Məhkəmə qərarları › İş №2(107)-474/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-474/2025

01.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-474/2025 01.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənəvi ziyana görə pulun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi ziyana görə pulun ödənilməsi, qüvvə) X15 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənəvi ziyana görə pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(039)-2701/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı 2019-cu ildən X8 ilə qeyri-rəsmi münasibətdədir. Özü heç zaman ailəli olmamışdır. X8 isə 2021-ci ildə cavabdehlə ailə həyatı qurmuşdur. Cavabdeh hansısa formada əri Fərrux Cəfərova məxsus mobil telefonu əlinə keçirərək əri ilə iddiaçının sosial şəbəkədə olan şəxsi yazışmalarını Fərruxa məxsus instaqram sosial şəbəkəsindəki “_Ferrux_95” səhifəsində paylaşaraq altından nalayiq ifadələr yazmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı mənəvi ziyana görə pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş mənəvi ziyana görə 1000 (bir min) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2019-cu ildən X8 ilə qeyri-rəsmi münasibətdədir. Özü heç zaman ailəli olmamışdır. X8 isə 2021-ci ildə cavabdehlə ailə həyatı qurmuşdur. Fərrux Cəfərovun cavabdeh ilə ailə həyatı qurmasını anası təkid etmişdir. X8 ailəli olsa da yenə də onunla (iddiaçı ilə) münasibətdə olmuşdur. Onun halhazırda 1 övladı da vardır. Son 1 ildir ki, X1. Türkiyədən yeni gələn X2 rayonunda yaşayan arvadı Nuranənin yanına getmişdir. Nuranə hansısa formada Fərrux Cəfərova məxsus mobil telefonu əlinə keçirərək əri ilə onun (iddiaçının) sosial şəbəkədə olan şəxsi yazışmalarını Fərruxa məxsus instaqram sosial şəbəkəsindəki “_Ferrux_95” səhifəsində paylaşaraq altından nalayiq ifadələr yazmışdır. Daha sonra o cavabdehə zəng etsə də zənglərinə cavab verməmişdir. Bununla bağlı DİN-nin 102 xidməti-zəng mərkəzinə məlumat vermişdir. Hadisə ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin ona qarşı hərəkətlərini sübut edən görüntülər də mövcuddur. Həmin görüntülər məhkəmə iclasında təqdim olunacaqdır. Cavabdehin ona qarşı etdiyi bu əməllərə görə öz növbəsində o (cavabdeh) dərin sarsıntılar keçirtmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində ona mənəvi zərər dəymişdir. Bütün bunlar onun gündəlik həyatına mənfi təsir göstərir. Onda lazımsız gərginliklər, əsəbilik, stres yaratmış, adına nalayiq ifadələr işlətməklə sağlamlığına ciddi zərər vurmuşdur.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ünvanına instagram sosial şəbəkəsində nalayiq ifadə yazmış və sonra həmin məlumatı (yazını) silmişdir. Cavabdeh İddiaçı bununla əlaqədar DİN 102 xidmətizəng mərkəzinə müraciət etmiş və onun müraciəti əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində araşdırma aparılmışdır. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və İddiaçı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(039)-2701/2024 nömrəli qətnaməsi ilə (hakim Q.Paşayev) İddiaçı Cavabdeh qarşı mənəvi ziyana görə pulun ödənilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1 və 23.4-cü maddələrinə, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarına və «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarına istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

7. İşdə olan Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X9 xx.xx.2022-ci ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 114 saylı qeydiyyat aparılaraq, arvada Cəfərova soyadı verilmişdir.

8. İşdə olan Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2023-cü ildə doğulmuşdur, atası X8, anası Cavabdehdır.

9. İşdə olan Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və İddiaçı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir.

10. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə öz qətnaməsində əsas kimi qeyd etmişdir ki, onun iztirab çəkib mənəvi sarsıntılar çəkməyini sübut edən heç bir məlumat yoxdur. Qətnamədən aydın görünür ki, əri Fərrux Cəfərovun telefonunda ərinin instagram səhifəsində əri ilə İddiaçı yazışmalarını görmüş və əri Fərrux Cəfərovun instagram səhifəsində İddiaçı barəsində nalayiq ifadə yazmışdır. Təxminən 1-2 saat sonra isə həmin yazını silmişdir. Bu isə açıq və aşkar formada onun nüfuzuna, şərəf və ləyaqətinə təhqirdir. Belə olan halda, o təbii ki, mənəvi sarsıntılar keçirməli idi. Məhkəmənin işin bu halına laqeyd yanaşması qanunsuz və əsassızdır. Məhkəmənin qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, cavabdeh iddia tələbinin əsası olan hərəkətləri etdiyini etiraf etsə də, məhkəmə iddia tələbini əsassız hesab etmişdir. Cavabdehin etirafı mövcud olduğu halda məhkəmə iddianı əsassız hesab edərək rədd etmişdir.

12. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(039)- 2701/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(039)-2701/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(039)-2701/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

17. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarı: Yayılmış məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda daha sonra göstərilir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və ya təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər.

18. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarı: Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqunda Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənəvi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

24. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

25. İddiaçı Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(039)- 2701/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən İddiaçı aid hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

27. İddiaçı apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

28. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə iclasında cavabdehin izahatı ilə cavabdeh tərəfindən iddiaçının ünvanına instagram sosial şəbəkəsində nalayiq ifadənin yazıldığı öz təsdiqini tapsa da, iddaçı cavabdehin həmin hərəkətləri nəticəsində ona mənəvi iztirab formasında mənəvi zərər dəydiyini göstərsə də, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi iş materialları ilə öz təsdiqini tapmamış, iddiaçı mənəvi zərər anlayışını şərtləndirən mənəvi sarsıntının nədə ifadə olunduğuna aydınlıq gətirə bilməmiş və cavabdehin hərəkətlərinin onun (iddiaçının) şüurunda mənəvi psixi reaksiyaya səbəb olmasını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.

30. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur.(MPM-in 9.3, 77.1, 88-ci maddələri).

31. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.

32. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(039)-2701/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

34. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

35. Göründüyü kimi iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(039)-2701/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar