Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-407/2021 09.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-1062/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax Rayon Məhkəməsinin 2(024)-411/2018 nömrəli xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən ondan cavabdehin xeyrinə xx xxxx 2018-ci il təvəllüdlü X1 3 yaşına çatanadək əlavə xərcləri üçün tutulan 100 manat məbləğində alimentin miqdarının azaldılması, cavabdehin xeyrinə ondan xx xxxx 2018-ci il təvəllüdlü X1 3 yaşına çatanadək əlavə xərcləri üçün 30 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-1062/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, tərəflərin arasında xx xxxxxx 2017-ci il tarixdə Qax rayon Qorağan kəndi İƏD-də rəsmi nikahları qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Bir müddət sonra aralarında olan nikah münasibətləri formal xarakter daşımış və cavabdeh Qax Rayon Məhkəməsinə “aliment” tələbi ilə müraciət etmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan iddiaçı Cavabdeh hamiləliyi dövründə və uşağın doğulduğu gündən 3 il ərzində hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Simuzər Abdııllayevaya verilməsi qət edilmişdir. Bundan əlavə, Qax Rayon Məhkəməsinin 2(024)-432 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay 110 (yüz on) manat sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Beləliklə, o, hər ay 210 (iki yüz on) manat məbləğdə aliment ödəyir. Hesab edir ki, uşaq 3 yaşına çatanadək ondan tutulan 100 manat alimentin məbləği çox hesablanmışdır. Məhkəmə tərəfindən həmin məbləğ qət edilən zaman cavabdeh tərəfindən hər hansı gəliri barədə arayış və ya digər hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin maddənin 2-ci bəndinə görə isə bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqların doğulduğu gündən 3 il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Maddənin məzmunundan da göründüyü kimi, cavabdeh tərəfindən məhkəməyə zəruri vəsaitə malik olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Buna baxmayaraq, hakim tərəfindən hansı əsasla, nə əsas gətirilərək əlavə xərclərə cəlb olunması göstərilməmişdir. Rayon ərazisində bu məbləğdə əlavə xərclərə cəlb olunma hesab edir ki, qanunsuzdur. Bakı və Sumqayıt kimi böyük şəhərlərdə belə qarşı tərəf zəruri vəsaitə malik olmadıqda, iddiaçı tərəfindən bununla bağlı sübut təqdim edilmədikdə cavabdeh əlavə vəsaitə cəlb olunmur. Onu da əlavə edir ki, o, heç bir yerdə işləmir, həmçinin müxtəlif xəstəliklərdən əziyyət çəkir. Odur ki, hesab edir ki, rayon ərazisi olması və zəruri vəsaitə malik olmadığından uşaq 3 yaşına çatanadək ödəyəcəyi 100 manat alimentin məbləği azaldılaraq ondan uşaq 3 yaşına çatanadək 30 manat məbləğində əlavə xərc tutulmalıdır. Bütün bu göstərdikləri ilə əlaqədar onu bildirmək istəyir ki, Qax rayon Məhkəməsinin 2(024)-411/2018 №-li xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən ondan cavabdehin xeyrinə uşaq 3 yaşına çatanadək tutulan 100 manat alimenti onun ödəməsi hal-hazırda heç cür mümkün deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-1062/2020 saylı qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-1062/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ərarvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda əri ( arvadı ) nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər: maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə; aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda; nikah çox çəkmədikdə. Hazırki iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində deyilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və yа аliment ödəməli оlаn şəxsi tərəflərin diqqətə lаyiq bаşqа mаrаqlаrını dа nəzərə аlmаqlа аliment ödəməkdən аzаd edə bilər. Hazırki tələb üzrə alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 86-cı maddəsinin tələbinə əsasən tərəflərin ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla müəyyən edilir. Həmçinin uşaqlar üçün aliment tutulması barədə iddialara baxılarkən nəzərə alınmalıdır ki, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin miqdarının azaldılması üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya şikayətində göstərilən dəlilləri isə kollegiya əsassız hesab edir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də ancaq şikayətini əsaslandırmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının azaldılması üçün qanuni əsasın olmaması nəticəsinə gələrkən uşaqlağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqlağın mənafeyi nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyasının iclasında mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-1062/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-1062/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-407/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-407/2021
09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver