Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-428/2021 11.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-637/2020 saylı qətnaməsindən İddiaçı və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Zaqatala rayon Maliyyə İdarəsinə qarşı dövlət büdcəsinin vəsaiti hesabına 500 000 manat maddi ziyan və 500 000 manat mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-637/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 53 000 manat maddi ziyan və 6 000 manat mənəvi ziyan İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyаsiyа şikаyətləri vermişdir. İddiaçı apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, kompensasiyanın məbləği çox cüzi bir rəqəm, demək olar ki, simvolik bir rəqəm müəyyən edilmişdir. Bildirmək istəyir ki, o 21 ay müddətində həbsdə istintaq altında, əsassız və qanunsuz olaraq həbsdə qalaraq azadlıqdan qanunsuz olaraq məhrum olunmuşdur. 21 ay müddət iki ilə yaxın bir müddətdir, bu müddət ərzində o demək olar ki, hər şeyini itirmiş, ailə üzvülərindən məhrum olunmuş, işindən məhrum olunmuş, atası vəfat edərkən onun dəfnində belə iştirak etməyib. Bundan başqa həbsdə olduğu müddətdə ailəni dolandırmaq üçün daşınmaz əmlaklarını satdırdı, bütün əmlakından olmuşdur. 2012-ci ildə həbsdən azad olunmağına baxmayaraq, yəni 8 il müddət keçməsinə baxmayaraq onun və ailəsinin hələ də maddi durumu düzəlməyib, özü isə hələ də müalicələr edir. Bütün bunların qarşısında məhkəmənin 59 min manat kompensasiya müəyyən etməsi heç ağlabatan və ədalətli deyildir. Belə ki, bu məbləğin təkcə 42 min manatı onun aldığı əmək haqqıdır, bundan əlavə mükafat və bonuslar da alırdı, bundan əlavə nə qədər əmlak itirmişdir. Ona görə də kompensasiya məbləğinin dəyişdirilməsini həmçinin iddianın tam təmin edilməsini xahiş etmişdir. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə işi üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Zaqatala Rayonu üzrə Maliyyə İdarəsi müəyyən olmuşdur. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Bu baxımdan sözügedən məhkəmə işi üzrə Maliyyə Nazirliyinin yerli bölməsi cavabdeh ola bilməz və məhkəmə prosesinə cavabdeh qismində Maliyyə Nazirliyi cəlb edilməli idi. Bundan başqa iş materiallarından məlum olur ki, İddiaçı bir neçə maddə üzrə təqsirli bilinsə də, ona yalnız 179.3.2-ci maddə ilə bağlı bəraət verilmiş, həmçinin 313-cü və 320.1 -ci maddələrlə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmişdir. Göründüyü kimi iddiaçı barəsində açılmış cinayət işi üzrə tam şəkildə bəraət verilməmişdir. Bununla bağlı qeyd edilir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın həmin Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda və inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Belə olan halda, iddiaçıya bütün maddələr üzrə bəraət verilmədiyindən onun zərərçəkmiş şəxs kimi tanınması və ona kompensasiya hesablanması adıçəkilən qanunun 4-cü maddəsi ilə ziddiyət təşkil edir. Məlumat üçün qeyd edirik ki, yuxarıda qeyd olunan yanaşma artıq analoji işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında (bu sahədə formalaşmış məhkəmə təcrübəsində) öz əksini tapmışdır. Digər tərəfdən iddiaçı zərərçəkmiş şəxs kimi tanındığı halda belə, hazırkı iş üzrə normalar düzgün tövsif edilməmiş, işin halları ətraflı araşdırılmamışdır. Məhkəmə iddiaçının həbs olunanadək “xxxx” BOKT MMC-nin Zaqatala rayon Filialının müdiri vəzifəsində çalışdığını əsas gətirərək, ona həbsdə olduğu müddət üzrə əməkhaqqı hesabayaraq, həmin kompensasiyanı dövlət büdcəsinə yönəltmişdir. Halbuki əmək qanunvericiliyinə uyğun olaraq işçinin əmək müqaviləsinə xitam verilməsi nəticəsində yaranmış əmək mübahisəsi işçi və işəgötürən arasında tənzimlənməlidir. Lakin məhkəmə bu faktı nəzərə almamış, iddiaçının işdən çıxma tarixini, işdənçıxmanın əsaslarını (işəgötürənin təşəbbüssünün yaxud özünün könüllü ərizəsinin olmasını) araşdırmamışdır. Bununla yanaşı məhkəmə iddiaçının ailə üzvlərinə məxsus torpaq sahələrinin satılmasını da iddiaçıya dəymiş zərər kimi qiymətləndirmişdir ki, bu da tamamilə məntiqsiz və əsassız yanaşma olmaqla “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5-ci maddəsi ilə də uyğunsuzluq təşkil edir. Belə ki, həmin daşınmaz əmlakların iddiaçıya məxsus olmamamsı, bu əmlakların satılaraq İddiaçı məhkəmə işi ilə əlaqədar xərclərə deyil, onun ailəsinin şəxsi ehtiyaclarına yönəldilməsi həmin əmlakların dəyərinin məhkəmə işi üzrə kompensasiya predmeti olmasına yol vermir. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Mənəvi zərərlə bağlı bildirilir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 03 noyabr tarixli 7 nömrəli Qərarının 10-cu hissəsinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətə layiq halları nəzərə alınmalıdır. Eyni zamanda hesab edilir ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan normaları kontekstində iddiaçıya mənəvi zərərə görə 6.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Həmçinin qeyd edilir ki, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-637/2020 saylı qətnаməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, özü tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətin təmin edilməsini, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-637/2020 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Zaqatala Rayonu üzrə Maliyyə İdarəsinin nümayəndəsi X2 iddiaçının apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-637/2020 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının buğünkü iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, tərəflərin izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-637/2020 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız, cavabdehin apelyasiya şikayəti isə əsaslıdır. İddiaçı iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində tələbini cavabdeh olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Zaqatala rayon Maliyyə İdarəsinə qarşı qoymuşdur. Halbuki iddiaçı iddia ərizəsində cavabdeh kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyini qeyd etməli iddi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 54.3. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. 54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Zaqatala rayon Maliyyə İdarəsi hüquqi şəxs deyildir. Cavabdeh hüquqi şəxs olmadığından iddia tələbi ona qarşı yönələ bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi apellyasiya icraatı zamanı mümkün deyil. Belə ki, Mülki-Prosessual Məcəllənin 54.4-cü maddəsinə görə əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Həmin Məcəllənin apellyasiya icraatına aid olan qaydalarından görünür ki, apellyasiya icraatı zamanı işə əvvəldən baxılmasına başlanması mümkün deyil. Beləliklə kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-637/2020 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə müvаfiq olаrаq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-637/2020 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-637/2020 saylı qətnаməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Zaqatala rayon Maliyyə İdarəsinə qarşı dövlət büdcəsinin vəsaiti hesabına 500 000 manat maddi ziyan və 500 000 manat mənəvi ziyanın ona ödənilməsi tələbinə dair iddiа ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-428/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-428/2021
11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver