Məhkəmə qərarları › İş №2(107)-466/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-466/2021

06.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-466/2021 06.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı, onun nümayəndəsi Nümayəndə və vəkili Vəkil1; Cavabdeh - Cavabdeh3 Zəkəryə qızının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Şəki Rаyon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1351/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Məhkəmə Kompleksində аçıq məhkəmə iclаsındа bаxаrаq. Müəyyən etdi: Şəki Rаyon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1351/2020 saylı qətnаməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı onunla Cavabdeh3 Zəkəryə qızı arasında Şəki rayon 2 saylı X21 bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 4Ə-7 saylı bağışlama müqaviləsinin və onun əsasında Cavabdeh3 Zəkəryə qızının adına verilmiş xx xxx 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Şəki rayon 2 saylı X28 və Cavabdeh3 Zəkəryə qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh3 Zəkəryə qızı arasında Şəki rayon 2 saylı X21 bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 4Ə-7 saylı bağışlama müqaviləsinin və onun əsasında Cavabdeh3 Zəkəryə qızının adına verilmiş xx xxx 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinin tələbinə əsasən iddiaçının razılığı ilə cavabdeh Şəki rayon 2 saylı X28 əsl cavabdeh Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına pay torpaq verilmişdir. Eyni zamanda adına Şəki rayonu Baş Göynük kəndində fərdi yaşayış evi mövcud olmuşdur. Həmin fərdi yaşayış evi tam, həyətyanı torpaq sahəsi ilə ailə üzvləri ilə onun birgə mülkiyyətində olmuşdur. O, yaşlı adamdır. Qızı Cavabdeh3 Zəkəryə qızı və onun həyat yoldaşı X11 onun yaşlı olmağından istifadə edərək adına etibarnamə götürmüş, ona ömrümün sonuna kimi baxmaq adı ilə “Qarasov adlanan” ərazidə yerləşən pay torpağı satmaq adı ilə bir sıra sənədlərə qol çəkdirmişlər. Daha sonra eyni zamanda mülkiyyətində olan yaşayış evini də eyni adla qızı Cavabdeh3 Zəkəryə qızına bağışlanmasını təmin etmişlər. Onlar onun ahıl və huşsuzluğundan istifadə etmişlər. Bağışlama müqaviləsi bağlandıqdan bir müddət sonra qızı Cavabdeh3 Zəkəryə qızı evin qapısını bağlayıb Bakı şəhərinə getmiş, onu da bayıra atmışdır. Hətta pensiya kartını da özlərində saxlayıb bu günə kimi mənimsəmişlər. Bu yaxınlarda kartını bankda bağlatdırmışdır. Hətta onu qocalar evinə yerləşdirməklə hədələmişlər. Bu gün də cavabdeh ona baxmır və maraqlanmır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 iddianı müdafiə etdiklərini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 Zəkəryə qızının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı öz sərbəst iradəsi ilə özünə məxsus əmlakı Cavabdeh3 Zəkəryə qızına bağışlamışdır. Hazırda iddia ərizəsində qeyd edilənlər iddiaçının deyil, bunu qəbul etməyən digər şəxslərin iradə ifadəsindən irəli gələn bir tələbdir. Belə ki, cavabdeh və onun həyat yoldaşı 1997-ci ildən Bakı şəhərində yaşamaqlarına baxmayaraq, 15-20 ildir ki, cavabdehin atası – hazırkı iş üzrə iddiaçı X6 və anası X12 baxmış, hər ikisinin himayəsində durmuş və onların bütün xəstəliklərini müalicə etdirmiş, hər işini həll etmişlər. İddiaçının üç oğlu olmasına baxmayaraq, heç biri valideynlərinin yanında olmamış və onlarla maraqlanmamışlar. İddiaçının heç bir övladı kənddə həmin evdə qeydiyyatda deyildir. İddiaçının oğullarından Nümayəndə 1990-cı ildən kənddən çıxmış, X17 1992-ci ildən kənddən qeydiyyatdan çıxmış, X13 isə 1998-ci ildən Bakıda yaşayır. 20 ildir ki, cavabdeh və həyat yoldaşı Bakı-Göynük yolunda qalmışlar. İlin 3 ayını valideyninə Bakıda, qalan vaxtlarda işdən icazə alıb aylarla kənddə baxmış, gəlmədiyi aylarda da pullu baxıcı tutmuşlar. Cavabdeh mərhum anası X14 Bakıya sanatoriyalara, dəfələrlə özəl klinikalara, Naftalan sanatoriyasına, hər ikisini Şəkidə hər il əlillər sanatoriyasına, Bakıda quma aparmış, valideynlərini aparmadığı yer, etmədiyi müalicələr qalmamışdır. X1 2011-ci ildə əməliyyat olunmuş, lakin onu görmək üçün heç bir oğlu Bakı şəhərinə gəlməmişdir. Atasının yanında 10 gün o qalmış, sonra Bakıda evdə bir həftə də baxıb sağaldaraq kəndə gətirmişdir. Atası 2015-ci ildə gözündən əməliyyat olunmuş, yenə o, 10 gün evində atasına baxmış, hər gün xəstəxanaya aparıb-gətirmiş, müalicə etdirmiş, sonda evinə aparmışdır. Atasının 2016-cı ildə bağırsağına infeksiya düşmüş, cavabdeh atasını 10 gün “Semaşko” xəstəxanasına aparıb yoxladırmıı və müalicə etdirmişdir. Cavabdeh dəfələrlə üç qardaşını çağırıb tək-tək hamısına “Hansınız istəyirsiniz aparın atama baxın, onlar təkdir, onlara baxan istəyir” barədə fikirlərlə təklif etmiş, iddiaçının oğlu Fərman və yoldaşı Yasəmən, həmçinin digər oğlu Elman və yoldaşı İntizar hər dəfə heç nə istəmədiklərini bildirərək baxmaqdan imtina etmişlər. Digər oğlu İbrahim isə Bakıda ev tikərkən kənddəki evin onun olduğunu və atasına Bakıda aparıb baxacağını bildirsə də, sonradan baxmaqdan imtina etmişdir. Ona görə də ata və anasına baxan olmadığından cavabdeh baxmaqda davam etmişdir. 2013-cü ildən artıq anasının ayaqları işləməmiş, ona görə də evdə hər şəraiti ilə hamam və tualet tikdirmişdir. Kənddə bütün qonşular, qohumlar bilirlər ki, 10-15 ildir atasına cavabdeh baxır. 4-5 il əvvəl də anası dəfələrlə kənd icra nümayəndəliyinə gedərək icra nümayəndəsinin müavini Məmməd müəllimə oğullarının ona baxmaqdan imtina etdiyini bildirmiş, ya evini yandıracağını, ya da onun üstünə keçirəcəyəni bildirmişdir. Cavabdehin anası oğullarının bu işinə dözməyib özü 2017-ci ildə Şəki rayon 2 nömrəli Notariat Kontorunda qanuni yolla, öz xahişi ilə onu çağırıb 10 illik etibarnamə vermiş, yaşlı olduğunu bildirərək bütün işlərini ona etibar etmişdir. 2017-ci ildə kənddəki evin şəhadətnaməsi olduğunu bildirmiş və çıxarış almasını xahiş etmişdir. Ona görə də valideynlərinin xahişi ilə çıxarış düzəltdirmişdir. 2018-ci ilin may ayında isə ona Bakıdan gəlməyini xahiş etmiş, hər iki valideyni Şəki rayon 2 nömrəli Notariat Kontoruna gələrək qanuni yolla, heç bir təzyiq olmadan, kamera qarşısında suallara cavab verərək həmin əmlakı cavabdehə bağışlamışlar. Kənddə də bütün qonşular, qohumlar, hamı bunu bilmişdir. İddiaçının oğlu Bakıda qızına toy etmiş, lakin ana-atasınıı toya çağırmamış, o biri oğlu Fərman ayda ildə bir dəfə gəlib onda da anasını döyüb getmişdir. 2018-ci ildə anası cavabdehə zəng vurub Bakıdakı gəlinin ona hədə-qorxu gəldiyini, Fərmanın isə onu boğduğunu, söyüb-dəydiyini bildirmişdir. Cavabdeh dəfələrlə kənd icra nümayəndəliyinə şikayət etmiş, sahə müvəkkili bununla bağlı izahat almışdır. Həmçinin, həmin şikayətlə əlaqədar Fərmanı polis şöbəsinə çağırmışlar. O, may ayında da kənddə gedib yenə 1 ay atasına baxmış, Bakıya qayıdan kimi anası zəng vurub yaxşı olmadığını bildirmişdir. 2020ci ilin mart ayında qardaşı Fərmana zəng edib karantin olduğunu bildirmiş, anasına bir ay baxmasını xahiş etmişdir. Sonuncu bəzi şərtlə qoyaraq aparıb baxsa da, 15 gündən sonra xəstələndirib, gətirib kəndə atmışdır. Anasının vəziyyəti onda pisləşdiyindən o, yenə də gəlib iki ay baxmış, may syında Bakıya qayıtmışdır. Lakin anam zəng vurub yaxşı olmadığını bildirmiş, onu xəstəxanaya aparmağı xahiş etmişdir. Cavabdehin həyat yoldaşı Bakıdan gəlib anasını Mingəçevir şəhərinə özəl klinikaya aparmış, üç gün müalicə edib onlara baxmış, yenidən Bakıya qayıtmışdır. Onlar Bakıya qayıtdıqdan sonra digər bacısı Bakıdan gəlmiş, valideynlərinə baxmışdır. Bu qayda ilə anasına ölənə kimi də iki bacı baxmışlar. Anasının 2020-ci ilin iyun ayının 2-də vəziyyəti ağırlaşmışdır. Anası vəsiyyət etmişdir ki, o öləndə oğulları gəlməsinlər. Yenə də qonşular və qohumlar bunun düzgün olmadığını bildirərək onları çağırmışlar. Ölüm ayağında oğullar gəlsə də, lakin anası nə Fərmana, nə də İbrahimə halallıq vermişdir. Anası rəhmətə getdikdən sonra oğullar axşam meyitin yanında onları və qonşuları qoyub getmişlər. Fərman kənddə 1 il qabaq qonşu uşaqlarının qarşısında, atası və anası öləndə qəbrini qazacaq şəxs haqqında pis fikirlər bildirdiyi, söyüş qoyduğu üçün qonşular qəbri qazmamış, qəbir qazanları kənardan gətirmişlər. Səhəri gün qonşular kimi üç oğul da gəlmiş, meyit ortada olarkən, hələ heç kəfənlənməmiş Fərman və onun oğlu Elçin anasının sümüyünə, goruna söymüş, Elçin bəhanə ilə camaatın gözləri qarşısında onu döymüşdür. Meyit ortada olduğu üçün səssiz qalmış və anasını torpağa tapşırmışlar. Oğullar yadlar kimi yas mərasiminə gəlmiş, dəfn və bütün yas mərasimini iki bacı və onun əri yola vermişlər. Buna bütün qonşular və qohumlar şahiddirlər. Kənd icra nümayəndəliyindən yas mərasiminin keçirilməsini o etdiyimə görə arayış da verilmişdir. O, anasının ölümündən sonra polis şöbəsinə gedərək Fərmandan və İbrahimdən şikayət ərizəsi yazmışdır. Lakin qardaşlarını tutdurmaq istəmədiyi üçün ekspertə getməmişdir. Halbuki bədənində döyülmüş ləkələr mövcud olmuşdur. Sahə müvəkkili Ayxan müəllim Fərmanı polis şöbəsinə çağırsa da sonuncu gəlməmiş, həmçinin Elçin, İbrahim və Ayxan isə telefonla vasitəsilə onlarla işləri olmadığını bildirmişlər. Lakin yas mərasiminin 4-cü günü Bakıdakı qardaşı İbrahim qonşuların yanında iki bacının üstünə hücum çəkmiş, sonra gedib polisə ərizə vermişdir ki, guya onu bacıları, yeznəsi və iki oğlu hədə-qorxu gələrək döyüblər. Ərizə əsasında polis şöbəsində araşdırma aparılmış, qonşuların şahidliyi ilə onlardan və atasından izahat alınmışdır. Bundan sonra o, həyat yoldaşı və atası 40 gün kənddə bir yerdə yaşamışlar. Bu müddət ərzində heç bir oğlu gəlməmiş, anasının qəbir daşını da özü düzəltmişdir. Anasının qırx mərasimindən sonra qonşuların yanında atasına onlarla birlikdə Bakıya getməyi təklif etsə də, atası razılaşmadı və Fərmanla birlikdə Şəki rayonu Aşağı Göynük kəndində qalacağını bildirdi. Fərman da hamının yanında söz verdi və şərt qoydu ki, həyətdə olan evi ona versələr ölənə kimi atasına baxacaq. Onlar da razılaşmışlar. Lakin səhəri gün Fərman evin çıxarışını, açarlarını, torpağın sənədlərini vermədikləri təqdirdə atasını aparmayacağını bildirmişdir. Axşamüstü Fərman gəlib heç kimə heç nə demədən, atasının bütün şeylərini yığaraq, özünü də maşına qoyub aparıb getmişdir. Həmin gün axşam onlar da Bakıya yola düşmüşlər. Səhəri gün Fərman tezdən zəng bildirmişdir ki, əgər evin açarlarını gətirib verməsələr, onları polisə şikayət edəcək. Bütün kəndə məlumdur ki, Fərmanın məqsədi atasına baxmaq yox, onun əmlakını ələ keçirməkdir. Heç atasının onunla qaldığı bir ay deyil ki, artıq ona qarşı hazırkı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun və ailə üzvlərinin adına pay torpaq verilmişdir. Eyni zamanda adına Şəki rayonu Baş Göynük kəndində fərdi yaşayış evi mövcud olmuşdur. Həmin fərdi yaşayış evi tam, həyətyanı torpaq sahəsi ilə ailə üzvləri ilə onun birgə mülkiyyətində olmuşdur. O, yaşlı adamdır. Qızı Cavabdeh3 Zəkəryə qızı və onun həyat yoldaşı X11 onun yaşlı olmağından istifadə edərək adına etibarnamə götürmüş, ona ömrümün sonuna kimi baxmaq adı ilə “Qarasov adlanan” ərazidə yerləşən pay torpağı satmaq adı ilə bir sıra sənədlərə qol çəkdirmişlər. Daha sonra eyni zamanda mülkiyyətində olan yaşayış evini də eyni adla qızı Cavabdeh3 Zəkəryə qızına bağışlanmasını təmin etmişlər. Onlar onun ahıl və huşsuzluğundan istifadə etmişlər. Bağışlama müqaviləsi bağlandıqdan bir müddət sonra qızı Cavabdeh3 Zəkəryə qızı evin qapısını bağlayıb Bakı şəhərinə getmiş, onu da bayıra atmışdır. Hətta pensiya kartını da özlərində saxlayıb bu günə kimi mənimsəmişlər. Bu yaxınlarda kartını bankda bağlatdırmışdır. Hətta onu qocalar evinə yerləşdirməklə hədələmişlər. İş materiallarına əlavə etdiyi DƏDRX-nin 12 Saylı Şəki Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli 2014 saylı məktubundan göründüyü kimi, Şəki rayonu Baş Göyünük kəndində yerləşən fərdi yaşayış evi onun, torpaq sahəsi isə X3, X4, X8, X9, X15 birgə mülkiyyəti kimi xx.xx.2017-ci ildə adına DƏDRX-nin 12 Saylı Şəki Ərazi İdarəsində qeydə alınmışdır. Şəki rayon 2 saylı X21 bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-7 saylı müqaviləyə əsasən o və X23 öz payını Cavabdeh3 Zəkəriyə qızına bağışlamışdır. Bundan sonra Cavabdeh3 Zəkəriyə qızı fərdi yaşayış evinə və 6/2 hissə torpaq sahəsinə öz adına xx.xx.2018-ci il tarixli çıxarış əldə etmişdir. Qeyd olunan çıxarışları və bağışlanma müqaviləsinin surətini əldə etməyə çalışsa da əldə edə bilməmişdir. Vəkil vasitəsilə sorğu edildikdən sonra bizə DƏDRX-nin 12 Saylı Şəki Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli 2014 saylı məktubu təqdim olunmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəf onu aldadaraq müəyyən şərtlər əsasında bağışlanma müqaviləsinə qol çəkdirmişdir. Lakin sonradan vədlərinə əməl etməmiş və fərdi yaşayış evinin qapısını da bağlayaraq çıxıb getmişlər. O isə nəticədə başqalarının evində qalmaq məcburiyyətində qalmışdır. Hal-hazırda oğlunun yanında qalır. Lakin bütün bunlara baxmayaraq işi araşdıran məhkəmə onun iddia tələbini təmin etməmişdir. Ona görə də, Şəki Rаyon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)- 1351/2020 saylı qətnаməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki Rаyon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)- 1351/2020 saylı qətnаməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 Zəkəryə qızının nümayəndəsi və vəkili Vəkil2 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rаyon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1351/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapellyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rаyon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)- 1351/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Baş Göynük kəndində 0.36 ha torpaq sahəsində yerləşən 71.0 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı, onun yerləşdiyi torpaq sahəsi isə İddiaçı, X10, X16, X18, X19 və X15 ümumi birgə mülkiyyət hüququ üzrə adlarına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və Hümmətova (Abdurahmanova) Zivər Lətif qızı arasında xx xxxxxx 1957-ci il tarixdə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Nuxa şəhər Baş Göynük kənd soveti tərəfindən verilmiş xx xxxx 1968-ci il tarixli, AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 Zəkəryə qızı xx xxxxxx 1968-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında Hümmətova (Abdurahmanova) Zivər Lətif qızı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli, 676961 saylı etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, Hümmətov X2 Namiq Vahid oğluna bütün əmlakını idarə etmək, o cümlədən bağışlamaq, almaq, satmaq və s. kimi səlahiyyətlər vermişdir. Etibarnamə xx xxxxxxx 2027-ci ilədək qüvvədədir. İş materiallarına əlavə edilmiş Şəki rayon 2 saylı Notariat Kontorunda bağlanmış xx xxxxxx 2018-ci il tarixli, reyestrdə 4Ə-7 nömrə ilə qeyd edilən daşınmaz əmlakın bağışlanma müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Şəki rayonu Baş Göynük kəndində 0.36 ha torpaq sahəsində yerləşən 71.0 kv.m fərdi yaşayış evini, İddiaçı və X5 rayonu Baş Göynük kəndində yerləşən 0.36 ha torpaq sahəsindən özlərinə düşən paylarını Cavabdeh3 Zəkəryə qızının mülkiyyətinə verir. Müqaviləni “hədiyyə verənlər X23, İddiaçı əvəzinə X11 və “hədiyyə alan” Cavabdeh3 Zəkəryə qızı imzalamışlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx xxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Baş Göynük kəndində 0.36 ha torpaq sahəsində yerləşən 71.0 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 Zəkəryə qızının, onun yerləşdiyi torpaq sahəsi isə Cavabdeh3 Zəkəryə qızı (2/6 hissə), X10 (1/6 hissə), X16 (1/6 hissə), X18 (1/6 hissə) və X9 (1/6 hissə) paylı mülkiyyət hüququ üzrə adlarına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı Şəki ŞRPŞ-də verdiyi izahatının təsdiq edilmiş surətindən görünür ki, o izahatında yaşadığı evi qızı Zöhrəyə, Şəki rayonu “Qarasov” kəndi adlanan ərazidə yerləşən torpaq sahəsini isə oğlu İbrahimə verdiyini, həmçinin evi qızına öz iradəsi ilə bağışladığını və bu barədə hər hansı şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd olunan mübahisəli yaşayış evinə dair bağışlama müqaviləsi qanunvericiliyin və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” tələblərinə əməl edilməklə rəsmiləşdirilmiş, bu zaman əmlakı bağışlayan şəxs – yəni İddiaçı birgə nikahda olduğu arvadının razılığı alınmışdır. Bundan əlavə məhkəmə iclasında tərəflərin izahatından və təqdim olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı Şəki ŞRPŞ-də də verdiyi izahatında əmlakını öz iradəsi əsasında qızına bağışladığını bildirmişdir. İddiaçı müqavilədən imtina etməkdə və ya onun ləğvini tələb etməkdə haqlı deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh3 iddiaçının qızıdır. İddiaçı yaşlı olub əldən düşdüyü üçün (iddiaçı 1930-cu il təvəllüdlüdür) mülkiyyətində olan Şəki rayonu Baş Göynük kəndində 6 nəfərin ümumi birgə mülkiyətində olan 0.36 ha torpaq sahəsində yerləşən 71.0 kv.m fərdi yaşayış evini və 0.36 ha torpaq sahəsindən özünə düşən payını cavabdeh qızı Cavabdeh3 Zəkəryə qızına bağışlamaq fikrinə düşmüşdür. Belə ki, cavabdeh iddiaçıya bildirmişdir ki, evi ona bağışlayacağı təqdirdə ona ömrünün sonunacan baxaraq bütün xərclərini qarşılayacaqdır. İddiaçı da cavabdehə inanıb xx xxxxxx 2018-ci il tarix mülkiyyətində olan evini cavabdehə bağışlamışdır. Bağışlama müqaviləsini iddiaçının adından onun etibarnamə verdiyi X11 imzalamışdır. Sonuncu Cavabdeh3 Zəkəryə qızının əridir. Həmin müqaviləyə əsasən iddiaçının arvadı (cavabdehin anası) Zivər Hümmətova da ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən özünə düşməli olan payını cavabdehə bağışlamışdır. Bundan bir müddət keçdikdən sonra qızı artıq onu tanımaq istəməmişdir. 2020–ci ilin yayında iddiaçının arvadı vəfat etmişdir. Cavabdeh iddiaçını tənha qoyaraq evin qapısını bağlayaraq çıxıb getmişdir. Onun daimi yaşayış yeri Bakı şəhəridir. Ahıl və qayğıya ehtiyacı olan iddiaçı başqa şəxslərin qapısında yaşamaqda davam edir. İddiaçının qızı iş üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. Bu baxımdan, bir çox dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında sosial cavabdehlik prinsipi öz əksini tapmışdır. Bu prinsipə görə yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Konstitusiyanın 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İnsanın şəxsiyyət kimi formalaşmasında, müəyyən bir həyat tərzinə və əxlaqi keyfiyyətlərə yiyələnməsində yaşadığı mühitin rolu böyükdür. Cəmiyyətin əsas özəyi olan ailənin və onun bütün üzvlərinin, inkişafının və rifahının müdafiə edilməsi və dəstəklənməsi sağlam, etibarlı ailə münasibətlərinin qorunması baxımından zəruridir. Ailənin sağlam və etibarlı olması ailə üzvləri arasında qarşılıqlı məhəbbət, hörmət, məsuliyyət və yardımlaşma səviyyəsindən birbaşa asılıdır. Azərbаycаn Respublikаsının Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən fiziki və hüquqi şəxslər mülki hüquqlаrı öz mənаfelərini gerçəkləşdirmək üçün irаdələrinə uyğun olаrаq əldə edir və həyаtа keçirirlər. Onlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvericiliyə zidd olmаyаn hər hаnsı müqаvilə şərtləri qoymаqdа sərbəstdirlər. Həmin Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 673.1-ci maddəsinə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraqbağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. İşin halları ilə müəyyən edilir ki, xx xxxxxx 2018-ci ildə bağışlama müqaviləsi bağlanarkən iddiaçı və arvadı sağlam olmaqla onların kənar şəxsin qulluğuna ehtiyacı olmamışdır. 2020-ci ilin iyul ayında iddiaçının arvadı vəfat etmiş, bundan sonra iddiaçı tənha qalmış, onun qulluğa ehtiyacı olmasına baxmayaraq cavabdeh evin qapılarını bağlayıb daimi yaşadığı Bakı şəhərinə getmişdir. Nəticədə iddiaçı məskunlaşdığı yaşayış evini tərk etməyə məcbur olmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı aldadıldlğını, bağışlama müqaviləsi bağlandıqdan sonra köməksiz vəziyyətdə qaldığını və belə vəziyyətdə ümid etdiyi qayğını görmədiyi üçün hazırkı iddianı verdiyini bildirmişdir. Göründüyü kimi, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan iddia tələbləri əsaslıdır. Digər tərəfdən, Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. İşdən görünür ki, mübahisəli yaşayış evi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı, onun yerləşdiyi 0.36 ha torpaq sahəsi isə 6 nəfərin-İddiaçı, X10, X16, X18, X19 və X15 ümumi birgə mülkiyyətində olmuşdur. Bağışlama müqaviləsinə əsasən isə İddiaçı və X23 ümumi birgə 0.36 ha torpaq sahəsindən özlərinə düşən paylarını bağışlamışlar. Halbuki, Mülki Məcəllənin 223.2-ci maddəsində göstərilmişdir ki, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Göründüyü kimi, sözügedən torpaq sahəsində Zəkəriyyə və Zivər Hümmətovlar ümumi birgə mülkiyyətdə müəyyənləşdirilməmiş payları bağışlamışlar ki, bu da Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslıdır. Ev cavabdehə bağışlandıqdan sonra cavabdehin iddiaçıya qarşı münasibəti dəyişmiş, onunla maraqlanmamış, milli mentalitetdən, uzun illərlə formalaşmış ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozaraq, iddiaçını kimsəsiz və köməksiz qoyaraq evdən getmişdir. Halbuki, iddiaçı ilə cavabdeh biribirini saxlamaq vəzifəsi daşıyan şəxslər kateqoriyasına daxildirlər. Cavabdeh isə iddiaçıya münasibətdə ailə hüquq münasibətlərdən irəli gələn digər öhdəliklərə əməl etməmiş və nəticədə ailə hüquq münasibətlərdən irəli gələn vəzifələri kobudcasına pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin İİ hissəsinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bağışlama müqaviləsinn ləğv edilməsi hissəsində əsaslıdır. Məhkəmə kollegiyası həmçinin, iddianın mübahisəli yaşayış evinə dair cavabdehin adına verilmiş xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğvinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi törəmə hüquq münasibəti olub, iş üzrə bağışlama müqaviləsindən törəndiyindən, iş üzrə bağışlama müqaviləsi ləğv edildiyindən iddia tələbi qeyd edilən hissədə də əsaslıdır. Ona görə də sözü gedən yaşayış evinə cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı ləğv edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2, 385.1.2, 385.1.4-cü maddələrinin tələblərinə əsasən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rаyon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1351/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməli, İddiaçı və X23 ilə Cavabdeh3 Zəkəryə qızı arasında Şəki rayon 2 saylı X21 bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 4Ə-7 saylı bağışlama müqaviləsi və onun əsasında Cavabdeh3 Zəkəryə qızının adına verilmiş xx xxx 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı ləğv edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rаyon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1351/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı və X23 ilə Cavabdeh3 Zəkəryə qızı arasında Şəki rayon 2 saylı X21 bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 4Ə-7 saylı bağışlama müqaviləsi və onun əsasında Cavabdeh3 Zəkəryə qızının adına verilmiş xx xxx 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar