Məhkəmə qərarları › İş №2(107)-524/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-524/2023

02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-524/2023 02.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbi üzrə (Açar sözlər: Aliment tələbi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11 qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(019)-184/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2010cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 noyabr 2009-cu ildə Cavabdeh ilə qeyrirəsmi nikahla evlənmişdir. Nikahlarını 12 fevral 2009-cu il tarixdə Balakən rayon Qazma kənd İcra nümayəndəliyində 02 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2009-cu ildə X7 və xx.xx.2010-cu ildə X6 adında iki uşaqları doğulmuşdur. Evləndikdən sonra cavabdehlə bir müddət mehriban yaşamış, sonra isə aralarında ailə münasibətləri zəminində mübahisələri baş vermişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlməmişdir. Belə ki, cavabdeh mütəmadi olaraq spirtli içki içir, eyni zamanda narkotik vasitələrdən istifadə edir. Bu hal onların ailə münasibətlərinə, birgə nikahdan olan uşaqların psixoloji vəziyyətlərinə, təhsil və tərbiyələrinə təsir etmişdir. Hazırda iki uşaqla birlikdə atasınıın evində yaşayır. Cavabdehlə birlikdə yaşamaları qeyri-mümkündür. Alimentin təyin edilməsi tələbi ilə mediatora müraciət etmişdir. Mediasiya prosesinə cavabdeh gəlməmiş, heç bir razılıq ifadə etməmişdir. Bu barədə arayış və protokol verilmişdir. Ayrı yaşamalarına baxmayaraq, cavabdeh uşaqların dolanışığı ilə maraqlanmamışdır. Uşaqların gündəlik tələbatı kifayət qədər xərc tələb edir. O, heç bir yerdə işləmir. Uşaqların baxılmasında valideynləri köməklik edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Bakı şəhərində ticarətlə məşğul olmaqla kifayət qədər qazanc əldə edir. Eyni zamanda cavabdehin ailə təsərrüfatında fındıq bağı və əkin sahələri vardır. Cavabdeh uşaqlara baxılması üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat aliment ödəmək iqtidarındadır. Daha öncə də aliment tələbi ilə müraciət etmiş, həmin vaxt uşaqların atasız böyüməməsi və ailələrinin bərpa edilməsi üçün cavabdehlə barışmış, iddianın geri qaytarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)- 437/2022 nömrəli qərardadına əsasən iddiası geri qaytarılmışdır. Cavabdeh verdiyi vədlərə əməl etmədiyinə, ona qarşı zorakı hərəkətlər, fiziki təsir (döymə) etdiyinə, əyyaş vəziyyətdə evə gələrək uşaqların psixoloji durumuna təsir etdiyinə görə hal-hazırda ondan ayrılmışdır, uşaqlarla birlikdə atasının evində yaşayır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı birinci instansiya məhkəməsində məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclasında iddianın qismən-hər ay hər uşağa görə 130 manat aliment təyin edilməsinə razı olduğunu bildirərək, iddianın qismən-hər uşağa görə hər ay 130 manat alimentin təyin olunması hissəsində təmin edilməsinə etiraz etmədiyini, bundan artıq aliment məbləğinin təyin edilməsinin onun üçün ağır məhrumiyyətlər yaradacağını, belə ki, onun heç bir yerdə işləmədiyini, əmək haqqı, pensiya və müavinət almadığını, daşınmaz və daşınar əmlaklarının, torpaq sahəsinin, malqarasının, bağının və əkin sahəsinin olmadığını, həmçinin Bakı şəhərində ticarətlə məşğul olmadığını, bunun yalan olduğunu, günəmuzd iş olduğu təqdirdə cüzi ödənişə günəmuzd işlərdə fəhləlik etdiyini və aylıq 200-300 manat arası pul qazandığını bildirmiş, aliment təyinatı zamanı onun da tələbatının nəzərə alınmasını xahiş etmişdir.

5. Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(019)-184/2023 saylı qətnaməsi ilə (Z.Tahirov), iddianın qismən təmin edilməsi, ərizənin verildiyi 17 noyabr 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx.xx.2009-cu ildə doğulmuş X3 və xx.xx.2010-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla hər ay cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq, İddiaçı veriməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 50 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 8,40 manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 15 noyabr 2009-cu ildə Cavabdeh ilə ailə quraraq ər-arvad münasibətlərinə daxil olmuş, onların nikahı 12 fevral 2009-cu il tarixdə Balakən rayon Qazma kənd İcra nümayəndəliyində 02 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə X7 və xx.xx.2010-cu il tarixdə X6 adında iki uşaqları doğulmuşdur. Evləndikdən sonra tərəflər bir müddət mehriban yaşamış, sonra isə aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Bu mübahisələr mütəmadi olaraq davam etmiş, nəticədə iddiaçı uşaqları ilə birlikdə cavabdehdən ayrılaraq atası evinə getmişdir. Artıq bir neçə aydır ki, tərəflər birbirindən ayrı yaşayırlar. Tərəflərin birgə nikahından doğulmuş uşaqlar iddiaçının yanında və himayəsində yaşayırlar. Cavabdeh birgə nikahdan doğulmuş uşaqları saxlamır, onların saxlanması üçüın iddiaçıya maddi yardım göstərmir. İddiaçı o cümlədən hazırki aliment tələbi ilə əlaqədar mediasiya prosesinin həyata keçirilməsi üçün mediatora müraciət etmişdir. Mediasya Şurası tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli MŞİH-15952 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda göstərilir ki, Süleymanov Cavabdeh Vəsilə İsa qızı tərəfindən təsvir edildiyi kimi nikahın pozulması, alimentin təyini, uşaqların himayəsi, cehiz tələbi, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi mübahisəsi üzrə xx.xx.2022-ci il tarixində, 12:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 AZN məbləğində mediasiya xərci ödəmişdir. İddiaçı iştirakı ilə nikahın pozulması, alimentin təyini, uşaqların himayəsi, cehiz tələbi, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi mübahisəsi üzrə xx.xx.2022-ci il tarixdə ilkin mediasiya prosesi həyata keçirilməklə mediatorun təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmqala hər ay cəmi 400 manat sabit pul məbləğində alimentin təyin edilməsini tələb edir.

7. Eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə heç bir yazılı və şifahi saziş bağlanmamışdır.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən olunmadığını nəzərə alınaraq, tərəflərin nikah münasibətlərindən doğulmuş uşaqların mənafeyi nəzərə alınmaqla, onların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır.

9. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşaqları saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşaqların və onların himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Alimentin təyini məsələsində tərəflərin mənafeyi arasında ədalətli tarazlıq prinsipini təmin edərkən məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən cavabdehin işləməsi, aylıq hər hansı qazanca malik olması, pensiya, sosial müavinət və təaüd alması, yəni tələb yönəldilə biləcək hər hansı pul vəsaitinə və əmlaka malik olması müəyyən olunmur. İddiaçı tərəf də bunun əksini, yəni hər uşağa hər ay 200 manat olmaqla hər ay cəmi 400 manat alimentin təyin olunmasına dair iddia tələbinin əsaslandırıldığı hallar kimi cavabdehin Bakı şəhərində ticarətlə məşğul olması, kifayət qədər qazanc əldə etməsi, cavabdehin fındıq bağının və əkin sahəsinin olması və oradan qazanc əldə etiməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərindlə düşür.

10. Lakin məhkəmə onu da nəzərə çatdırmışdır ki, cavabdehin işləməməsi, iş materialları ilə aylıq qazancının və tələb yönəldilə biləcək daşınar və daşınmaz əmlaklarının müəyyən olunmaması onu uşaqları saxlamaq vəzifəsindən azad etmir. Belə ki, yuxarıda sadalanan qanun normalarının tələbinə əsasən mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.

11. Bu xüsusda məhkəmə onu da qeyd etmişdir ki, cavabdehin təklifi nəzərə alınmaqla hər uşağa hər ay 130 manat alimentin təyin edilməsi uşaqların tələbatının maksimal saxlanması zərurətinə cavab verməməklə iddiaçının marağını əhəmiyyətli dərəcədə pozacaqdır. Belə ki, uşaqlar böyükcə onların tələbatı da artır. Hazırki ərizə ilə müraciət olunan 17 noyabr 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat, 2023-cü ildə isə 220 manat təşkil etmişdir ki, bu da uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurətinin təmin edilməsindən irəli gəlir. Ona görə də hazırki halda hər uşağa hər ay 130 manat alimentin təyin edilməsi uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurətinə, onların artan maddi və mənəvi tələbatlarına cavab verməyəcəkdir.

12. Məhkəmə qeyd etmişdir ki, ümumməlum fakt olaraq müəyyən edilir ki, gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiymətinin davamlı olaraq artması konteksində insanların, o cümlədən uşaqların rifahı üçün dövlət tərəfindən yaşayış minimumu məbləği artırılmışdır. Uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin Bakı şəhərində ticarətlə məşğul olması və yaxşı qazanc əldə etməsi, həmçinin cavabdehin fındıq bağı və əkin sahəsinin olması və qazanc əldə etməsi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməməklə tələb etdiyi aliment məbləği hissəsində iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Həmçinin iş materialları ilə cavabdehin Bakı şəhərində ticarətlə məşğul olması, onun fındıq bağının və əkin sahəsinin olması, tələb yönəldilə biləcək daşınar və daşınmaz əmlakının olması, eyni zamanda cavabdehin aylıq qazanca malik olması müəyyən edilməmişdir. Cavabdeh məhkəməyə verdiyi izahatında fəhlə kimi günəmuzd işlər olduqda bu işlərlə məşğul olduğunu, ayda 200-300 arası pul qazandığını və başqa heç bir qazanc və gəlirinin olmadığını bildirmişdir. Belə olduğu təqdirdə şübhəsizdir ki, hər ay hər uşağa görə 200 manat olmaqla hər ay cəmi 400 manat alimentin təyin edilməsi cavabdeh üçün ağır məhrumiyyətlər yaratmış olardı və heç də haqq-ədalət prinsipinə xidmət etməzdi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinə əsasən haqqədalət bərabər mənafelərə bərabər münasibəti ehtiva edir. Valideynlərin uşaqların saxlanması vəzifəsinin həyata keçirilməsində birgə iştirakı onların mənafeləri arasında ədalətli tarazlıq prinsipinin gözlənilməsini tələb edir. Lakin bu zaman alimentin məbləğinin təyin edilməsi məsələsində uşaqlara qulluq göstərilməsində, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsində əsas ağırlığın iddiaçının üzərinə düşməsi halı da nəzərə alınmalıdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, 34-cü maddəsinin İV bəndi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3, 75.4, 78.1-ci və 78.2, 100.2-ci maddələri, “Azərbaycan Respublikasında 2022ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu, BMT-nın 20 noyabr 1999-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyanın 3, 5, 18, 27-ci maddələri, BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı, 4 saylı prinsipləri, İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 7 saylı protokolunun 5-ci maddəsinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8, 13,19cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 №-li qərarına, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3, 119.1, 119.2-ci maddələri, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1-1, 9.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.

16. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X6 azyaşlıdırlar, qayğıya, nəvazişə və qulluğa ehtiyacları var. Övladlarım böyüdükcə maddi tələbatları da günü gündən artır. Tək, evdar və işləməyən bir qadın olaraq uşaqlarına baxmaq təbii ki, bir ana üçün çətindir. Hazırda bir yerdə ailə kimi yaşamayacaqları üçün uşaqların qida, geyim, müalicə və digər tələbatlarını ödəmək ona kifayət qədər çətin olacaqdır. Boşanma səbəbi cavabdehin onu döyməsidi, o istəmirdi boşanmağı sadəcə onu məcbur edir, hətda evdə yaşamağa da imkan vermir hər gün dava salırdı, məcburiyyətdən valideynlərinin evinə getdi, evsiz pulsuz qoydu ki yenə razı olsun evə qayıtmağa və döyülməyə təkqir olunmağa, heç bir normal qadın özü də uşaqlı qadın istəyərəkdən boşanmır, istəyərəkdən ərindən aliment istəmir, o evdar qadındır, onu döyür ki boşansın və hər nə iş olsa qəbul etsin işləsin, uşaqlarınıda düşünmür.

17. Əlavə olaraq qeyd etmək istərdi ki, uşaqlar azyaşlı olduğundan o işləyə də bilmir. Özünün də saxlanılmasına ehtiyacı var. Bir qadın olaraq onun da maddi ehtiyacları da var. Uşaqların hərtərəfli qulluğa ehtiyacı olduğundan, uşaqların azyaşlı olması səbəbindən işləyə bilmir. Ona görə də hesab edir ki, onun özü üçün də "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu-345 manat cavabdehdən alınaraq ona ödənilməlidir. Belə ki, o işləsəydi maddi yardıma ehtiyacı olmazdı.

18. Balakən Rayon Məhkəməsi əvvəldən qaldırdığı iddianı da tam təmin etməmiş (200 azn), baxmayaraq ki 2022-ci ildə iddia qaldırmışdı ona ən azı 195 azn aliment verilməsini təmin edə bilərdi, qarşı tərəfin marağı naminə subyektiv olaraq cəmi 2-ci iclasda 160 azn aliment təyin etdi.

19. Odur ki, Balakən Rayon Məhkəməsinin 2(019)-184/2023 saylı xx.xx.2023 tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

23. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

24. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

25. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.

26. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.

27. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

29. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 №-li qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Belə ki, iddiaçı Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(019)-184/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edildiyindən, məhkəmə apellyasiya şikayətinə iddianın təmin edilməmiş hissəsinə münasibətdə baxmalıdır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə ailə qurmuş, nikahlarını 12 fevral 2009-cu il tarixdə rəsmi qaydada qeyd etdimişlər. Tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə X7 və xx.xx.2010-cu il tarixdə X6 adında iki uşaqları doğulmuşdur. Nikaha daxil olduqdan sonra tərəflər bir müddət səmimi ailə münasibətlərində yaşasalar da sonradan münasibətləri pisləşmiş və faktiki olaraq ayrılmışlar. Tərəflərin birgə nikahından doğulmuş uşaqlar iddiaçının yanında və himayəsində yaşayırlar. Cavabdeh birgə nikahdan doğulmuş uşaqları saxlamır, onların saxlanması üçün iddiaçıya maddi yardım göstərmir. Tərəflər arasında mediasiya qaydasında razılıq əldə edilmədiyindən, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə heç bir yazılı və şifahi saziş bağlanmadığından İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmqala hər ay cəmi 400 manat sabit pul məbləğində alimentin təyin edilməsini tələb etmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşmır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

38. Apellyatorun apellyasiya şikayətində göstərdiyi özünün də saxlanılmasına ehtiyacının olması, bir qadın olaraq onun da maddi ehtiyaclarının olması, uşaqların hərtərəfli qulluğa ehtiyacı olduğundan, uşaqların azyaşlı olması səbəbindən işləyə bilməməsi, onun özü üçün də "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" qanununa əsasən, 345 manatın cavabdehdən alınaraq ona ödənilməsinə dair dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlilləri əsaslı hesab edilə bilməz.

39. Belə ki, kollegiya qeyd edir ki, iddiaçının özünün saxlanılması üçün cavabdehdən aliment tələb etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxlsərin verdiyi tələblər üzrə qətnamə çıxartmalı olduğundan, mübahisə predmetini təşkil etməyən bir məsələyə məhkəmənin qiymət verməsi mümkünsüzdür. Apellyatorun həmin məsələni ayrıca icraatda məhkəmədə mübahisələndirmək hüququ vardır.

40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(019)-184/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(019)-184/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar