Məhkəmə qərarları › İş №2(107)-502/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-502/2025

05.06.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-502/2025 05.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə2, cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı “ödənilməmiş əmək haqqının birdəfəlik ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(051)-151/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları

İddiaçı 02 oktyabr 2024-cü ildə cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı “ödənilməmiş əmək haqqının birdəfəlik ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən 2214,33 (iki min iki yüz on dörd manat 33 qəpik) manat məbləğində ödənilməmiş əmək haqqının birdəfəlik alınıb ona verilməsi və dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1968-ci ildə anadan olmuş və əmək fəaliyyətinə 1991-ci ildən başlamışdır. O, 03 noyabr 1999-cu ildən 11 noyabr 2023-cü il tarixədək Mingəçevir şəhərində yerləşən Mənzil İstismar Sahələrində müxtəlif vəzifələrdə işləmiş və İşəgötürənlə onun arasında olan əmək müqaviləsinə 11 noyabr 2023-cü ildə xitam verilmişdir. Lakin, əmək müqaviləsinə xitam verilərkən İşəgötürən cavabdeh tərəfindən işlədiyi dövrlər üzrə ona ödənilməmiş 3879,33 manat məbləğində əmək haqqı borcu yaranmışdır. Həmin borcdan 30 dekabr 2023-cü il tarixdə ona 1665 manat məbləğində əmək haqqı ödənilmiş, yerdə qalan 2214,33 manat ödənilməmiş əmək haqqı isə ona ödənilməmişdir. Bununla bağlı o, dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh ona olan 2214,33 manat məbləğində əmək haqqı borcunu ödəməkdən imtina etmişdir. O, pozulmuş hüquqlarını başqa qaydada bərpa edə bilmədiyi üçün, əlacsız qalıb məhkəməyə müraciət edir (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172 və 178-ci maddələri ilə əsaslandırılmışdır). İş üzrə aparılan məhkəmə araşdırması zamanı cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 30 yanvar 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə təqdim edərək, hazırkı mülki iş üzrə iddia ərizəsinə iddia müddətini tətbiq edib, iddia müddəti ötürüldüyünə görə İddiaçı cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı “ödənilməmiş əmək haqqının birdəfəlik ödənilməsi” barədə iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və cavabdeh tərəfindən həmin ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə qarşı 2014-2021-ci il tarixə ödənilməyən 2214,33 manat əmək haqqının ödənilməsinə dair tələbi məhkəmənin icraatındadır. İddiaçının tələbi əsassızdır və bu səbəbdən rədd edilməlidir. Belə ki, iddia tələbinin ikinci hissəsinə münasibətdə Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı işdən azad edilmiş və 11 ay 11 gün üçün son haqq-hesab tam ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci maddəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 296.4-cü maddəsində qeyd edilir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı 2014-2021-ci illər üçün əmək haqqının ödənilməsi ilə bağlı 2022-ci ilin sonunadək məhkəməyə müraciət etmədiyindən iddia müddəti üzürsüz səbəbdən buraxılmışdır. Bununla yanaşı, eyni tələblə bağlı Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin digər işçiləri məhkməməyə müraciət etmiş və iddiaçı həmin dövrdə pulu tələb etməkdən imtina etmişdir. Göründüyü kimi, iddiaçı pul tələbi ilə bağlı Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulan 1 (bir) illik iddia müddəti buraxılmış və bu səbəbdən də həmin tələbi əsassız və qanunsuzdur. İş materiallarından görünür ki, iddia ərizəsi ilə əlaqədar birinci instansiya məhkəməsində aparılan araşdırma üzrə aşağıda qeyd olunan sənədlər məhkəməyə təqdim olunmuşdur: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 30 aprel 2024-cü il tarixli 3-17-5/2-ə-25019/2024 nömrəli məktub (xx.xx.2024-cü il tarixli ESDAS- 3-17-5/1-Ə- 14273/2024 nömrəli müraciətə dair): Həmin məktubda göstərilir ki, “Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin xx.xx.2024-cü il tarixli 101 nömrəli məktubunda İdarənin tabeliyində olan Mənzil İstismar Sahələrinin (MİS) təsərrüfat hesablı olmaqla büdcədənkənar maliyyələşdiyi, MİS işçilərinin əmək haqqı fondu əhalidən yığılan mənzil xidmət haqlarının qeyri-yaşayış sahələrindən və məhəllədaxili fərdi qarajlardan yığılan xidmət haqlarının hesabına verildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarına 2 nömrəli Əlavəyə əsasən əhali üçün kommunal xidməti tarifləri əsasında yığıldığı və əmək haqqı ödənişinin birbaşa daxilolma məbləğindən asılı olduğu bildirilmişdir. Sizin 03.11 1999-cu il tarixdən 11,11.2023-cü il tarixədək MİS-lərdə müxtəlif vəzifələrdə işlədiyiniz, işlədiyiniz dövrdə bütün iş illərinə görə əmək məzuniyyətindən istifadə etdiyiniz, sonuncu dəfə 01 06.2023-cü il tarixli 23 nömrəli əmrlə xx.xx.2022 - 03.11,2023-cü iş ilinə görə əmək məzuniyyətində olduğunuz qeyd edilmişdir. Bundan əlavə, həmin məktubda İdarənin Sizə keçmiş dövrlərdən 3879,33 (üç min səkkiz yüz yetmiş doqquz manat 33 qəpik) manat ödənilməmiş əmək haqqı borcunun yarandığı, həmin borcdan xx.xx.2023-cü il tarixdə 1665,00 (bir min altı yüz altmış beş) manat “Kapitalbank" ASC-nın Mingəçevir şəhər filialında olan ******************** nömrəli bank hesabınıza köçürüldüyü, İdarənin Sizə 2214,33 (iki min iki yüz on dörd manat 33 qəpik) manat əmək haqqı borcu qaldığı, İdarənin bank hesabında maliyyə vəsaiti qalmaması səbəbindən həmin məbləğin tam ödənilməsinin mümkün olmadığı, maliyyə vəsaiti yarandığı təqdirdə həmin borcun tam ödəniləcəyi bildirilmişdir. Eyni zamanda, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin xx.xx.2024-cü il tarixli 101 nömrəli məktubuna qoşma halında əlavə etdiyi sənədlərdən məlum olur ki, Sizinlə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli ərizəniz nəzərə alınmaqla, İdarənin 60 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdu ki, İşəgötürən sizin əmək müqavilənizə xitam verərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2ci (Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) və 172.4-cü maddələrinin tələbləri pozularaq işdən çıxarkən Sizə düşən bütün ödənciər tam məbləğdə işdən çıxdığınız gün ödənilməmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin direktoru X3 barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı Protokol tərtib edilmiş, inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. Sizin əmək hüquqlarınızın bərpa olunması ilə bağlı Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinə xx.xx.2024-cü il tarixli 3-17-5/2-23370/2024 nömrəli göstəriş xarakterli məktub ünvanlanmışdır. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli iiə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.” - İddiaçı məxsus Əmək kitabçasının surəti: Həmin sənəddən görünür ki, işçi Əzizov X1 şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində 03 noyabr 1999-cu ildə işə götürülmüş və onunla İşəgötürən arasında bağlanmış əmək müqaviləsinə 11 noyabr 2023cü il tarixli ərizəsi nəzərə alınmaqla, İdarənin 60 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən 11 noyabr 2023-cü il tarixdən xitam verilmişdir. - İşçi İddiaçı 11 noyabr 2023-cü il tarixli ərizəsi: Həmin ərizədən görünür ki, o, 11 noyabr 2023-cü il tarixdən işdən azad edilməsini xahiş etmişdir. - İşəgötürən Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi üzrə 13 noyabr 2023-cü il tarixli 60 nömrəli “əmək müqaviləsinə xitam verilməsi” barədə əmr: Həmin əmrdən görünür ki, “4 saylı Mənzil İstismar Sahəsi” bölməsində “sahə rəisi” vəzifəsində işləyən İddiaçı ilə İşəgötürən arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli ərizəsi nəzərə alınmaqla, İdarənin 60 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.1999-cu il tarixdən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericliyə uyğun şəkildə hesablanıb ödənilməsi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin mühasibatlıq şöbəsinə həvalə edilmişdir. - Mərkəzləşdirilmiş elektron informasiya sisteminə 13 noyabr 2023-cü il tarixdə daxil edilmiş xx.xx.2023-cü il tarixli xxxxxxx0001X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişi”: Həmin Bildirişdə işçi İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli ərizəsi nəzərə alınmaqla İdarənin 60 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. - Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən tərtib edilmiş 18 noyabr 2024-cü il tarixli arayış: Həmin arayışdan görünür ki, İddiaçı 2014-cü il üzrə hesablanmış əmək haqqı 1917,01 manat, plastik kart hesabına ödənilmiş məbləğ 1712,15 manat, ödənilməmiş qalıq məbləğ isə 100 manat, 2015-ci il üzrə hesablanmış əmək haqqı 1732 manat, plastik kart hesabına ödənilmiş məbləğ 1083,4 manat, ödənilməmiş qalıq məbləğ isə 560 manat, 2018-ci il üzrə hesablanmış əmək haqqı 2233,40 manat, plastik kart hesabına ödənilmiş məbləğ 2041,59 manat, ödənilməmiş qalıq məbləğ isə 64 manat, 2020-ci il üzrə hesablanmış əmək haqqı 3536,64 manat, plastik kart hesabına ödənilmiş məbləğ 3127,40 manat, ödənilməmiş qalıq məbləğ isə 211,73 manat və 2021-ci il üzrə hesablanmış əmək haqqı 4289,39 manat, plastik kart hesabına ödənilmiş məbləğ 2708,08 manat, ödənilməmiş qalıq məbləğ isə 1278,60 manat olmaqla, ümumilikdə hesablanmış əmək haqlarının ödənilməmiş hissəsi cəmi 2214,33 manat məbləğindədir. - Mingəçevir 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞM/MT031/2024-00529 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə Arayış: Həmin Arayışdan görünür ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən müvafiq qaydada ilkin mediasiya sessiyasının keçirilməsi təmin olunsa da, cavabdehin nümayəndələri həmin ilkin mediasiya sessiyasında iştirak etməmişlər.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı mülki iş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin (hakim Elza Cəbrayılzadə) 31 yanvar 2025-ci il tarixli 2(051)-151/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı “ödənilməmiş əmək haqqının birdəfəlik ödənilməsi” barədə iddia tələbi rədd edilərək, həmin qətnamədə qət olunmuşdur ki: “İddia tələbi rədd edilsin. İddiaçı cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı ödənilməmiş 2214.33 manat əmək haqqının birdəfəlik alınıb ona verilməsi birdəfəlik ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Mingəçevir Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(051)-151/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.1999-cu il tarixdən hazırkı iş üzrə cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. Onunla İşəgötürən arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli ərizəsi nəzərə alınmaqla, İdarənin 60 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra İddiaçı Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində çalışdığı müddətdə işdən çıxmamışdan əvvəlki tarixlərdə əmək haqqını bəzi tarixlərdə əksik aldığını bildirmişdir. Hazırda iddiaçı cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində işlədiyi 2014-2021-ci il tarixlərində ödənilməyən əmək haqqına görə cəmi 2214,33 manatın ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, mübahisənin düzgü həll edilməsi üçün ilk növbədə tərəflər arasında mövcud olmuş hüquq münasibətlərinin xarakteri müəyyən olunmalıdır. İşin müəyyən edilmiş hallarında görünür ki, iddiaçı cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ilə yaranmış mübahisənin həll edilməsini əmək mübahisəsi kimi təqdim etmişdir və işdə olan sənədlərə əsasən iddiaçı ilə cavabdeh arasında əmək hüququ ilə tənzimlənən əmək münasibətləri yaranmışdır. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. Ona görə də məhkəmə hesab edir ki, mübahisənin həlli zamanı əmək qanunvericiliyinin normaları tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı işdə olan sənədlərin təhlili ilə müəyyən edilmişdir ki, iddiaçı Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində çalışdığı müddətdə vəzifəsinə uyğun hər il üçün müəyyən edilmiş ştat cədvəlinə uyğun olaraq əmək haqqı müəyyən olunsa da, 2014-2021-ci illər ərzində müvafiq əmək haqqı məbləği ona tam qaydada ödənilmədiyindən, hazırda iddiaçı ona əksik ödənilən əmək haqına görə cəmi 2214,33 manat pulu tələb etmişdir. Məhkəmə, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. İddiaçının 2014-2021-ci illər ərzində əmək haqına görə ona ödənilməyən qalıq pulun tələb edilməsi qanunla müəyyən edilmiş müddəti ötürməklə verdiyindən, iddia əsassızdır. İddiaçı 2014-2021-ci illər üzrə vaxtında hər hansı iddia tələbi irəli sürməmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət edərək, bir illik iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən bütün istinad etdiyi dövrü əhatə edən tələb etmə müddəti ötürüldüyündən, iddia tələbi rədd edilməlidir. Göründüyü kimi iddiaçı həmin dövrdə əmək haqqını tələb hüququnu əldə etmiş, lakin məsələni mübahisələndirib məhkəməyə müraciət etməmişdir. Beləliklə, iddiaçı 2014-2021-ci illər üzrə ödənilməyən əmək haqqı məbləğlərinə münasibətdə qanunla müəyyən edilmiş qaydada müraciət etmək müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin əsaslandırılması üçün məhkəmə iclaslarında iştirak etmiş tərəflərin izahatlarına, proses iştirakçıları tərəfindən məhkəməyə təqdim olunmuş və mübahisə üzrə məhkəmə araşdırmasının predmeti olan sənədlərin məzmununa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154, 172, 288, 296 və 297-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(051)-151/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(051)-151/2025 nömrəli qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı iddia qaldıraraq ödənilməmiş 2214,33 manat əmək haqqının birdəfəlik alınıb ona verilməsi və dövlət rüsumu kimi ödədiyi 45 manat məbləğdə pulun qaytarılmasını xahiş etmişdir. Mingəçeir Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(051)-151/2025 saylı qətnaməsinə əsasən onun iddia tələbi rədd edilmişdir. İşin mübahisə doğurmayan halları bundan ibarətdir ki, o, xx.xx.1999-cu ildən xx.xx.2023-cü il tarixədək Mingəçevir şəhərində yerləşən Mənzil İstismar Sahələrində müxtəlif vəzifələrdə işləmişdir. İşəgötürənlə arasında olan əmək müqaviləsinə 11 noyabr 2023-cü il tarixdə xitam verilmişdir. Cavabdeh tərəfindən işlədiyi dövrlər üzrə ona ödənilməmiş 3879,33 manat məbləğdə əmək haqqı borcu yaranmışdır. Həmin borcdan xx.xx.2023-cü il tarixdə ona 1665 manat məbləğdə əmək haqqı ödənilmiş, yerdə qalan 2214,33 manat ödənilməmiş əmək haqqı isə ona ödənilməmişdir. İddianı rədd edən məhkəmə göstərmişdir ki, «Məhkəmə, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. İddiaçının 2014-2021-ci illər ərzində əmək haqqına görə ona ödənilməyən qalıq pulun tələb edilməsi qanunla müəyyən edilmiş müddəti ötürməklə verildiyindən, iddia əsassızdır. İddiaçı 2014-2021-ci illər üzrə vaxtında hər hansı iddia tələbi irəli sürməmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət edərək, bir illik iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən bütün istinad etdiyi dövrü əhatə edən tələb etmə müddəti ötürüldüyündən, iddia tələbi rədd edilməlidir» (Qətnamənin 4-cü səhifəsinin 7-8-ci abzası). Bu zaman məhkəmə işdə olan arayışa istinad etmişdir. Belə ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, qalıq məbləğ cəmi 2214,33 manat hesablanmışdır və qalıq pulların hesablandığı illər 2014, 2015, 2018, 2020, 2021-ci illərdir (Qətnamənin 2-ci səhifəsinin 10cu abzası). Halbuki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli, 3-17-5/2-ə-25019/2024 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2024-cü il tarixədək MİS-lərdə müxtəlif vəzifələrdə işlədiyi, işlədiyi dövrdə bütün iş illərinə görə əmək məzuniyyətindən istifadə etdiyi, sonuncu dəfə xx.xx.2023-cü il tarixli 23 nömrəli əmrlə xx.xx.2022 - xx.xx.2023-cü iş ilinə görə əmək məzuniyyətində olduğu qeyd edilmişdir. Bundan əlavə, məktubda İdarənin ona keçmiş dövrlərdən 3879,33 manat ödənilməmiş əmək haqqı borcunun yarandığı, həmin borcdan xx.xx.2023-cü il tarixdə 1665 manat pulun "xxxx" ASC-nin Mingəçevir şəhər filialında olan ******************** nömrəli bank hesabına köçürüldüyü, İdarənin ona 2214,33 manat əmək haqqı borcu qaldığı, İdarənin bank hesabında maliyyə vəsaiti qalmaması səbəbindən həmin məbləğin tam ödənilməsinin mümkün olmadığı, maliyyə vəsaiti yarandığı təqdirdə həmin borcun tam ödəniləcəyi bildirilmişdir (Qətnamənin 3-cü səhifəsinin 4-cü abzası). Məhkəmə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçinin hüququnun pozulduğu müddəti 2014-2021cü illər hesab etməkdə, məhkəmə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə - iddia müddətinin axımı kəsilir. Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. X4 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli, 3-17- 5/2-ə-25019/2024 saylı məktubla da təsdiqini tapır ki, borclu şəxs olan cavabdeh borcu etiraf etmiş və “İdarənin bank hesabında maliyyə vəsaiti qalmaması səbəbindən həmin məbləğin tam ödənilməsinin mümkün olmadığı, maliyyə vəsaiti yarandığı təqdirdə həmin borcun tam ödəniləcəyini” bildirmişdir. Məhkəmə işdə olan sübutlara düzgün və obyektiv qiymət verməmiş, işdə olan X4 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli, 3-17-5/2-ə-25019/2024 saylı məktubuna digər sübutlarla birgə qiymətləndirməmişdir. Məhkəmə nəzərə almamışdır ki, o, hazırki müddətə qədər o səbəbdən iddia qaldırmamışdır ki, cavabdeh vəsait çatışmazlığını əsas gətirirdi və ödəyəcəyini bildirirdi. Həqiqətən də, cavabdeh hesablanmış 3879,33 manat vəsaitin 1665 manatını onun "xxxx" ASC-nin Mingəçevir şəhər filialında olan ******************** nömrəli bank hesabına ödədiyi halda, məhkəmə hansı qaydada müəyyən etmişdir ki, vəsait hansı illərin qalıq borcudur ?. Çünki, işdən çıxmaya dair verilmiş əmrin məzmunundan görünür ki, onun istifadə edilməmiş məzuniyyət müddəti olmadığından, hesablanmış məbləğ “tam şəkildə ona ödənilməmiş qalan əmək haqqı” üzrə borc məbləği olmuşdur. Yəni, son haqq hesab deyildikdə, həmin vəsait nəzərdə tutulmuşdur.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. İş üzrə apellyasiya icraatı:

4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarına apellyasiya şikayəti vermiş İddiaçı və onun nümayəndəsi Nümayəndə2, cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi Nümayəndə1 gəlmiş və apellyasiya instansiyasında aparılan məhkəmə araşdırmasında hər iki tərəf iştirak etmişlər. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş iddiaçı Əzizov X1 Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(051)-151/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Mingəçevir Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(051)-151/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilərək, cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən 2214,33 manat məbləğində ödənilməmiş əmək haqqının birdəfəlik alınıb ona verilməsi və eyni zamanda, dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğində pulun da cavabdehdən alınıb ona ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş İddiaçı nümayəndəsi Nümayəndə2 da Mingəçevir Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(051)-151/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanları təsdiq edərək, Mingəçevir Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(051)-151/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı “ödənilməmiş əmək haqqının birdəfəlik ödənilməsi” tələbi barədə iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etmədiyini bildirib, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(051)-151/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz mövqeyini – birinci instansiya məhkəməsində cavabdeh tərəfin təqdim etdiyi “iddia müddətinin tətbiq edilməsi” barədə ərizədə yazılanlarla, yəni İddiaçı tərəfindən hazırkı iddia ərizəsində vermiş olduğu “ödənilməmiş əmək haqqının birdəfəlik ödənilməsi” barədə iddia tələbi üzrə iddia müddətini ötürməsi ilə əsaslandırdı.

4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Mingəçevir Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(051)-151/2025 nömrəli qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin normaları (maddələri): 2-ci maddənin 1-ci bəndi: Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2-ci maddənin 2-ci bəndi: Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 172. Əmək haqqının verilməsi müddətləri

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 178. Əməyin ödənilməsinin təminatları

1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

3. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər.

4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası, İddiaçı apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, Mingəçevir Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(051)-151/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı iddia tələbi - “cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən 2214,33 (iki min iki yüz on dörd manat 33 qəpik) manat məbləğində ödənilməmiş əmək haqqının birdəfəlik alınıb ona verilməsi” hissəsində təmin olunmalı, “cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğində pulun alınıb ona ödənilməsi” hissəsində isə təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərlə və işin konkret halları ilə müəyyən olunmuşdur ki, İddiaçı 03 noyabr 1999-cu il tarixdən 11 noyabr 2023-cü il tarixədək cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin tabeliyində olan Mənzil İstismar Sahələrində müxtəlif vəzifələrdə işləmiş və işlədiyi dövrlərdə aylar üzrə hesablanan əmək haqlarını bəzi hallarda kəsirlə aldığından, onunla bağlanmış əmək müqaviləsinə 11 noyabr 2023-cü ildə xitam verilərkən cavabdeh İdarənin ona keçmiş illərə görə ümumilikdə 3879,33 manat məbləğində ödənilməmiş əmək haqqı borcu qalmışdır. Lakin, cavabdeh İdarə həmin borcun 1665 manat hissəsini 30 dekabr 2023-cü il tarixdə iddiaçının bank hesabına köçürsə də, qalan 2214,33 manat hissəsini ödəməmişdir. İddiaçı həmin qalıq hissənin ödənilməsini də tələb etmiş və bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional Şöbəsinə müvafiq şikayət ərizəsi ilə müraciət etmişdir. Onun müraciəti əsasında aparılan araşdırma ilə əlaqədar həmin Təşkilata cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 101 nömrəli məktub təqdim olunmuş və həmin məktubda hazırkı iş üzrə cavabdeh İdarə əmək müqaviləsinə 11 noyabr 2023-cü ildə xitam verilərkən həqiqətən də İdarənin İddiaçı keçmiş dövrlərdən 3879,33 manat ödənilməmiş əmək haqqı borcunun qaldığını etiraf etmiş və həmin borcdan 30 dekabr 2023-cü il tarixdə 1665 manat hissəsinin onun bank hesabına köçürüldüyünü, İdarənin bank hesabında maliyyə vəsaiti qalmaması səbəbindən həmin məbləğin tam ödənilməsinin mümkün olmadığı və maliyyə vəsaiti yarandığı təqdirdə həmin borcun da tam ödəniləcəyi bildirilmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh İdarənin bununla bağlı yol verdiyi qanun pozuntusu İdarənin icra orqanının rəhbər şəxsinin Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulan məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli Protokolun tərtib edilməsi ilə nəticələnmişdir. İddiaçı 02 oktyabr 2024-cü ildə cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı “ödənilməmiş əmək haqqının birdəfəlik ödənilməsi” tələbinə dair hazırkı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etdikdən sonra isə iş üzrə aparılan məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən 30 yanvar 2025-ci ildə məhkəməyə “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə təqdim edərək, “hazırkı mülki iş üzrə iddia ərizəsinə iddia müddətini tətbiq edib, iddia müddəti ötürüldüyünə görə İddiaçı cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı “ödənilməmiş əmək haqqının birdəfəlik ödənilməsi” barədə iddia tələbinin rədd edilməsi” haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və həmin ərizə - İddiaçı cavabdehdən “2014-2021-ci illər üzrə ödənilməyən 2214,33 manat əmək haqqını” tələb etməsi və “işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) il ərzində məhkəməyə müraciət edə bilər” şərtinin təsbit olunduğu Əmək Məcəlləsinin 296.4-cü maddəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi də 31 yanvar 2025-ci il tarixli 2(051)- 151/2025 nömrəli qətnaməsində cavabdehin bu ərizəsini əsaslı hesab edib, “iddia müddətinin ötürülməsi” əsası ilə hazırkı iş üzrə iddianı tamamilə rədd etmişdir. Halbuki, həm Azərbaycan Respublikası Əmək Məcəlləsində, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsində iddia müddətinin axımının hesablanmasının başlanma vaxtı - şəxsin müvafiq hüququnun pozulduğunu aşkar etdiyi günlə əlaqələndirilmişdir. Bu halda isə bu kimi mübahisələr üzrə bir illik iddia müddətinin axımının hesablanmasının başlandığı günün müəyyən edilməsi üçün ilk növbədə, işçinin əvvəlki illərə görə ödənilməmiş əmək haqqı borcunun miqdarının nə qədər olmasını dəqiq və rəsmi olaraq bildiyi tarix və bu borcun işəgötürən tərəfindən ödənilməyəcəyi ilə əlaqədar sonuncunun aşkar iradə ifadəsini bildiyi tarix müəyyən olunmalıdır. İşin hallarından isə görünür ki, məlum əmək haqqı borcu 2014-cü ildən etibarən sonrakı illər üzrə az-az yaransa da, həmin borc əmək haqqının müəyyən hissələrinin kəsirlə işçinin bank hesabına köçürülməsi nəticəsində yaranmış və işəgötürənlə əmək münasibətlərində olan işçi Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin xx.xx.2024-cü il tarixli 101 nömrəli məktubunda qeyd olunduğu kimi “İdarənin tabeliyində olan Mənzil İstismar Sahələrinin təsərrüfat hesablı olmaqla, büdcədənkənar maliyyələşdiyini, MİS işçilərinin əmək haqqı fondu əhalidən yığılan mənzil xidmət haqlarının, qeyri-yaşayış sahələrindən və məhəllədaxili fərdi qarajlardan yığılan xidmət haqlarının hesabına verildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000ci il tarixli 40 nömrəli Qərarına 2 nömrəli Əlavəyə əsasən əhali üçün kommunal xidməti tarifləri əsasında yığıldığı və əmək haqqı ödənişinin birbaşa daxilolma məbləğindən asılı olduğunu” bildiyindən, əmək münasibətlərinin davam etdiyi müddətdə işəgötürənin bank hesabına müvafiq yığımlar daxil olduqca, onun əmək haqqı üzrə yığılan borcların da ödənilməsini güman etmiş və İşəgötürən İdarədə əmək haqlarının ödənilməsi yuxarıda qeyd olunan həmin hallardan asılı olduğu üçün İşçinin belə güman etməsi tamamilə əsaslı olmuşdur. Ona görə də, işdən azad olunması barədə 13 noyabr 2023-cü il tarixli 60 nömrəli əmr üzrə aparılan son haqq-hesab əsasında keçmiş dövrlərdən 3879,33 manat ödənilməmiş əmək haqqı borcunun olduğunun müəyyən edildiyi və həmin borcdan 1665 manat hissəsinin 30 dekabr 2023-cü il tarixdə ödənilməsi, qalan 2214,33 manat əmək haqqı borcunun ödənilməyəcəyini İddiaçı bildiyi vaxt – həmin 30 dekabr 2023-cü il tarixidir. Hətta, “Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin məlum xx.xx.2024-cü il tarixli 101 nömrəli məktubunda da qeyd olunan “borcun ödənilməyəcəyi” barədə deyil, İdarənin bank hesabında maliyyə vəsaiti qalmaması səbəbindən həmin məbləğin tam ödənilməsinin mümkün olmadığı və maliyyə vəsaiti yarandığı təqdirdə həmin borcun tam ödəniləcəyi barədə məlumat verilmişdir. Deməli, bütün bu hallara görə də - bu mübahisə üzrə iddia müddətinin axımının başlanma vaxtı 30 dekabr 2023-cü il tarixindən hesablandığı və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri yerinə yetirildikdən sonra hazırkı iddia ərizəsi ilə 02 oktyabr 2024-cü ildə məhkəməyə müraciət olunduğu üçün - hazırkı mübahisə üzrə məhkəməyə müraciət olunarkən bir illik iddia müddəti ötürülməmişdir. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(051)- 151/2025 nömrəli qətnaməsi tamamlə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul olunmalı və iddia qismən təmin edilib, cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən 2214,33 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə isə təmin edilməməlidir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, iddiaçı iddia ərizəsində “cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğində pulun alınıb ona ödənilməsini” də xahiş etmiş olsa da, qanunvericiliyin tələblərinə görə cavabdeh büdcədən maliyələşən təşkilat olaraq məhkəmələrə verilən iddialar üzrə ödənilmiş rüsumlardan azad olunduğuna görə, hazırkı iddia ərizəsi üzrə borcun tutulması barədə iddia tələbi təmin olunsa da, cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən dövlət rüsumu tutulmamalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(051)-151/2025 nömrəli qətnaməsi tamamlə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən 2214,33 (iki min iki yüz on dörd manat 33 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar