Məhkəmə qərarları › İş №2(107)-528/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-528/2024

28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-528/2024 28.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-750/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və payların dəyərinin müəyyən edilərək ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-750/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və payların dəyərinin müəyyən edilərək ona verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-750/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi ilə müraciət etmişdir. İddia tələbi tam aydın və sadə olmasına baxmayaraq iş əsassız olaraq geri qaytarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə tanış olduqda geri qaytarmanın hüquqi əsasını anlamaq olmur. Hakimin iddianı geri qaytarma haqqında qərardadında ərizənin MPM-nin 149-cu maddənin tələblərinə uyğun olmaması səbəbindən qaytarılmasını qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsi MPM-nin 149-cu maddənin özünü belə qeyd etmədən MPM-nin 149-cu maddəsinin hansı hissəsinin pozulmasını qeyd etməmişdir. İddia ərizəsi onun tərəfindən elektron sistemlə əlavə edilmiş və elektron sistemdən çıxarışı təqdim etməklə onda olan sistemdə heç bir problemin olmaması və latın əlifbası ilə yazılması görünür. İşə əlavə edilmiş sənədlərə baxılmasını xahiş edir. Bundan əlavə MPM-nin 149-cu maddəsində ərizənin hansı əlifba ilə yazılması ilə geri qaytarılmalı olması göstərilməmişdir. Sözügedən kiril əlifbası ilə yazılar maddələrdir və onun özünün Mülki Məcəllənin sözü gedən maddələri ilə iddianı əsaslandırmaq vəzifəsi yoxdur. Bir neçə maddənin onun deyil Elektron sistemin təqsiri səbəbindən kiril əlifbası ilə getməsi onun təqsiri deyil və buna görə iddia geri qaytarıla bilməz. Bundan əlavə MPM-nin 259.0.12-ci maddəsi var. Ona maddəni yazanda səhvə yol verilib. Maddənin tələbi ondan ibarətdir ki, işi icraata əgər həmin səhvin düzəlməsi mümkün deyilsə baxılmamış saxlanılır. Bu qədər sadə bir yanaşma olduğu halda qəsdən işin uzadılması prosessual süründürməçilikdir. Qərardadda göstərilən hallar onun təqsiri səbəbindən deyil və aradan qaldırılması mümkün olmasına baxmayaraq iddia ərizəsində bu hala görə əsassız olaraq geri qaytarılması mümkün idi. Bunu məhkəmə iclasında da etmək mümkün idi. Bundan əlavə mülki iş məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qeydiyyatda keçsə də xx.xx.2024-cü il tarixdə qaytarmalı olduğu halda 5 gün keçməklə qaytarılmışdır. Ona görə də, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(051)-750/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(051)-750/2024 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli iddia ərizəsini araşdırarkən iddia ərizəsinin 4, 5, 6, 7 və 9-cu abzasları Azərbaycan Respublikası dövlət dilinin normalarına uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, iddia ərizəsinin qeyd olunan abzasları tərtib edilərkən qanunla müəyyən edilmiş qaydada latın qrafikalı əlifba ilə deyil istifadə edilməyən kiril qrafikalı əlifba ilə tərtib edilmişdir. Buradan aydın görünür ki, iddia ərizəsi tərtib edilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq forma və məzmuna riayət edilmədən tərtib edilmişdir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Konstitusiyanın 45-ci maddəsinə əsasən hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs anna dilindən istifadə hüququndan məhrum edilə bilməz. Konstitusiyanın 127-ci maddəsinin X hissəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir. «Azərbaycan Respublikasının dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyrihökumət təşkilatlarında (ictimai birlik və fondlarda) həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində ararılır. Həmin Qanunun 11.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrində mülki işlər, inzibati və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı dövlət dilində aparılır. Kollegiya qeyd edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli iddia ərizəsini araşdırarkən iddia ərizəsinin 4, 5, 6, 7 və 9-cu abzasları Azərbaycan Respublikası dövlət dilinin normalarına uyğun olmadığı müəyyən edilmişdir. Lakin iddia ərizəsinin xahiş etdim hissəsi yuxarıda qeyd edilən Qanuna uyğun olaraq tərtib edilmişdir. Yuxarıda istinad olunan normalardan göründüyü kimi tərəfin ana dilindən (yaxud, daha yaxşı bildiyi başqa dildən) məhkəmə icraatında istifadə etmək hüququnun olması təsbit edilmişdir. Hazırkı işin hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı halda iddiaçıya şikayətçiyə münasibətdə onun məhkəmə müdafiə hüququndan istifadə edə bilməsi hüququnu məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(051)-750/2024 saylı qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(051)-750/2024 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. İddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar