Məhkəmə qərarları › İş №2(107)-413/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-413/2020

04.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-413/2020 04.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Cavabdeh iştirakı ilə; Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2020/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2020/2019 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) iddia qismən təmin edilmiş, xx xxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı verilməsi, alimentin tutulmasının əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanması, iddianın qalan hissəsinin təmin edilməməsi, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2012-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit məbləğində alimentin və ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2011-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından xx xxxx 2012-ci ildə X5 adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah pozulmamışdır. Cavabdehin valideynləri ilə birgə yaşamağın mümkün olmadığını gördükdən sonra 1 il 3 aydır ki, ərinin yaşadığı evi tərk edərək valideynlərinin yaşadığı evə gəlməyə məcbur olmuşdur. Bir uşaqla valdeyninin evində yaşamaq həddindən artıq çətindir. Bu müddət ərzində cavabdeh uşağa baxmaq üçün ona heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh fərdi taksi fəaliyyəti ilə məşğuldur. Odur ki, hesab edir ki, xx xxxx 2012-ci ildə doğulmuş X4 yetinkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 160 manat məbləğində aliment Cavabdeh tutularaq ona ödənilməlidir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, həqiqətən xx xxxx 2011-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə İddiaçı ilə ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxxx 2012-ci il təvəllüdlü X5 anadan olmuşdur. Aralarında bağlanmış nikah pozulmamışdır. O, fərdi taksi fəaliyyəti ilə məşğul olur. Buna görə də onun aylıq gəliri sabit deyil. İddia tələbində göstərilən miqdarda alimenti ödəmək onun imkanı xaricindədir. Qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh аpelyаsiyа şikayəti vermişdir. Аpelyаsiyа şikayətinin dəlilləri: Аpelyаsiyа şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçı ilə ər-arvad kimi yaşamaq mümkün olmadığından faktiki ayrılmış və aralarında bağlanmış nikah rəsmi pozulmamışdır. Lakin azyaşlı uşağı iddiaçının himayəsində olsa da hər gün məktəbə getməsini gəlməsini bir ata kimi həll etmişdir. Bundan başqa taksi fəaliyyəti ilə məşğul olsa da maddi gəliri yaxşı deyildir. Taksi fəaliyyətindən ay ərzində qazandığı məvacib heç özünün dolanışığını təmin etmir. Məhkəmə tərəfindən isə ona bir uşağa görə 150 manat məbləğində aliment təyin edilmişdir. Qəbul edilən həmin aliment məbləğini ödəməyə imkanı yoxdur. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2020/2019 saylı qətnaməsinin ləğv edilməsini və aşağı həddə aliment ödənilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasınının iclasında iştirak edən Cavabdeh аpelyаsiyа şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2020/2019 saylı qətnaməsinin ləğv edilməsini və aliment məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasınının iclasında iştirak edən iddiаçı İddiaçı apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(075)-2020/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, аpelyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, аpelyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya аpelyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, аpelyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, аpelyаsiyа şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 2020/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş AZ-İ 671954 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında xx xxxx 2011-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 141 nömrə ilə qeydiyyat alınmışdır. Nikah bağlandıqdan sonra arvada Abdullayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 866213 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2012-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə X1r. Məhkəmə kolegiyasının iclasında müəyyən edildi ki, İddiaçı xx xxxx 2011-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxxx 2012-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş və faktiki olaraq ayrılmışlar. Birgə nikahdan dünyaya gəlmiş xx xxxx 2012-ci il təvəllüdlü X5 hal-hazırda İddiaçı himayəsindədir. Tərəflərin aralarındakı nikah pozulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qeyd olunan qanun normalarından göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilən aliment uşağın saxlanılmasına, onun maddi və mənəvi inkişafının təmin edilməsi üçün yetərli olmalıdır. Alimentin məbləği müəyyən edilərkən uşağın mənafeyi başlıca şərt olaraq götürülməlidir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını,“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının hər ay bir uşağa görə 150 manat müəyyən edilməsi nəticəsinə gələrkən uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyini nəzərə almışdır. Məhkəmənin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası аpelyаsiyа şikayətinə münasibət bildirərək qeyd edir ki, cavabdeh аpelyаsiyа şikayətində maddi vəziyyətinin aşağı olmasını bildirmişdir. Kollegiya hesab edir ki, həmin dəlillər onu, aliment ödəmək vəzifəsindən azad etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). İnsаn hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən аpelyаsiyа instansiyası məhkəməsi qətnaməni dəyişmədən, аpelyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, аpelyаsiyа şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2020/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-ci maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı işdə tələb olunan aliment üzrə bir il ərzində ödəmə 1920 manat təşkil edir. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2020/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar