Məhkəmə qərarları › İş №2(107)-540/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-540/2022

26.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-540/2022 26.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: reqres qaydada pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Qəbələ Rayon Məhkəməsinin 1 aprel 2021-ci il tarixli 2(025)-130/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul tələbi”nə dair məhkəmədə iddia qaldırıb, Cavabdeh görə ondan tutulan 2310 manat 81 qəpik məbləğində borcun və ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 31 avqust 2016-cı il tarixdə "xxxx" ASC ilə zaminlik müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən zamin 31 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə borc alan Cavabdeh kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin kredit müqaviləsinə əsasən borcalan Cavabdeh kreditordan 2343,91 (iki min üç yüz qırx üç manat doxsan bir qəpik) manat məbləğində pul götürərək hər ay 80 manat olmaqla borcu 48 ay müddətinə geri qaytarmaq öhdəliyini öz üzərinə götürür. 31 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh kreditor qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməməsi səbəbindən bank borcun tutulması barədə iddia ərizəsi ilə aidiyyatı üzrə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Borcluların gəlirlərindən 50 faizin tutulması ilə bağlı icra orqanına müraciət edilmiş, lakin banka icra qaydasında vəsait daxil olmamışdır. Borcun tutulması istiqamətində tutulmalar onun əmək haqqı kartına yönəldilmişdir. Qəbələ Rayon Məhkəməsi müştərək qaydada cəmi 2310,81 (iki min üç yüz on manat səksən bir qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Lakin bütün pul onun yarım aklad əmək haqqı kartından tutulmuşdur. Halhazırda onun bir neçə ciddi xəstəliyi ilə əlaqədar uzun müddətli müalicəyə ehtiyacı vardır. Ancaq müalicə etməyə imkanı yoxdur, tək qadındır. Qəbələ Rayon Məhkəməsinin 1 aprel 2021-ci il tarixli 2(025)-130/2021 saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 1 aprel 2021-ci il tarixli 2(025)-130/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(107)-1201/2021 saylı (Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə) qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 1 aprel 2021-ci il tarixli 2(025)-130/2021 saylı qətnaməsinin dəyişdirilmədən sаxlаnılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(107)-1201/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10.01.2022-ci il tarixli, 2(102)-114/2022 saylı qərarı ilə, iddiaçı Osmanova Mərziyyə Aslan qızının kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 1201/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasına qaytarılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 1 aprel 2021-ci il tarixli 2(025)-130/2021 saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı isə 2310,81 (iki min üç yüz on manat səksən bir qəpik) manat borcun onun tərəfindən banka ödənildiyini və bu səbəbdən həmin məbləği cavabdehdən tələb etdiyini bildirir. Cavabdeh isə 2310,81 manat məbləğində borcun onun əmək haqqından tutulduğunu və bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır: Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində Qəbələ Rayon Məhkəməsinin 2(025)-234/2018 saylı, 30.01.2018-ci il tarixli qətnaməsi ilə ondan və Cavabdeh müştərək qaydada tutulması qət edilmiş 2310,81 manat məbləğində pul vəsaitinin əmək haqqı kartından tutulduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmənin sorğusuna cavab olaraq Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 02 fevral 2020-ci il tarixli, 659/5 nömrəli məktubda göstərilmişdir ki, icra sənədi üzrə digər borclu İddiaçı pensiya alması və iş yeri olmadığı üçün İddiaçı iş yerindən və pensiyasından tutulmaların aparılması mümkün olmamış və borclunu özü tərəfindən icra sənədi üzrə hər hansı məbləğdə borcun ödənilməsi barədə ödəniş qəbzini icra şöbəsinə təqdim etməmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və müəyyən olunmuşdur ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 234/2018 nömrəli, 30.01.2018-ci il tarixli icra sənədi üzrə İddiaçı tərəfindən hər hansı ödəniş edilməmiş və onun iş yerindən və pensiyasından tutmalar aparılması mümkün olmamışdır. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80-ci maddələrinə əsasən məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsə də o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1, 475.2, 475.3-cü maddələri, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Avropa Məhkəməsinin qərarı, “Avşar Türkiyəyə qаrşı” iş üzrə Avropа Məhkəməsi qərаrı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 1 aprel 2021-ci il tarixli 2(025)-130/2021 nömrəli qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. O, 2310,81 (iki min üç yüz on manat səksən bir qəpik) manat borcun onun əmək haqqından tutulduğunu və Kapital Bank tərəfindən bu barədə arayış verildiyini və bu səbəbdən həmin məbləği cavabdehdən tələb etdiyini bildirir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 1 aprel 2021-ci il tarixli 2(025)-130/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin Maddə 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin Maddə 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin Maddə 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi: Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(025)-130/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyanın tutulması hissəsində qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 31 avqust 2016-cı il tarixdə iddiaçı ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən zamin 31 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə borc alan Cavabdeh kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin kredit müqaviləsinə əsasən borcalan Cavabdeh kreditordan 2343,91 manat məbləğində pul götürərək hər ay 80 manat olmaqla borcu 48 ay müddətinə geri qaytarmaq öhdəliyini öz üzərinə götürür. 31 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh kreditor qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməməsi səbəbindən bank borcun tutulması barədə iddia ərizəsi ilə aidiyyatı üzrə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Borcluların gəlirlərindən 50 faizin tutulması ilə bağlı icra orqanına müraciət edilmiş, lakin banka icra qaydasında vəsait daxil olmamışdır. Borcun tutulması istiqamətində tutulmalar onun əmək haqqı kartına yönəldilmişdir. Qəbələ Rayon Məhkəməsi müştərək qaydada cəmi 2310,81 (iki min üç yüz on manat səksən bir qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşıraraq, iddianın qismən təmin olunmuş maddi ziyan hissəsi üzrə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması iş üzrə müəyyən olunmuş hallara uyğun tətbiq olunmamışdır. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. O, 2310,81 manat borcun onun əmək haqqından tutulduğunu və Kapital Bank tərəfindən bu barədə arayış verildiyini və bu səbəbdən həmin məbləği cavabdehdən tələb etdiyini bildirir. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-2010/2017 saylı 19.10.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 25.05.2015-ci il tarixli başqa bir kredit müaviləsi üzrə də cavabdehin zamini olmuş və həmin kredit müqaviləsi üzrə zamin İddiaçı tərəfindən ödənilmiş 1447,79 manat vəsait həmin qətnamə ilə reqress qaydada borclu Cavabdeh tutulmuşdur. Həmçinin kollegiya qeyd edir ki, birini instansiya məhkəməsi iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus kart hesabından tutmalar barədə çıxarışa sübut kimi hər hansı qiymət verməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus kart hesabından tutmalar barədə çıxarışdan, apellyasiya şikayətinə əlavə edilmiş "xxxx" ASC-nin 03.05.2021-ci il tarixli 135000/1151 saylı 31.08.2016-cı il tarixli arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" ASC-nin Qəbələ filialı arasında bağlanmış 31.08.2016-cı il tarixli, 149RGTK162440001 nömrəli kredit üzrə zamin durmuş İddiaçı tərəfindən kredit üzrə 2380,49 manat məbləğində ödəniş edilmiş, 24.09.2020-ci il tarixə kredit borcu bağlanmışdır. Məhkəmə kollegiyası tərəfindən işin obyektiv araşdırılması məqsədilə İddiaçı kart hesabından 24.09.2020-ci ilədək silinmələrin hansı kredit müqaviləsi üzrə borca aid olduğu və 31.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə zaminin hesabından hansı məbləğdə borcun silinməsi barədə məlumatların verilməsi barədə banka sorğu verilsə də, bank tərəfindən həmin sorğuya onlardan istənilən məlumatların bank sirrinə aid məlumatlar olduğundan cavab verilməmişdir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə düzgün əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(025)-130/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(025)-130/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 2310,81 (iki min üç yüz on manat səksən bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar