyi etirazda və qərardaddan şikayətdə özünün yaşadığı ünvan olaraq həmin ünvanı göstərmişdir. İş materiallarından, həmçinin, görünür ki, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin 6 sentyabr 2018-ci il tarixli icraata başlama haqqında qərarı Borclu1 həmin ünvana göndərilmişdir. Kreditor BOKT "xxxx" MMC Zaqatala rayon İcra və Probasiya Şöbəsinə 28 noyabr 2018-ci il tarixli ərizə göndərərək borclularla əldə olunmuş xx.xx.2018-ci il tarixli Sazişə əsasən borc məbləğinin razılaşdırılmış qrafik üzrə ödənilməsi öhdəliyi borclular tərəfindən yerinə yetirildiyi üçün icra sənədinin qaytarılmasını xahiş etmiş və Zaqatala rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə icra sənədi həmin əsasla geri qaytarılmışdır. 3 noyabr 2022-ci ildə kreditor BOKT "xxxx" MMC məhkəmə ərizə ilə müraciət edərək Borclu1 yuxarıda göstərilən sazişi pozaraq ödənilməmiş qalan 1776.57 ABŞ dolları borcu ödəməkdən imtina etdiyinə görə icra vərəqəsinin yenidən icraya yönəldilməsini xahiş etmiş və həmin ərizəyə əsasən icra vərəqəsi məhkəmə tərəfindən yenidən icraya yönəldilmişdir. Borclu1 məhkəmə əmrinə etirazı isə 30 yanvar 2025-ci ildə məhkəməyə daxil olmuşdur. Kollegiya qeyd edir ki, göründüyü kimi, ən geci xx.xx.2018-ci ildə kreditorla Saziş bağlanarkən borcluların məhkəmə əmrindən məlumatı olmuşdur. Bundan başqa, məhkəmə əmrinin 2143 ABŞ dolları borcla bağlı verildiyi, kreditor BOKT "xxxx" MMC-nin 3 noyabr 2022-ci ildə verdiyi Ərizədə isə ödənilməmiş 1776.57 manat borc qaldığının göstərildiyi nəzərə alındıqda, görünür ki, borclu tərəfindən kreditora həmin məhkəmə əmrinə əsasən qismən ödənişlər edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin Borclu1 mübahisəli məhkəmə əmrindən məlumatlı olması və məhkəmə əmrinə etiraz verərkən qanunla müəyyən edilmiş 10 günlük müddəti ötürməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur. Ona görə də, Borclu1 şikayətinin dəlilləri əsassızdır və qanuni və əsaslı qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tarixli 2(033)-833/2018 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tarixli 2(033)-833/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tarixli 2(033)-833/2018 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar