Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-434/2023 30.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Zərdab Rayon Biçaqçı Bələdiyyəsinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən çıxarılma, icarə haqqının və zərərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən çıxarılma, icarə haqqının və zərərinin ödənilməsi, maddi və prosessual hüquq normasının düzgün tətbiq edilməməsi, preyudisia) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı Zərdab Rayon Biçaqçı Bələdiyyəsinin sədri X2, Cavabdeh iştirakı ilə, İddiaçı Zərdab Rayon Biçaqçı Bələdiyyəsinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən çıxarılma, icarə haqqının və zərərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 2(035)- 671/2022 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Zərdab rayon Bıçaqçı Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə Bıçaqçı bələdiyyəsi arasında bağlanmış, Bıçaqçı bələdiyyəsinin mülkiyyətində olan 7.5 ha torpaq sahəsinin Cavabdeh icarəsinə verilməsinə dair 10 yanvar 2016-cı il tarixli müqavilənin ləğv edilməsi, bələdiyyə mülkiyyətində olan 10 ha torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması, cavabdehdən iddiaçının xeyrinə 6318.5 manat məbləğində icarə haqqının, 20000 manat məbləğində zərərin, cəmi 26318.5 manatın məcburi qaydada alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2020-ci ildən Bıçaqçı bələdiyyəsinin sədri vəzifəsində işləyir. Bıçaqçı bələdiyyəsinin 15 saylı, xx.xx.2005-ci il tarixli iclas protokoluna əsasən cavabdehin atası X7 kəndi ərazisindən 50 il müddətinə, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 7.50 ha torpaq sahəsinin ayrılması qərara alınsa da, bələdiyyənin protokol kitabında son iclas xx.xx.2005-ci il tarixdə 12 sayla qeydə alınmışdır. Ona görə də hesab edir ki, adıçəkilən 15 saylı, xx.xx.2005-ci il tarixli iclas protokolunun qərarı qanunsuzdur. Bələdiyyənin arxivində cavabdehin adına torpaq sahəsinin ayrılmasına dair heç bir qərar yoxdur. Bununla belə cavabdehin adına iki icarə müqaviləsi yazılmışdır ki, həmin müqavilələrin hər ikisi qanunsuzdur. Ona görə ki, 15 saylı, xx.xx.2005-ci il tarixli icarə müqaviləsi yazılarkən, cavabdehin hardasa 11 yaşı olmuşdur. İkinci müqavilə, yəni 2016-cı ildə bağlanmış müqavilə isə notariat qaydasında bağlanmamaqla hərracdan kənar bağlanmışdır. Halbu ki, 2008-ci ildən etibarən torpaq icarəsinə dair müqavilələr DƏDRX-nin müvafiq idarəsi tərəfindən keçirilən hərrac vasitəsi ilə bağlanılır. Belə ki, hərracda iştirak edən şəxslərdən ən yüksək icarə haqqı təklif edən şəxs hərracın qalibi olur və onunla bələdiyyə arasında notarial qaydada olmaqla əkinə yararlı torpaq sahəsi ilə bağlı 25 il, örüş yerləri üçün 15 il müddətinə icarə müqaviləsi bağlanılır. Hazırkı cavabdeh və onun atası ilə Bıçaqçı bələdiyyəsi arasında heç vaxt notarial qaydada icarə müqaviləsi bağlanmamışdır. Bundan başqa cavabdeh 2017, 2018, 2019, 2020, 2021, 2022-ci illər üçün bir manatda olsa Bıçaqçı bələdiyyəsinə icarə haqqı ödəməmişdir. Ümumiyyətlə iddiaçının adından heç vaxt icarə haqqı ödənilməmişdir. Cavabdehə xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə bildirişlər göndərərək sözügedən torpaq sahəsini qanunsuz, hərrac vasitəsi ilə müqavilə bağlamadan istifadə etməsi, 2-ci Qarabağ müharibəsində iştirak edən Bıçaqçı kəndindən olan onlarla gəncin torpaq sahəsinə ehtiyaclarının olması nəzərinə çatdırılaraq sahəni boşaltması barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq cavabdeh sözügedən torpaq sahəsindən qanunsuz istifadəni davam etdirir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 8 dekabr 2022-ci il tarixli, 2(035)- 671/2022 saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh Bıçaqçı bələdiyyəsinin mülkiyyətində olan 7.5 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh icarə haqqına görə 350.4 manat, zərərin ödənilməsinə görə 262.8 manat, cəmi 613.2 manat pul tutularaq iddiaçı Zərdab rayonu Bıçaqçı Bələdiyyəsinə ödənilməsi, iddia zərərin ödənilməsinə dair qalan hissədə təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülməli olan 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət mədaxilinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cıil tarixli icarə müqaviləsinə əsasən Bıçaqçı kəndinin ərazisində yerləşən 7.50 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün 40 il müddətinə cavabdehin icarəsinə verilmişdir. Bələdiyyə müqavilə üzrə öhdəliyinə əməl edərək torpaq sahəsini ayırıb cavabdehə versə də, cavabdeh qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə əməl etməmişdir. Müqaviənin 2.13-cü bəndinin 6-cı abzasına əsasən cavabdeh icarə haqqını və digər tədiyyələri vaxtında ödəməli olduğu halda öhdəliyinə əməl etməmişdir. Belə ki, onun 2017, 2018, 219, 2020, 2021 və 2022-ci illər üçün icarə haqqı ödənilməmiş qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh özü də məhkəmə iclasında icarə haqqlarını ödəmədiyini etiraf etmiş və bunu icarə müqaviləsi üzrə icarə hüququnu dövlət qeydiyyatından keçirmədiyi üçün ona kod verilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə iclasında cavabdeh özü də 2009-cu ildən bəri sözügedən icarə torpağından təyinatı üzrə istifadə etmədiyini etiraf etmiş və bunu yaxınlıqda kənd qəbristanlığının yerləşməsi ilə əlaqələndirmişdir. Məhkəmə hesab edir ki, cavabdehlə Bıçaqçı bələdiyyəsi arasında bağlanmış, Bıçaqçı bələdiyyəsinin mülkiyyətində olan 7.5 ha torpaq sahəsinin Cavabdeh icarəsinə verilməsinə dair 10 yanvar 2016-cı il tarixli müqaviləsi ləğv edilməli, cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə həmçinin hesb edir ki, iddia tələbi icarə haqqının ödənilməsinə dair hissədə tam, zərərin ödənilməsinə dair hissədə isə qismən, yəni bir illik icarə haqqı 58.40 manat + gecikmə faizi bir gün üçün 0.2%-dən bir illik 43.8 manat = 102.2 manat; 102.2 manat x 06 il = 613.2 manat olmaqla təmin edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci və 7-ci abzası, 75-cü maddəsinin 1-ci bəndi, 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzası, 75-cü maddəsinin 2-ci bəndi, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası qanunun 23-cü maddəsinin 6-cı abzası, 31-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 713, 421.2,-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 124.1 və 217.4-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, biricni instansiya məhkəməsinin qətnamsi ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, valideynləri əslən Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Zərdab rayonu ərazisində məskunlaşmışlar. Özü Zərdab rayonunda anadan olmuşdur. Zərdab rayonu, Bıçaqçı bələdiyyəsinin 15 saylı, xx.xx.2005ci il tarixli qərarına əsasən mərhum atası Vəli Həsənova müraciəti əsasında Zədab rayonu, Bıçaqçı kəndi ərazisindən yaşayış məskənindən təxminən 10 km aralıda, 50 il müddətinə kənd təsərrüfatı məhsulların istehsalı məqsədi ilə 7.50 ha toıpaq sahəsi ayrılmış və həmin tarixdə aralarında icarə müqavilə bağlanmışdır. Həmin torpaq sahəsi naturada ayrılaraq onlara təhvil verilmiş, Zərdab rayonu, Bıçaqçı bələdiyyəsi və həmin vaxt mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilməklə icrayə ayrılmış torpaq sahəsinin yerquruluşu planı tərtib edilmişdir. Sonradan atasının səhhətində problemlər yarandığından atası 5 yanvar 2016-cı ildə Zərdab rayonu Bıçaqçı bələdiyyəsinə ərizə ilə müraciət edərək adına olan 7.50 ha torpaq sahəsinin, yəni icarə müqaviləsinin onun adına keçirilməsini xahiş etmişdir. Atasının ərizəsi əsasında sözügedən torpaq sahəsinə dair icarə müqaviləsi qalan müddət üçün, yəni 40 il müddətinə onun adına keçirilmiş və bu barədə Zərdab rayonu Bıçaqçı bələdiyyəsi ilə onun arasında bələdiyyənin 10 yanvar 2016-cı il tarixli qərarı əsasında icarə müqaviləsi bağlanmışdır. Əslində həmin müqavilə ilə artıq mövcud olan icarə hüquqları bir ailə üzvündən ailənin başqa üzvünə adına, yəni atasının adından onun adına keçirilmişdir. Bu yeni icarə müqaviləsi demek deyildir. Atası 2021-ci ilin yazında vəfat etmişdir. Ötən müddət ərzində icarə haqların nəğd şəkildə əvvəlki bələdiyyə sədrlərinə ödənilmişdir. Əks təqdirdə bələdiyyə tərəfindən ona qarşı icarə haqlarının ödənilməsi ilə bağlı tələb irəli sürülərdi. Lakin, heç vaxt bələdiyyə tərəfindən onlara qarşı pretenziya irəli sürülməmiş və heç bir etiraz olmadan torpaq sahəsində icarə hüquqlarını həyata keçirmişdir. Kənd üzrə yeni bələdiyyə sədri seçiləndən sonra həmin bələdiyyə sədrinə icarə haqqının ödənilməsi üçün tədiyyə-bildiriş verilməsini, İcarə müqaviləsi üzrə icarə hüququnu dövlət qeydiyyatından keçirilməsi üçün ona kod verilməsini dəfələrlə iddiaçı Zərdab rayonu, Bıçaqçı bələdiyyəsindən xahiş və tələb etsə də, ona icarə haqqını ödəmək üçün tədiyyəbildiriş (qəbz) və kod verməmişdir. Ona görə də o icarə haqqlarını nəğdsiz, yəni köçürmə yolu ilə ödəyə, icarə müqaviləsini dövlət reyestrində qeydiyyata aldıra bilməmişdir. O bu gün də icarə müqaviləsi üzrə icarə haqqını tamamilə ödəməyə və icarə müqaviləsi üzrə icarə hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmağa hazırdır. Lakin iddiaçı Zərdab rayonu, Bıçaqçı bələdiyyəsi torpaq sahəsini ondan geri almaq istədiyindən və bunda maraqlı olduğuna görə dolayısı ilə bundan boyun qaçırır. Belə ki, Zərdab rayonu Bıçaqçı bələdiyyəsinin sədri İİ Qarbağ müharibəsi qazilərinə dövlət səviyyəsində kömək məqsədi ilə bələdiyyə fondları hesabına kənd təsərrüfatı məhsullarının əkib-becərilməsi məqsədi ilə torpaq sahəsi verilməsindən istifadə edərək onun icarəsində olan torpaq sahəsini ondan alıb guya müharibə qazilərinə vermək adı ilə başqa şəxslərə vermək və satmaq istəyir. Bütün bunları o birinci instansiya məhkəməsində izahat verərkən məhkəmənin nəzərinə çatdırsa da, işə baxan məhkəmə bunları tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırmamış, qətnaməsində bütün bunlara münasibətini bildirməmiş və hüquqi qiymət verməmişdir. O birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında verdiyi izahatlarında, icarəçi kimi icarəyə götürdüyüm torpaq sahəsindən ümumiyyətlə 2009-cu ildən istifadə etmədiyini, icarə haqqını 2016-cı ildən ödməmədiyini bildirməmişdir və bunları etiraf ertməmişdir. O məhkəmə iclasında bildirmişdir ki, 2020-ci ilə qədər icarə haqqını nağd şəkildə ödəmişdir, lakin bələdiyyə sədri dəyişəndən sonra ondan nağd pul götürüməmişdir, ona görə də o iddiaçıdan ona tədiyyə-bildiriş verilməsini xahiş etmişdir. İddiaçı bundan imtina etdiyinə görə o da icarə haqqını 2020-ci ildən ödəmədiyini məhkəməyə bildirmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi qətnaməsində guya onun 2009-cu ildən həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyini və 2016-cı ildən icarə haqqını ödəmədiklərini etiraf etdiyini qeyd etmişdir. Torpaq sahəsindən təyinatı üzrə istifadə etməməyi və icarə haqqını ödəməməyi barədə, torpaq sahəsini icarə müqaviləsinə əsasən dövlət reyestrində adına qeydə alınması ilə bağlı iddiaçı tərəfindən ona heç bir rəsmi bildiriş və ya xəbərdarlıq edilməmişdir və bunlar məhkəmədə tədqiq edilməmişdir. Göründüyü kimi bütün bunlara baxmayaraq işə baxan məhkəmə tərəfindən faktiki halları nəzərə alınmamış, məhkəmə həmin halları tam , hərtərəfli və obyektiv araşdırmamış, düzgün əsaslandırmamış, məhkəmədə verdiyi izahatı təhrif olunmuş, işin halları iddia ərizəsində qeyd edilən formada olmadığı halda, iddiaçı tərəfin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə qismən haqlı olmasını və tərəfindən icarə haqqının ödənilməməsini əsas göstərməklə 08 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbini qismən təmin etməklə icarə müqaviləsi üzrə icarəçi kimi onun qanunla qorunan hüquqlarını və maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qeyd olunanalara əsasən, Zərdab Rayon Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 2(035)- 671/2022 saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 2(035)-671/2022 saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Zərdab Rayon Biçaqçı Bələdiyyəsinin sədri X5 apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 2(035)-671/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquqa Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərflərdən birinin tələbi ilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 713-cü maddəsinə görə əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci və 7-ci abzasına görə icarəçi tərəfindən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə və istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə torpaq sahəsi üzərində onun hüquqlarına xitam verilə bilər. Həmin Məcəllənin 75-cü maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında (əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə) nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında (dövlət ehtiyaclarıüçün torpaqların alınması zəruriliyi yarandıqda) nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir. Həmin Məcəllənin 75-cü maddəsinin 2-ci bəndinə görə qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanun: “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası qanunun 23-cü maddəsinin 6-cı abzasına görə torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. Həmin Qanunun 31-ci maddəsinə görə torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı; C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında da qeyd olunur ki, “Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qərarda həmçinin, qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz, bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasmı yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında da qeyd olunur ki, “Azərbavcan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırdmış, qiymətləndirilmiş, tələbin və (və va) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” “M.Əzizovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 aprel 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir . Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Zərdab Rayon Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 2(035)-671/2022 saylı qətnaməsininin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 2(035)-671/2022 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilmiş Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh Bıçaqçı bələdiyyəsinin mülkiyyətində olan 7.5 ha torpaq sahəsindən çıxarılmasına aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün nəticəyə gəlməmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 2(035)-671/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilmiş Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh Bıçaqçı bələdiyyəsinin mülkiyyətində olan 7.5 ha torpaq sahəsindən çıxarılmasına aid hissəsində ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Bıçaqçı bələdiyyəsinin 15 saylı, xx.xx.2005-ci il tarixli iclas protokolundan çıxarışa əsasən Cavabdeh atası X7 kəndi ərazisindən yaşayış məskənindən təxminən 10 km aralıda, 50 il müddətinə, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 7.50 ha torpaq sahəsi ayrılmış və həmin tarixdə aralarında icarə müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsi naturada ayrılaraq onlara təhvil verilmiş, Bıçaqçı bələdiyyəsi və DT və XK-nin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilməklə icarəyə ayrılmış torpaq sahəsinin yerqurluşu Planı tərtib edilmişdir. Sonradan atasının səhhətində problemlər yarandığından atası xx.xx.2016-cı ildə Zərdab rayonu Bıçaqç Bələdiyyəsinə ərizə ilə müraciət edərək adına olan 7.50 ha torpaq sahəsinin, yəni icarə müqaviləsinin onun adına keçirilməsini xahiş etmişdir. Atasının ərizəsi əsasında sözügedən torpaq sahəsinə dair icarə müqaviləsi qalan müddət üçün, yəni 40 il müddətinə onun adına keçirilmiş və bu barədə Bıçaqçı bələdiyyəsi ilə onun arasında bələdiyyənin xx.xx.2016-cı il tarixli qərarı əsasında 2016-cı il tarixdə icarə müqaviləsi bağlanmışdır. Şikayətin ilk dəlili ondan ibarətdir ki, atası 2021-ci ilin yazında vəfat etmişdir. Ötən müddət ərzində icarə haqların nəğd şəkildə əvvəlki bələdiyyə sədrlərinə ödənilmişdir. Əks təqdirdə bələdiyyə tərəfindən ona qarşı icarə haqlarının ödənilməsi ilə bağlı tələb irəli sürülərdi. Lakin, heç vaxt bələdiyyə tərəfindən onlara qarşı pretenziya irəli sürülməmiş və heç bir etiraz olmadan torpaq sahəsində icarə hüquqlarını həyata keçirmişdir. Kənd üzrə yeni bələdiyyə sədri seçiləndən sonra həmin bələdiyyə sədrinə icarə haqqının ödənilməsi üçün tədiyyə-bildiriş verilməsini, İcarə müqaviləsi üzrə icarə hüququnu dövlət qeydiyyatından keçirilməsi üçün ona kod verilməsini dəfələrlə iddiaçı Zərdab rayonu, Bıçaqçı bələdiyyəsindən xahiş və tələb etsə də, ona icarı haqqını ödəmək üçün tədiyyə-bildiriş (qəbz) və kod verməmişdir. Ona görə də o icarə haqqlarını nəğdsiz, yəni köçürmə yolu ilə ödəyə, icarə müqaviləsini dövlət reyestrində qeydiyyata aldıra bilməmişdir. O bu gün də icarə müqaviləsi üzrə icarə haqqını tamamilə ödəməyə və icarə müqaviləsi üzrə icarə hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmağa hazırdır. Lakin iddiaçı Zərdab rayonu, Bıçaqçı bələdiyyəsi torpaq sahəsini ondan geri almaq istədiyindən və bunda maraqlı olduğuna görə dolayısı ilə bundan boyun qaçırır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu dəlilini qismən əsaslı hesab edir. İş materillarından müəyyən olunur ki, Bıçaqçı Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 15 saylı iclasının qərarı əsasında bələdiyyə mülkiyyətində olan torpaqdan 7,50 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün 40 il müddətinə Cavabdeh icarəsinə verilmişdir. Daha sonra müəyyən edilmişdir ki, iş izə Cavabdeh Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi qarşı icarəsinə verilmiş 7,50 ha torpaq sahəsindən istifadəsinə cavabdeh Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi tərəfindən törədilən maneə aradan qaldırılması tələbi ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-869/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh icarəsinə verilmiş 7,50 ha torpaq sahəsindən istifadəsinə cavabdeh Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi tərəfindən törədilən maneə aradan qaldırılması qət edilmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-869/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-634/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-634/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4727/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı cavabdeh Zərdab rayonu Bıçaqçı Bələdiyyəsinin kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-634/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Zərdab rayonu, Bıçaqçı bələdiyyəsi tərəfindən cavabdehə icarəsində olan torpaq sahəsindən lazımı qaydada istifadə edilməsinə qərəzli olaraq maneə törədilmişdir. İşin bu halı yuxarıda olan qətnamə ilə öz təsdiqini tapmışdır. Azərbavcan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırdmış, qiymətləndirilmiş, tələbin və (və va) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bundan başqa kollegiya iddia tələbinin torpaq sahəsinin hərrac vasitəsi ilə satılmadığına görə icarə müqaviləsinin ləğv edilməli olması barədə qənaətini əassız hesab edir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi, torpaq sahəsinin hərrac vasitəsi ilə satılmadığına görə icarə müqaviləsinin ləğv edilməlidir tələbinin qanuni əsası yoxdur. Belə ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4727/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının 44-cü bəndində qeyd edilmişdir ki, tərəflər arasında etibarlı icarə müqaviləsi mövcuddur və iddiaçı həmin müqavilə üzrə hüquqlarından istifadə etməkdə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən məhkəmə tərəfindən icarə müqaviləsi etibarlı hesab edildiyindən, iddiaçı tərəfindən qaldırılan iddia tələbini əsaslı hesab edib təmin etmək qeyri mümkündür. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Əgər əvvəlki məhkəmə tərəflər arasında bağlanmış icarə müqaviləsini etibarlı müqavilə hesab etmişdirsə, bu qaçınılmaz şəkildə o deməkdir ki, məhkəmə icarə müqaviləsinin mövcud və etibarlı hesab etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti bu hissədə qismən əsaslı olduğundan təmin edilməli, qətnamə iddianın təmin edilmiş hissəsi olan, Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh Bıçaqçı bələdiyyəsinin mülkiyyətində olan 7.5 ha torpaq sahəsindən çıxarılmasına aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Kollegiya hesab edir ki, qətnamə Cavabdeh icarə haqqına görə 350.4 manat, zərərin ödənilməsinə görə 262.8 manat, cəmi 613.2 manat pulun tutularaq iddiaçı Zərdab rayonu Bıçaqçı Bələdiyyəsinə ödənilməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülməli olan 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət mədaxilinə ödənilməsi hissəsində dəyişdiriləmən saxlanılmalıdır. Belə ki, iş materialları və Cavabdeh izahatından görünür ki, həqiqətən də cavabdeh icarə müqaviləsi üzrə icarə haqlarını ödəməmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamə həmin hissədə ləğv edilə bilməz. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 2(035)-671/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilmiş Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh Bıçaqçı bələdiyyəsinin mülkiyyətində olan 7.5 ha torpaq sahəsindən çıxarılmasına aid hissəsində ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Qətnamə Cavabdeh icarə haqqına görə 350.4 manat, zərərin ödənilməsinə görə 262.8 manat, cəmi 613.2 manat pulun tutularaq iddiaçı Zərdab rayonu Bıçaqçı Bələdiyyəsinə ödənilməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülməli olan 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət mədaxilinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 2(035)-671/2022 saylı qətnaməsi qismən, Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh Bıçaqçı bələdiyyəsinin mülkiyyətində olan 7.5 ha torpaq sahəsindən çıxarılmasına aid hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə Cavabdeh icarə haqqına görə 350.4 manat, zərərin ödənilməsinə görə 262.8 manat, cəmi 613.2 manat pulun tutularaq iddiaçı Zərdab rayonu Bıçaqçı Bələdiyyəsinə ödənilməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülməli olan 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət mədaxilinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, cavabdeh, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-434/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-434/2023
30.03.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver