Məhkəmə qərarları › İş №2(107)-415/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-415/2022

02.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-415/2022 02.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X14 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(075)-2337/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(075)-2337/2021 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) İddiaçı cavabdehlər Cavabdeh1 və X14 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən Cavabdeh1 bağışlanması barədə Şəki rayon 2 saylı Notariat Kontorunda təsdiq edilmiş 27 fevral 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumu xərcinin İddiaçı özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və X14 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən Cavabdeh1 bağışlanması barədə Şəki rayon 2 saylı Notariat Kontorunda təsdiq edilmiş 27 fevral 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, Cavabdeh1 onun oğludur. Belə ki, onun birinci evlilikdən üç övladı olmuş, sonrakı ailəlikdən isə övladı olmamışdır. Bəhruz da onun birinci evliliyindən olan 3 övladından biridir. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 82,7 kv.m olan fərdi yaşayış evi ona məxsus olmuşdur. O, Cavabdeh1 və onun həyat yoldaşı X5 uzun illər səmimi münasibətlərdə yaşamışlar. Cavabdeh və onun həyat yoldaşı ona qarşı mehriban olmuşlar. Münasibətləri yaxşı olduğundan o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini oğlu Cavabdeh1 bağışlamaq qərarına gəlmişdir. Digər övladları da evin Bəhruzun adına sənədləşdirilməsinə etiraz etməmişlər. Bu səbəbli 27 fevral 2015-ci ildə Şəki rayon 2 saylı notariat kontoruna gedərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 bağışlanması barədə müqavilə imzalamış və müqavilə notarial qaydada təsdiqedilmişdir. Sonradan küçə adındakı dəyişiklik səbəbindən həmin ünvan Novruz küçəsi döngə 1 ev 5 adlandırılmışdır. Bağışlama müqaviləsi imzalanarkən notariatdan müqavilənin məzmununa müəyyən şərtlərin və öhdəliklərin daxil edilməsini təklif etsələr də o, bununla razılaşmamışdır. Həmçinin bağışlama müqaviləsi imzalanmamışdan cavabdeh onun qarşısında öhdəlik götürmüşdür ki, onu evdən çıxartmayacaqdır və ömrünün axırınadək ona baxacaqdır. Həmçinin o, bağışladığı evin həyətində torpaq sahəsi alıb 10-12 il müddətində yeni fərdi yaşayış evi inşa etdirmiş və həmin evin də inşası 2017-ci ildə başa çatmaqla 2017- ci ildən ailəliklə yeni inşa edilmiş evdə yaşamışlar. Bağışlama müqaviləsi bağlandıqdan bir müddət sonra, yəni 2021-ci ilin yanvar ayından sonra Cavabdeh1 və onun həyat yoldaşının ona qarşı münasibətləri tamamilə dəyişmişdir. Belə ki, o, xəstəliyi ilə bağlı cərrahi əməliyyata məruz qalmışdır. Onun bu xəstə halında cavabdeh və onun həyat yoldaşı onunla çox kobud rəftar etməyə başlamışlar. Cavabdeh1 nəinki onun xəstəliyi ilə, səhhəti ilə maraqlanmamış, hətta xalqımızın milli mentalitetindən, uzun illərlə formalaşmış ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozaraq, onu dərmansız, hətta yeməksiz qoymuş, onu saymamış, onun qulluğunda durmamışdr. Cavabdehin və onun həyat yoldaşının onunla çox kobud, nəzakətsiz rəftar etmələri nəticəsində aralarında gərgin və dözülməz psixoloji vəziyyət yaranmışdır. Cavabdeh və onun həyat yoldaşı onu yaşadığı evdən çıxıb gedincəyə qədər rahat və sakit yaşamağa qoymayacaqları ilə, hər gün yersiz dava-dalaş, səs-küy salaraq, qohum-qonşu arasında onu biabır edəcəkləri ilə hədələmişlər və müxtəlif vaxtlarda da bu hədələrini real olaraq həyata keçirmişlər. O, cavabdeh və onun həyat yoldaşından nəyə görə ona qarşı bu hərəkətləri etdiklərini soruşduqda isə onlar həmin evi institut tələbələrinə kirayə verməklə pul qazanmaq istədiklərini bildirmişlər. O, dəfələrlə onlara xəstə olmaqla ikinci dərəcəli əlil olduğunu, yaşamağa başqa yerinin olmadığını desə də nə cavabdeh, nə də onun həyat yoldaşı bu yaşlı, diqqət və qayğıya daha çox ehtiyac duyduğu vaxtında onun dediklərini nəzərə almamışlar. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hətta işə məhkəmədə baxıldığı ərəfədə məhkəmə binasında cavabdeh ona hədə qorxu gəlmiş, cavabdehin həmin danışıqlarını qeydə də almışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında İddiaçı verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiklərini təsdiq və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı onun atasıdır. Sözügedən həmin mübahisəli evi atası İddiaçı 27 fevral 2015-ci il tarixdə ona bağışlamış və bağışlama müqaviləsində hər hansı şərtin nəzərdə tutulmamışdır. 27 fevral 2015-ci il tarixli bağışlama müqaviləsi ilə atası Məntiqin ona bağışladığı ev daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmışdır. Atası Məntiq 2005-ci ildə anası İntizarı boşamışdır. Onlar üç qardaş atalarının himayəsində qalmışlar. 2006-cı ildə atası analığı İdrisova Xuramanla ailə həyatı qurmuşdur. Atası Məntiq 15 il analığı İdrisova Xuramanla birgə yaşamış, sonradan atası özü əsassız söz söhbətlər yaratmış, bəhanələr gətirmiş və analığından ayrılmaq qərarına gəlmişdir. 2019cu il 5 sentyabr tarixində atası həyat yoldaşını, iki azyaşlı uşağını və analığı İdrisova Xutamanı evdən çıxartmış, onlar da həmin evin yaxınlığında yerləşən digər evə köçmüşlər. Həmin vaxt o, hərbi xidmətdə olmuşdur. Atası Məntiq 2019-cu il 28 noyabr tarixində X3 adlı bir xanımla qeyri-rəsmi nikaha girmiş və həmin xanımın evinə köçərək orada 7 ay yaşamışdır. İddiaçı həmin dövrdə Sevda ilə əlbir olaraq analığının Aydınbulaq kəndində olan malqarasını satmış, satışdan əldə olunan pulla da Sevdanın evini təmir etdirmişdir. Yeddi ay ərzində X3 atası Məntiqdən istifadə etmiş və sonra Sevda onu polisin vasitəsi ilə evdən çıxarmışdır. Bütün bunlara baxmayaraq o, atasını yenə həmin mübahisəli evə yerləşdirmiş və atası Məntiq hazırda da həmin evdə yaşayır. O, yaxud ailə üzvlərindən keç kim atasını incitməmiş, ona heç nə deməmişdir. İddiaçı iddia ərizəsində guya onların həmin evi kirayə verərək pul qazanmaq istədiklərini qeyd etsə də həmin evi iddiaçı özü tələbələrə kirayəyə vermişdir. Hazırda da tələbələr həmin evdə kirayədə qalırlar və kirayə pulunu da iddiaçı özü götürür. Həmin evdə kirayədə qalan şəxsləri o, tanımır. İddiaçı iddia tələbində onun xəstəliyi ilə, səhhəti ilə maraqlanmadığını, onu dərmansız, yeməksiz qoyduğunu göstərsə də bu fikirlər həqiqəti əks etdirmir. Belə ki, o, həmişə atasına həm maddi, həm də mənəvi dəstək olmuşdur. Belə ki, məhkəmənin qərarı ilə qət edilmiş ona verilməli olan 7500 manat pulun atasının adına ödənilməsi üçün kart hesabı açdırmış və həmin pul məbləği hər ay hissə-hissə atasının adına ödənilmişdir. Bundan başqa onun əmək haqqı kartı 2013-cü ildən 2019-cu ilədək atasında olmuş və onun əmək haqqını atası götürmüşdür. 21 iyun 2019-cu il tarixdə iddiaçı apendisitdən əməliyyat olunmuşdur. O, hərbi hissədən məzuniyyət götürərək 12 gün Şəki rayon Mərkəzi Xəstəxanasında atasının yanında qalmışdır. Həmin vaxt o, atasına lazımi qaydada qulluq göstərmişdir. Həmçinin 22 mart 2021-ci il tarixdə atasının ad gününü birlikdə keçirmişlər. 2013-cü ildən o, hərbiçidir və vətənə xidmət edir. 44 günlük İkinci Qarabağ döyüşlərində, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. 04 oktyabr 2021-ci il tarixdə Füzuli rayonu ərazisində gedən döyüşlərdə düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində xəsarət almışdır. O, Füzuli rayon hərbi hospitalına gətirilmiş, oradan da Biləsuvar RMX-na göndərilmişdir. Orada uzun müalicədən sonra özünə gəlmişdir. Cəbrayılın azad olunmasına görə medalla, “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur. 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində və nizam- intizamda fərqləndiyinə görə N nömrəli hərbi hissənin komandiri tərəfindən o, Fəxri Fərmanla təltif olunmuşdur. Hazırda da Şuşada “N” saylı hərbi hissədə vətənə xidmət edir. İddiaçı isə qeyd edir ki, 2021-ci ilin yanvar ayından oğlu onunla kobudluq edir, ailə-hüquq münasibətlərindən irəli gələn vəzifələrini kobud surətdə pozur. Belə bir vəziyyətdə döyüş bölgəsində olduğu, yaralandığı halda və aylarla evdə olmadığı halda atası ilə necə kobudluq edə bilər. Göründüyü kimi iddia ərizəsi əsassız fikilərdən ibarətdir. O, bir övlad kimi daim atasının qulluğunda durmuş, həm maddi, həm də mənəvi dəstək olmuşdur. 2013-cü ildən bu günədək hərbiçi olaraq vətənə xidmət edir. Belə olan halda ailə-hüquq münasibətlərindən əmələ gələn vəzifələrin kobudcasına pozulmasından söhbət gedə bilməz. Sadəcə olaraq analığı İdrisova Xuramanın həyat yoldaşının və uşaqlarının yanında qalmasına atası razı deyildir. O, isə analığının həmin evdə qalmasını istəyir. Çünki analığı ailəsinə, uşaqlarına köməklik göstərir, onların yanında qalır. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh2 məhkəməyə göndərdiyi müraciətində iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, İddiaçı onun qonşusudur və o, ünvan 3 ünvanında qardaşı Nərimanının evində yaşayır. Cavabdehi isə birinci dəfədir ki, görür. İddiaçı isə 15 ildir ki, tanıyır. Qardaşı Nərimanın evi ilə Məntiqin yaşadığı ev arasında 100 metrlik məsafə vardır. O, Məntiqgilin həyətlərində olmuş və son 5-6 aydır ki, Məntiq evində tək yaşayır. Ona kimi Məntiq həyat yoldaşı Xuramanla yaşamışdır. Məntiq hər dəfə ona baxılmamasından ona gileylənmişdir. O, Məntiqi yaşadığı evinə dəvət etmiş, ona yemək vermişdir. Hazırda da Məntiq baxımsızdır. O, Məntiqin yaşadığı həyətdə hər hansı bir səs-küy, söz-söhbət eşitməmişdir. O, Məntiqi yaxşı insan kimi tanıyır. Məntiqin təmizliyi və qidalanması ilə Məntiq özü məşğul olur. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, onun İddiaçı ilə 30 ilə yaxındır ki, dostluq, qonşuluq münasibətləri vardır. İddiaçı təxminən iki il bundan əvvəl xəstəxanada yatmış və cərrahi əməliyyat olunmuşdur. Həmin dövrdə o, daim Məntiqin yanına gedib-gəlmiş, ona yemək aparmış, xəstəxanadan buraxıldıqda isə Məntiqi evinə gətirmişdir. Xəstəxanada müalicə aldığı dövrdə Məntiqin yanına ondan başqa daha kimin getməsindən məlumatı yoxdur. Məntiq hazırda tək yaşayır və arvadı ilə münasibəti yoxdur. Məntiq hazırda paltarını özü yuyur və yeməyini də özü hazırlayır. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, İddiaçı əmisi oğludur. Məntiqgilə ara-sıra get-gəli olur. Yolda rastlaşanda, yaxud da telefonda Məntiqlə hal-əhval tutur. O, bir dəfə turba açmaq məqsədi ilə Məntiqgilə getmiş və həmin vaxt Məntiqin əsəbi olduğunu görmüşdür. Səbəbini soruşduqda Məntiq ona evdə söz-söhbətin olduğunu demişdir. Lakin o, özü söz-söhbətin şahidi olmamışdır. Məntiq həmişə sözün düzünü deyən bir şəxsdir. Uşaqları böyüyəndən sonra Məntiq həmişə gileylənmişdir. Məntiqin oğlu Bəhruzun arvadı və analığı çox danışan və söz-söhbət yaradan şəxslərdirlər. Yaşadığı evdə Məntiqin yeməyini özü bişirir və evində qalan institut tələbələri ona yemək gətirir Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 arvadıdır. Belə ki, o, 2010-cu ildə Cavabdeh1 ilə ailə qurub ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin gəlmişdir. Cavabdeh İddiaçı isə onun qayınatasıdır. O, ailə qurub Bəhruzun ailə üzvləri ilə birlikdə yaşadıqları evə gəlin köçdükdən sonra həmişə səmimi ailə münasibətlərində yaşamışlar. Bu səbəbli Məntiq 2015-ci ildə oğlu Bəhruzu notariata dəvət edib evi Bəhruza bağışlamışdır. Evdə yaşayan digər şəxslər də buna dair razılıq ərizələrini vermişlər. Həmin vaxt Bəhruzun Məntiq qarşısında heç bir öhdəliyi olmamışdır. Bəhruzla atası Məntiqin münasibətləri 2021-ci ilin mart ayının 22-nə kimi yaxşı olmuşdur. Lakin 2021-ci ilin mart ayının 22-dən sonra Məntiqlə Bəhruzun münasibətləri yaxşı deyildir. Belə ki, həmin gün Məıntiqin ad günü mərasimi keçirilmiş, Məntiq boşanma iddiası qaldırdığından Məntiqlə Bəhruzun aralarında olan münasibətlərində soyuqluq yaranmışdır. Belə ki, 2019-cu ildə Məntiq analığını evdə qoyub başqa qadınla ailə qurub getmişdir. 2020-ci ilin noyabr ayının 18-də isə Məntiq həmin evə geri qayıtmışdır. Hazırda da Məntiq oğlu Bəhruza bağışladığı evdə 4 tələbə ilə birlikdə yaşayır. Məntiq 2020-ci ilin noyabr ayında yaşadıqları evə geri qayıtdıqda o, Məntiqə təklif etmişdir ki, onun yeməyini versin, paltarını yusun. Lakin Məntiq bununla razılaşmamışdır. Məntiqin keçmiş arvadı, yəni analığı onun xalasıdır. Məntiq analığını boşadığına görə Bəhruzla aralarında olan münasibətləri pisləşmişdir. O, Məntiqlə aralarında barışığın tərəfdarıdır. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 analığıdır. Belə ki, o, 2006-cı ildə İddiaçı ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Bəhruz isə Məntiqin ondan əvvəlki evlilikdən olan övladıdır. O, Məntiqlə ailə qurduqdan sonra Məntiqin sonradan oğlu Bəhruza bağışladığı evə gəlin gəlmişdir. 2015-ci ildə Məntiq evi oğlu Bəhruza bağışlamaq istədikdə o, Məntiqə evi bağışlamamasını təklif etmiş, lakin Məntiq ona baxan övladının Bəhruz olduğunu bildirərək evi Bəhruza bağışlamışdır. Məntiqlə Bəhruz 2021-ci ilin mart ayının 22-dək səmimi ailə münasibətlərində yaşamışlar. Həmin tarixdə Məntiqin ad günündə yeyib içdikdən sonra Məntiq bir qədər kobudluq etdiyindən Bəhruzla münasibətləri soyumuşdur. Buna baxmayaraq Bəhruz Məntiqlə maraqlanır və ona maddi cəhətdən köməklik göstərir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qanunverici hədiyyə alanın hədiyyə verən və ya onun yaxın qohumları qarşısında ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirməməsini bağışlama müqaviləsinin ləğvi əsaslarından bir kimi təsbit edir. O da vurğulanmalıdır ki, burada sözügedən vəzifələrin yerinə yetirilə bilməməsi deyil, yerinə yetirilməməsi nəzərdə tutulur və hədiyyə alanın özündən asılı olmayan səbəblərə görə vəzifələrini icra edə bilməməsi halları istisna təşkil edir. İddiaçının 2-ci qrup əlil olmasını görməzdən gəlmiş və yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Qeyd edilən maddələrin tələblərinə görə, əmək qabiliyyəti olan yetkinlik yaşma çatmış övladlar maddi yardıma ehtiyacı olan, əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Cavabdeh iddiaçını saxlamağa və ona qayğı göstərməyə borcludur. Həmin vəzifənin isə, tərəflər arasında bağlanmış bağışlama müqaviləsində xüsusi öhdəlik və ya müqavilə şərti kimi ayrıca olaraq müəyyən edilməsinə zərurət yoxdur, çünki bu yuxarıda qeyd edildiyi kimi cavabdehin konstitusion vəzifəsidir. Hazırki mübahisənin həlli də məhz cavabdehin hədiyyəni qəbul etdikdən sonra iddiaçı qarşısında vəzifələrini yerinə yetirməsinin sübut edilməsindən asılıdır. Məhkəmə yalnız cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazında göstərilənləri əsas hesab edərək, yuxarıda qeyd edilən maddələrin dispozisiyası baxımından heç bir araşdırma aparmadan tələbin təmin olunmaması haqqında qətnamə qəbul etmişdir. Məhkəmənin gəldiyi nətiə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Eyni zamanda birinci instansiya məhkəməsi hazırki iş üzrə araşdırma apararkən iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olub-olmadığını müəyyən etməli idi ki, həmin hala ümumiyyətlə diqqət yetirməmiş, qətnaməsində “Həmçinin iddiaçı iddia ərizəsində cavabdehin onunla kobud rəftar etdiyini, xalqımızın milli mentalitetindən, uzun illərlə formalaşmış ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozduğunu göstərsə də iddia ərizəsinin verildiyi tarixədək olan müddətdə cavabdehin iddiaçıya qarşı bu qəbildən olan davranışlara yol verməsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir." cümləsini yazmaqla gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi araşdırma nəticəsində müəyyən etmişdir ki, iddiaçı hazırda da 27 fevral 2015-ci il tarixdə oğluna bağışladığı evdə yaşamaqdadır. Bundan əlavə mübahisə predmeti olan əmlakın bağışlanmasından sonra uzun müddət səmimi ailə münasibətlərində yaşayan tərəflərin sonradan aralarında ailə münasibətləri zəminində hansısa anlaşılmazlığın yaranması mülki qanunvericilikdə bağışlama müqaviləsinin ləğvi əsası kimi nəzərdə tutulmamışdır. Hazırki mübahisənin həlli isə məhz cavabdehin hədiyyəni qəbul etdikdən sonra iddiaçı qarşısında ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirməsinin sübut edilməsindən asılı olduğu halda və iş üçün əhəmiyyəti olan hal kimi cavabdehin ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirməsini sübut edən iş materiallarında heç bir sübut olmadığı halda, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 673.1 -ci maddəsinin tələblərini görməzdən gələrək, “tərəflərin sonradan aralarında ailə münasibətləri zəminində hansısa anlaşılmazlığın yaranması mülki qanunvericilikdə bağışlama müqaviləsinin ləğvi əsası kimi nəzərdə tutulmamışdır" kimi əsassız nəticəyə gəlmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(075)- 2337/2021 nömrəli qətnaməsinin ləğv edilməsini İddiaçı cavabdehlər Cavabdeh1 və X14 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən Cavabdeh1 bağışlanması barədə Şəki rayon 2 saylı Notariat Kontorunda təsdiq edilmiş 27 fevral 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(075)-2337/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(075)-2337/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 08 yanvar 1985-ci il tarixdə verilmiş qeydəalma vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İşdə olan 27 fevral 2015-ci il tarixli, reyestrdə 4Ə-123 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin sürətindən görünür ki, hədiyyə verən İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini hədiyyə alan Cavabdeh1 bağışlamışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın sürətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. İşdə olan İddiaçı 20 sentyabr 2021-ci il tarixdə Cavabdeh1 ünvanladığı bağışlamaqdan imtinaya dair bildirişindən görünür ki, İddiaçı həmin bildirişində onunla kobud rəftar edildiyini, onunla maraqlanmadığını, xalqımızın milli mentalitetindən, uzun illərlə formalaşmış ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozduğunu, onu qayğısız qoyduğunu əsas gətirərək bağışlamadan imtina etdiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinə, Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152.1, 152.2, 152.5, 324.1, 324.2, 324.4, 324.5, 389.1, 397.2, 421, 423, 666.1, 666.2 və 668.1.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in). Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. Həmin Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavadeh iddiaçının doğma övladıdır. İddiaçı 27 fevral 2015-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini oğlu Cavabdeh1 bağışlamışdır. Bundan sonra cavabdeh həmin bağışlama müqavilsi əsasında qeyd edilən əmaka dair çıxarış almış və həmin əmlak hal-hazırda cavabdehin mülkiyyətindədir. İddiaçı cavabdeh tərəfindən onunla kobud rəftar edildiyini, onunla maraqlanmadığını, xalqımızın milli mentalitetindən, uzun illərlə formalaşmış ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozduğunu, onu qayğısız qoyduğunu əsas gətirərək həmin müqavilənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə bağışlanma müqaviləsi bağlanarkən iddiaçı tərəfindən müqavilədə hər hansı şərtin nəzərdə tutulmamasını göstərmiş, həmçinin onun güya atasına baxmaması, onunla kobud rəftar etməsi, ona qayğı göstərməməsi ilə bağlı arqumentləri qəbul etməmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı qanunla qorunan hüquqlarının pozulduğunu əsas gətirərək, pozulmuş hüququnu bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bağışlama müqaviləsinin ləğv edilməsinə dair iddiaçının izahatında göstərdikləri və iddia ərizəsinin dəlilləri ilə razılaşmamışdır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; -hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; -hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; -hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Bu müqavilənin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. Mübahisələndirilən bağışlama müqaviləsinin məzmununa nəzər saldıqda aydın olur ki, iddiaçı qeyd edilən əmlakı cavabdehə hədiyyə edərkən müqavilədə hər hansı şərt irəli sürməmiş, əmlakı şərtsiz olaraq hədiyyə etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin ləğv edilməsinə əsas ola biləcək hər hansı bir mötəbər sübut və ya dəlil məhkəməyə təqdim edilməmişdir. İddia əsaslı deyildir. Belə ki, iddiaçı qeyd edilən əmlakını cavabdehə bağışlayarkən həmin müqavilədə oğlu Bəhruzun ona baxması ilə bağlı hər hansı qeyd-şərt irəli sürməmiş və belə bir bənd müqaviləyə əlavə edilməmişdir. Hətta belə bir bənd nəzərdə tutlmasa da müqavilənin bağlanmasından sonra ötən 6 il müddətində yəni 27 fevral 2015-ci il tarixdən 22 mart 2021-ci il tarixədək olan dövrdə tərəflərin səmimi ailə münasibətlərində yaşamaları işin mübahisəsiz halıdır. Həmçinin iddiaçı iddia ərizəsində cavabdehin onunla kobud rəftar etdiyini, xalqımızın milli mentalitetindən, uzun illərlə formalaşmış ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozduğunu göstərsə də iddia ərizəsinin verildiyi tarixədək olan müddətdə cavabdehin iddiaçıya qarşı bu qəbildən olan davranışlara yol verməsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. İddiaçı iddia tələbində göstərilən cavabdeh tərəfindən qayğısız saxlanılmasının təsdiqi kimi məhkəməyə üç nəfər şahid dəvət etsə də həmin şahidlər tərəflərlə bir ünvanda yaşamamaqla həmin ailə üzvləri ilə davanlı ünsiyyətdə olan şəxslər deyillər. Bu baxımdan həmin şahidlərin iddiaçı ilə qarşılaşdıqda iddiaçının dilindən hansısa bir fikirləri eşitmələri, sonradan həmin fikirləri məhkəmədə şahid ifadəsi qismində təqdim etmələri iddia tələbinin əsaslılığı qənaətini yaradan amil kimi qəbul edilə bilməz. Məhkəmə iclasında tələflərin özlərinin verdiyi izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı hazırda da 27 fevral 2015-ci il tarixdə oğluna bağışladığı evdə yaşamaqdadır. Bundan əlavə mübahisə predmeti olan əmlakın bağışlanmasından sonra uzun müddət səmimi ailə münasibətlərində yaşayan tərəflərin sonradan aralarında ailə münasibətləri zəminində hansısa anlaşılmazlığın yaranması mülki qanunvericilikdə bağışlama müqaviləsinin ləğvi əsası kimi nəzərdə tutulmamışdır. Göründüyü kimi 27 fevral 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi üçün əsas ola biləcək hər hansı bir halın olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu səbəbdən də İddiaçı tələbində haqlı deyildir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X14 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən Cavabdeh1 bağışlanması barədə Şəki rayon 2 saylı Notariat Kontorunda təsdiq edilmiş 27 fevral 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş 10 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası konkret olaraq bildirir ki, iddiaçı qeyd edilən əmlakını cavabdehə bağışlayarkən həmin müqavilədə oğlu Bəhruzun ona baxması ilə bağlı hər hansı qeyd-şərt irəli sürməmiş və belə bir bənd müqaviləyə əlavə edilməmişdir. Hətta belə bir bənd nəzərdə tutlmasa da müqavilənin bağlanmasından sonra ötən 6 il müddətində yəni 27 fevral 2015-ci il tarixdən 22 mart 2021-ci il tarixədək olan dövrdə tərəflərin səmimi ailə münasibətlərində yaşamaları işin mübahisəsiz halıdır. Həmçinin iddiaçı iddia ərizəsində cavabdehin onunla kobud rəftar etdiyini, xalqımızın milli mentalitetindən, uzun illərlə formalaşmış ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozduğunu göstərsə də iddia ərizəsinin verildiyi tarixədək olan müddətdə cavabdehin iddiaçıya qarşı bu qəbildən olan davranışlara yol verməsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, mübahisə predmeti olan əmlakın bağışlanmasından sonra uzun müddət səmimi ailə münasibətlərində yaşayan tərəflərin sonradan aralarında ailə münasibətləri zəminində hansısa anlaşılmazlığın yaranması mülki qanunvericilikdə bağışlama müqaviləsinin ləğvi əsası kimi nəzərdə tutulmamışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(075)-2337/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(075)-2337/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar