Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-471/2021 04.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-85/2020 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxxxx 2020-ci il tarixli 2(075)-85/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “yaranmış bu mübahisənin şəhərsalma və tikinti qanunvericiliyi tələblərinə uyğun həll edilməklə Cavabdeh tikinti işlərinin yanğın-texniki və tikinti-texniki təhlükəsizlik qaydalarını kobud surətdə pozmaqla qanunsuz apardığı ev tikinti işlərinin dayandırılaraq, həmin tikintinin sökülməsi, onun evi üçün yaranmış təhlükənin aradan qaldırılması, eyni zamanda Cavabdeh həmin tikinti işlərini apararkən navalçasını kəsib götürməsi, öz navalçasını onun barısına birləşdirməsi, evinin üst örtüyünün dəmirlərini, eləcə də üst örtük tirlərini kəsib sökməsi nəticəsində ona vurduğu təxminən 800 manat ziyanın ödənilməsi və yaxud zərərin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək yaranmış bu mübahisənin şəhərsalma və tikinti qanunvericiliyi tələblərinə uyğun həll edilməklə Cavabdeh tikinti işlərinin yanğın-texniki və tikinti-texniki təhlükəsizlik qaydalarını kobud surətdə pozmaqla qanunsuz apardığı ev tikinti işlərinin dayandırılaraq, həmin tikintinin sökülməsi, onun evi üçün yaranmış təhlükənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, eyni zamanda Cavabdeh həmin tikinti işlərini apararkən navalçasını kəsib götürməsi, öz navalçasını onun barısına birləşdirməsi, evinin üst örtüyünün dəmirlərini, eləcə də üst örtük tirlərini kəsib sökməsi nəticəsində ona vurduğu təxminən 800 manat ziyanın ödənilməsi və yaxud zərərin aradan qaldırılmasının Cavabdeh üzərinə qoyulması barədə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, Şəki şəhəri B.Məmmədov küçəsi döngə 5 ev 15 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Həmin ev 1958-ci ildə inşa edilmişdir. Cavabdeh isə Şəki şəhəri B.Məmmədov küçəsi döngə 5 ev 13 ünvanında yaşayır. Cavabdehin evi iddiaçının həyəti ilə cavabdehin həyətinin arasında olan qonşu divarından xeyli aralıda yerləşirdi. Təxminən, 2012-ci ildə cavabdeh əvvəlki evini sökərək həyətində tikinti işləri aparmağa, yəni yeni ev inşa etməyə başlamışdır. Cavabdeh yeni evinin divarını qonşu sərhəd divarına birləşdirmişdir. İddiaçı bununla bağlı cavabdehə öz iradını və etirazını bildirsə də, cavabdeh iddiaçıya apardığı tikinti işlərinin hamam və sanitar qovşağı ilə bağlı olduğunu və cəmi 2 metr hündürlükdə olacağını bildirərək tikinti işlərini davam etdirmişdir. Lakin, iddiaçı cavabdehin apardığı həmin tikinti işləri ilə əlaqədar bir çox aidiyyəti orqanlara şikayət etmişdir. Cavabdehin yanğın-texniki və tikinti-texniki qaydalarını pozmaqla apardığı tikinti nəticəsində cavabdehin evinin damından axan yağış suları iddiaçının evinin divarına tökülməklə çiy kərpicdən tikilmiş evin divarları üçün təhlükə yaratmışdır. Həmçinin, cavabdeh həmin tikinti işlərini apararkən iddiaçının evinin navalçasını kəsib götürmüş, cavabdeh öz evinin navalçasını onun barısına birləşdirmiş, evinin üst örtüyünün dəmirlərini, eləcə də, üst örtük tirlərini kəsib sökmüşdür. Bunun nəticəsində iddiaçıya 800 manata yaxın məbləğdə zərər dəymişdir. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, bununla bağlı verilmiş ekspert rəyi ilə razı deyildir. Hesab edir ki, iddiaçının iddiası əsaslıdır və iddianı müdafiə edir. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, Şəki şəhəri B.Məmmədov küçəsi döngə 5-də yerləşən 13 nömrəli ev onun oğlu X2 adına olsa da, həmin ev ona məxsusdur. Onların mülkiyyətində olan evdən və torpaq sahəsindən istifadə etmək hüquqları vardır. Əvvəllər onunla iddiaçının torpaq sahələrinin arasında sərhəd divarı, yəni hasar var idi. Lakin, onun uzun müddət başqa ölkədə yaşamasından, yəni, həmin ünvanda yaşamamasından istifadə edərək, iddiaçı həmin sərhəd divarının üzərində fərdi yaşayış evi inşa etdirmişdir. O isə özünə məxsus fərdi yaşayış evini sərhəd divarının üzərində inşa edilmiş və iddiaçıya məxsus olan fərdi yaşayış evindən müəyyən məsafədə inşa etdirsə də, zəruri ehtiyacları ilə bağlı həmin məsafə qanunla müəyyən edilmiş həddə deyildir. Həmçinin, onun evinin dam örtüyü iddiaçının hüquqlarını hər hansı şəkildə pozmur. Əksinə, iddiaçının sərhəd hasarının üzərində inşa etdirdiyi fərdi yaşayış evi və həmin evin damı onun hüquqlarını pozur. Çünki, o, fərdi yaşayış evini mümkün qədər sərhəd divarından aralıda inşa etdirsə də, iddiaçı özünə məxsus fərdi yaşayış evini ara məsafəsini gözləməməklə sərhəd hasarının üzərində inşa etdirmişdir. Qonşu sərhəddi ilə ara məsafəsi gözləmədən ilkin olaraq qanunsuz tikili inşa etdirən tərəf iddiaçının özüdür. Hazırda da iddiaçı həmin ünvanda onun hüquqlarını pozmaqla nəticələnən qanunsuz olaraq tikinti işlərini davam etdirir. Qeyd edilən ünvanda inşa etdirdiyi tikililər iddiaçının hüquqlarını hər hansı bir şəkildə pozmur. Ümumilikdə, iddiaçının iddiası əsassızdır və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-85/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, qanunsuz tikinti işlərinin dayandırılaraq sökülməsi və ona dəymiş 800 manat miqdarında zərərin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh həyətyanı torpaq sahəsində yaşadığı evi sökərək heç bir tikinti icazəsi almadan yeni ev tikərək onların evinin divarına birləşdirmişdir. Bununla da yanğın texniki təhlükəsizlik qaydalarını kobud surətdə pozmuşdur. Həmin iş üzrə keçirilmiş ilkin tikinti-texniki ekspertizasının iş üzrə rəyi olduğu halda, məhkəmə həmin rəylə razılaşmayaraq təkrar tikinti-texniki ekspertizası təyin edərək ekspertizanın keçirilməsini müstəqil ekspertlərə həvalə etmişdir. Qeyd olunan müstəqil ekspertlərin verdiyi rəyi də qətnaməyə tam həcmdə köçürməmiş, ancaq rəyin Cavabdeh xeyrinə olan hissəsini yazmaqla ədalətsiz qətnamə çrxarmışdır. Bundan başqa cavabdehin tikinti işləri apararkən yanğın texniki təhlükəsizlik qaydalarına əməl edib-etməməsini müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza keçirilməmiş, eləcə də Cavabdeh yeni inşa etdiyi evin çıxarışı və ya texniki pasportu olmamasına baxmayaraq məhkəmə bu kimi hallara qətnamədə hüquqi qiymət verməmişdir. Bundan başqa Cavabdeh ustaları tərəfindən evinin üst damı və tirləri sökülərək tullanmışdır. Həmin yerin təmir edilməsi üçün Cavabdeh müraciət etsə də, o təmir etməmişdir. Son nəticədə evinin üstünə yağış suları düşməsinin qarşısını almaq üçün özü usta dəvət edib öz hesabına təmir etdirmişdir. Məhkəmə tərəfindən həmin şəxslər məhkəməyə dəvət olunmamışlar. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (anası) Nümayəndə və vəkili X3 izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-85/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması haqqında yeni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-85/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs Şəki Şəhər İcra Hakimiyyəti nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya RX ******* nömrəli xx xxxxxx 2013-cü il qeydiyyat tarixli **********97-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri B.Məmmədov küçəsi dalan 5 ev 15 ünvanında yerləşən 0,054 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi İddiaçı adınadır. Məhkəmə tikinti texniki ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 333 saylı rəyində göstərilmişdir ki, “Mübahisələndirilən İddiaçı yaşadığı Şəki şəhəri B.Məmmədov küçəsi döngə 5 ev 15 ünvanında yerləşən fərdi yaşayış evi və Cavabdeh yaşadığı Şəki şəhəri B.Məmmədov küçəsi döngə 5 ev 16 ünvanında yerləşən fərdi yaşayış evlərinin arasında mövcud ortaq divarlarının olmadığını, eləcə də, ortaq divardan ara məsafəsi gözlənilmədiyini nəzərə alaraq hər iki fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 71 və 72-ci maddələrinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edildi. İddiaçı yaşadığı Şəki şəhəri B.Məmmədov küçəsi döngə 5 ev 15 ünvanında yerləşən fərdi yaşayış evinin navalçasının, evinin üst örtüyünün dəmirlərinin, üst örtük tirlərinin kəsilməsi aşkar edilmədiyi üçün kəsintilərin nəticəsində iddiaçıya hansı məbləğdə ziyan dəyməsini müəyyən etmək mümkün olmadı. Cavabdeh yaşadığı Şəki şəhəri B.Məmmədov küçəsi döngə 5 ev 13 ünvanında yerləşən fərdi yaşayış evinin navalçası İddiaçı yaşadığı Şəki şəhəri B.Məmmədov küçəsi döngə 5 ev 15 ünvanında yerləşən fərdi yaşayış evinin barısına birləşdirilməmişdir. Espertiza tədqiqatının dəyəri 300 manat təşkil edir.” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İşin gerçək halı ondan ibarətdir ki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX Seriyalı ******* nömrəli xx xxxxxx 2013-cü il qeydiyyat tarixli **********97-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri B.Məmmədov küçəsi dalan 5 ev 15 ünvanında yerləşən 0,054 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan Şəki şəhəri B.Məmmədov küçəsi döngə 5 ev 15 ünvanında yerləşən fərdi yaşayış evinin qonşuluğunda, yəni Şəki şəhəri B.Məmmədov küçəsi döngə 5 ev 16 ünvanında yaşayan cavabdehin evinin divarını qonşu sərhəd divarına birləşdirdiyini, cavabdehin yanğın-texniki və tikinti-texniki qaydalarını pozmaqla apardığı tikinti nəticəsində cavabdehin evinin damından axan yağış sularının onun evinin divarına tökülməklə çiy kərpicdən tikilmiş evin divarları üçün təhlükə yarandığını, cavabdehin həmin tikinti işlərini apararkın onun evinin navalçasını kəsib götürdüyünü, cavabdehin öz evinin navalçasını onun barısına birləşdirdiyini, evinin üst örtüyünün dəmirlərini, eləcə də, üst örtük tirlərini kəsib götürdüyünü, bunun nəticəsində ona 800 manata yaxın məbləğdə zərər dəydiyini əsas göstərərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququnun olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Cavabdeh tərəfindən tikinti işləri aparılarkən tikinti norma və qaydalarına riayət edilib-edilməməsi, aparılan tikinti işlərinin iddiaçının öz hüquqlarını həyata keçirməsinə maneçilik törədib-törətməməsinin müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və ekspertizanın aparılması “xxxx” MMC-nin ekspertlərinə həvalə edilmişdir. Lakin, iş üzrə verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 333 saylı rəydə İddiaçı yaşadığı Şəki şəhəri B.Məmmədov küçəsi döngə 5 ev 15 ünvanında yerləşən fərdi yaşayış evi və Cavabdeh yaşadığı Şəki şəhəri B.Məmmədov küçəsi döngə 5 ev 16 ünvanında yerləşən fərdi yaşayış evlərinin arasında mövcud ortaq divarlarının olmadığını, eləcə də, ortaq divardan ara məsafəsi gözlənilmədiyini nəzərə alaraq hər iki fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 71 və 72-ci maddələrinin tələblərinə uyğun inşa edilmədiyinin müəyyən edildiyi, İddiaçı yaşadığı Şəki şəhəri B.Məmmədov küçəsi döngə 5 ev 15 ünvanında yerləşən fərdi yaşayış evinin navalçasının, evinin üst örtüyünün dəmirlərinin, üst örtük tirlərinin kəsilməsi aşkar edilmədiyi üçün kəsintilərin nəticəsində iddiaçıya hansı məbləğdə ziyan dəyməsini müəyyən etməyin mümkün olmadığı, Cavabdeh yaşadığı Şəki şəhəri B.Məmmədov küçəsi döngə 5, ev 13 ünvanında yerləşən fərdi yaşayış evinin navalçası İddiaçı yaşadığı Şəki şəhəri B.Məmmədov küçəsi döngə 5 ev 15 ünvanında yerləşən fərdi yaşayış evinin barısına birləşdirilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası MPM-in: 76.1-ci mаddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə görə, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi, iddiaçı iddiasının əsası kimi cavabdeh tərəfindən yanğın-texniki və tikinti-texniki qaydalarını pozmaqla tikinti aparıldığını mübahisələndirsə də, iş üzrə verilmiş ekspert rəyi ilə iddiaçının və onun qonşuluğunda yaşayan cavabdehin hər ikisinin fərdi yaşayış evlərinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 71 və 72-ci maddələrinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 71 və 72-ci maddələrinin tələblərinə uyğun fərdi yaşayış evi inşa etməmiş iddiaçının cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsini tələb etməsi əsaslı hesab edilə bilməz. O cümlədən, iddiaçı iddiasında Cavabdeh həmin tikinti işlərini apararkın onun evinin navalçasını kəsib götürdüyünü, cavabdehin öz evinin navalçasını onun barısına birləşdirdiyini, evinin üst örtüyünün dəmirlərini, eləcə də, üst örtük tirlərini kəsib götürdüyünü, bunun nəticəsində ona 800 manata yaxın məbləğdə zərər dəydiyini bildirsə də, o, iddia tələbinin həmin hissəsinin əsaslı olmasını sübut edəcək hər hansı bir sənədi nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə, iş üzrə verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 333 saylı ekspert rəyində iddiaçının yaşadığı Şəki şəhəri B.Məmmədov küçəsi döngə 5 ev 15 ünvanında yerləşən fərdi yaşayış evinin navalçasının, evinin üst örtüyünün dəmirlərinin, üst örtük tirlərinin kəsilməsinin aşkar edilmədiyi, buna görə də kəsintilərin nəticəsində iddiaçıya hansı məbləğdə ziyan dəyməsini müəyyən etməyin mümkün olmadığı, habelə, cavabdehin yaşadığı Şəki şəhəri B.Məmmədov küçəsi döngə 5 ev 13 ünvanında yerləşən fərdi yaşayış evinin navalçasının iddiaçının yaşadığı Şəki şəhəri B.Məmmədov küçəsi döngə 5 ev 15 ünvanında yerləşən fərdi yaşayış evinin barısına birləşdirilmədiyi göstərilmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin inşa etdirdiyi tikili iddiaçının hüquqlarını hər hansı bir şəkildə pozmur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin həmin hissədə də əsassız olduğu qənaətinə gəlməkdə haqlı olmuşdur. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X4 Məhkəməsi “X1” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X4 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. İddiaçıının apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-85/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-85/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-471/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-471/2021
04.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver