Məhkəmə qərarları › İş №2(107)-499/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-499/2022

19.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-499/2022 19.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X5 qarşı torpağa dair alqı-satqı müqaviləsinin ləğvi, alqı-satqı müqaviləsi üzrə ödənilmiş 11000 manat pulun qaytarılması və vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğvi, pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh X4 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 18 noyabr 2021-ci il tаrixli, 2(051)-1612/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh X5 qarşı torpağa dair alqı-satqı müqaviləsinin ləğvi, alqı-satqı müqaviləsi üzrə ödənilmiş 11000 manat pulun qaytarılması və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı maklerlər Xəzər Məmmədov və Elgiz Mustafayev adlı şəxslər vasitəsi ilə cavabdeh X4 Mingəçevir şəhər mərkəzində “Univermaq” deyilən yerə yaxın ərazidə 495 kvm torpaq sahəsinin 18000 manata satmasını bilib həmin torpaq sahəsini almağa razılaşmışdır. Nərgiz Alıyeva torpaq sahəsini ona göstərmiş, həmin torpaq sahəsini X.Əliyev küçəsində yerləşdiyini bildirmişdir. İddiaçı aralarında alqı-satqı müqaviləsi bağlanana qədər cavabdehə 7000 manat, notariat kontorunda müqavilə bağlanan zaman isə 11000 manat pul vermişdir. Aralarında alqı-satqı müqaviləsi bağlanmış, sonra iddiaçı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır. Tikinti işlərinə başlamaq istədikdə Mingəçevir şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinin işçiləri tikinti işlərinin dayandırılmasını tələb edərək bildirmişlər ki, həmin ərazi Mingəçevir şəhər İcra Hakimiyyətinn balasındadır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərkən məlum olmuşdur ki, cavabdehin ona satdığı torpaq sahəsi şəhərin Az.DRES adlanan ərazisində yerləşir. Sonra iddiaçı cavabdehlə arasında bağlanmış alqı-satqı müqaviləsinin etibasızlığı barədə məhkəməyə müraciət etmiş, kasasiya qaydasında 09 fevral 2021-ci ildə işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hesab etmişdir ki, göstərilən dəlillər əqdin etibarsızlığı deyil, ləğv edilməsi üçün əsasdır. İddiaçı torpağın dəyərini tam ödəsə də cavabdeh torpağı ona təhvil verməmişdir. Cavabdeh təhvil vermədiyi əmlak üzrə əsassız varlanmışdır. Alqısatqı müqaviləsi bağlanarkən müqavilədə 11000 manat göstərilsə də, iddiaçı ilkin olaraq 7000 manat pul da ödəmişdir. Bundan əlavə maklerlərə də 1000 manat pul vermiş, beləliklə cəmi 19.000 manat pul ödəmişdir. İddianın təmin olunmasını, İddiaçı ilə cavcabdeh X6 arasında 495 kvm torpaq sahəsinin 11.000 manata satılması barədə 03 avqust 2018-ci il tarixli alqı-saqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş 11000 manat, 15000 manat vurulmuş zərərin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 18 noyabr 2021-ci il tаrixli, 2(051)-1612/2021 saylı qətnaməsi (hakim M.Kərimova) ilə İddiaçı cavabdeh X5 qarşı aralarında bağlanmış 03 avqust 2018-ci il tarixli AN-İ ******* №-li alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 11.000 manat vəsaitin və vurulmuş zərərin əvəzi olan 15.000 manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinin təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Mingəçevir şəhərində yerləşən, 0.0495 ha torpaq sahəsi X4 tam mülkiyyətindədir. X6 ilə İddiaçı arasında bağlanmış “Mingəçevir regional “ASAN xidmət” notariat kontorunda təsdiq edilmiş ******* AN-İ №-li 03 avqust 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıcı X1 şəhərində yerləşən, mülkiyyətində olan 0,0495 ha torpaq sahəsini alıcı İddiaçı 11000 (on bir min) manata satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhərində yerləşən 0,0495 ha torpaq sahəsi 04.09.2018-ci ildən İddiaçı tam mülkiyyətindədir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-187/2020 saylı 04 mart 2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X5 qarşı aralarında 03 avqust 2018-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, müqavilə üzrə cavabdehə ödədiyi 18000 manat pulun ona qaytarılması barədə iddiasının qismən təmin edilməsi, İddiaçı ilə X6 arasında bağlanmış 03 avqust 2018ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 11000 manat məbləğində pul vəsaitinin cavabdeh Nərgiz Alıyevadan alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1335/2020 saylı 02 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2020 saylı 04 mart 2020-ci il tarixli qətnaməsi qismən, yəni tərəflər arasında Mingəçevir Regional “ASAN xidmət” notariat ofisində bağlanmış 03 avqust 2018-ci il tarixli AN-1 ******* №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi, alqı-satqı müqaviləsi əsasında ödənilmiş 11000 manat məbləğində pul vəsaitinin cavabdeh X2 alınıb İddiaçı ödənilməsi, qətnamənin eyni vaxtda icra olunması hissəsində ləğv olunması, həmin hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102) 480/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarına əsasən Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1335/2020 saylı 02 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Tərəflər arasında bağlanmış, notariat kontorunda təsdiq edilmiş 03 avqust 2018-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh X1 şəhərində yerləşən, mülkiyyətində olan 0,0495 ha torpaq sahəsini İddiaçı 11000 manata satmışdır. İddiaçı torpağın dəyərini N.Alıyevaya tam şəkildə ödəsə də cavabdeh satdığı torpağı ona təhvil verməməsi barədə tələbini onunla əsaslandırır ki, cavabdeh satdığı torpaq sahəsini Mingəçevir şəhəri X.Əliyev küçəsində yerləşdiyini bildirmiş, torpaq sahəsini də ona göstərmişdir. Cavabdeh də iddiaçının izahatına etiraz edərək satdığı torpaq sahəsinin X.Əliyev küçəsində yerləşdiyini demədiyini, torpaq sahəsinin iddiaçıya göstərmədiyini bildirdi. Tərəflər arasında bağlanmış 03 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsində isə iddiaçının cavabdehə satdığı torpaq sahəsinin Mingəçevir şəhəri X.Əliyev küçəsində yerləşdiyi göstətilməmişdir. İddiaçı isə alqı-satqı müqaviləsi bağlanan zaman torpaq sahəsinin X.Əliyev küçəsində yerləşməsinin göstərilməməsi səbəbinin aydınlaşdırılmasını və ya müqavilədə torpaq sahəsinin X.Əliyev küçəsində yerləşməsinin göstərilməsini tələb etmişdir. Göründüyü kimi tərəflər, eləcə də iddiaçı alqı-satqı müqaviləsində göstərilənlərlə razılaşaraq müqaviləni imzalamışlar. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdeh müqavilədə göstərilən torpaq sahəsinə dair sənədləri iddiaçıya verilmiş, bundan sonra da iddiaçı həmin müqavilə əsasında almış olduğu torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi tərəflər arasıda bağlanmış 03 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsininn ləğv edilməsi, müqavilə üzrə ödənilmiş 11000 manat pulun cavabdehdən alınmasına dair hissədə təmin olunmamalıdır. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 567, 568.1, 646.1, 646.2-ci maddələri, İnsan Haqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisə doğurmayan halları bundan ibarətdir ki, o, makler kimi tanıdığı Xəzər Məmmədov və Elgiz Mustafayev adlı şəxslər vasitəsilə Nərgiz Alıyeva adlı şəxsin Mingəçevir şəhərinin mərkəzində «Univermaq» deyilən yerə yaxın ərazidə 495 kv.metr torpaq sahəsinin 18000 manata satılmasını bilib həmin torpaq sahəsini almağa razılaşmışdır. Nərgiz Alıyeva torpaq sahəsini ona göstərmiş və həmin torpaq sahəsi X.Əliyev küçəsində yerləşirdi. Müqaviləyə qədər Nərgiz Alıyevaya maklerlər yanında 7000 manat, notariusda isə 11000 manat pul ödəmişdir. Torpaq sahəsinə Çıxarış aldıqdan sonra tikinti işlərinə başlamaq istədikdə Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında Memarlıq şöbəsinin işçiləri tikinti işlərinin dayandırılmasını tələb edərək bildirmişlər ki, həmin ərazi Mingəçevir Şəhər İcra hakimiyyətinin balansında olan torpaq sahəsidir və alqı-satqı predmeti ola bilməz. Bundan sonra DƏDRX-nin Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Bu vaxt isə ona məlum olmuşdur ki, torpaq sahəsi şəhərin Az.DRES adlanan ərazisində yerləşən torpaq sahəsidir və Nərgiz Alıyeva digər maklerlərlə birləşərək onun iradəsinə zidd olaraq başqa bir torpaq sahəsinin ona satılmasına nail olmuşlar. O, vacib əhəmiyyətli yanılma nəticəsində istədiyi deyil, başqa bir torpaq sahəsini satın almışdır. Məhkəmə zamanı maklerlər 11000 manatdan əlavə ondan 1000 manat pul aldıqlarını, satılan torpağın həqiqətən ona göstərdikləri torpaq sahəsi olduğunu təsdiq etmişlər. X7 vəkili belə torpaq sahəsi onların adına olarsa torpağın həmin sahə olmasına dair İnzibati Məhkəmədə iddia qaldırmaqla bunu sübut edə biləcəklərini təsdiqləmişlər. O isə həmin torpaq sahəsinə yalnız Çıxarış almışdır. Torpağın plan və ölçüsünü isə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti torpaq sahəsi X.Əliyevdə yerləşmədiyindən verməkdən imtina etmişdir. O isə hüquqlarının pozulmasından xəbərdar olduqdan dərhal sonra məhkəmədə müqavilənin etibarsız sayılması tələbinə dair iddia qaldırsa da işə kassasiya qaydasında 09 fevral 2021-ci ildə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hesab etmişdir ki, göstərdiyi dəlillər əqdin etibarsızlığı deyil, ləğv edilməsi əsasıdır. Aralarında bağlanmış 03 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh X6 mülkiyyətində olan 495 kv.m torpaq sahəsini ona 11000 manata satmışdır. O, torpağın dəyərini Nərgiz Alıyevaya tam şəkildə ödəsə də sonuncu atdığı torpağı təhvil verməmişdir. Hesab edir ki, məhkəmə maddi hüquq normalarını, Mülki Məcəllənin 567, 568-ci naddələrini düzgün tövsif etməklə əsaslı nəticəyə gələ bilərdi. Digər tərəfdən Azərbaycan Respublikasının Ali Məhkəməsinin həmin mübahisə üzrə hüquqi dəyərləndirməsini də məhkəmə diqqətə almamışdır. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Mingəçevir Şəhər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(051)-1612/2021 saylı qətnaməsini ləğv edib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh X6 apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində əsas olaraq göstərilir ki, iddiaçının ondan satın aldığı torpaq sahəsinin plan-ölçü sənədini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti verməkdən imtina edir. Hər nə qədər bununla bağlı məhkəməyə sübut təqdim edilməsə də, qeyd edir ki, bu fakt iddiaçının vəkilinin mülahizəsidir və reyestr xidməti heç bir zaman onun İddiaçı satdığı və çıxarışı olan torpaq sahəsinə plan-ölçü sənədi verməkdən imtina etməz, əgər iddiaçı aldığı torpağın əvəzinə başqa torpağa sənəd istəməyibsə. Hətta o, torpaq sahəsini satanda İddiaçı təklif etmişdir ki, torpağa plan-ölçü sənədi ala bilərmi, lakin o, “qaçqınam özüm həll edəcəm” deyərək təklifdən imtina etmişdir. İkincisi iddiaçının vəkili apellyasiya şikayətində onun iddiaçıya torpağı satdığını lakin torpağı təhvil vermədiyini bildirsə də, bu fakt da absurd və fərziyyədən ibarətdir. Belə ki, yaxşı torpağı təhvil vermədiyini bir an doğru qəbul edilsə onda belə bir sual yaranır ki, bəs torpağı aldıqdan neçə müddət sonra torpağın ona təhvil verilmədiyi ağlına gəlib? Görünür ki, şikayətdə göstərilən bu “əsas” da uydurmadır. Üçüncüsü şikayətin digər “əsası” ondan ibarətdir ki, qətnamənin bu abzasında belə göstərilir, o abzasında elə göstərilir. Lakin konkret olaraq şikayətin əsası söylənənlərin sübutu göstərilmir, qanuni əsası qeyd edilməyərək fərziyyə və “o bunu dedi, bu onu dedi” sözləriylə şikayətini əsaslandırmamışdır. Bundan başqa Ali Məhkəmənin eyni predmetlə bağlı hüquqi dəyərləndirməsinin diqqətə alınmamasını şikayətində qeyd edən vəkil Ruhiyyə Kərimova Məhkəmə Kollegiyasını inandırmağa çalışır ki, Ali Məhkəmə qeyd edilən qərarında sanki onun xeyrinə nəsə göstərir. Halbuki Ali Məhkəmənin 09.02.2021-ci il tarixli qərarında qeyd edilir ki, iddiaçı əgər öz fərziyyələrini və yalanlarını əsaslandıraraq müqavilənin ləğvini tələb edə bilər. Bu qeyd edilənlər də, iddiaçının vəkilinin şikayət xatirinə şikayət verdiyini göstərir. O, iddia tələbinə etiraz edərək bir daha qeyd edir ki, iddiaçı eyni predmetlə daha əvvəl də Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmış, iddia tələbi Mingəçevir Şəhər Məhkəməsinin 04.03.2020-ci il tarixli 2(051)-187/2020 saylı qətnaməsi ilə qismən təmin edilsə də, həmin qətnamədən verdiyi apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsində 02 iyul 2020-ci ildə baxılaraq məhkəmənin 2(107)-1335/2020 saylı qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 04.03.2020-ci il tarixli 2(051)-187/2020 saylı qətnaməsi qismən ləğv edilmiş və qətnamənin təmin edilən hissəsində yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Bundan sonra isə iddiaçının vəkili tərəfindən həmin işlə bağlı kassasiya şikayəti verilmiş, şikayət təmin edilməyərək Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli 2(102)-480/2021 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsi 02 iyul 2020-ci il tarixli 2(107)-1335/2020 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bununla da həmin işlə bağlı iddiaçı tərəfin irəli sürdüyü arqumentlər əsassız hesab edilmişdir. İddiaçı tərəfin vəkili isə İddiaçı “canını qurtarmaq üçün” ikinci dəfə eyni predmet üzrə eyni tələblə (daha əvvəl işə baxılarkən iddia tələbi müqavilənin ləğvi olaraq qoyulmuşdu) məhkəməyə müraciət edərək (sözlərin yerini dəyişməklə) məhkəməni yanıltmağa çalışmaqdadır. Halbuki vəkil əvvəl işə müqavilənin ləğvi olaraq başlamış, lakin sonradan tələbini dəyişərək müqavilənin etibarsızlığı olaraq davam etmişdir. Bundan başqa iddiaçı tərəfindən mübahisələndirilən 03.08.2018-ci il tarixli alqı- satqı müqaviləsinin üzərindən 3 il ötmüşdür və o, bu müddət ərzində sözügedən müqaviləni daha əvvəl də hazırki iddia ərizəsində göstərdiyi “dəlillər” və “arqumentlər” əsasında mübahisələndirmiş, lakin iddiası əsassız hesab edilmişdir. Bu müddət ərzində müqavilənin ləğvi ilə bağlı 3 illik müddət belə ötürülmüşdür. Məhkəmədən bu məsələnin də diqqətə alınmasını xahiş edir. Bundan əlavə hazırki işdə mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli 2(102)-480/2021 saylı qərarında göstərilmişdir ki: “İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 2017-ci il tarixli Çıxarışa əsasən, Mingəçevir şəhərində yerləşən ümumi sahəsi 495 kv.metr olan torpaq sahəsi Nərgiz Alıyevanın mülkiyyətində olub, sonuncu notarial qaydada təsdiq edilmiş 03.08.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini 11.000 manata iddiaçıya satıb. 2018-ci il tarixli Çıxarışa əsasən, Mingəçevir şəhərində yerləşən 0,0495 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Daha sonra işdən görünür ki, mübahisəli torpaq sahəsi yaşayış məntəqəsinin torpaq sahəsinə aiddir. Eyni zamanda JN-3529 “A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 2004-cü il tarixli, 293 saylı Qərarı ilə Fehruz Hüseynova fərdi yaşayış evinin tikintisi üçün 0,05 ha torpaq sahəsi ayrılıb. Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən həmin torpaq sahəsi Arif Abbasov, Elmira İsmayılova, Seyfəddin Məmmədova məxsus olan torpaq sahələri, eləcə də gediş-gəliş yolu ilə həmsərhəddir. 2016-cı il tarixli Çıxarışa əsasən, Mingəçevir şəhərində yerləşən 0,0495 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Fehruz Hüseynovun adına qeydə alınıb. 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Fehruz Hüseynov nümayəndəsi Sevda Məmmədova vasitəsi ilə 4.700 manata Nərgiz Alıyevaya satıb. Eyni zamanda işdən görünür ki, ünvan 2 “B” saylı ünvanda yerləşən Nərgiz Alıyevaya məxsus olan sözügedən torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin tikinti layihəsi "xxxx" MMC tərəfindən təsdiq edilib”. Yuxarıda qeyd edilənlərdən də, görünür ki, torpaq sahəsinin nə ilkin sənədlərində, nə də sonrakı sənədlərində uyğunsuzluq olmayıb. Bundan əlavə həmin işlə bağlı Şəki Apellyasiya Məhkəməsinin 02.07.2020-ci il tarixli 2(107)-1335/2020 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki: “Apellvasiva instansiyası məhkəməsi iddianın təmin olunan hissəsində birinci instansiya məhkəməsinin qəldiy nəticə və hüquqi əsaslandırma ila razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanması məqsədilə Nərgiz Alıyeva tərəfindən aldadılması mülki iş materialları ilə istisna olunur. Belə ki, işdən görünür ki, mübahisəli torpaq sahəsi əvvəl Fehruz Hüseynovun mülkiyyətində olub. Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, həmin torpaq sahəsi Arif Abbasov, Elmira İsmayılova, Seyfəddin Məmmədova məxsus olan torpaq sahələri, eləcə də gediş-gəliş yolu ilə həmsərhəddə yerləşir və sonradan həmin torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Fehruz Hüseynov tərəfindən Nərgiz Alıyevaya satılıb. Mülki qanunverciliyə görə, alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Apelyasiya instansiyası məhkəməsi iddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, sözügedən alqı-satqı müqaviləsinə əsasən, Nərgiz Alıyevanın müqavilədə göstərilən mübahisəli torpaq sahəsini iddiaçı mülkiyyətinə verməsi, sonuncunun isə həmin torpaq sahəsini qəbul edib əvəzində müqavilədə müəyyənləşdirilmiş 11.000 manat pul məbləğini Nərgiz Alıyevaya ödəməsi mülki iş materialları, eləcə də işə əlavə edilmiş Fehruz Hüseynovun adına verilmiş JN-3529 “A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surəti və həmin Şəhadətnaməyə əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə istisna edilmir və işdən görünür ki, həmin sənədlər torpaq sahəsinə dair notaratda alqı-satqı müqaviləsi bağlanarkən notariat işinə əlavə edilib”. Yuxarıda qeyd edilənlər Ali Məhkəmənin Mülki Kollegiyasının 09.02.2021-ci il tarixli 2(102)-480/2021 saylı Qərarında da öz əksini tapmış və Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən vurğulanmışdır ki, “Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçı qətnamədən kassasiya şikayətini şikayət xatirinə verib və o, kassasiya şikayətini ümumiyyətlə əsaslandırmayıb”. Bundan başqa eyni məsələ ilə əlaqədar iddiaçı daha əvvəl Mingəçevir Şəhər Məhkəməsində qaldırdığı iddia ərizəsində qeyd edilir ki, alqı-satqı müqaviləsi də bağlanılıb, iddiaçı isə aldadıldığını guya 20.10.2019-cu ildə bilib və 20.11.2019-cu ildə məhkəmədə iddia qaldırıb. Bu da absurddur, fərziyyə və iddianın qəbul edilməsi üçün uydurulan bir yalandır. İddiaçının vəkili nəyin xatirinə olur olsun əsassız iddia ilə məhkəmələri aldatmağa çalışır. Bütün bunlarla yanaşı bir daha bildirir ki, mübahisə predmeti torpaq sahəsinin ilkin sənədlərində torpağın şəhadətnaməsi ilə yanaşı plan-çizgisi də olmuşdur ki, bu da həmin torpağın reyestrdə qeydə alınmasına əsas olmuş, torpaq sahəsi bir neçə dəfə alqı-satqı olunmuş, onun yerləşdiyi yer mübahisələndirilməmiş, oraya heç kimin iddiası olmamışdır. Beləliklə də, iddiaçının torpağın təhvil verilmədiyi iddiası isə əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən cavabdeh X6 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(051)- 1612/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2–ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 647-ci maddəsinin mənasına görə daşınmaz əmlakın alqı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirərək, Mingəçevir Şəhər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(051)-1612/2021 saylı qətnaməsini ləğv edib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1612/2021 saylı, 18.11.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi yaşayış məntəqəsinin torpaq sahəsinə aiddir. Eyni zamanda JN-3529 "A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli, 293 saylı Qərarı ilə Fehruz Hüseynova fərdi yaşayış evinin tikintisi üçün 0,05 ha torpaq sahəsi ayrılıb. Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən həmin torpaq sahəsi Arif Abbasov, Elmira İsmayılova, Seyfəddin Məmmədova məxsus olan torpaq sahələri, eləcə də gediş-gəliş yolu ilə həmsərhəddir. 25 iyun 2016-cı il tarixli Çıxarışa əsasən, Mingəçevir şəhərində yerləşən 0,0495 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Fehruz Hüseynovun adına qeydə alınıb. 15 mart 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Fehruz Hüseynov nümayəndəsi Sevda Məmmədova vasitəsi ilə 4.700 manata Nərgiz Alıyevaya satıb. Bundan sonra Mingəçevir şəhərində yerləşən, 0.0495 ha torpaq sahəsi X4 tam mülkiyyətində olmuş, X1 şəhərində yerləşən, mülkiyyətində olan 0,0495 ha torpaq sahəsini alıcı İddiaçı 11000 (on bir min) manata satmışdır. Mingəçevir şəhərində yerləşən 0,0495 ha torpaq sahəsi 04.09.2018-ci ildən İddiaçı tam mülkiyyətindədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı cavabdeh X5 qarşı aralarında bağlanmış və hazırki mülki iş üzrə mübahisə predmeti olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və pul tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 04.03.2020-ci il tarixli 2(051)-187/2020 saylı qətnaməsi ilə İddiaçı ilə X6 arasında bağlanmış 03 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 11000 manat məbləğində pul vəsaitinin cavabdeh Nərgiz Alıyevadan alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1335/2020 saylı 02 iyul 2020-ci il tarixli qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2020 saylı 04 mart 2020-ci il tarixli qətnaməsi qismən, yəni tərəflər arasında Mingəçevir Regional “ASAN xidmət” notariat ofisində bağlanmış 03 avqust 2018-ci il tarixli AN-1 ******* №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi, alqı-satqı müqaviləsi əsasında ödənilmiş 11000 manat məbləğində pul vəsaitinin cavabdeh X2 alınıb İddiaçı ödənilməsi, qətnamənin eyni vaxtda icra olunması hissəsində ləğv olunması, həmin hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə rədd olunması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sübutlar qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı yuxarıda qeyd edilən dəlillərini bildirsə də, onları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. İşdə olan və iddiaçı tərəfindən ləğv edilməsi tələb olunun “Alqı satqı müqaviləsindən” isə görünür ki, iddiaçı həmin müqaviləni imzalayaraq müqavilədə ifadə edilmiş şərtlə, razılaşmışdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, cavabdeh mülkiyyətində olan torpaq sahəsinə dair sərbəst sərəncam verərək - onu satmaq qərarına gəlmiş və müqavilə azadlığı prinsipinə əsaslanaraq həmin torpaq sahəsinə dair iddiaçı ilə alqı-satqı müqaviləsi bağlamışdır. Tərəflərin şərtləri, hüquq və vəzifələri müqavilədə əks olunmuş, həm satıcı (cavabdeh), həm alıcı (iddiaçı) bu şərtlər, hüquq və vəzifələr ilə razılaşaraq müqaviləni imzalamış, müqavilə notariat orqanında qeydə alınmışdır. Müqavilə bağlanan zaman qanun pozuntusuna yol verilməmişdir. Bu hala yuxarıda qeyd edilmiş və qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1335/2020 saylı 02 iyul 2020-ci il tarixli qətnaməsi ilə də hüquqi qiymət verilmişdir. Kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlilləri əsassız hesab edildiyindən, 11000 manat vəsaitin cavabdehdən alınması hissəsi üzrə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Həmçinin kollegiya qeyd edir ki, iddiaçı tərəfindən 15000 manat məbləğində zərər vurulmasına dair tələb olsa da, o, məhkəmə kollegiyasına zərərin nədə ifadə olunduğu və çəkdiyi zərərin məbləği ilə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1612/2021 saylı, 18.11.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1612/2021 saylı, 18.11.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar